Aytək Məmmədli: “Azərbaycanda nanotexnologiyanı tədris etmək istəyirəm”
Tarix: 11.02.2015 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


“Azərbaycanın təbliğatında iştirak etmiş hər kəsi bir bayraq altında birləşdirəcəyik”

Müsahibimiz aktiv gənclərdən olan Aytək Məmmədlidir. Aytək xanım 1991-ci il sentyabrın 2-də Bakı şəhəri Nəsimi rayonunda ziyalı ailəsində anadan olub. Orta məktəbi 2009-cu ildə əla qiymətlərlə bitirərək Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olub. Məktəbdə oxuyarkən kimya fənninə xüsusi marağı olan Aytək Məmmədli 10 və 11-ci sinifdə oxuyarkən məktəblilərin fənn olimpiadasının respublika turunda iştirak edib, 2-ci və 3-cü yerə də layiq görülüb. O, həmçinin BDU-da oxuyarkən həm ictimai fəallığı, həm də müvəffəqiyyət göstəriciləri nəzərə alınaraq universitetin rektorluğu tərəfindən “İlin ən yaxşı tələbəsi” adına da layiq görülüb.
2013-cü ildə BDU-nun Kimya fakültəsini müvəffəqiyyətlə başa vuran və adı öncüllər siyahısında çəkilən bu fəal gənc təhsilini davam etdirmək üçün ALES proqramı üzrə İstanbulda müvəffəqiyyətlə imtahan verərək bu ölkənin universitetlərində təhsil almaq hüququ qazanıb.
-Aytək xanım, xaricdə təhsilinizi uğurla davam etdirirsinizmi, ya çətinliklər olur?
- Bəli, təhsilim uğurla davam edir və hətta, deyərdim təhsillə bərabər ictimai tədbirlərdə də xeyli təcrübəmi artıra bilmişəm. Qeyd edim ki, Türkiyədə universitetdə təhsil almaq hüququ qazanan zaman Ankara Qazi Universitetində irəli texnologiyalar - nanotexnologiya mühəndisliyi və orqanik kimya ixtisasları üzrə magistr təhsili almaq üçün müsahibə mərhələsini müvəffəqiyyətlə başa vurmuşdum. Hər iki ixtisas üzrə təhsilimi davam etdirə bilərdim, seçdiyim ixtisasların hər ikisi maraq çərçivəmə yaxın olduğundan heç birindən imtina etmək fikrim olmadı. Universitet rəhbərliyinin razılığı ilə hər iki ixtisas üzrə magistr təhsili almağa qərar verdim. Beləcə, hər şey öz axarı ilə davam etdi və bu gün də təhsilimdə problemlər yaşanmır.
- Türkiyədə təhsil sizə nə qazandırdı?
- Öncə onu deyim ki, Qazi Universiteti Türkiyədə ən çox etimad olunan universitetlərdən biridir. Burada bütün ixtisaslar üzrə təhsil almaq mümkündür. Türkiyədə nanotexnologiya ixtisasının tədris imkanı olan 4 universitetdən biri olan Qazi Universiteti Atatürkün şərəfinə belə adlandırılıb. Deyəsən, mənim qismətimə öndərlərin adı ilə bağlı universitetlərdə oxumaq yazılıb. Ümummilli liderimiz, Azərbaycan xalqının və türk dünyasının böyük oğlu Heydər Əliyev də öz adını BDU-nun tarixinə qızıl hərflərlə yazdırıb. Burda sevdiyim və vətənim üçün lazım olan ixtisası oxumaq şansı əldə etmişəm. Hazırda bu, dünyada mənim üçün qazana biləcəyim ən böyük uğurdur. Oxuduğum fakültədə laborant kimi çalışıram. Bu il beş bakalavr tələbə diplom üçün mənimlə laboratoriyada da çalışır. Başqa ölkədən gəlib bunları etmək elə də asan deyil. Azərbaycana qayıdıb topladığım təcrübə ilə ən yaxşı şəkildə bu ixtisası tədris etmək istəyirəm.
-Türkiyədə ictimai fəaliyyətlə də məşğulsunuz. Bu haqda danışardınız?
