ABŞ-sız Yeni Avropa düzəni?
Tarix: 09.02.2015 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


Sübhan Padarsoy |

Fransa və Almaniya liderləri – Olland ilə Merkelin Vaşinqton ilə məsləhətləşmədən Kievə səfəri, ardınca Moskvaya səfər edərək prezident V.Putin ilə görüşmələri və Amerikasız Ukrayna üçün sülh planı hazırlamaları Avropanın siyasi tarixində çox böyük hadisə oldu.
"Biz təhlükəsiz Avropanı Rusiya ilə birlikdə qurmaq istəyirik, Rusiyaya qarşı deyil. Almaniya Vladivostokdan Lissabona qədər "Böyük Avropa” konseptini inkişaf etdirməyə çalışır və artıq bunun məsuliyyətlisidir" – deyə bəyanat verən Merkel əslində Vaşinqtonun sadəcə Rusiya üçün deyil, eyni zamanda Avropa üçün nə qədər təhlükəli bir Ukrayna oyunu oynadığını və bu müharibə oyunundan qaçmaq cəhdini sübut etdi.
“Ukrayna böhranı qətiyyən hərbi yol ilə həll edilə bilməz. Avropada sülh və təhlükəsizliyin yeganə yolu dialoqdur” – deyə, bildirən A.Merkel ABŞ-ın Ukraynaya silah yardımı kimi bəyanatlarına da cavab vermiş oldu. Çünki Amerikadan Ukraynaya silah yardımı səsləri vəziyyəti uçuruma apara bilər. Rusiya müharibəni Ukraynanın daha da içərisinə hətta Avropa ölkələri ilə sərhədlərinə qədər daşıya bilər. Əlbəttə ki, bu vəziyyət Avropa üçün bir fəlakətdən daha irəlisi olardı.
Alman kanslerin “Vladivostokdan Lissabona qədər Avropa konsepti” artıq Olland-Merkel-Putin planında yeni Avropa düzənini qurulduğuna işarə edilir. Məhz buna görə də, onlar bu addımı atmalı idilər, çünki Amerikadan Ukraynaya silah yardımı səsləri vəziyyəti uçuruma apara biləcək provokasiyalardır. Olland bildirdi ki, “əgər əngəl olmaga çalışmasaq, qarşıdakı ssenari müharibədir. Bu, müharibəyə əngəl olmaq üçün sonuncu şanslarımızdan biridir”.
Merkelin Münxen təhlükəsizlik konfransı zamanı “Düşünmürəm ki, ən üst səviyyədə Ukraynaya hərbi yardım belə, Prezident Putinə təsir etsin və o hərbi mücadəlini uduzacağını düşünsün.. Gəlin açıqca deyək ki, o əsla hərbi mübarizəni uduzacağını düşünmür və buna əmindir” sözləri də hər halda ABŞ vitse-prezidenti Byadenin niyə təşviş içində Avropanı Rusiyaya qarşı sanksiyalarda Vaşinqton ilə birlikdə olmağa, Rusiyaya qarşı “möhkəm olmağa” çağırmasının səbəbini izah edirdi. Avropa Ukraynada müharibə variantının tamamilə bir faciə olduğunu və hərb yolu ilə Rusiyaya məğlub olunacağını etiraf edirdi. Əlbəttə ki, bu “Ukraynanın suverenliyi üçün hər bir variant masa üzərindədir” – deyən Pentaqon və Ağ Ev rəsmilərinə (Dövlət Departamentindən Cen Psaki, NATO qoşunlarının Avropa komandanı Filipp Bridlov) də bir növ Avropa cavabı oldu.
Münxen təhlükəsizlik konfransı zamanı Ukraynaya silah yardımı edilə biləcəyini bir daha yeniləyən C.Kerri “Rusiya qırğına son qoymalıdır, yoxsa biz Ukraynaya silah göndərəcəyik” – dedi və Rusiyanı “Avropaya ən böyük” təhdid kimi xarakterizə etdi. Təbii ki, bu ondan daha əvvəl çıxış edən neokon Baydenin “Rusiyaya Avropanın xəritəsini yenidən cızmağa icazə vermək olmaz, sanksiyalara qarşı çıxan Avropa dövlətlərinin fikirləri artıq bezdirici və məntiqsizdir” bəyanatının daha sərt formada ifadəsi idi.
Ancaq, futbol oyununda işlədilən təbir ilə desək “off-side” vəziyyətində qalan Amerikanın müharibə baronlarına Rusiya XİN rəhbəri S.Lavrovdan cavab gecikmədi.
“Ukrayna böhranının hər mərhələsində ABŞ müttəfiqləri ilə birlikdə Kiev rejimini provakasiyaya sürüklədi, danışıqların və sülh müqaviləsi imkanlarının qarşısını aldı. Avropanın təhlükəsizliyinə ən böyük təhdid Rusiya deyil, məhz daim müharibəyə təşviq edən ABŞ-dır. İndi Avropa və Amerika seçim etməlidir. Siz təhlükəsiz Avropanı Rusiya ilə birlikdəmi qurmaq istəyirsiz, yoxsa Rusiyasızmı? Rusiyasız təhlükəsiz Avropanı qura bildinizmi?” – deyə S.Lavrov qeyd etdi.
Rusiya xarici siyasətinin rəhbəri keçmiş nümunələrdən (presedent) sitat gətirdi:
