“Erməni işğalı altında qalan abidələrə dəyən zərərin qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır”
Tarix: 05.02.2015 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Faiq İsmayılov: “Erməni əsirliyində olan milli-mədəni dəyərlərimiz gənc nəslin diqqətinə çatdırılmalıdır”
Məlumdur ki, ermənilər işğal etdikləri ərazilərimizdəki monumental incəsənət nümunələrini və İslam dini abidələrini dağıdırlar. Azərbaycan Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov qəzetimizə müsahibəsində bunun səbəbləri haqda danışıb.

- Azərbaycanın işğal altındakı ərazilərində abidələrimizin erməniləşdirilməsi siyasəti necə həyata keçirilir?
-Azərbaycanın işğal altında olan ərazilərini özəlləşdirdiyini düşünən Ermənistanın siyasi dairələri, artıq bu əraziləri tarixi və mədəni baxımdan da erməniləşdirmək üçün illərdir ki, ardıcıl və davamlı fəaliyyət planı həyata keçirir. Bu fəaliyyət planına toponimlərin, yerlərin-yurdların və inzibati yaşayış mərkəzlərinin adlarının dəyişdirilməsı, görkəmli şəxslərin həyatı ilə bağlı qurmalar və mənzillər üzərindən azərbaycanlıların adlarının ləğv edilərək milliyyətcə erməni vətəndaşlarının adları ilə əvəz edilməsi daxildir. Ermənilər həmçinin monumental abidələri və xatirə nişanlarını, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı olan məşhurların həyatlarını əks etdirən lövhələri, heykəltəraşlıq əsərlərini sökərək erməni mədəniyyətinin nümunələri və heykəlləri ilə əvəzləyir. Bununla yanaşı, İslam dini abidələri, o cümlədən qəbiristanlıqlar, qəbirüstü abidələr, qəbir daşları tamamilə dağıdılaraq yerlə yeksan edilir, memarlıq abidələri üzərindən türk simvolları və digər bədii daş nümunələri məhv edilir və ya götürülərək ərazidən çıxarılır və s. işlər görülür.
Ermənilərin bu cür vandallıq siyasəti nəticəsində işğal altındakı ərazilərdə Azərbaycanın çox böyük sayda monumental incəsənət abidələri, tarixi abidələri və islam dövrü abidələri məhv edilərək tamamilə sıradan çıxarılıb. Ərazidə baş alıb gedən bu cür özbaşınalıqları və vandallıq hərəkətlərini bir çox erməni ekspertləri, analitikləri və jurnalistləri də dolayısı ilə etiraf edir, hadisələrin baş verdiyi yerlərdən sökülmüş və dağıdılmış abidələrin görüntülərini yaymaqla ermənilərin bu ərazilərdə vandallıq etdiklərini təsdiq edir və bilərəkdənmi, bilməyərəkdənmi bizim iddialarımıza haqq qazandırırlar.
- Bu erməni vandalizminin qarşısını necə almaq olar?
-Bu, daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan qanunvericiliyinin yaratdığı şərait çərçivəsində, dövlət orqanlarının, hüquqi şəxslərin və vətəndaş cəmiyyəti üzvlərinin gündəlik vəzifələrinə çevrilməlidir. Azərbaycanın işğal altındakı ərazilərində, erməni vandalizminin qarşısını almaq üçün beynəlxalq təşkilatların vasitəsi ilə abidələrin mühafizə edilməsinə nəzarət işləri həyata keçirilməlidir. Çünki Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur. Bundan ermənilərin əsas məqsədi, işğal altında saxladıqları ərazilərdən Azərbaycan tarixini silməklə özlərini bu torpaqların qanuni sahibləri kimi təqdim etməkdir. Halbuki bu yolla onlar 1918-1923-cü illərdə Qərbi Azərbaycan ərazilərində Ermənistan adlı dövlət yaratdılar. 1988-1991-ci illərdə isə azərbaycanlılara qarşı etnik təmizləmə apararaq Ermənistanı təkmillətli respublikaya çevirdilər.
- Bu və digər cinayətlərinə görə Ermənistana qarşı beynəlxalq təşkilatlar vasitəsi ilə sanksiyaların tətbiq edilməsini tələb etmək mümkündürmü?
-Dağlıq Qarabağ və yeddi ətraf rayonları etnik təmizləməyə məruz qoyan Ermənistan hökuməti, bir daha bu ərazilərdə azərbaycanlıların yaşamayacaqlarına özlərini inandırmağa çalışırlar. Məhz bu səbəbdən də bir zamanlar etnik təmizləməyə məruz qoyduqları ərazilərdə azərbaycanlıların yaşadığı kənd və şəhərlərin xarabalıqlarında və turizm üçün əlverişli yerlərdə erməni xaçları ilə bəzədilmiş monumental incəsənət abidələrinin tikintilərini ilbəil genişləndirirlər. Bundan məqsəd, gələcək nəsillərə bu ərazilərin tarixi erməni torpaqları olması görüntüsünü yaratmaqdır. Dağıdılan Azərbaycan mədəniyyəti fonunda bu mənzərələrin yaradılması acınacaqlı və olduqca təhlükəlidir.