- Ümumiyyətlə, məktəb vaxtlarımda dərnəklərdə məktəbdənkənar müəssisələrdə, respublika əhəmiyyətli tədbirlərdə çox aktiv olmuşam. Elektron məktəb layihəsində videozəng vasitəsi ilə Prezident İlham Əliyevlə danışan ilk şagird mən olmuşam və o vaxt səsləndirdiyim orta məktəblərdə təhsili və nizam -intizamı ilə fərqlənən şagirdlərə medal verilməsi məsələsi bu gün öz əksini tapır və bu çox sevindirici haldır. BDU-da təhsil aldığım müddətdə də Tələbə Həmkarlar Təşkilatının, daha sonra isə Tələbə Gənclər Təşkilatının fakültə sədri, sonralar layihələr departamentinin sədri olaraq çalışdım. Bu gün də Yeni Azərbaycan Partiyasının aktiv üzvlərindənəm, bir çox layihələrinin, liderlik məktəblərinin iştirakçısı, məruzəçisi və mükafatçısıyam. Hazırda fəaliyyəti Türkiyənin Xarici İşlər Nazirliyi və Təhsil Nazirliyi tərəfindən dəstəklənən və universitet rektorumuz Süleyman Büyük Bərbərin təşəbbüsü ilə təsis etdiyimiz “Türkiyə-Azərbaycan Qardaşlıq Alyansı”nın sədriyəm.
-Təşkilatınızın fəaliyyət dairəsi barədə də söz açardınız.
-Təşkilatın əsas məqsədi çoxmillətliliyi ilə seçilən Türkiyədə, ələlxüsus bütün səfirliklərin yerləşdiyi, ictimai-siyasi əlaqələrin qurulduğu paytaxt Ankarada ölkəmizin mədəniyyətini, incəsənətini tanıtmaq, ayrı-ayrı millətlərin nümayəndələrinə ölkəmizin maddi-mədəni, tarixi sərvətini aşılamaqdır. Azərbaycanlı tələbələri təmənnasız Türkiyənin tarixi, gəzməli, şəhərlərinə aparmaq, asudə vaxtını təşkil etmək təşkilatımızın qarşısında dayanan ən prioritet məsələdir və uğurla bu işi icra edib, göstərilən etimadı doğrultmaq üçün əlimizdən gələn hər şeyi edirik. Milli bayram günlərimizi və matəm günlərimizi əlimizdən gəldiyi qədər işıqlandırır, təbliğati işlər aparırıq. Keçən il millət vəkillərinin, siyasi, ictimai xadimlərin iştirakı ilə gördüyümüz işlər mediada çox geniş işıqlandırıldı. Bir neçə gün öncə Türkiyə Böyük Millət Məclisində bir neçə millət vəkili ilə görüşdük və onlarla Türkiyə-Azərbaycan münasibətlərini müzakirə etdik. Tezliklə qardaş ölkənin Baş naziri Əhməd Davudoğluyla görüşəcəyik, həmçinin Türkiyə Böyük Millət Məclisinin qrup toplantısında iştirak edəcəyik. Təşkilatımızın gördüyü işlər barədə məlumat verəcəyik. Bundan başqa hazırda azərbaycanlı tələbələrin karyerası üçün pulsuz rus dili dərsləri, marağı olan xarici tələbələr üçün Azərbaycan dili dərsləri tədris olunur. Maddi-mənəvi irsimizin davamı üçün Azərbaycan milli rəqs məktəbinin son hazırlıq işləri gedir. Qazi Universitetinin əsas korpusunda topluluğumuzun ofisi fəaliyyət göstərir və uğurla bu işi icra edib, göstərilən etimadı doğrultmaq üçün əlimizdən gələn hər şeyi edirik.
- Ən yüksək səviyyədə belə, görüşlər planlayırsınız. Ən uğurlu saydığınız tədbiriniz hansıdır?
- Təbii ki, əziyyət çəkdiyimiz bütün tədbirlər bizim üçün dəyərlidir. Ofisimizdə idarə heyəti ilə keçirdiyimiz kiçik tədbirlərdən tutmuş, böyük konfrans zallarında yüzlərlə insanın iştirakı ilə təşkil etdiyimiz tədbirlərə qədər hamısı üçün əziyyət çəkirik. Keçən il etdiyimiz tədbirlər mediada çox işıqlandırıldı. Buna görə bizə diqqət ayırmış hər bir media nümayəndəsinə təşəkkür edirik. Bu il də artıq bir neçə uğurlu tədbirimiz olub. Türkdilli dövlətlərin nümayəndələrinin və universitet rəsmilərinin iştirak etdiyi “Türkçənin Diriliş Hərəkatı”nın tədbiri oldu ki, həmin tədbirdə Azərbaycanın tarixi, mədəniyyəti, inkişafı və gənclər siyasətiylə bağlı təqdimat keçirdik. Daha sonra Türkiyədə “#SaveAzeHostages” kampaniyasına qoşulan təşkilat olmuşuq. İlk dəfə olaraq xaricdə oxuyan tələbələr olaraq öz müəllimlərimizi və təhsil aldığımız ölkədən olan tələbələri də bu kampaniyaya cəlb edə bildik. Təşkilatımızın üzvləri tərəfindən müəllim və tələbələrə ermənilərin dəfələrlə Azərbaycana qarşı etdiyi zorakılıqlar, xalqımızın başının çəkdiyi bəlalar haqda məlumat verilib. Daha sonra Ankarada ilk dəfə olaraq 20 Yanvarla əlaqəli xüsusi tədbiri keçirdik və bu, fləşmob şəklində baş tutdu. Hər şəhidin adına bir şam yandırdıq ki, həmin şamlardan 20 Yanvar yazısı alındı. Bu da ictimaiyyət tərəfindən çox maraqla qarşılandı. Daha sonra universitet rəsmiləri və prorektorumuzla dəyirmi masa keçirildi və bundan sonra hər il 20 Yanvar tədbirinin keçirilməsi haqqında razılıq əldə etdik.
