Ailə institutunu möhkəmləndirmək üçün bölgələrdə maarifləndirmə aparılacaq
Tarix: 07.02.2015 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Bakıda “Müasir dövrün çağırışları: Ailə institutu və dini dəyərlərin vəhdəti” adlı konfrans keçirildi. Konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında imzalanmış “2015-2016-cı illər üçün birgə işin təşkilinə dair tədbirlər planı”na əsasən baş tutub.

“Məscidlərdən, məbədlərdən ancaq ibadət yeri üçün istifadə olunmamalı, ziyarətgahlar bir elm mərkəzinə çevrilməlidir”
Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Hicran Hüseynova “2015-2016-cı illər üçün birgə işin təşkilinə dair tədbirlər planı” çərçivəsində keçirilən ilk tədbir olduğunu bildirdi: “Müstəqillik illərində dini dəyərlərin qorunub möhkəmlənməsi prioritet məsələ olub. Onlarla məbədlər, məscidlər təmir olunub, tikilib. Ancaq təəssüflər olsun ki, əhali arasında milli-dini dəyərlər barəsində narahatlıq doğuran hallar müşahidə olunur. Hələ də insanların təfəkküründə səhv dini stereotiplər var. Burda müəyyən dini sektaların rolu var”. H.Hüseynova qeyd etdi ki, Azərbaycan sürətlə inkişaf edir və bu inkişafa qadınlar da öz töhfəsini verir: “Rayon icra hakimiyyətlərində, bələdiyyələrdə çalışanların 35 faizini qadınlar təşkil edir. Amma biz hələ də erkən nikah hallarına təsadüf edirik. Biz bu hallarla bağlı bəzi valideynlərlə söhbətləşəndə onlar bunu İslam dininə bağlayırlar. Bu da çox səhv yanaşmadır. Biz komitə olaraq qadınlara rayonlarda kiçik və orta biznes qurmaq üçün müraciət edirik. Sonra həmin qadınlar bizə deyirlər ki, ərləri onlara işləməyə icazə vermir. Bu da zorakılığın bir nümunəsidir. Zorakılıq da sonradan ağır fəsadlara gətirib çıxarır. Halbuki İslam dini qadınlara özünütəsdiq imkanı yaradır. Kişilərə dini, tibbi məlumatlar vaxtında düzgün çatdırılsa, bu cür fəsadlar olmaz. Dini icmalar bu cür məsələlərdə aktiv olsalar, yaxşı olar. Bu gün gənc nəsillə işləmək lazımdır ki, onlar dini ekstremizmə yox, tərəqqiyə can atsınlar. Məscidlərdən, məbədlərdən ancaq ibadət yeri üçün istifadə olunmamalı, ziyarətgahlar bir elm mərkəzinə çevrilməlidir. Dini ekstremizmin qarşısını almaq üçün siyasətçiləri, ziyalıları, din xadimlərini səfərbər etmək lazımdır”. Komitə sədri, əksinə, cəmiyyətdə insanların dinə yaxın olmalarını arzuladıqlarını bildirdi: "İslam dini çox müasir və mütərəqqi bir dindir. İslam dini elmlə sıx bağlı olan dindir. Biz çox istəyirik ki, bizim insanlarımız dini məsələlərə yaxınlaşsınlar. İslam dininin dəyərləri insanlara düzgün çatdırılmalıdır”. H.Hüseynova qeyd etdi ki, son dövrlər istər yerli, istərsə də beynəlxalq və MDB ölkələrinin mətbuatında dərc olunan materiallarda tez-tez dini məsələlərə qayıdılır, onun mənfi təsirləri ilə bağlı fikirlər səslənir: "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə imzalanmış memorandum bizə imkan verir ki, iki dövlət qurumu bu sahədə bir çox tədbirlər həyata keçirsin. Bizi xüsusilə ən çox narahat edən məsələlərdən biri ailə institutunun möhkəmləndirilməsi sahəsində ailəyə olan mənfi təsirlərin aradan qaldırılmasıdır".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bölgələrdə maarifləndirmə işlərinin aparılmasına xüsusi diqqət ayrılacağını bildirdi: “Hər dövrün özünəməxsus çağırışları olur ki, bu da ailəyə, cəmiyyətə öz təsirini göstərir. Ailə institutu zamanla dəyişikliyə məruz qalıb. O dövrün ailəsi başqa cür idi, bu dövrün ailəsi tam başqadır. Ailə dəyərlərində dinin öz təsiri var. İslam dini yayıldığı coğrafiyada ailə institutuna öz təsirini göstərib və bu gün də öz təsirini saxlamaqdadır. Biz ailənin formalaşmasına diqqət yetirməliyik. Ailə institutunun daha da möhkəmləndirilməsi üçün cəmiyyətdə din-ailə münasibətləri geniş şəkildə müzakirə edilməlidir. Bəzi yerlərdə gənclər erkən yaşda ailə qurmağa sövq edilir. Bunu hər hansı formada bəzən dinlə bağlamaq istəyirlər. Vətəndaşlarımıza izah edilməlidir ki, ailə qurmaq hüquqi məsələdir və dövlətin müəyyən etdiyi qanunlarla tənzimlənməlidir. Bu məsələlərdə hər hansı dini ehkamı ortaya qoyaraq bundan istifadə etmək doğru deyil.
