Hansı ali məktəb reytinqdə birincidir?
Tarix: 12.02.2015 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


“Abituriyent” jurnalının 12-ci sayının təqdimatı keçirildi. Jurnalda 2014-2015-ci il tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlili öz əksini tapıb. Tədbirdə çıxış edən TQDK sədri Məleykə Abbaszadə bir sıra məsələlərə aydınlıq gətirdi.

“Bəzi şagirdlərin 9-cu, hətta 11-ci
sinfə qədər gəlib çatması müəmmalıdır”


M.Abbaszadə bildirdi ki, nəticələrə görə, 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki minimal tədris proqramını mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanların da aşkar olunması çox acınacaqlı haldır. TQDK sədri bildirdi ki, 11-ci sinif şagirdləri arasında 2, 9-cu sinif şagirdləri arasında isə 64 belə şagird var. Onun sözlərinə görə, bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb: “Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların, əslində, daha çox, vəziyyətin daha acınacaqlı olduğunu ehtimal etmək olar. Belə şagirdlərin hansı bilik və bacarıqlar sayəsində 9-cu və hətta 11-ci sinfə qədər gəlib çatması TQDK üçün müəmmalı olaraq qalır. 11-ci siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı Ağcabədi və Masallı rayonlarının hərəsində 1 nəfərdir. 9-cu siniflər üzrə isə oxumağı və yazmağı bacarmayan şagirdlərin sayı belədir: Cəlilabad və Yevlax rayonlarının hərəsində 6 nəfər, Ağcabədi və Masallı rayonlarının hərəsində 5 nəfər, Göygöl, Laçın, Sabirabad və Tovuz rayonlarının hərəsində 4 nəfər, Biləsuvar, Füzuli, Gədəbəy, Goranboy, Göyçay, İmişli, Quba, Şəmkir və Xaçmaz rayonlarının hərəsində 2 nəfər, Bakı şəhəri, Abşeron, Ağstafa, Bərdə, Lənkəran, Qazax, Tərtər və Zaqatala rayonlarının hərəsində 1 nəfər”. TQDK sədri vurğuladı ki, 9-cu siniflər üzrə buraxılış imtahanında bölgələr arasında ən yüksək nəticəni Şahbuz rayonu, Sumqayıt, Naxçıvan, Bakı və Mingəçevir şəhərləri, Ordubad, Qubadlı, Abşeron və Qax rayonlarının şagirdləri göstəriblər. Ən aşağı göstəricilər isə Ağcabədi və Sabirabad rayonlarının şagirdləri (müvafiq olaraq 18.0 və 17.8 bal) arasında qeydə alınıb: “9-cu və 11-ci sinif şagirdlərinin hər bir fənn üzrə nəticələrinə nəzər salsaq, görərik ki, ən yaxşı nəticələri türk liseyləri, Təhsil Nazirliyi tabeli və özəl liseylərin şagirdləri əldə ediblər. Onların 9-cu sinif şagirdlərinin ana dili fənni üzə doğru cavabların faizi müvafiq olaraq 71.0-a və 65.4-ə, riyaziyyat fənni üzrə müvafiq olaraq 77.7-yə və 67.0-a bərabər olub. 11-ci sinif şagirdlərinin isə ana dili fənni üzrə nəticələri müvafiq olaraq 82.9 və 77.1, riyaziyyat fənni üzrə 84.6 və 75.1 faiz təşkil edib. Regionlar üzrə 9-cu sinif şagirdləri arasında ana dili və riyaziyyat fənlərindən ən yaxşı nəticələri Şahbuz rayonu, Sumqayıt, Naxçıvan, Bakı və Mingəçevir şəhərlərinin şagirdləri əldə ediblər. Ana dili fənni üzrə ən aşağı nəticələri Cəlilabad, Ağsu, Ağcabədi və Sabirabad rayonlarının, riyaziyyat fənni üzrə isə Cəlilabad, Gədəbəy, Ağsu, Daşkəsən, Ağcabədi və Sabirabad rayonlarının şagirdləri göstəriblər. 11-ci sinif şagirdləri arasında ana dili və riyaziyyat fənləri üzrə ən yaxşı göstəricilər Mingəçevir şəhəri, Şahbuz rayonu, Naxçıvan və Sumqayıt şəhərləri, Qax rayonunun şagirdlərinə məxsusdur. Ana dili fənni üzrə ən aşağı göstərici isə Daşkəsən və Sabirabad rayonlarının, riyaziyyat fənni üzrə isə Daşkəsən, Hacıqabul, Ağcabədi və Sabirabad rayonlarının şagirdlərinə aiddir”.

