“Avropalı gəncləri üstələyə bilərik”
Tarix: 18.02.2015 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


Hollandiyada təhsil alan Tural Mustafayev: “Azərbaycanın inkişafının davamlı olması biz gənclərin əlindədir”

Müsahibimiz Avropanın ən yaxşı hüquq təhsili verən universitetlərindən birində oxuyan Tural Mustafayevdir.
-Özünüz barədə məlumat verərdiniz.
-Mən, Mustafayev Tural Mahir oğlu 1992-ci ilin 12 mart tarixində Şəki səhərində anadan olmuşam. 1998-ci ildə Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyə qəbul oldum və 2009-cu ildə həmin təhsil ocağını bitirdim. Orta təhsil illərində bir neçə dəfə şəhər, regional və respublika səviyyəsində tarix olimpiadalarında birinci yeri tutdum. Elmlə yanaşı, idman yarışlarına, xüsusilə komanda oyunlarına marağım olub. Voleybol üzrə regional səviyyədə məktəblərarası yarışda birincilik əldə etmişik. Bundan əlavə, rəqsdə də öz bacarığımı yoxlamışam, Şəki Milli Rəqs qrupunda da çıxış etdim. Məktəbi bitirdikdən sonra 2009-cu ildə 630 bal ilə Dövlət İdarəçilik Akadamiyasının (DİA) Hüquqşünaslıq fakültəsinə qəbul oldum. Universitet illərində akademik fəaliyyətlə yanaşı ictimai fəaliyyətlə də məşğul olurdum, ELSA Azərbaycanın (Avropa Hüquqşünas Tələbələr Birliyinin) idarə heyətində olmuşam. Bir sıra uğurlu layihələrdə təşkilat komitəsində yer aldım (“İnsan Hüquqları üzrə Beynəlxalq Hüquq Tələbələrinin Qış Məktəbi”, “Gənc Hüquqşünasların Beynəlxalq Bakı Forumu” və.s). Bakalavr təhsilimi başa vurduqdan sonra Vətənə borcumu yerinə yetirdim-hərbi xidmətimi Daşkəsəndə başa vurdum. Əsgərlikdən sonra Hollandiyanın Maastrixt Universitetinin “Korporativ və Kommersiya hüququ” fakültəsinə magistr pilləsinə qəbul oldum. Hazırda burada oxuyuram.
- Hərbi xidməti bitirəndən sonra gənclərimiz iş axtarışında olurlar. Siz daha da irəli gedərək təhsilinizi davam etdirmək qərarı verdiniz. Sizə bu işdə kimlər dəstək oldular?
-Haqlısınız. Əsgərlikdən sonra yenidən təhsilə qayıtmaq çox çətin olur və adətən əksər gənclərdə yenidən elmə, təhsilə dönməyə həvəs olmur. Amma mən xaricdə təhsil barədə qərarımı məktəb illərindən vermişdim. Belə ki, hələ ikinci sinifdə bizə orta məktəbdə ingilis dili dərsi tədris olunmağa başlayanda anamla aramızda keçən söhbət hələ də yadımdadır. Anam demişdi ki, “Tural, mənim arzum sənin gələcəkdə təhsilini xaricdə davam etdirməyindir”. Məndə o an yaranmış bu fikir daha sonra məqsədə çevrildi. Nəhayət ki, bu il məqsədimə nail oldum. Məncə, ən doğru zaman elə bu il olması idi. Çünki artıq Azərbaycanda bakalavr təhsilimi başa vurmuşam və Vətənə xidmətimi çox ağır, bir o qədər şərəfli bir şəkildə Daşkəsənin dağlarında yerinə yetirmişəm. Bununla belə fikirləşirəm ki, valideynlərə və Vətənə xidmət ömür boyu davam etməlidir. Ona görə ,indi burada da öz ailəmi və Azərbaycanı layiqli şəkildə təmsil etməyə çalışaraq, xidmətimə davam edirəm. Qeyd etdiyim kimi, xaricdə təhsilimi davam etdirməyimdə, heç şübhəsiz ən böyük dəstəyi ailəm verdi. Başqa sözlə, valideynlərimin arzusu, mənimsə arzu və məqsədlərim üst-üstə düşdü.