Amma bu gün bizim qarşımızda müstəqilliyimizi təhdid edən amillər var. Onlardan biri də dini ekstremizmdir. Biz həm də bu gün müxtəlif dinlərin ölkəyə yayılması cəhdlərini də görürük. Bu gün Azərbaycanın bəzi bölgələrində xristian missionerlər fəaliyyət göstərir, azərbaycanlı bir qadın da gedib o missionerlərlə birgə xorla başqa dini ayini oxuyur. Mən buna çox təəssüflənirəm. Buna imkan verməməliyik. Hər hansı bir ailədə radikal gənc yetişibsə, deməli, onu böyüdən ana milli-mənəvi dəyərlərin təşviqində qüsurlara yol verib. Biz bu problemləri müəyyən edib, qabaqlayıcı tədbirlər görməliyik. Bu işdə də din xadimlərinin ayrıca rolu var. Bu məsələləri yalnız dövlət qurumlarının üzərinə atmaq doğru olmaz”.
Komitə sədri qeyd etdi ki, hazırda Azərbaycanın müstəqilliyini müxtəlif amillərlə təhdid edən qüvvələr var: "Elə qüvvələr var ki, Azərbaycanın müstəqil inkişafına əngəl olmaq istəyirlər. Bu gün Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət kimlərisə qane etmir və onlar müxtəlif yollarla Azərbaycana təzyiq göstərməyə cəhd edirlər. Biz demokratiya pərdəsi altında, siyasi, iqtisadi amildən istifadə edilməsini, eləcə də hərbi, yəni təcavüzdən istifadə edilməsini müşahidə edirik. Eləcə də biz dini ekstremizm amilindən də istifadə edərək Azərbaycana təzyiq göstərilməsinin şahidi oluruq. Dini ekstremizm, dini radikalizm deyəndə biz yalnız özünün İslama aid olduğunu hesab edən mövcud radikal qrupları nəzərdə tutmuruq. Biz, eyni zamanda müxtəlif dinlərin Azərbaycanda yayılması cəhdlərini görürük".

“Görəsən, bu gün ailə quranların Ailə Məcəlləsindən
xəbərləri varmı?”

Milli Məclisin vitse-spikeri Bahar Muradova ailə institutunun möhkəmlənməsində ilk növbədə qanunları əsas götürməyin vacibliyini qeyd etdi: “Qlobal dəyişikliklər ölkəmizdən də yan keçmir. Bu gün səslənən çağırışların hamısı bizi inkişafa çağırmır, mürtəce çağırışlar da olur. Etnik, dini icmaların, siyasi partiyaların, ziyalılar birlikdə bu məsələlərdə fəal iştirak etməsə, problemlər yarana bilər. Necə ki, biz bunu sərhədlərimizdən kənarda görürük. Bu gün mühafizəkarlıq müasirliyin qarşısında dayanıb milli-mənəvi dəyərlərin aşınmasının qarşısını alırsa, bəzən də fəsadlara yol açır. Biz bu sərhədləri müəyyənləşdirməliyik. Görəsən, bu gün ailə quranların Ailə Məcəlləsindən xəbərləri varmı? Bəziləri düşünür ki, qanunlar ancaq dövlət qurumları, hüquq-mühafizə orqanları üçündür. Evdar qadın da ailəsini idarə etmək üçün qanunları bilməlidir. Qanunvericilik məsələsində maarifləndirmə işlərinə diqqət yetirməliyik”.