Abituriyentlərin 64,7 faizi qəbul
imtahanından “2” alıb


2014-cü ildə Azərbaycanda keçirilən qəbul imtahanlarında abituriyentlərin 64,7 faizi qəbul imtahanlarında 200-dən az bal toplayıb. M.Abbaszadə bildirdi ki, qəbulda toplanılması mümkün olan maksimal bal 700-dür: “0-700 bal diapazonunu şərti olaraq 0-200, 200-300, 300-500, 500-700 intervallarına bölərək, ənənəvi "2", "3", "4", "5" qiymətləri ilə analogiyasını yaratsaq, görərik ki, ötən il abituriyentlərin 64.7 faizi imtahandan “2”, 13.6%-i "3", 15.7%-i "4", 6.0%-i isə "5" qiymət alıb”. Əvvəlki qəbul ilində bu göstəricilərin müvafiq olaraq 65.0%, 13.8%, 15.7%, 5.6% olduğunu deyən TQDK sədri vurğuladı ki, bu il “2” və “3” qiymət alanların faizi nisbətən azalıb, “5” qiymət alanların faizi artıb, “4” qiymət alanların faizi isə dəyişməyib: “Təəssüflə qeyd etmək lazımdır ki, ötən il Daşkəsən, Ağsu, Xaçmaz, Astara, Samux, Ucar, Qusar, Ağdaş, Qobustan, Sabirabad, Zərdab, Goranboy, Lerik, Şabran, Quba, İmişli və Yardımlı rayonları, eləcə də Naxçıvan MR Kəngərli, Sədərək və Babək rayonlarından olan abituriyentlərin 40%-dən çoxunun 2014-cü ildəki qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub”.

Abituriyentlər hansı
fənlərdən 0 bal toplayıblar?


Ötən il Azərbaycanda imtahan verən abituriyentlərin 46.9 faizi (43 462 nəfər) imtahan verdikləri fənlərin ən azı birindən 0 bal toplayıb. 0 ballıların faizi IV qrupun kimya fənnində daha yüksəkdir. TQDK sədrinin sözlərinə görə, qəbul imtahanlarında iştirak edən abituriyentlərin 46.9 faizi imtahan verdikləri fənlərin biri və ya bir neçəsi üzrə test suallarına ya cavab verməyib, yaxud cavabları təhlil aparmadan təsadüfi qaydada seçib. TQDK sədri əlavə edib ki, ümumilikdə götürdükdə, ana dili, ədəbiyyat, coğrafiya, tarix və Azərbaycan tarixi fənləri üzrə 0 bal toplayan abituriyentlərin faizi digər fənlərə nisbətən azdır. Onun sözlərinə görə, 0 bal toplayanlar ən çox fizika, kimya, biologiya, riyaziyyat, ingilis dili fənləri üzrədir: “İmtahan fənlərindən 0 bal toplayan abituriyentlər Azərbaycan bölməsində çoxluq təşkil edir”.

