Enerji resurslarının dünya bazarına çıxarılmasında yeni mərhələ
Tarix: 18.02.2015 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Bugünlərdə Bakıda “Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü keçirildi. Prezident İlham Əliyevin də iştirak etdiyi iclasda ölkə başçısı bildirdi ki, bu il “Cənub” qaz dəhlizi layihəsinin praktiki olaraq həyata keçirilməsi başlayır: “Cənub” qaz dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Bu, bizim üçün enerji təhlükəsizliyidir. Çünki Azərbaycan beynəlxalq bazarlara böyük həcmdə təbii qazı ixrac etmək imkanı qazanacaq. Bu, həm də istehlakçı və tranzit ölkələr üçün enerji təhlükəsizliyidir. Əminəm ki, hasilatçı, tranzit və istehlakçı ölkələr üçün uduşlu vəziyyət, layihənin 3 komponenti arasındakı maraqlar balansı layihəmizin uğurla həyata keçirilməsinin başlıca səbəbi olacaq”. “Cənub” qaz dəhlizi ilə bağlı belə görüşlərin keçirilməsini vacib hesab edən mütəxəssislər də bu layihənin ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını deyirlər.

“Türkmənistanın “Cənub” qaz dəhlizi layihəsinə qoşulması ilə bu layihənin önəmi daha da artacaq”

Millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli bildirdi ki, “Cənub” qaz dəhlizi “Şahdəniz” yatağının istismarının ikinci mərhələsinin həyata keçirilməsi nəticəsində həcmi artmaqda olan qazın Türkiyə və Avropaya ixracını təmin etməkdən ötrü müvafiq infrastrukturun yaradılması tələbatından doğub: “Bununla əlaqədar olaraq 2012-ci il iyunun 26-da “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Cümhuriyyəti Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” Saziş imzalanıb və hər iki dövlətin qanunverici orqanları həmin sazişi ratifikasiya ediblər. Rusiyanın “Cənub axını” qaz layihəsindən imtina etməsindən sonra “Cənub” qaz dəhlizi layihəsi daha böyük əhəmiyyət kəsb etməyə başlayıb və bu sahədə artan fəallıq özünü göstərməkdədir. Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar “Cənub” qaz dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi istiqamətində məqsədyönlü iş gedir. “Cənub” qaz dəhlizi təkcə “Şahdəniz” layihəsi çərçivəsində hasil olunan qazı deyil, Azərbaycanın digər yataqlarından hasil edilən təbii qazı da dünya bazarına çatdırmaq potensialına malik olması ilə mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır. Gələcəkdə Türkmənistanın “Cənub” qaz dəhlizi layihəsinə qoşulması ilə bu layihənin önəmi daha da artacaq”. Bakıda keçirilən “Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü layihəyə olan inamın artırılmasını göstərdiyini deyən millət vəkilinin sözlərinə görə, bu, Azərbaycanın Avropanın enerji sektorunda əhəmiyyətli rol oynayacağından xəbər verir: “Artıq Azərbaycan öz strateji müttəfiqi olan Türkiyə ilə birlikdə işə girişərək TANAP layihəsinin həyata keçirilməsi istiqamətində məqsədyönlü hərəkət edir. Eyni zamanda TAP layihəsinin də reallaşdırılması sahəsində aktiv fəaliyyət göstərir. Bu fəaliyyətləri bilavasitə, bir tərəfdən, çox mühüm tarixi əhəmiyyət kəsb etməklə Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılmasının yeni bir mərhələsinin göstəriciləri kimi dəyərləndirmək lazımdır. Digər tərəfdən isə bu həm də Azərbaycanın dünyaya, xüsusən də Qərbə inteqrasiyasının güclənəcəyinə xüsusi rəng qatacaq. Üçüncüsü, kommersiya nöqteyi - nəzərdən Azərbaycan öz enerji ehtiyatlarını dünya bazarına çıxarmağın yeni mərhələsində neft layihələrində olduğu qədər olmasa da, hər halda enerji resurslarının satışından yenə də böyük gəlirlər götürəcək. Azərbaycan Avropa üçün ən etibarlı alternativ enerji yolları təqdim edir. Azərbaycanın neft və qaz ehtiyatlarının Avropaya ixracı alternativ bir xətt olaraq hələ ki, yeganə bir marşrut olması, indiki dövrdə xüsusən Rusiya ilə Qərbin qarşıdurmasının kəskinləşdiyi bir vaxtda məhz Azərbaycanın önəmi getdikcə artır. Bununla bağlı siyasi və həm də geosiyasi əhəmiyyət kəsb etməyə başlamış bir məqamı da xüsusi vurğulamaq yerinə düşər ki, əgər Azərbaycan fikirdə, sözdə, işdə Avropanın bir nömrəli problemi olan enerji təhlükəsizliyi məsələsinin həllində bu qədər fəallıq göstərirsə, onda Avropa ölkələri də Azərbaycanın bir nömrəli problemi olan ərazi bütövlüyünün təmin edilməsi, ərazinin 20 faizinin işğaldan azad olunması istiqamətində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa strukturlarının müvafiq qətnamələri timsalında özlərinin imzaladığı sənədlərə hörmət etməli, ikili standartlarla yanaşma tərzinə son qoyaraq obyektiv, ədalətli bir münasibət göstərməlidirlər”.

