“Cənub” qaz dəhlizini reallığa çevirmək üçün çoxlarının təsəvvür etmədiyi addımları atdıq”
Tarix: 16.02.2015 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Vüqar Bayramov: “Azərbaycan qazını istədiyi qiymətə bazara çıxara biləcək”

“TAP çərçivəsində 30 min yeni iş yerinin yaradılması nəzərdə tutulur”

Ötən həftə “Cənub” qaz dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü keçirildi. Görüşdə Prezident İlham Əliyevin iştirak etməsi Cənub qaz dəhlizinin reallaşdırılması ilə bağlı ölkə Prezidentinin siyasi iradəsini bir daha nümayiş etdirməsini göstərdi. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan enerji siyasəti ölkəmizin milli maraqlarının qorunmasını əsas prioritet olaraq qoruyub saxlamaqdadır. Dövlət başçısı bildirib ki, 2013-cü ildə TransAdriatik boru kəməri Avropaya əsas ixrac marşrutu kimi seçildi və 2014-cü il sentyabrın 20-də isə Cənub qaz dəhlizinin təməlqoyma mərasimi burada - Bakıda keçirildi: “Bu, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasından düz 20 il sonra baş verdi. Bu, görülmüş işlərin qısa tarixçəsi idi. Buna görə bir daha demək istəyirəm ki, artıq Azərbaycanda və qonşuluqda yaradılan həmin mühüm elementlər olmadan bu gün “Cənub” qaz dəhlizi layihəsi yalnız yaxşı bir ideya və ya istək kimi səslənərdi. Lakin bu gün bu layihə artıq həyata keçirilmə mərhələsində olan layihədir”.

“Cənub” Azərbaycan qazının Avropa bazarına birbaşa çıxarılmasını təmin edəcək


“Cənub” qaz dəhlizinin dünya, region və Azərbaycan üçün önəmi barədə bizə fikirlərini bildirən iqtisadçı ekspert Vüqar Bayramov belə bildirdi: “Ölkə Prezidentinin qeyd etdiyi kimi, “Cənub” qaz dəhlizinin reallaşması artıq reallığa keçirilməkdədir. Azərbaycan sözügedən dəhlizin reallığa çevrilməsi üçün əvvəllər çoxlarının təsəvvür etmədiyi addımları reallaşdırdı.
Dünya tarixində ən böyük sərmayə qoyuluşu olacaq “Cənub” qaz dəhlizi Azərbaycan mavi qazının Avropa bazarına birbaşa çıxarılmasını təmin edəcək. İlkin qiymətləndirmələrə görə, sərmayənin həcmi 45 milyard dollardan artıqdır. Bu məbləğin yarıdan çoxu Azərbaycanda investisiya ediləcək”.
Uzunluğu 870 kilometr olacaq Trans Adriatik Qaz Kəməri (TAP) Şahdəniz yatağının ikinci fazasının mavi qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq: “Layihənin ümumi dəyəri təxminən 2,2 milyard ABŞ dollarına bərabərdir. TAP layihəsinin əsas mənbəyi “Şahdəniz”in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il tələb olunacaq. İkinci mərhələdə Avropaya nəql olunacaq mavi yanacağın həcmi 20 milyard kubmetrə çatdırılacaq. Hazırda layihənin 3 səhmdarı var ki, bu, İsveçrənin “Axpo” (42,5%), Norveçin “Statoil” (42,5%) və Almaniyanın “E.ON Ruhrgas” (15%) şirkətləridir.
TAP Nabucco-dan 450 kilometr qısadır və deməli, iqtisadi baxımdan daha rentabellidir. Nabucco West-ə nisbətən kəmərin inşaat xərcləri xeyli az olacaq. Azərbaycan artıq öz qazını birbaşa Avropa bazarına, həm də bazar qiymətləri ilə çıxara biləcək. Bu isə ölkənin bir bazardan asılılığının aradan qalxması və Bakının mavi yanacaq ixracatında əsas nail olması anlamına gəlir. Odur ki, TAP anlaşması Azərbaycan üçün həm də siyasi-diplomatik əhəmiyyət daşıyır. Anlaşmadan birmənalı şəkildə udan tərəflər eyni zamanda qonşu Türkiyə və Gürcüstandır. Türkiyə TANAP-a sahib olmaqla eyni zamanda TAP-a da “ev sahibliyi” edəcək, ölkənin bu layihədən də öz daxili ehtiyacları üçün faydalanmaq imkanı olacaq. Türkiyəyə nəql edilən qazın illik həcmi 12,6 milyard kubmetrə yüksələcək. Gürcüstan yenə də tranzit ölkədir və TAP çərçivəsində qoyulacaq 45 milyard dollar sərmayənin 25 milyard dollardan artığı Azərbaycan və Gürcüstan iqtisadiyyatına yönəldiləcək”.