“Bu məsələ gənclərə daha təsiredici və nüfuzedici formada çatdırılmalıdır”
Kaspi Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva isə çıxışında bildirdi ki, iki aydan bir Milli Məclisin deputatları, söz adamları, fikir adamları bu mövzunu daha mükəmməl şəkildə gənclərə daha təsiredici və nüfuzedici formasını düşünərək məlumat versinlər. Onun sözlərinə görə, bu çox vacib məsələdir: “Çünki dini ekstreimizmə, radikalların təsirinə məruz qalmaq ilk olaraq 12-13 yaşlarından başlayır. İstərdim ki, 5, 6, 11-ci siniflərə qədər mütəmadi olaraq məktəblərlə müqavilə bağlansın və onlara bununla bağlı məlumatlar verilsin. Memorandum Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət komitəsi arasında bağlanıb. Çox istərdim ki, bu, universitetləri, məktəbləri də əhatə etsin. Bu gün bizə yönələn fikirlərin əsasında ailəni zəiflətmək durur. Bunun planın üzərində çox düşünülmüş ağıllı başlar işləyir”. O qeyd etdi ki, ailə zəifləyəndə övlad ailənin, valideynin üzünə duracaq və sözünü eşitməyəcək: “Nəticədə ortada bağlar qırılacaq. Dünyada ən böyük məsələ millətin ailəsində o bağların sınmağıdır. Bax, bunu ağıllı başlar oturub düşünüblər və düşünürlər. Azərbaycan cəmiyyəti və dövləti məruz qaldığı bu böyük dərdin qarşısında niyə belə güclü və sinə gərə bilir? Çünki onun ailəsi möhkəmdir. Nə etmək lazımdır? Onu ailədən sarsıtmaq lazımdır. Bu gün Şərqdən və Qərbdən bizə hücumlar olur. Bütün bunlar ailəmizi zəiflətməyə yönəldilib”. S.Vəliyeva qeyd etdi ki, uşaqların beyni tez yuyulur: “Əvəzində isə o yuyulan beynin yerində onlar tez toxum əkə bilirlər. Buna yol verməmək üçün sadalanan işlər olmalıdır. Sizin bu işləriniz Gənclər və İdman Nazirliyi ilə aparılmalıdır. Lazımdır ki, məktəblərdə bir qadın ailə qurumu olaraq nəzarət kimi müdaxilə edəsiniz və orada çox sevilərsiniz. Mən bunu bildiyim üçün deyirəm. İstərdim ki, həm də valideynlər o tədbirlərdə iştirak etsinlər. Onlar uşaqların qarşısında o məsələlərin qaldırılması üçün hətta sizi bağrına basar”. S. Vəliyeva bildirdi ki, valideynlər bəzən uşaqların əlindən qan ağlayırlar, öhdəsindən gələ bilmirlər: “Bir az orta ailə səviyyəsi olanlar uşaqları ödənişli məktəblərdə oxutmaq istəyirlər. Uşaqların təfəkküründə isə belə fikir var ki, mən pul ödəyirəmsə hər şey edə bilərəm. Bu mexanizm bəzən valideynlərlə məktəb arasındakı sərhədi qırır. O sərhəd, bağ qırılanda onda cəmiyyətə hər cür təsirlər yol alacaq”. Erkən ailə qurmaq məsələsinə gəlinc, S.Vəliyeva bildirdi ki, DQİDK və Qadın Komitəsinin məktəblərdə təsir gücü artsa bu problem həllini tapacaq: “Biz ha deyək ki, İbn Sinanın anası təhsilli olduğu üçün onun oğlu 15 yaşında bütün elmlərdən ali idi. Bu məsələni əsrin əvvəlində - 1900-cü illərin əvvəllərində Bakıda Hacı Zeynalabdinin qız məktəbi açılanda bunu Şeyxülislam Hacı Axundzadə bu qədər cahil zəmanədə “Neyləsin, neyləməsin camaat qızı məktəbə buraxsın” deyə bu sözü dedi. İbn Sinanın anası təhsilli olduğu üçün onun 15 yaşında oğlu artıq bütün elmlərdən ali idi. Qızlarınızı oxudun. Qızlar təhsilli olarsa ailələr möhkəm olur. Ailə möhkəm olanda cəmiyyət möhkəm olur. Cəmiyyət möhkəm olanda dövlət möhkəm olur. Hesab edirəm ki, bu mənada ziyalı olaraq üzərimizə düşən vəzifələr var. Çox istərdim ki, bu mövzuda bizə bütün ictimaiyyət yardımçı olsun”.
Tədbirin əhəmiyyətindən danışan millət vəkili Musa Quliyev bu yaxınlarda totalizatorlarla bağlı səslənən fikrin üzərində də dayandı: “Milli-ideoloji boşluqları doldurmaq lazımdır. Bu yaxınlarda totalizatorlarla bağlı məsələ qaldırılıb. Bunun adı qumardır, bunun başqa adı yoxdur. Niyə bizim gənclərimiz aktiv idmanla, musiqi ilə məşğul olmamalıdır?” Daha sonra millət vəkili Məlahət Həsənova, Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev və başqaları Azərbaycanda ailə dəyərləri, ailə institutunun formalaşmasında və qorunub saxlanmasında milli və dini dəyərlərin rolu mövzusunda çıxış etdilər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Naxçıvanda “İslam filmləri həftəsi”nin açılış mərasimi keçirilib
25.09.2018
Lökbatanda salınmış abad məhəllədə əhali ilə görüş
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info