“Vaşinqton və onun müttəfiqləri Yəməndə, İraqda, Əfqanıstanda, Suriyada hakimiyyəti hətta ekstremistlərdən ibarət olan müxalifət ilə dialoq aparmağa çağırır. Ancaq, Ukraynada Kiyev rejimi ilə barışmayan ölkənin şərqindəki 7 milyon insanı görməzdən gəlir və Kiyevə qarşı haqqları üçün vuruşan insanları “terrorist” adlandırır”.
Olland-Merkel-Putin planı nədir, hələ ki tam dəqiq məlum deyil, amma Kiyev ordusunun və üsyançıların nəzarətindəki ərazilər arasında 50-70 km boyunca hərbisizləşdirilmiş zona yaradılacağı və Donbas regionuna (“Donetsk və Luqansk Xalq respublikaları”) daha geniş muxtariyyət hüquqlarının və digər özəl statusların veriləcəyi diplomatik mənbələr tərəfindən bildirilir. Hazırda ABŞ-Avropa arasında son 10 ildə görünməmiş ayrılıq və ziddiyyət yaşanmaqdadır. Fransa və alman biznesmenləri ölkə rəhbərlərinə dəhşətli təzyiq edirlər. Olland və Merkel də ən çox özlərinə təsir edən bu sanksiyalardan qurtulmaq üçün Ukraynada sülh və sanksiyaların xəfiflədilməsini istəyirlər. Çünki Rusiya ilə ticarət balansına görə ən çox uduzan Qərbi Avropa ölkələridir. Almaniya 8 milyard dollar və 60 mindən çox alman işini itirib. Çünki 300 mindən çox alman məhz Rusiyaya ixracat işlərində çalışırlar. Rusiya onlar üçün çox böyük bazardır.
Avropa tarixində Amerikanın köhnə qitənin işlərinə qarışmasına icazə verməyən və bunun üçün mübarizə aparan Şarl de Qoll, Gerhard Şröder, Villi Brandt, Jak Şirak kimi liderlər olub. Fransanın böyük siyasi xadimi Şar de Qoll bildirirdi ki, Atlantik okeanından Ural dağlarına qədər – bura Avropadır və bu məkanda ABŞ-ın işi yoxdur. “Ostpolitik” (Şərq siyasəti) siyasətini başladan və əzmlə davam etdirərək SSRİ və onun müttəfiqi olan ölkələr ilə diplomatik və siyasi münasibətləri inkişaf etdirən Almaniyanın keçmiş XİN rəhbəri və kansleri Villi Brandt, İraq müharibəsinə qarşı bir vahid Avropa bloku yaradan Jak Şirak və Gerhard Şröder birliyi köhnə qitənin tarixində ABŞ-a qarşı möhkəm dayanışmanın təzahürləri idi. Hər iki lider və həmin vaxt XİN rəhbərləri-Dominik de Viyepen və Yoşka Fişer böyük inadla İraq müharibəsinin əleyhinə çıxış edirdilər. Daha sonra, İraq müharibəsinə qarşı bu ittifaq Putin-Şirak-Şröder üçbucağının yaranmasına səbəb olmuşdu.
Olland-Merkel təşəbbüsünün hansı nəticələr verəcəyi 11 fevralda Minskdə Fransa, Rusiya, Almaniya və Ukrayna liderlərinin Normandiya formatında keçirəcəyi görüşdən sonra tam olaraq bəlli olacaq. Ancaq, İraq müharibəsindən bu yana Avropa ilə Amerika arasında ən ciddi parçalanma yaşandığı və Avropanın Vaşinqtonun savaş oyunlarından yalnızca itirdiyini anlayıb və oyandığı gün kimi aydındır. Artıq Finlandiya, Danimarka, Macarıstan, Çexiya, Fransa, Almaniya Ukraynaya silah yardımı planlarının olmadığını və bu addımın vəziyyəti kəskinləşdirəcəyini qeyd ediblər. Çexiya XİN rəhbəri Poroşenkonun silah yardımı tələb etməklə Avropa daxilində alov ilə oynadığını bildirib.
Rusiya Donbas ilə Kiyev arasında istənilən razılaşmanın zamini olacağını bildirdi. Ukraynada sülh Avropada sülh deməkdir, ona görə də Merkel-Olland cütlüyünün bu sülhün yaradılması üçün əlindən gələni edəcəyini söyləmək olar. Minsk görüşlərində P.Poroşenkonun (əslində ABŞ-ın) problemlər yaradacağı ehtimalı var. Bəlkə də, 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonrakı vəziyyət – presedent təkrar olunacaq. O zaman Avropanın maraqları üçün Moskvaya gələn Fransa prezidenti N.Sarkozi D.Medvedev ilə görşmüş və “Moskva bəyannaməsi” hazırlanmışdı. Bəyannamədə M.Saakaşvilinin tələb etdiyi heç bir maddə yer almamış və münaqişə real şəkildə Rusiyanın həm diplomatik, həm də savaş səhnəsində qələbəsi ilə sona çatmışdı.
İndi maraqlıdır, Avropa uzun illərdən sonra öz maraqları üçün ABŞ-a qarşı gələ biləcəkmi, yoxsa Ukraynada müharibə genişlənərək köhnə qitə daxilində xaosmu yaranacaq?






 
Müəllifin son yazıları

08.10.2014 “Cənub axını” baş tutacaqmı?
01.09.2014 Qərb slavyan siyasətini başa çatdıra biləcəkmi?

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info