-Oxuduğunuz ali məktəb barədə söz açardınız. Təhsil, tədrisin səviyyəsi sizi qane edirmi?
-Maastrixt Universiteti Avropanın ən yaxşı hüquq təhsili verən universitetlərindən biridir. Belə ki, universitetin hüquq tələbələri keçən il və bu il “Moot Court” (Səhnələşdirilmiş Məhkəmə Prosesində) dünya birinciliyinə layiq görülüblər. Mən burada “Corporate and Commercial law” (Korporativ və Kommersiya hüququ) üzrə magistr təhsili alıram. Təhsilin səviyyəsi çox yüksəkdir. Ən vacibi isə tədrisdə praktikaya ən az nəzəriyyə qədər önəm verilməsidir. Əgər Azərbaycanla müqayisə etsək, deyə bilərəm ki, burada tətbiq olunan üsul “Problem Based Learning” (problem əsasında öyrənmə) daha effektiv, işləməyə hazır kadrların yetişməsinə şərait yaradır. Belə ki, tələbə nəzəriyyəni öyrənmə ilə yanaşı, həmin nəzəriyyəni necə tətbiq etməyi öyrənir. Dərslər leksiyalar və məşğələlərdən təşkil olunur. Məşğələlərdə qarşıya qoyulan məsələlər müzakirə olunur və müəllim sadəcə istiqamət verir, tələbələr özləri məsələni həll edərək, nəzəriyyəni necə tətbiq edə biləcəklərini öyrənirlər. Məncə, Azərbaycanda da bu sistemə keçilsə, xaricə təhsil almağa gələn tələbələrimiz adaptasiya olmağa çətinlik çəkməzlər, bəlkə də təhsil üçün başqa ölkəyə getməyə ehtiyac qalmaz.
-Holland xalqını necə xarakterizə edərdiniz?
-Ümumiyyətlə, holland xalqı çox istiqanlı, pozitiv və yardımsevərdir. Burada hər səhər yürüşə çıxanda və ya dərsə gedəndə tanıdığınız və ya tanımadığınız hər bir kəs sizə gülümsünə və salam verərək hal-əhvalınızı soruşa bilər. Mənə elə gəlir ki, bu da onların həyat səviyyəsinin çox yaxşı olmasından irəli gəlir, çünki çox düşünəcəkləri yaşayış problemləri yoxdur. Dövlət hər bir holland ailəsini normal yaşayış səviyyəsi ilə təmin edir. Bundan əlavə, universitetdə və ya başqa bir yerdə bir problemlə qarşılaşanda sizə maksimum kömək etmək, yol göstərmək istəyirlər. Mənim ən çox xoşladığım şey, günlərini edəcəkləri işlərə görə çox yaxşı planlaşdırmalarıdır. Belə ki, yatma saatlarını, işləmə və ya oxuma saatlarını, əyləncə vaxtlarını çox yaxşı planlaşdırırlar. Həftəiçi günlərdə gecə 12-dən gec yatmırlar, səhər isə çox erkən qalxmağa önəm verirlər. Səhər gəzintilərinə xüsusi diqqət yetirirlər. Bundan başqa, əhalinin əksər hissəsi velosipeddən istifadə edir və bu da həm onların sağlamlığına böyük kömək edir, həm də nəqliyyatın sıxlığını əhəmiyyətli dərəcədə azaldır. Bütün həftə çalışan və ya oxuyan əhali üçün həftənin ən gözəl günü cümə və şənbə günləridir. Xüsusilə, cümə axşamları hər kəs dostları ilə görüşərək, bütün həftənin yorğunluğunu çıxarmağa çalışır və həmin günlər hollandlar üçün heç bir plan yoxdur. Həftənin son iki günü ancaq əylənir və ya səyahətlər edirlər. Bazar günü isə artıq normal planlı günlərinə qayıdırlar. Bundan əlavə mən hələ də kiməsə “Hollandiyada təhsil alıram” deyəndə hər kəsin ağlında başqa fikirlər olduğunu hiss edirəm, ən azından gəlməmişdən qabaq məndə də belə şübhələr qismən var idi. Amma burada gördüyüm mənzərə tamamilə fərqlidir, yəni hər şeyin azad olması insanların digər şəxslərin hüquqlarını pozması anlamına gəlmir. Bildiyimiz kimi, bir şəxsin azadlığı başqa bir şəxsin hüquqlarının sərhədinə qədərdir. Burada da hər kəs bütün bunlara əməl etməyə maksimum çalışır. Ümumiləşdirsək, deyə bilərəm ki, cəmiyyət özü-özünü idarə edir, dövlət orqanları, məsələn polislər, yardıma ehtiyacınız olduğu anda da, çox yaxınınızda olurlar.