11-ci sinifdə şagirdlərin sayında qızların payı
kəskin şəkildə azalıb


M.Abbaszadə bildirdi ki, attestatda bütün qiymətləri “5” olan abituriyentlərlə bütün qiymətləri “3” olan abituriyentlərin imtahan ballarını müqayisə etdikdə, məlum olur ki, tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 97.17%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif 0-200 bal intervalında olub. Onun sözlərinə görə, “5” qiymətlə bitirən məzunların yalnız 42.46 faizi attestat qiymətlərini doğrulda bilib.
M.Abbaszadənin sözlərinə görə, buraxılış imtahanlarında iştirak edən cari ilin məzunlarının gender tərkibinə nəzər saldıqda görürük ki, 9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 53.67%-ni (60 042 nəfər) oğlanlar, 46.33%-ni (51 826 nəfər) qızlar təşkil edib: “11-ci siniflər üzrə buraxılış imtahanında da mənzərə dəyişməyib və imtahanda iştirak edən şagirdlərin 55.96%-ni (46 501 nəfər) oğlanlar, 44.04%-ni (36 592 nəfər) qızlar təşkil edib. Göründüyü kimi, hər iki imtahanda oğlan və qız şagirdlərin nisbəti bir-birinə yaxındır. Lakin ayrı-ayrı bölgələr üzrə bu göstəricilər arasında kəskin fərqlər müşahidə olunur. Məsələn, cənub rayonlarında (Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallı rayonları) 9-cu sinif şagirdlərinin 47.73 faizini qızlar təşkil edibsə, 11-ci sinif şagirdləri arasında bu göstərici 39.04 faizə bərabər olub. 11-ci sinifdə şagirdlərin sayında qızların payı kəskin şəkildə azalıb. Düşünürük ki, cənub rayonlarında qızların sayının azalmasının əsas səbəbi bu region üçün xarakterik olan erkən nikah məsələsi ilə bağlıdır”.
Son 12 ilin statistikası əsasında hər bir rayonun ayrı-ayrı fənlər üzrə ən qabaqcıl məktəbləri müəyyənləşdirilib. Bunun üçün hər bir fənn üzrə abituriyentlərinin sayı 10-dan az olmayan məktəblər götürülüb. TQDK sədri bildirdi ki, rayon və şəhər təhsil şöbələri tərəfindən bu məktəblərin fəaliyyəti qiymətləndirilməli, onların qabaqcıl iş təcrübələri öyrənilib yayılmalıdır: “Respublikanın müxtəlif bölgələrindən olan abituriyentlərin ali təhsil müəssisələrinə qəbulolma göstəriciləri üzrə aparılan statistik araşdırmalar göstərir ki, Ordubad rayonu abituriyentlərinin ali təhsil müəssisələrinə qəbulolma faizi daha yüksəkdir. O da qeyd edilməlidir ki, Bakı və Mingəçevir şəhərlərindən, Salyan, Qəbələ və Qax rayonlarından olan abituriyentlərin də qəbulolma faizi, bir qayda olaraq, yüksək olur. İmtahan fənləri üzrə bütövlükdə müqayisə apardıqda, bu il (türk liseyləri, TN tabeli və özəl liseylər istisna olmaqla) Azərbaycan bölməsində Qax rayonu, rus bölməsində isə Bakı şəhəri ən yüksək nəticə göstərib”. Bildirildi ki, bölgələrdən olan hazırlıqlı abituriyentlərin çoxu ixtisas seçərkən, Bakıda yerləşən ali təhsil müəssisələrinə üstünlük verir: “Nəticədə onlar bəzən yaxşı imtahan göstəricilərinə nail olsalar da, mərkəzdəki ali təhsil müəssisələrinə yüksək müsabiqədən keçə bilmir və qəbuldan kənarda qalırlar. Halbuki belə abituriyentlər bölgə ali təhsil müəssisələrinin ixtisaslarını da seçərlərsə, onların qəbul olmaq şansları daha böyük olar. Odur ki, abituriyentlər ixtisas seçərkən bu amili də nəzərə almalıdırlar”.
Ali məktəblərin reytinqinə gəldikdə isə bildirildi ki, I yerdə Dövlət Gömrük Komitəsinin Akademiyası, II yerdə Bakı Ali Neft Məktəbi, III yerdə isə Prezident yanında Dövlət İdarəçilik Akademiyası yer alıb. Ən zəif reytinqə malik olan dövlət ali təhsil müəssisəsi də Azərbaycan Texnologiya Universitetidir.