Təcavüz nəticəsində işğala məruz qalan ərazilərdə tarixən mövcud olmuş mədəni dəyərlərin qorunması və eləcə də memarlıq, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsi və onlara dəymiş zərərin qiymətləndirilməsi bu gün Azərbaycan xalqının qarşısında təxirəsalınmaz bir vəzifə kimi durur. 2012-ci ildə Parisdə keçirilən YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 8-ci sessiyası çərçivəsində işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qəbul edilən sənəd imkan verir ki, Azərbaycan, törətdiyi cinayətlərə görə Ermənistana qarşı Beynəlxalq təşkilatlar vasitəsi ilə sanksiyaların tətbiq edilməsini tələb etsin.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitə tərəfindən müzakirə edilməsi 2012-ci ildə Azərbaycan tərəfindən təşəbbüs edilib və 2012-ci ilin qərarına əsasən, Katiblik tərəfindən işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunmasına aid müvafiq sənədin hazırlanması tələb edilib. Katiblik tərəfindən hazırlanan sənəddə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolunda işğal edilmiş ərazilərə aid müddəaların hüquqi təhlili, həmin müddəaların həyata keçirilməsi mexanizmləri və digər aspektlər yer alıb.
- İşğal olunan ərazilərdəki abidələrimiz yetərincə tədqiq olunurmu?
-Erməni vandalizminin geniş vüsət aldığı indiki şəraitdə işğal altındakı ərazilərdə tarixi mədəni irsin tədqiqini zəruri edir. Müasir şəraitdə Qarabağ abidələrinin Azərbaycan mədəniyyətin inkişafında böyük əhəmiyyətini nəzərə alaraq, işğal altındakı abidələrin xüsusiyyətlərinin öyrənilməsinin vacibliyi indi daha çox hiss olunur. Qarabağ abidələrinin bütün Azərbaycan xalqının həyat fəlsəfəsində müsbət keyfiyyət müəyyən edən bədi-obrazların tədqiqinin zəruriliyi də xüsusi qeyd olunmalıdır. Erməni əsirliyində olan milli-mədəni dəyərlərimiz müasir dövrdə Azərbaycanın tarixi mədəni irs potensialının əsasını təşkil etdiyi gənc nəslin diqqətinə çatdırılmalıdır.
- İşğal altındakı tarix və mədəniyyət abidələrinə dəymiş zərərin qiymətləndirilməsi prosesi necə aparılmalıdır?
-Memarlıq irsinin, onun xassələrinin və dəyər göstəricilərinin öyrənilməsi cari dövrün əsas məsələsi olmaqla nəzəri və praktiki fəaliyyətin mövcud nəticələrinin ciddi təhlilini tələb edir. İşğal altında qalan tarix və mədəniyyət abidələrinə dəyən zərərin qiymətləndirilməsinin müasir problemləri xüsusən diqqəti cəlb edir. İşğal altındakı tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi təcrübəsi demək olar ki, həmişə bir sıra həll edilməmiş problemlərlə üzləşir. Bu gün həm də sübut etməyə ehtiyac yoxdur ki, memarlıq irsindən istifadə, onun saxlanılmasının ən yaxşı üsullarında biridir.
Məhz bu səbəblərdən erməni işğalı altında qalan bu abidələrə dəyən zərərin qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır və bu qiymətləndirmədən sonra xalqın mənəviyyatına vurulan zərərin həcminin nə dərəcədə böyük olduğunu dərk etmək o qədər də çətin olmayacaq. Bunun üçün işğal altındakı tarix və mədəniyyət abidələrinə dəymiş zərərin qiymətləndirilməsi metodologiyası hazırlanarsa bu, Azərbaycan praktikasında ilk dəfə həyata keçirilən hadisə olacaq. Abidələrə dəymiş zərərin qiymətləndirilməsi Beynəlxalq Qiymətləndirmələrə uyğun aparılmalıdır. Təbii ki, işğal faktoru qiymətləndirmə zamanı oradakı abidələrə baxış keçirilməsinə mane olur. Lakin qiymətləndiricilər bu proses zamanı müxtəlif arxivlərdən abidənin daxili və ya xarici interyerində bədii-obraz keyfiyyətinin mürəkkəbliyini müəyyənləşdirmək üçün məlumatlar əldə etməlidirlər. Bu məlumatlar abidənin memarlıq xüsusiyyətləri və tikinti üslubu üzərində təhlillər aparmağa şərait yaradacaq. Bütün bunlardan başqa xarici ölkə arxivləri və digər informasiya mənbələri araşdırılacaq, eləcə də kosmosdan müşahidələr aparmaqla nəzərdə tutulan dəlilləri əldə etmək mümkün olacaq.
Aydındır ki, Ermənistanın Azərbaycana vurduğu maddi və mənəvi zərərin tam həcmdə ödənilməsi zərurətdir. Belə ki, beynəlxalq hüquqa görə məsuliyyət daşıyan dövlət özünün hüquqazidd əməli ilə digər dövlətə vurmuş olduğu ziyanı tam həcmdə ödəməlidir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info