-İctimai işlərdə necə, aktivsinizmi?
- Maastrixtə yenicə gəldiyim gündən burada Azərbaycan diasporundan nümayəndələrlə tanış oldum və dərslərdən imkan tapdıqca onların tədbirlərində iştirak etməyə çalışıram. Bundan əlavə, dərs müddətində tanıdığım xarici tələbələrə də Azərbaycanı tanıtmağa və tariximizin şanlı səhifələrini, tarixi həqiqətlərimizi onlara çatdırmağa çalışıram. Artıq buradakı bir çox tələbə yoldaşım təhsilimizi başa vurduqdan sonra görmək istədikləri ölkələr siyahısına Azərbaycanı da əlavə etdiklərini, bəziləri isə məndən onları Azərbaycana dəvət etməyimi xahiş edirlər. Təbii ki, bu da məni çox sevindirir ki, Azərbaycanı layiqincə təmsil edə bilirəm.
-Azərbaycanlı tələbələr necə, aktivdirlərmi?
-Mənim olduğum şəhərdə həmyerlililərimiz olduqca azdır. Burada 3 nəfər azərbaycanlı tələbə təhsil alır. Onlar da olduqca layiqli bir şəkildə ölkəmizi təmsil edirlər. Tez-tez görüşürük və bir-birimizə dayaq olmağa çalışırıq.
-Aktiv gənc kimi Azərbaycan gəncliyinin hazırkı durumunu necə xarakterizə edərdiniz?
-Son illərdə Azərbaycan gənclərinin aktivliyi əhəmiyyətli dərəcədə artıb. Belə ki, dövlətimizin iqtisadi cəhətdən güclənməsi, cəmiyyətimizin davamlı olaraq inkişafı təbii ki, gənclərimizin də aktivliyini hər bir sahədə artırır. Lakin bu aktivlik çox yüksək səviyyədə olmalıdır. Çünki Azərbaycanın inkişafının davamlı olması biz gənclərin əlindədir. Onu da qeyd etmək istərdim ki, gənclərimizdə ən böyük problem araşdırmaq, daim yeni bir şey öyrənmə həvəsinin Avropadakı gənclərə nisbətən daha az olmasıdır. Burada qarşılaşdığım insanlar hər insandan, hər getdikləri yerdən yeni bir məlumat əldə etməyə çalışırlar və bundan əlavə, əgər yeni bir məlumat eşidirlərsə, onu hərtərəfli araşdıraraq həmin mövzu haqqında müəyyən bir fikrə sahib olmağa çalışırlar. Bu da onların dünyagörüşünü artırır. Bununla belə, mən Azərbaycan gəncliyinin potensialının çox yüksək olduğunu düşünürəm. Əgər daim öz üzərimizdə çalışsaq istənilən mübarizədə Avropadakı gənclərdən üstün olacağımıza əminəm.
-Son illərdə tələbələrimizin xarici ölkələrdə təhsillərini davam etdirməsi hallarının çoxalmasını necə dəyərləndirərdiniz?