Ceyhun Bayramov: “Tam orta təhsil
səviyyəsində göstəricilər daha yüksəkdir”


Təhsil nazirinin müavini Ceyhun Bayramov isə çıxışında bildirdi ki, heç bir təhsil sisteminin səviyyəsi onun orta məktəb müəlliminin səviyyəsindən yüksək ola bilməz: “Artıq Azərbaycan Dövlət Pedaqoji Universitetinə 360 balla müəllimlik ixtisasına üz tutan insanların sayı artıb. Bu, bizi sevindirir və müsbət dinamikadır”. Onun sözlərinə görə, 2013-cü ilin oktyabrında imzalanmış Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun görülən işlər artıq öz nəticəsini verir: “Müəllimlik ixtisasları üzrə 500 baldan yuxarı bal toplayan Azərbaycan məktəbinin 699 nəfər məzunu müəllimlik ixtisasını seçib. Onlar bu ixtisası ərizələrində məhz I və II yazıblar. Həmin 699 nəfərin 546 nəfəri müəllimlik peşəsini I qeyd edib. Hesab edirəm ki, 4 ildən sonra - bakalavr səviyyəsini bitirdikdə, böyük ehtimalla magistraturaya üz tutacaqlar. Bu, bir həqiqətdir ki, onlar böyük bır ordudur. Mövcud tendensiya strategiyaya uyğun olaraq daha da irəliləyəcək. Əlimizdən gələni etməliyik ki, bu sahədə mövcud problemlər aradan qaldırılsın”.
C.Bayramov buraxılış imtahanlarının nəticələrinin bir o qədər də pis olmadığını qeyd etdi. Burada müsbət dinamikanın olduğunu deyən nazir müavininin sözlərinə görə, TQDK tərəfindən ümumi orta və tam orta təhsil səviyyəsində aparılan buraxılış imtahanlarının 2012-2014-cü illər üzrə dinamikası ondan ibarətdir ki, ilbəil artım var: “Tam orta təhsil səviyyəsində göstəricilər daha yüksəkdir. Çünki burada xüsusi hazırlıq, valideynlərin bu işə böyük diqqəti və əlavə maliyyə vəsaitlərinin xərclənməsi və s. amillər var. Buraxılış imtahanlarının nəticələri təhlil olunduqda, görünür ki, son 3 ildə 9-cu sinif səviyyəsində Azərbaycan məktəblərinin göstəriciləri 12% artıb, tam orta təhsil səviyyəsində isə bu artım 5,2%-dir. 11-ci sinif səviyyəsində bu artım var idi , amma 9-cu sinif səviyyəsi qədər deyildi. Orta təhsil səviyyəsində bu dinamika daha yüksəkdir. Biz əlimizdən gələni etməliyik ki, bu müsbət dinamika saxlanılsın”.
Nazir müavini bildirdi ki, yalnız 2007-2013-cü illər ərzində orta məktəb məzunlarının sayı 25 225 nəfər azalıb. Qəbul planının isə 10 minə yaxın artdığını deyən Ceyhun Bayramov bildirib ki, qəbul planının artması dünyada olan bir tendensiyadır və ali təhsilin kütləviləşməsi, insanların ali təhsilə daha üz tutması ilə nəticələnir: “Ancaq biz onu da başa düşməliyik ki, qəbul planı artıqda bir yerə görə rəqabət qabiliyyəti aşağı düşür. Rəqabət qabiliyyəti aşağı düşən zaman isə bu, orta bala təsir etməyə bilməz”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info