“Rasional düşüncədən irəli gələn məqsədlərimə nail olmaq istəyirəm”
Tarix: 05.02.2015 | Saat: 21:21:00 | E-mail | Çapa göndər


Aybəniz Növrəsli: “İdeyalarımın ən azı yarısını reallaşdırsam, öz zirvəmi fəth etmiş olaram”

Aybəniz Firudin qızı Növrəsli, 1987-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Tarixi Nəzəriyyə şöbəsini bitirib, elə həmin ildə də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olub. 2008-ci ildə bakalavr (Diplom işi: N.Mirişlinin “Mərasim” simfoniya-konserti), 2010-cu ildə magistr pillələrini (Diplom işi: “XX əsr Azərbaycan bəstəkarlarının fortepiano yaradıcılığında orijinal tapıntılar axtarışı”) fərqlənmə diplomu ilə bitirib. Hazırda Bakı Musiqi Akademiyasının doktorantı, eyni zamanda Musiqi tarixi kafedrasının müəllimidir. Məzunu olduğu Bülbül adına Orta İxtisas Musiqi Məktəbində də tədrislə məşğuldur. 2004-2006-cı illərdə təhsil aldığı müəssisənin mətbuat (PRESS) xidmətində çalışmış, mütəmadi olaraq keçirilən tədbirlərin iştirakçısı və təşkilatçısı olub. 2008-2010-cu illərdə Bakı Musiqi Akademiyası tələbələrinin təşəbbüsü ilə yaradılmış Azərbaycan Gənc Musiqiçilər Birliyinə rəhbər seçilib. Müxtəlif illərdə Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi festivalların təşkilat komitəsinin işçi qrupuna daxil edilib (A.Məlikov -75, Beynəlxalq Rostropoviç Festivalları, Q.Qarayev - Beynəlxalq Müasir Musiqi Festivalları, Beynəlxalq Qəbələ Festivalları və s.). 2009-2011-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqında baş məsləhətçi vəzifəsində çalışıb. 2011-ci ildə Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyəti tərəfindən görkəmli bəstəkar Aqşin Əlizadə haqqında çəkilən “Portret” filminə ssenari müəllifi olaraq dəvət alıb. Film həmin ildə də ekran üzü görüb.2012-ci ildə keçirilən musiqişünas Elmira Abasovanın adını daşıyan müsabiqənin qalibi, I yerin sahibi olub. 2013-cü ildə çapdan çıxan, dahi bəstəkar Qara Qarayevin 95 illiyinə ithaf olunan “Müasir musiqi haqqında esselər” adlı toplunun ərsəyə gəlməsində yaxından iştirak edib, həmçinin, topluya daxil olan məqalələrin bir neçəsini tərcümə edib. A.Növrəslinin sözlərinə görə, adıçəkilən toplu musiqişünaslıq tarixində müasir musiqiyə aid çap olunan ilk və hələlik yeganə məqalələr məcmusudur. Mütəmadi olaraq yerli və xarici mətbuat səhifələrində məqalələri çap olunur, beynəlxalq və yerli konfransların daimi iştirakçısıdır.

-Aybəniz xanım, bir musiqişünas olaraq, Azərbaycan bəstəkarlıq məktəbini necə səciyyələndirirsiniz?
- “Azərbaycan bəstəkarlıq məktəbi” sözün əsl mənasında geniş və əhatəli izahla xarakterizə oluna bilən bir mövzudur. Düşünürəm ki, gənc yaşda və beynəlxalq səviyyədə tanıtıma hələlik can atmaqda olan musiqişünas üçün bu barədə böyük sözlərlə danışmaq bir qədər tezdir. Təbii ki, hər bir fərdin şəxsi fikri, öz yanaşma istiqaməti mütləq olmalıdır. Əks halda, heç bir şəxsiyyət formalaşmasından söhbət gedə bilməz. Bu istiqamətdə mənim də hər bir məqama öz baxış bucağım və analitik mövqeyim var. Lakin, bütün bu fikirləri nisbətən gec ortaya çıxarmaq niyyətindəyəm. Çünki yaşımdan və tutduğum mövqedən dolayı həm birmənalı qarşılanmaya bilər, həm də yetərincə təcrübə yığdıqdan sonra daha professional şəkildə təqdim edə bilərəm. Bəlkə də, bu üzdəndir ki, əsrlər boyu formalaşmış bir proses yaranmışdır - musiqişünaslıq bəstəkarlıqdan bir neçə onillik gec təkamül edir.
Digər bir tərəf də var ki, çoxsaylı gənc musiqiçi həmkarlarım məhz bu istiqamətə meyil edir. Yəni dəfələrlə təkrarlanmış məsələləri bir daha dilə gətirib, banal bir baxış nümayiş etdirirlər. Bu məsələni kəskin tənqid edirəm və təkrarlanaraq nəyəsə nail olmaqdansa, susub “sıfır”da dayanmanı üstün tuturam.