“Bu anlaşma Azərbaycan üçün strateji aspektdən də kifayət qədər əhəmiyyətlidir”

Ekspertin fikrincə, bu anlaşma Azərbaycan üçün sadəcə iqtisadi mənfəət baxımdan deyil eyni zamanda strateji aspektdən də kifayət qədər əhəmiyyətlidir. Ekspertə görə, birincisi, bu anlaşma Azərbaycanın dövlət gəlirlərinin uzunmüddətli dövrdə və strateji olaraq təmin edilməsi baxımdan əhəmiyyətlidir. Belə ki, ilkin qiymətləndirmələrə əsasən, Azərbaycanın Şahdəniz yatağının birinci və ikinci fazasının işlənməsindən əldə etdiyi gəlirin həcmi 200 milyard dollara yaxın olacaqdır. Bu isə, dövlətin və eləcə də ölkə əhalisinin iqtisadi gəlirlərinin kəskin artırılması baxımdan ciddi maliyyə mənbəsinin yaranması deməkdir: “İkincisi, Şahdəniz yatağının ikinci fazasının mavi qazınını Türkiyə və Avropa bazarına 2018-ci ildən başlayaraq daxil olacağını nəzərə aldıqda bu eyni zamanda Azərbaycan enerji resurslarının satışından əldə etdiyi gəlirlərinin də stabil olaraq tənzimlənməsinə imkan verəcək. Mavi qaz satışından əldə edilən gəlirlərin stabil olaraq artması eyni zamanda Hasilatın Pay Bölgüsü üzrə neft ixracının mərhələli aşağı düşməsinin iqtisadiyyata hər hansı mənfi təsirlərinin qarşısını almış olacaq. Bu isə o deməkdir ki, bu anlaşma mərhələli olaraq Azərbaycan neft dövrün uzun müddətli qaz dövrü ilə əvəzlənməsi deməkdir.
Üçüncüsü, Azərbaycan bu anlaşma ilə eyni zamanda müstəqilliyinin daimi təmin edilməsi üçün bir daha yeni zəmin formalaşdırdı. Azərbaycanın mavi qazının Avropa bazarına çıxarılmasına qarşı kifayət qədər xarici təzyiqlər var idi. Praktik olaraq, ölkəmiz Xəzər hövzəsində Avropa Birliyi ilə danışıqlarda sonadək öz mövqeyini qoruyub saxlayan yeganə dövlət oldu. Birliyin Türkmənistan ilə apardığı uzun sürən danışıqlara baxmayaraq “Cənub” qaz dəhlizində Aşqabadın iştirakına nail olmaq mümkün olmadı. Buna rəğmən, Azərbaycan həm TANAP, həm də TAP-ın reallaşmasına nəinki töhfə verdi, hətta birbaşa iştirak etdi. Ölkəmizin müstəqil qərarı eyni zamanda Azərbaycanın regionda müstəqil fəaliyyətinin nəticəsi kimi qiymətləndirilə bilər.
