Sürücülər Bakının mərkəzində sürət həddini niyə aşırlar?
Tarix: 17.02.2015 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Yol qəzalarının sayının azaldılması istiqamətində xeyli tədbirlər görülsə də təəssüf doğuran haldır ki, hər gün ölümlə nəticələnən qəza xəbərləri gəlməkdə davam edir. Düzdür, qəzaların baş verməməsi üçün bir sıra maarifləndirici tədbirlər görülür və sürücülərin yollarda daha diqqətli olmaları üçün yol polisləri də daim şəhərdə nəqliyyata nəzarət edərək avtomobillərin qaydalara uyğun idarə edilməsini təmin etməyə çalışırlar. Ancaq son zamanlar paytaxtımızda arzuolunmaz hal meydana gəlib ki, bu məsələ ətrafında da düşünməyə və tədbir görməyə dəyər. Bu, şəhərin mərkəzində sürət həddinin aşılmasıdır. Hətta sürücü olmayanlar belə bilirlər ki, yaşayış massivinə yaxın ərazilərdə nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi qadağandır, nəinki Bakı kimi yaşayışın sıx olduğu meqapolis ola. Bəli, bu gün Bakı artıq meqapolisə çevrilib və avtomobillərin, insanların çoxalması ilə yanaşı yaşayış sahələri də xeyli genişlənib. Lakin, sürücülər bu məqamları nəzərə almayaraq magistral yollarda hərəkət edirlərmiş kimi davranırlar ki, sonda da bunun ağır fəsadları ilə qarşılaşırıq.
Sonuncu belə arzuolunmaz qəza bir neçə gün öncə Bakının mərkəzində - Səbail rayonu ərazisində baş verdi. Belə ki, gecə saatlarında ölümlə nəticələnən yol qəzası Kukla Teatrının qarşısında “BMW” və “Fiat” markalı avtomobillərin toqquşması nəticəsində yarandı. Burada qəzada ölümün baş verməsi və avtomobillərin yararsız hala düşməsinə baxanda görünürdü ki, sürücülər sürət həddini aşıblar. Özü də bu, Bakının düz mərkəzində baş verir. Halbuki burada sürət həddi xeyli aşağı olmalı, qəzalar baş verəndə belə, ölümlə nəticələnməməlidir. Ümumiyyətlə qeyd edək ki, bu kimi hallar ilk dəfə deyil ki, Bakıda baş verir. Düzdür, Bakının mərkəzindən kənar qəsəbə və kəndlərə aparan elə yollar var ki, orada sürət həddi 100, hətta 100-dən də yuxarı göstərilir. Amma həmin yollara baxdıqda görürük ki, bu yollar xüsusi salınmış genişzolaqlı təhlükəsiz yollardır və burada yalnız yerüstü piyada keçidlərindən istifadə edilir. Həmçinin bu yollar insanların sıx olduğu şəhərin mərkəzindən xeyli kənardır. Amma Kukla Teatrının qarşısında, eləcə də dəfələrlə Azadlıq meydanı, hətta son illər sıxlığı ilə seçilən Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində və s. kimi gəliş-gedişin daha aktiv olduğu yerlərdə ağır qəzalar təkrarlanırsa, deməli, bununla bağlı ciddi tədbirlər görülməlidir. Yeni Günəşliyə yaxşı bələd olduğumuz üçün oranın adını xüsusi qeyd etdik. Dəfələrlə bu qəsəbənin daxili yollarında olduqca yüksək sürətlə avtomobil idarə edənlərə rast gəlmək olur.Ona görə də, əlaqədar təşkilatlar buradakı yollara da radar qurğusu yerləşdirsələr yaxşı olar.
Bəs gələcəkdə oxşar faciələrin təkrarlanmaması üçün hansı qabaqlayıcı tədbirlər görülə bilər? KİV olaraq təklif edirik ki, şəhərin mərkəzində də sürət ölçən radarlar quraşdırılsın və ya onların sayı artırılsın. Çünki sonuncu faciə məhz gecə Bakının mərkəzi küçəsində baş verdiyi üçün əminliklə deyə bilərik ki, gecələr yol polislərinin sayının azalmasından istifadə edən bəzi sürücülər sürət həddini aşırlar. Əgər mərkəzi küçələrdə də radarlar olsa, güman etmək olar ki, gündüzlər DYP-nin protokollarından ehtiyat edib müəyyən olunmuş sürət həddini aşmayan sürücülər gecələr də radarlardan ehtiyat etmiş olarlar.
