“Ermənistan üçün 2015-ci ilin ağır keçəcəyi ötən ilin sonundan bəlli idi. Rusiyada iqtisadi vəziyyətin ağırlaşmasının təsirin ruslardan qabaq ermənilər hiss etməyə başladı. Ötən ilin sonundan Ermənistanda kiçik və orta dükanlar kütləvi şəkildə bağlanır.
Bu ilin ilk ayında isə iri şirkətlər və idarələrdə kütləvi ixtisarlar başlayıb. Məşğulluq idarəsi sorğuya cavabında bildirib ki. iş yerlərinin ixtisar olunması ilə bağlı vəziyyət 2013-cü ildə daha pis olub. İdarələr iş yeri axtarışı ilə bağlı 2013-cü ildə daha çox sorğu alıblar. 2013-cü illə müqayisə edəndə, guya 2014-cü ildə vəziyyət yaxşı olub. Bir daha diqqətə çatdıraq ki, bu, rəsmi dövlət orqanının məlumatıdır”. Bu fikirlər “Birinci İnformasiya” saytının yaydığı məlumatda yer alıb. Dövlət orqanlarından fərqli olaraq, işədüzəltmə agentliklərinin məlumatları vəziyyətin ağır olduğunu təsdiqləyir. Sayt yazır ki, işədüzəltmə agentliklərindən sadəcə birinə yanvar ayının 15-dən sonra 84 müraciət daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50 nəfər çoxdur: “İş üçün müraciət edənlər, əsasən, 19-55 yaş arasında olan əmək qabiliyyətli şəxslərdir. 2014-cü ilin ilk yarım ilində iş axtaranların arasında orta yaşlı qadınlar üstünlük təşkil etdiyi halda, indi ortayaşlı kişilərin sayı onları üstələməyə başlayıb. Rusiyaya mövsümü işləmək üçün gedənlərin bir çoxu ölkəni tərk edə bilmir. Rusiyanın bəzi məhdudiyyətləri onların ölkədə qalmasına səbəb olub ki, bu da iş yeri axtaranların sayını artırıb. Rusiyada tikinti və digər bu kimi sahələrdə çalışanlar Ermənistanda müvafiq iş yeri tapa bilmirlər. Ermənistan Milli Statistika Xidmətinin 2014-cü ilin üçüncü kvartalı üçün yaydığı məlumata əsasən ölkədə işsizlik 17,1 faiz olub. Bu rəqəm bir il öncə ilə müqayisədə işsizlərin sayında 1,7 faiz artım olduğunu göstərir. Rəsmi rəqəmlərə görə, iş axtaranların 51,2 faizini qadınlar, 16,9 faizini gənclər təşkil edir. Əslində real işsizlik rəqəmləri rəsmi rəqəmlərdən dəfələrlə çoxdur. İşi olanlar da işədüzəltmə məntəqələrinə müraciət edirlər. Məsələ ondadır ki, işlədikləri yerdə aldıqları maaş olanları qane etmir. 80 min dram 3 il əvvəl üçün normal maaş sayıla bilərdi, amma inflyasiyasının sürətlə getdiyi indiki vəziyyətdə bu maaşla normal səviyyədə dolanmaq olmur. İşsizlik bazarı və əhalinin məşğuluq səviyyəsini əks etdirən statistika təsdiqləyir ki, işsizlik 2015-ci ildə Ermənistanın qarşısında dayanan əsas çağırışdır. İstər şəhər, istərsə də kəndlərdə yaşayan əhali yeni iş yerlərinin yaradılmasını gözləyir. Amma Ermənistan iqtisadiyyatının indiki vəziyyəti yeni iş yerləri yaradılmasını mümkünsüz edir”. Ermənistan Milli Statistika Xidmətinin digər məlumatına görə, 2015-ci ilin yanvar ayı ərzində ərzaq məhsullarının qiyməti ötən ilin dekabr ayı ilə müqayisədə 4,5 faiz bahalaşıb.
Anar Miriyev
|