Dördüncüsü, bu qərarla Azərbaycan Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə vermiş oldu. Bu layihənin reallaşması Avropanın Rusiyadan mavi yanacaq asılılığını azaldacaq. Birinci mərhələdə ildə 10 milyard kubmetr qaz Rusiyadan yan keçməklə Avropa bazarına çıxarılacaq. Növbəti mərhələdə bu, 21 milyard kubmetrə çatdırılacaq. Əgər TAP-ın ötürmə qabiliyyətinin 60 milyard kubmetr olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, “Abşeron” yatağı da istifadəyə veriləndən sonra Avropa Birliyi göstərilən həcmdə qazı Azərbaycandan idxal edəcək. Elə birinci mərhələdə Avropa bazarına çatdırılacaq mavi yanacaq, bir neçə ölkənin tələbatını ödəmək baxımından böyük əhəmiyyət daşıyacaq. Mavi yanacaq baxımından Rusiyadan 97 faiz asılı olan Bolqarıstan, 98 faiz asılı olan Macarıstan da TAP-dan yararlanan ölkələr olacaqlar. Ümumilikdə TAP Avropanın Mərkəzi Şərqində, eləcə də cənubi Avropada enerji təhlükəsizliyinin formalaşmasına ciddi müsbət təsir göstərəcək.
Beşincisi, Azərbaycan üçün TAP eyni zamanda rentabeliyi təmin edilmış layihədir. Bu da onun çəkiliş xərclərinin daha az olmasına şərait yaradır. Rentabellik baxımından bu, olduqca vacibdir. Yəni, tikinti xərclərinin az olması layihənin daha rentabelli işləməsini şərtləndirən amildir. Azərbaycan üçün bunun iqtisadi üstünlüyü ondan ibarətdir ki, TAP layihəsi vasitəsilə ölkəmiz daha bahalı bazara, qiymətlərin daha yüksək olduğu bazara çıxış imkanı qazanır. Nəzərə almaq lazımdır ki, TAP İtaliyanın mavi yanacağa olan tələbatına hesablanıb. Bu da Azərbaycana imkan verir ki, öz qazını daha yüksək qiymətə təklif edə bilsin. Digər tərəfdən, Azərbaycan TAP layihəsini reallaşdırmaqla, birmənalı şəkildə bir neçə bazara öz qazını çıxarmaq imkanı qazanır. Buna misal olaraq, TANAP vasitəsilə Türkiyə, həmçinin Gürcüstan, Rusiya, eləcə də Avropanın digər ölkələrinə, o cümlədən Albaniya, Baltik ölkələrinə, xüsusən də Bosniya və Hersoqovina, Bolqarıstan, Monteneqro, İtaliya bazarlarına çıxışı qeyd edə bilərik. Göründüyü kimi, TAP sayəsində Azərbaycanın bir bazardan asılılığı aradan qalxır”. Ekspert bildirir ki, Azərbaycan qazını istədiyi qiymətə bazara çıxara biləcək: “Xatırladım ki, Prezident İlham Əliyev də ölkəmizin mavi yanacaq strategiyasında yalnız Azərbaycanın maraqlarına uyğun olan qiymətlə qazın xarici bazarlara çıxarılmasına üstünlük veriləcəyini bəyan etmişdi. Bu baxımdan, Azərbaycan TAP layihəsinə qoşulmaqla, praktiki olaraq bu hədəfə çata bildi. Ən nəhayət, TAP imkan verir ki, Azərbaycan birbaşa, heç bir tranzit olmadan öz qazını Avropaya çıxarsın. Bu, Avropa bazarına ilk daxilolma sayılacaq. Bununla Azərbaycan Şərq Tərəfdaşlığı proqramı çərçivəsində regionda Avropanın enerji təhlükəsizliyinə töhfə verən ilk ölkə kimi tarixə düşəcək”.