-Təhsilini xaricdə davam etdirən tələbələrimizin sayının artması çox müsbət haldır. Çünki etiraf etmək lazımdır ki, bu gün xaricdəki təhsillə Azərbaycandakı təhsil arasında müəyyən fərqlər var. Dövlət proqramının qəbul olunması da bu məsələnin vacibliyini bir daha sübut edir. Dövlət proqramı sayəsində yüzlərlə həmyerlimiz öz təhsillərini xaricdə davam etdirmək şansı əldə edirlər. Bu baxımdan belə proqramların olmasını çox yüksək qiymətləndirirəm. Bununla belə, qeyd edim ki, seçimlərdə üstünlük daha çox texniki sahələrə verilir. Ancaq mən düşünürəm ki, dövlətin güclü mühəndisə ehtiyacı olduğu qədər, güclü hüquqşünasa da ehtiyacı var. Qloballaşan, ticarətin liberallaşdığı, dövlətlərarası mübahisələrin beynəlxalq hüquq normalarına uyğun həll olunduğu dünyada dövlətimizin maraqlarını beynəlxalq arenada müdafiə edə biləcək peşəkar hüquqşünaslara ehtiyac var. Bu baxımdan həm texniki, həm də humanitar ixtisaslara fikir vermək lazımdır.
-Bəs ümumilikdə ölkədə gənclərimiz, tələbələr üçün yaradılan şərait sizi qane edirmi?
-Ölkəmizdə tələbələr üçün günbəgün artan şərait məni də bir gənc kimi çox sevindirir və ruhlandırır. Ümumiyyətlə, gənclər siyasəti dövlətimizin siyasətinin əsas hissəsini, özəyini təşkil edir. Bunu qəbul olunan konsepsiyalar, proqramlar bir daha təsdiq edir. Dövlətimizin əsas məqsədi neftdən gələn gəliri insan kapitalına, dolayısıyla gənclərimizin yüksək biliyə, savada malik olmasına sərf edilməsidir. Bu sahədə müvafiq qurum olan, Gənclər və İdman Nazirliyinin tələbələrin aktivliyinin artırılması, onların inkişafı yolunda həyata keçirdiyi tədbirlər, dövlətimiz tərəfindən qəbul olunan “Gənclər siyasəti haqqında” qanun, “Azərbaycan Gəncliyi” haqqında dövlət proqramı, bu barədə normativ hüquqi bazanın yaradılması, habelə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərlə iş sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən edib. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilib, onların layihə və proqramlarına mütəmadi dəstək verilib. Gənclər və İdman Nazirliyinin fonunda yaradılan bir çox tələbə təşkilatları tələbələrin inkişafı üçün əvəzolunmaz rol oynayır. Ən yaxşı nümunə kimi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqını (ATGTİ) göstərmək olar. Tələbələr burada öz bacarıqlarını kəşf edə bilirlər. Həyata keçirilən tədbirlər – seminarlar, yay və qış məktəbləri, tariximizin işıqlandırılması ilə bağlı tədbirlər, hər biri gəncliyimizin irəli getməsinə öz töhfəsini verir. Bütün bunları nəzərə alıb deyə bilərəm ki, hazırda dövlətimizin gənclərə qayğısı olduqca yüksəkdir. Ona görə də, burada daha çox məsuliyyət biz gənclərin üzərinə düşür. Bu şəraitdən maksimum yararlanıb, cəmiyyətdə özümüzə layiqli yer tutmaq, dövlətimizin bu uğurlu siyasətinə adekvat olaraq layiqli vətəndaş olmaq biz gənclərin öz əlindədir.
-Gələcək planlarınız barədə də söz açardınız.
-İlk növbədə qeyd etmək istəyirəm ki, Maastrixt Universitetində mənim ixtisasım “Globalisation and Law” (Qloballaşma və Hüquq) başlığı altında tədris olunur. Dünyanın qloballaşması hüquqi məsələlərin öz həllini tapmasına da bir başa öz təsirini göstərir. Mənim də gələcək planlarım arasında əsas yeri burada qazandığım bilikləri Azərbaycanı qloballaşan dünyada təmsil etmək, dünyanın ən böyük ticarət birliyi olan Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü, Avropaya inteqrasiya prosesini sürətləndirməkdir. Bundan başqa, gələcək planlarım arasında təhsilimi daha da artırmaq var.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info