“Bu layihənin reallaşması iqtisadi gəlirlə yanaşı,
insanların işlə təmin olunmasına
imkan verəcək”


Millət vəkili Tahir Rzayev “Cənub” qaz dəhlizinin ölkəmiz üçün əhəmiyyətli bir hadisə olduğunu bildirdi: “Ümumiyyətlə, enerji, neft, qaz sahəsində bağlanmış müqavilələr Azərbaycanın iqtisadi inkişafında, onun tanınmasında, ulu öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan layihələrin bilavasitə davamıdır. Bu, çox vacib bir layihədir. Bu layihə Avropada enerji təhlükəsizliyinin təmin olunması üçün bir layihədir. Eləcə də Avropaya çıxış üçün əhəmiyyətlidir. Nəinki bu Azərbaycanın iqtisadi inkişafına təkan, eyni zamanda bu layihələyə qoşulan ölkələr üçün çox vacibdir. Çünki bundan ancaq Azərbaycan bəhrələnmir, bir çox Avropa ölkələri bəhrələnəcəklər. Digər tərəfdən avropalılar Azərbaycan qazı ilə müntəzəm, keyfiyyətli təmin olunacaqlar. Düzdür, buna mane olmaq istəyən qüvvələr var. Bu da təbiidir. Hər bir ölkə istəyir ki, belə mühüm layihələr həyata keçirsinlər, bilavasitə layihənin sahibləri, təşkilatları olsunlar və buradan yüksək gəlir götürsünlər. Ona görə də nə qədər qısqanclıqla yanaşsalar da bu layihənin həyata keçirilməsi mümkündür. Vaxtilə, 1994-cü ildə 20 sentyabrda da neft müqavilələri bağlayan zaman bəzi cəhdlər olmuşdu ki, onun qarşısını alsınlar. Çünki bəzi ölkələrə Azərbaycanın inkişafı, iqtisadi cəhətdən irəli getməsi, dünyada tanınması, digər tərəfdən neft-qaz ixrac edən bir ölkəyə çevrilməsi bu sərf etmirdi. Ancaq tarix göstərdi ki, bütün maneələri dəf etmək olar. Bunun üçün siyasi iradə, əsaslı hazırlanmış faktlar lazımdır. Azərbaycan Prezidenti İlham Əliyev də bu təcrübəyə, qabiliyyətə, siyasi iradəyə malik bir ölkə başçısıdır və ona görə də o israrlıdır ki, “Cənub” qaz dəhlizi layihəsi müvəffəqiyyətlə həyata keçsin. Mən də bir azərbaycanlı vətəndaş kimi buna sevinirəm, bir əminlik var ki, bu layihə həyata keçiriləcək”.
Millət vəkili onu da bildirdi ki, bu layihənin reallaşması iqtisadi gəlirlə yanaşı, insanların işlə təmin olunmasına imkan verir: “Burada nəinki azərbaycanlılar, bundan istifadə edəcək bir çox ölkələr yararlanacaqlar. Beləliklə, bu layihə yeni iş yerləri imkanı yaratmaqla yanaşı, həm də mədəni, iqtisadi, sıx əlaqələrin yaranmasına şərait yaradır. Bu, ölkələrarası əməkdaşlığın yaranmasıdır. Eyni zamanda neft müqavilələri bağlanmış ölkələrin əksəriyyəti Azərbaycanın mövqeyindən çıxış etdilər. Çünki onlar buraya sərmayə qoyublar, istəyirlər ki, nəticələrini görsünlər. Ona görə də bu layihələrin həyata keçirilməsində maraqlıdırlar. Bu da Azərbaycanın tanınması üçün çox vacib şərtlərdən biridir. Eləcə də bu layihənin həyata keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə çox böyük təkan verəcək. Hər bir Azərbaycan vətəndaşı da bu layihəni yüksək qiymətləndirməlidir”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info