Düzdür, Bakıda sürət həddini aşan sürücülərə qarşı reydlər keçirilir. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi dəfələrlə bu kimi tədbirlərə əl atır, yol polisi şəhərdə reyd zamanı sürət həddini aşan sürücülərə qarşı qanunla nəzərdə tutulan qaydada inzibati protokol da tərtib edir. Amma bütün bunlar yetərli olurmu? Xeyr.
Qeyd edə bilərik ki, radarlarla bağlı yeni addımların atılması zərurətini görən aidiyyəti qurumlar artıq bu istiqamətdə bəzi yeniliklər də tətbiq etməyə çalışırlar. Buna misal olaraq bir neçə gün öncə 400-dən artıq «BMW» markalı avtomobilin DYP-nin ixtiyarına verilməsini göstərə bilərik. YPX əməkdaşları üçün gətirilən avtomobillərin üst hissəsində sayrışan işıqlardan əlavə 6 ədəd radar-kamera quraşdırılıb. Həmin kameralar avtomobil hərəkətdə olan zaman ön və arxa hissədə olan maşınlar haqqında məlumatları salona ötürür. Avtomobilin salonunda əyləşən polis əməkdaşları isə ötürülən informasiyanı daha asan şəkildə salonda olan monitor vasitəsilə izləyə biləcəklər.
Bu avtomobillər bütün şəhər-rayon polis idarələrinə paylanılacaq. Amma gecə saatlarında YPX əməkdaşlarının sayının azaldığını nəzərə alsaq, mərkəzi küçələrdə quraşdırılması vacib olan radarların sayının artırılmasına daha çox ehtiyac yaranır.
Şəhərin mərkəzində sürət həddinin aşılmasından yaranan faciələrlə yanaşı ümumilikdə ölkədə piyadaların da ehtiyatsızlığı xeyli sayda arzuolunmaz hadisələrə yol açır. Bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev də son açıqlamasında deyib ki, Azərbaycanda piyadalarla bağlı baş verən yol qəzalarının çoxluğu göstərir ki, onlar intizamsız hərəkət iştirakçılarıdır. Şöbə rəisinin sözlərinə görə, 2015-ci ilin istər yanvar, istərsə də fevral ayının əvvəllərinin statistikası göstərir ki, respublikada nəqliyyat vasitələrinin sayının artmasına baxmayaraq, əvvəlki illərlə müqayisədə yol qəzalarının, eləcə də ölüm və xəsarət faktlarının sayında azalma müşahidə edilir. Bununla belə, ölkədə qeydə alınan yol qəzalarının və ölüm hallarının əksəriyyətinin piyadaların vurulması ilə bağlı olması ciddi narahatlıq doğurur: “Məsələn, fevral ayının 1-dən 11-dək respublikada 97 yol qəzası qeydə alınıb. Nəticədə 27 nəfər ölüb, 131 nəfər yaralanıb. Bunlardan 35 hadisə piyadaların vurulması ilə bağlı olub. Bu zaman 11 nəfər ölüb, 30 nəfər yaralanıb. Piyadalarla bağlı baş verən yol qəzalarının çoxluğu göstərir ki, onlar intizamsız hərəkət iştirakçılarıdır. Piyadalar həyatlarını təhlükə altında qoymamalı, onlar üçün müəyyən edilmiş keçidlərdən keçməli, işıqforun onların hərəkətinə icazə verən işığının yanmasını gözləməli, özlərini hərəkətdə olan avtomobillərin qabağına atmamalıdırlar”.
K.Əliyev eyni zamanda, qeyd edib ki, sürücülər də piyadaların avtomobillərin qarşısına qəfil çıxa bilmələri ehtimalını nəzərə alaraq, hətta piyada səkidə göründükdə belə, müəyyən ehtiyat tədbirlərini görməlidirlər. Düzdür, bu, ümumi respublika üzrə olan statistikadır. Amma sirr deyil ki, son zamanlarda əsas qəzalar və piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələri əsasən paytaxtımızda baş verir ki, bu da sıxlığın məhz Bakıda olması ilə əlaqədardır.
Qısası, Bakıda ölümlə nəticələnən ağır avtomobil qəzalarının statistikasına nəzər yetirəndə aydın şəkildə görmək olur ki, mərkəzi küçələrdə belə sürət həddinin aşılması faciələrin əsas səbəbidir. Bu faciələri önləmək üçün isə ya protokollarla bağlı sərt tədbirlər görülməli, qanunlar sərtləşdirilməli, ya da yuxarıda qeyd etdiyimiz kimi radarların sayı artırılmalıdır. Əks halda istədiyi sürətlə yollarda ölüm saçan bəzi sürücülər hələ çox canlar alacaqlar!

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info