Böyük Britaniyanın Birminqem Universiteti nəzdində fəaliyyət göstərən Rusiya, Avropa və Avrasiya Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə Londonda “King`s College” kollecində “Dağlıq Qarabağ münaqişəsi: mövcud vəziyyət və gələcək perspektivlər” mövzusunda konfrans keçirilib.
İki sessiyadan ibarət konfransın birinci hissəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupunun həmsədri səfir Jacques Faure və Böyük Britaniyanın LİNKS təşkilatının icraçı direktoru Dennis Sammut çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, tərəflərin mövqeyi və hazırkı vəziyyət barədə məlumat veriblər. Çıxışçılar regionun təhlükəsizliyi və sabitliyin qorunub saxlanılması üçün münaqişənin həll olunmasının vacibliyini diqqətə çatdırıblar. Azərbaycanın xüsusilə enerji baxımından regionda böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. Münaqişənin artıq beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində olduğu qeyd edilib.
Konfransın ikinci sessiyasında “Eurpean Policy Centre” araşdırma mərkəzinin analisti Amanda Paul, “Dublin City” Universitetinin analisti Donnaka O`Beçain və Birminhem Universitetinin analisti Kəmalə İmranlı çıxış ediblər.
Analistlər Dağlıq Qarabağ münaqişəsinin dünyadakı digər konfliktlərlə müqayisəli təhlilindən bəhs ediblər. Tərəflərin ortaq nöqtədə razılığa gəlmələrində beynəlxalq qurumların və siyasi faktorların əhəmiyyəti vurğulanıb.
K.İmranlı təqdimatla çıxış edərək, Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu və bölgənin xüsusilə beynəlxalq mediada “mübahisəli ərazi” kimi adlandırılmasının düzgün ifadə olmadığını bildirib. Bu cür ifadələrin Ermənistan tərəfinin dezinformasiya siyasətinin bir parçası olduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, Ermənistan tərəfi həmçinin Xocalı faciəsi, Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünü, münaqişə nəticəsində vəhşicəsinə qətlə yetirilən həmvətənlərimiz haqqında heç bir məlumat yayımlamır.
K.İmranlı diqqətə çatdırıb ki, ermənilər beynəlxalq hüquq normalarını pozaraq Azərbaycan torpaqlarını işğal altında saxlayır. Dünyadakı digər münaqişələr nəzərə alındıqda, beynəlxalq qurumlar Dağlıq Qarabağ münaqişəsinə lazımı səviyyədə diqqət yetirmir.
Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb.
Tural
|