Bəstəkarlıq məktəbimizi səciyyələndirmə baxımından müqayisəli şəkildə bircə onu vurğulamaq istəyirəm ki, ilk irihəcmli janr olan opera - klassik ənənəli Avropa bəstəkarlıq məktəbi tarixində 1600-cü ildə Yacopo Peri, Azərbaycan bəstəkarlıq məktəbində isə 1908-ci ildə Üzeyir bəy Hacıbəylinin qələmindən çıxaraq yaranıb. “Müasir musiqi” anlayışı isə Avropa musiqisinə XX əsrin əvvəllərində “Yeni Vyana Məktəbi” nümayəndələri tərəfindən, Azərbaycan musiqisinə XX əsrin 60-cı illərində dahi Qara Qarayevin yaradıcılığı ilə daxil olub. İndi hər iki hadisə arasında olan müddət fərqinə diqqət etsəniz, nə demək istədiyimi anlayarsınız. Əgər bu gün nəyə isə nail ola bilmiriksə, günah bizim özümüzdədir. Və ya nail olunmuş uğurlara göz yumuruqsa, yenə də günahkar özümüzük. Çünki müasirliyimizin yüksək passionarlığı ilə seçilən, hər birinin artıq formalaşmış yaradıcı üslubu olan gənc bəstəkarları var. Onlara vicdanlı şəkildə qiymət verilərsə, “yerində tapdalanma” tendensiyasından yaxa qurtarmış olarıq.
- Yaradıcılığınızda xüsusi önəm verdiyiniz janr hansıdır?
- Hazırda yaradıcılığın elə mərhələsindəyəm ki, yalnız elmi məqalələrin yazılmasına üstünlük verirəm. Ümumilikdə, esselər və mənzum nəsr təbiətimə daha uyğun janrlardır. Lakin hər bir janra müraciət də birbaşa olaraq reallıq və yaşam tərzindən, həyatın mövcud mərhələsindən doğur. Düşünürəm ki, hər bir iş daxili tələbatın məhsulu olsa, daha nəticəli və gözəl olar. Mütləqiyyət yaradıcılığın düşmənidir.
Musiqişünaslıq dedikdə, ilk növbədə “qələm” məfhumu insanın beyninə gəlir, bu da normaldır. Lakin unutmaq olmaz ki, bizim ixtisasın digər bir vacib qolu vardır ki, bu da natiqlik və təbliğatdır. Natiqlik fəaliyyəti deyərdim ki, mənim üçün ixtisasımın ən sevimli bölməsidir. Çalışıram ki, bu sferada aktiv fəaliyyətimi daim saxlayım. Hələ Bakı Musiqi Akademiyasında oxuduğum illərdən konsertlər və bədii gecələrdə çıxış sözü ilə iştirak üçün dəvətlər almışam. Bu gün isə səhnəyə çıxanda keçirdiyim hislər artıq əvvəlki kimi həyəcan və qorxu hissi deyil, məsuliyyət və özünəəminlikdir. Bu sərbəstliyin arxasında çoxsaylı çıxış təcrübəsindən əvvəl, müəllimlərimin məndə formalaşdırdığı müəyyən vacib cəhətlər durur. Bu baxımdan daim dayaq olan müəllimlərimə borcluyam. Xüsusilə də yaradıcılıq həyatımda mənə ən əziz insan, elmi rəhbərim professor Ülviyyə xanım İmanovanın adını böyük hərflərlə vurğulamağı özümə borc bilirəm.
Düşünürəm ki, özümün hazırkı müəllimlik fəaliyyətim məndən sonra gələn musiqişünas nəslinə hansısa məsləhət və ya təkliflər vermək, yeri gələndə tələblər irəli sürməyimə imkan verər. Bu baxımdan, burdan üzümü onlara tutub daha çox nitq qabiliyyətləri üzərində çalışmalarını, sərbəst nitq söyləmə bacarıqlarına yiyələnmələrini, nəzərlərini kağızdan qaldırıb sərbəst fikir söyləməkdən çəkinməmələrini tövsiyə edirəm.
- Esse janrının xüsusiyyətləri haqqında hansı mülahizələriniz var?
- Bu janr yaradıcı sərbəstliyə üstünlük verən kəslər üçün daha uyğundur. Əgər elmi məqalələr müəyyən analitik fikrə əsaslanırsa, demək, mənən və fiziki cəhətdən daha dinc vəziyyətdə ona müraciəti tələb edir. Lakin, esse janrı daha çox qəlbdən axıb gələnləri əxz etməyə imkan yaradır. Qısa olaraq, bu janrda daha çox mən ola bilirəm.
- Sizcə, gənc musiqişünaslar Azərbaycan musiqi tarixinə necə qiymət verirlər?