Hazırda isə daha bir tədbirimizə hazırlıq işləri gedir. Fevralın 21-i Azərbaycanın könül elçiləri adlı böyük bir tədbir olacaq. Ankaradakı diplomatik korpuslardan nümayəndələr, millət vəkillərinin iştirakı ilə böyük bir tədbir nəzərdə tutulub. Azərbaycanın təbliğatında iştirak etmiş hər kəsi bir bayraq altında birləşdirəcəyik. Daha sonra ənənəvi Xocalı tədbirimiz olacaq.
- Prezident İlham Əliyev Türkiyəyə səfər edərkən onu çox maraqlı və diqqətçəkən bir mərasim ilə qarşıladılar. Bu barədə və ümumiyyətlə, iki ölkə arasında olan münasibətlər haqda nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, Ərdoğan prezident kimi ilk səfərini Azərbaycana etdi. Bu addım iki ölkə arasında olan münasibətlərin hansı səviyyədə olmasından xəbər verir. Bu gün Azərbaycanla Türkiyənin çox böyük tərəfdaşlıq, qardaşlıq münasibətləri var. Təsadüfi deyil ki, bütün istiqamətlərdə bu proses çox gözəl və səmərəli şəkildə aparılır. İstər təcrübə proqramında mübadilələr, istərsə bizim təşkilatımızın da tərəfdaşı olduğu Mövlanə və Erasmus proqramı ilə tələbələrin təhsil alma imkanlarının təşkili, neft və qeyri-neft sektorunda əməkdaşlıq bizi ən çox cəlb edən və gələcək inkişafa ruhlandıran əsas amillərdəndir. Həmçinin bizə xalq olaraq da çox hörmət edirlər, hər addımbaşı bu diqqət və qayğını hiss edirik. Prezident İlham Əliyevin Türkiyəyə səfəri və qarşılanma mərasimi də çox böyük maraq və sevgi ilə qarşılandı. Bu həqiqətən də maraqlı bir ideyadır. Onu da qeyd edim ki, Türkiyə xalqı son seçimlərlə tarixdə ən böyük qələbələrindən birini qazandı. Hər ölkəni siyasi böhrandan çıxarmaq, inkişafı səciyyələndirmək üçün siyasi liderlər şansdır. Bu gün Türkiyə bu lideri Ərdoğanın sayəsində qazandı. Təsəvvür edin ki, bu, həm də Azərbaycan üçün necə böyük uğurdur. İki güclü qardaş ölkə və iki dünyanın hesablaşdığı lider - Türkiyədə Ərdoğan, Azərbaycanda İlham Əliyev! Məncə qarşılanma mərasimində türk dövlətləri ilə bağlı mesajlarda da bununla bağlı böyük mənalar var idi...
-Gənclərimizin mənəvi inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?
- Bu gün Azərbaycan gəncliyi sözün əsl mənasında rifah və inkişaf dövrünü yaşayır. Ölkədə aparılan uğurlu iqtisadi-sosial islahatlar cəmiyyətimizin hər bir sahəsində olduğu kimi gənclərin də milli-mənəvi inkişafına böyük təkan verir. Dövlətimiz tərəfindən gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırması, cəmiyyətdə layiqli yer tutmalarının təmin edilməsi istiqamətində lazımi şərait yaradılıb, müvafiq hüquqi sənədlər əsasında öz əksini taparaq hökumət qurumları tərəfindən icrası həyata keçirilib. Bütün əldə olunan nailiyyətlər gənclərimizin milli-mənəvi dəyərlərə əsaslanan inkişafına təminat yaradır.
- Gənclərimizin ictimai-siyasi aktivliyi özünü necə göstərir?
- Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsi üçün müvafiq dövlət qurumunun yaradılması, həmçinin beynəlxalq hüquqi normativ bazanın formalaşdırılması, qəbul edilmiş dövlət proqramları gənclərimizin ictimai-siyasi aktivliyinin formalaşdırılması istiqamətində yüksək səviyyəli infrastruktur bazasını təşkil edir. Azərbaycan gəncliyi daim ölkəmizin inkişafında müxtəlif sferalarda aktivlik nümayiş etdirir və uğurların əldə olunmasında fəallıq göstərir.
Tural Tağıyev

(Ardı var)




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info