“ARDNŞ TANAP-da əsas investor olmaqla yanaşı TAP-da da aparıcı sərmayəçilərdən biri kimi iştirak edəcək”

Altıncısı, Azərbaycan Dövlət Neft Şirkəti TANAP-da əsas investor olmaqla yanaşı TAP-da da aparıcı sərmayəçilərdən biri kimi iştirak edəcək: “Bu isə təbii ki, Azərbaycan Dövlət Neft Şirkəti üçün yeni sərmayə imkanları və eləcə də yeni bazar deməkdır. Təbii ki, bu investisiyaların rentabelli olması SOCAR-ın timasılında Azərbaycan daxil olunan vəsaitlərin həcmini artıracaq.
Həhayət, TAP boru xəttinin çəkilməsi onun Azərbaycan daxil olmaqla keçdiyi ölkələrdə yeni iş yerlərinin açılması deməkdir. Layihə çərçivəsində 30 min yeni iş yerinin yaradılması nəzərdə tutulur. Yeni iş yerlərinin əhəmiyyətli hissəsi ölkəmizin payına düşəcək. Bununla yanaşı, digər iştirakçı ölkələrin də məşğulluq sferası bu layihədən faydalana biləcək. Məsələn, layihə çərçivəsində Yunanıstanda 2 min yeni iş yerinin yaranması, bu ölkənin iqtisadiyyatına 1,5 milyard, Albaniya iqtisadiyyatına isə 1 milyard avro investisiya qoyulması, mindən artıq yeni iş yerinin açılması gözlənilir.
Bütövlükdə, təsdiq edilmiş neft ehtiyatları 1,5 milyard ton, qaz ehtiyatları isə “Abşeron” yatağının ehtimal edilən 350 milyard kubmetrlik qaz potensialı da daxil edilməklə 2,55 trilyon kubmetr ola Azərbaycanın etibarlı tərəfdaş imici və Avropaya çıxış imkanları ölkəmizin əhəmiyyətini daha da artırır. Hazırki imkanlarla Azərbaycan Avropa ölkələrinin ümumi qaz tələbatını 10 ilə yaxın ödəmək gücünə malikdir. Lakin respublikamızın ehtiyatlarının bununla bitdiyini demək doğru deyil. Çünki bir sıra mütəxəssislər hesab edirlər ki, Xəzərin Azərbaycan sektorunda kəşf edilməmiş neft-qaz ehtiyatları hələ kifayət qədərdir. Digər mühüm məqam isə Xəzər regionunun enerji resurslarını Avropa bazarlarına Rusiyadan kənar keçməklə çıxaracaq ən optimal yolun məhz Azərbaycandan keçməsidir. Bu səbəbdəndir ki, AB-nin Azərbaycanla apardığı müzakirələrdə və həyata keçirilməsi planlaşdırılan layihələrdə respublikamız sadəcə ixracatçı kimi deyil, həmçinin tranzit ölkə olaraq iştirak edir. Azərbaycanın qaz potensialı növbəti on ildən sonra ixracın həcmini təxminən 60 milyard kubmetrə qədər artırmaq imkanı yaradır”.
Müasir iqtisadiyyatın əsas lokomotivi hesab edilən karbohidrogen ehtiyatlarının zənginliyi Azərbaycanın beynəlxalq iqtisadi və siyasi əlaqələrinin ana xəttini təşkil etməklə ölkəmizi dünya iqtisadiyyatının ciddi aktorlarından birinə çevirib: “Qlobal enerji təhlükəsizliyi müasir dünya iqtisadiyyatında həllini gözləyən vacib problem olaraq qiymətləndirilir. Təsadüfi deyil ki, ekspertlər növbəti 20 il ərzində Avropanın təbii qaz tələbatının 2 dəfə artacağını proqnozlaşdırırlar. Artan tələbatın qarşılığında isə daxili istehsal illik 200 milyard kubmetrdən 100 milyard kubmetrə qədər azalacaq.
Azərbaycan milli suverenliyini qazandıqdan sonra, təbii ki, karbohidrogen resurslarından ölkə maraqları naminə istifadə edilməsinə start verdi. Bu məqsədlə yeni ixrac marşrutları yaradılmalı, daha sağlam tərəfdaşlar seçilməli və dünya bazarlarına birbaşa çıxış təmin edilməli idi. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilis-Ərzurum (BTƏ) boru kəmərlərinin işə salınması Azərbaycanın qlobal enerji bazarlarında statusunu möhkəmləndirməklə yanaşı, ölkəmizin Avropa dövlətləri ilə iqtisadi əlaqələrini də gücləndirdi. Ötən müddət ərzində Azərbaycan dünya bazarlarında etibarlı tərəfdaş imici formalaşdıraraq, qlobal energi təhlükəsizliyinə də öz töhfəsini verdi”.
Qeyd edək ki, "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir. "Şahdəniz-2" layihəsi çərçivəsində ilk qazın əldə edilməsi 2019-cı ildə gözlənilir. "Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsindən Azərbaycan qazının Avropaya tədarükü haqqında imzalanmış müqavilələr üzrə gəlirlərin həcmi təqribən 200 milyard dollar təşkil edəcək. Azərbaycan qazının Avropaya çatması 2020-cu ildə mümkün olacaq. "Şahdəniz-2" çərçivəsində qaz Türkiyəyə artıq 2019-cu ildə çatacaq.
Beləliklə, Azərbaycan yeni bir layihənin reallaşması üçün daha bir siyasi iradə nümayiş etdirdi. Bu layihə uzun müddətli dövrdə Azərbaycanın dövlət gəlirlərinin formalaşmasında lokomativ olacaq.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info