- Əgər gənc dedikdə, hələ təhsil alan həmkarlarımı nəzərdə tutursunuzsa, o zaman onların musiqi tariximizə qiymət vermələri hələ çox tezdir. Tarixə qiymət vermək üçün, ilk növbədə tarixi yaradanları və onların yaradıcılıqlarını professional cəhətdən tanımalıdırlar. “Qiymət vermə” məsələsini o qədər bəsitləşdirmişik ki, ixtisasını tam mükəmməlləşdirməyənlərin də qlobal yanaşmasına imkan yaradırıq. Hələ bu sferaya aidiyyəti olmayan kəslərin müdaxiləsindən danışmıram. Məlum, akademik təhsil var. Bu təhsili ən azından layiqli başa vurmaq, daha sonra fikir yürütmək lazımdır. Elmi səviyyəni də mükəmməlləşdirmək üçün mövcud olan ədəbiyyat rus dilindədir. Əsas problem də buradan başlayır. Çünki dil baryeri hazırda ən qlobal məsələdir. Bizim öhdəmizə düşən məsələlərdən biri də budur ki, gələcək təhsilin daha mükəmməl olması üçün hər kəsə ən azından bir kitab tərcümə edək.
Sualınıza cavaba başqa yöndən qayıdıram. Əgər gənc dedikdə, mənim həmyaşıdlarımı nəzərdə tutursunuzsa, bir nümunə çəkə bilərəm. Musiqişünas gəncliyimizin, demək olar ki, hamısı milli bəstəkarlıq məktəbi nümayəndələrinin yaradıcılıqlarını araşdırmaqla məşğuldurlar. Bu da o deməkdir ki, hamımız üçün milli və mədəni mənsubiyyətimiz çox önəmlidir. Araşdırılan işlərin keyfiyyəti də ildən-ilə artırılır. Çünki qarşıya qoyulan tələblər mürəkkəbləşir.
- Elmi işinizdə hansı Azərbaycan bəstəkarının yaradıcılığına diqqət ayırmısınız?
- Müraciət etdiyim bəstəkar çox sevdiyim, yaradıcılığının musiqi tariximiz üçün nə qədər önəmli olduğunu dərk etdiyim və əsərlərini daim təbliğ etdiyim və edəcəyim əziz müəllimim Aqşin Əlizadə haqqındadır. Çox təəssüflə qeyd etməliyəm ki, sağlığında ikən bu işi tam bitirə bilmədim. Düzdür, o, bu mövzu ilə əlaqədar çoxsaylı məqalələrim və konfrans çıxışlarımın hər birini izləmiş və daim məmnunluğunu bildirmişdi. Ən azından, bununla təsəlli tapa bilirəm. Özü ilə çoxsaylı dostluq görüşlərimiz və yaradıcı debatlarımızda həvəslə nəticəni gözlədiyini vurğulayardı. Ona layiq olan iş ortaya çıxarmaq mənim üçün bugünün ən vacib məsələsidir. Çünki Aqşın Əlizadə Azərbaycan musiqisində sözün əsl mənasında yeniliklər etmiş, heç zaman pafos və şöhrət ardınca qaçmayan elit təbəqə nümayəndəsi olub. Mənim üçün onun haqqında keçmişlə danışmaq çox ağrılıdır, inanın. Aqşin müəllim, Azərbaycan musiqişünaslığının möhtəşəm yaradılışı idi. Sağ olsaydı, onun haqqında dediyim bu sözlər üçün məni məzəmmət edərdi. Çünki o, çox sadə insan idi və tərifi heç sevməzdi. Onun bu sadəliyi və sadəlik arxasında gizlənən parlaq siması haqqında deyilənlər isə həqiqi və isbat olunmuş reallıqdır. Elmi işimlə yanaşı, gələcəkdə onun əsərlərinin təbliği və ifası ilə bağlı bir sıra düşüncələrim və planlarım var. Qismət olsa, mütləq reallaşdıracağam.
- Gənc musiqişünas kimi Azərbaycan musiqisinin hansı zirvələrini fəth etmək istəyirsiniz?
- Zirvələr fəthindən çox, rasional düşüncədən irəli gələn məqsədlərimə nail olmaq istəyirəm. Ailəm, karyera və elmi fəaliyyətim məni mənən formalaşdıran ünsürlərdir. Bu 3 dəyərin heç birinə xələl gəlmədən gələcəyimi qurmaq istəyirəm. Ağlagələn ideya mütləq bir zaman reallaşacaq. Fərqi yoxdur, bu, ideya müəllifi və ya qeyri-şəxs tərəfindən gerçəkləşsin. Odur ki, ideyalarımın ən azı yarısını reallaşdırsam, düşünürəm ki, öz zirvəmi fəth etmiş olaram.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info