“Gənclərimiz onlar üçün nəzərdə tutulan layihələrdən istifadə etməyi bacarmalıdırlar”
Tarix: 16.02.2015 | Saat: 22:58:00 | E-mail | Çapa göndər


Suma Hüseynova: “Akademiya əməkdaşlarının sosial və mənzil problemlərinin həll edilməsi gənclərimizin elmə axınına stimul ola bilər”

Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynovadır.

- Gənc alimlərin Fizika İnstitutunda iş fəaliyyəti haqqında nə deyə bilərsiniz?
- AMEA-nın Fizika İnstitutunda 35 yaşına qədər 155 nəfər gənc fəaliyyət göstərir. İnstitutda 4 sektor var: innovasiya sektoru, fənlərarası sektor, ümumi sektor və informasiya sektoru. Bu gün gənclər görkəmli alimlərdən elmin sirlərini öyrənir və müstəqil olaraq öz araşdırmalarını aparırlar. Fizika İnstitutunun rəhbərliyinin gənclər üçün yaratdığı şəraitdən və dünya standartlarına cavab verən laboratoriyalardan istifadə edirlər. Laboratoriyalara tez-tez xarici və ölkədaxili universitetlərdən qonaqlar gəlir. Hər il olduğu kimi, 2014-cü ildə də institutumuzun gəncləri Yaponiya, Almaniya, Fransa, İsveçrə, Rusiya, Türkiyə, Xorvatiya, Belarus və s. kimi ölkələrdə treninq, konfrans və yay məktəblərində iştirak etmişdilər. Bununla yanaşı, gənclərimiz həm də ictimai işlərdə fəal iştirak edirlər. Məktəblərdə elmin təbliği məqsədilə “Əyləncəli Elm” adlı layihədə gənc alimlərimiz şagirdlərin elmə marağını artırmaq məqsədilə, əyləncəli fiziki təcrübələr nümayiş etdiriblər. Noyabrın 11-də keçirilən Bakı Elm Festivalında gənclərimiz həm təşkilati, həm də səgrilərin nümayişində fəal iştirak ediblər. Həmçinin, ilk dəfə olaraq Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər şurasının təşkilatçılığı ilə 2014-cü ilin aprel ayında Yasamal rayonu üzrə fizika fənnindən olimpiada keçirilib. Sualları institutun pedoqoji təcrübəsi olan professorları tərtib etmişdilər.
-Fizika İnstitutunda çalışan gənc alimlər hansı istiqamətdə daha çox elmi işlər aparırlar?
- Son illər institutumuzda çalışan gənclərin işlərində çox böyük canlanma müşahidə edilir. Elmin istər təcrübi, istərsə də nəzəri sahələri ilə məşğul olan gənclər çox böyük nailiyyətlər eldə ediblər. Müasir laboratoriyalarımız imkan verir ki, dünya elminə cavab verə biləcək işlər görülsün. Çox yüksək dəqiqliklə təcrübi ölçmələri nəzəriyyə ilə uyğunlaşdırmağı bacaran gənclərimiz nəzəriyyə ilə ən müasir proqramlarla (wien2k, AtomistikToolKit və s.) işləyirlər. Xaricdə impakt faktoru yüksək olan nüfuzlu jurnallarda məqalələri dərc edilir. Aldıqları nəticələri istər yerli, istərsə də beynəlxalq konfranslarda çox uğurla təqdim edirlər. Mən deyərdim ki, hal-hazırda Fizika İnstitutunda aparılan işlər həm nəzəri, həm təcrübi olaraq çox yüksək səviyyədədir.
-Son 10 ildə fəaliyyət göstərdiyiniz elm sahəsində baş verən uğurları necə qiymətləndirirsiniz?
- Mən xüsusi olaraq nəzərinizə çatdırmaq istərdim ki, son 10 ildə respublikamızda bir çox sahələrdə olduğu kimi AMEA-da da bir sıra islahatlar aparıldı və hal-hazırda bu islahatlar davam etdirilir. Alimlərimizin əldə etdiyi nailiyyətlərin xaricə inteqrasiyası artdıqca, müstəqil ölkəmizin adının elm sahələrində də bir daha yüksəklərə qalxmasına kömək oldu. Xarici ölkələrlə birgə əməkdaşlıq etmək və ən son texnologiyaya malik cihazlarla işləmək bacarığını Fizika İnstitutunun əməkdaşlarının, xüsusilə də gənclərimizin uğurları kimi qiymətləndirmək olar.
-Azərbaycan gənc fizikləri dünya arenasında necə qiymətləndirilir?
- Bizi xarici ölkələrə elmi ezamiyyətə göndərdikdə həmin dövlətlərin alimləri institutumuzda yaradılmış elmi mühiti, kadr hazırlığını yüksək qiymətləndirir. Qeyd edirlər ki, Azərbaycandan gələn alimlərin elmi biliyi çox yüksək səviyyədədir. Həmçinin, aparıcı Avropa ölkələrində olmayan maddi-texniki bazanın müstəqil dövlətimizdə yaradılmasına həsəd aparırlar.
-Fizika İnstitutunun xarici ölkələrə göndərdiyi gənc alimlərin elmi işləri barədə nə deyə bilərsiniz?
- Fizika İnstitutunun gənc alimləri Yaponiyanın, Fransanın, İsveçrənin, Rusiyanın, Belarusun elmi mərkəzlərinə uzunmüddətli elmi ezamiyyətlərə göndərilir. Həmin gənclər aldıqları elmi nəticələri qeyd etdiyim dövlətlərin aparıcı elmi mərkəzlərində birlikdə müzakirə edirlər. Həmçinin qarşılıqlı elmi işlər, birgə layihələr həyata keçirirlər. Elmi rəhbəri xaricdə çalışan aspirant və dissertantlarımız oradakı tələblərə cavab vermək üçün daim öz üzərlərində çalışırlar. Gənclərimizin xarici dil səviyyəsi də son illərdə daha da təkmilləşib.
- Gənclərin layihələrinin dövlət tərəfindən qrantlar şəklində dəstəklənməsinə münasibətiniz?
- Azərbaycan Respublikası Prezidentinin yanında Elmin İnkişafı Fondunun yaradılması dövlətimizin elmə göstərdiyi qayğının yüksək formasıdır. İnstitutda alimlərimiz tərəfindən təqdim olunmuş qrant layihələrinin əksəriyyətinin iş icraçılarının 50%-dən çoxu gənclərdir. Bununla, gənclərin həm elmə marağını, həmçinin iqtisadi durumunu elə vəziyyətə çatdırmaq istəyirlər ki, onlar bilsinlər ki, elmimizin gələcəyi olan gənc kadrlar daim öz üzərində çalışmalıdırlar. Onlar üçün yaradılan elmi mühiti yüksək qiymətləndirməlidirlər. Həmçinin gənclərimizə institutun müdiriyyəti və həmkarlar təşkilatı (istər maddi, istər kooperativ mənzil və s.) problemlərinin həllində hərtərəfli köməklik edir.
-Hazırda elmi fəaliyyətiniz nə yerdədir?
- Elmi fəaliyyətimə gəlincə, 10 ildən çoxdur ki, Fizika İnstitutunda çalışıram. 2012-ci ildə fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışam. Fizika İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının sədriyəm. Mən fəxr edirəm ki, elmdə öz dəst-xətti olan görkəmli nəzəriyyəçi alimlərlə birgə elmi araşdırmalar aparıram. Elmi araşdırmalarımı, əsasən, kompüter modelləşdirmə, simulyasiyalar və nəzəri hesablamalar, Danimarkanın lisenziyalı Quantum Wise Atomistix Toolkit proqramlar paketi istifadə olunmaqla həyata keçiririk. Hazırda Elmin İnkişafı Fondu ilə Belarus Fundamental Tədqiqatlar Fondunun birgə 1-ci Azərbaycan-Belarus beynəlxalq qrant layihəsinin iştirakçısıyam. 2014-cü ildə Belarus Dövlət İnformatika və Radiotexnika Universitetində təşkil olunmuş görüşdə Azərbaycan tərəfdən olan layihə rəhbəri, professor Hüseyn Orucov ilə universitetin rektoru, professor Mixail Pavloviç Batura, həmçinin, beynəlxalq əlaqələr şöbəsinin rəis müavini İrina Vasilyevna Letkovskaya ilə də görüşlər keçirib, magistr və aspirantların mübadiləsi ilə bağlı məsələləri, həmçinin gələcəkdə birgə əməkdaşlığın inkişaf planlarını müzakirə etdik. Bir daha bu görüşdə ölkəmizdən gedən tələbələrin dəqiq elmlər sahəsindəki bilikləri digər ölkələrdən gələn tələbələrlə müqayisədə yüksək səviyyədə olduqları vurğulandı.
-Gənc fizik olaraq arzularınız...
- Gənc fizik olaraq, arzum aldığımız elmi nəticələrlə respublikamızı dünya ölkələri səviyyəsində təmsil etməkdir. Əldə edilən elmi nəticələrin istehsalata tətbiqi geniş vüsət alsa, iqtisadçıların elmə marağının artması və elmə sərmayə yatırması respublikamıza, iqtisadiyyatımıza daha da xeyir gətirər. Məncə, elmin iqtisadiyyatla birlikdə inkişafı alimlərin maddi vəziyyətinin yaxşılaşmasına, həmçinin gənclərin elmə marağının artmasına gətirib çıxarar. Yaşından asılı olmayaraq, hər bir alim üçün elə bir şərait yaradılsın ki, o maddi durumunu yox, yalnız elmlə məşğul olmağı əsas meyar hesab etsin. Akademiya əməkdaşlarının sosial və mənzil problemlərinin həll edilməsi gənclərimizin elmə axınına stimul ola bilər. Gənclərimiz onlar üçün nəzərdə tutulan layihələrdən istifadə etməyi bacarmalıdırlar. Xaricdə yaşayan həmkarları ilə əlaqə qursunlar və birgə əməkdaşlıqlar vasitəsilə digər ölkələrdə olan yenilikləri vətənimizə gətirsinlər. Mən inanıram ki, bizim elmimiz gələcəkdə də etibarlı əllərdə olacaq.

Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info