“Azərbaycanda son illərdə yaşanan iqtisadi inkişaf bütün sahələrə sirayət edir”
Tarix: 19.02.2015 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


Təhmin İbrahimov: “Hər bir sahədə istedadlı, liderlik qabiliyyəti olan gənclər üçün şərait yaradılır”

Müsahibimiz Təhmin İbrahimovdur. Təhmin Azərbaycan İctimai-Siyasi Universitetində oxuyub və ictimai fəaliyyətinə də məhz buradan başlayıb. Azərbaycan İctimai-Siyasi Universitetinin Şən və Hazırcavablar Klubunda rəhbər kimi fəaliyyət göstərmiş bu aktiv gənc 2014-cü ilin 15 sentyabrından Bakı Asiya Universitetində təhsilini davam etdirib. Hazırda Bakı Asiya Universitetində təhsil alan Təhmin İbrahimov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında da (ATGTİ) aktiv fəaliyyət göstərir.
- Təhsiliniz və ictimai tədbirlərlə bağlı işlərinizdə nə yenilik var?
- Təhsillə bağlı heç bir problem yaşanmır, hər şey öz qaydasındadır. Hər bir təhsilinə fikir verən, diqqət ayıran azərbaycanlı gənc kimi mən də gələcəyimi düzgün istiqamətdə qurmaq üçün təhsilimə xüsusi diqqət ayırıram. İctimai tədbirlərə gəldikdə isə bir sıra toplantı və tədbirlərdə aktiv olmuşam və hətta bəzi layihələrin təşkilatçılarından da olmuşam. Bu gün də təhsillə bərabər bu işlərdə aktivliyimi saxlamağa çalışıram. ATGTİ-nin Mədəniyyət İşçi Qrupunun sədri olaraq bir sıra tədbirlər keçiririk.
- Sözügedən İşçi Qrupu barədə də danışardınız.
- Bu qrup bir sıra mədəniyyət layihələri həyata keçirməklə yanaşı, digər, bizə birbaşa aidiyyəti olmayan layihələrə dəstək oluruq. Misal olaraq deyə bilərəm ki, sonuncu gündəmdə olan petisiyaya biz də dəstək veririk. Bildiyiniz kimi, bu yaxınlarda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdində yaradılan İşçi Qrupunun keçirdiyi mətbuat konfransında elan olunan bu petisiya mühüm əhəmiyyətə malikdir. Sərkisyanın hərbi cinayətkar kimi tanınması ilə bağlı kampaniyanı keçirməkdə məqsəd Azərbaycan xalqının vahid mövqedən çıxış etdiyini göstərməkdir. Hər bir gənc bu işdə aktiv olmağa çağırıldı və bunun nəticələrini də görürük. Həmrəylik göstərilməsi doğrudan da böyük güc imiş.
Mən də öz növbəmdə çalışdım ki, bu imza toplamada təkcə Azərbaycan gəncləri deyil, digər ölkələrin vətəndaşları, xarici ölkələrdəki QHT-lərin fəalları da iştirak etsinlər. Bunun üçün xaricdə olan dostların imkanlarından da yararlanırdıq. Qısası, bu il yeni başlasa da, qarşıda hələ bizi çox tədbirlər, ayrı-ayrı xüsusi günlərlə, bayramlarla bağlı layihələrimiz, videoçarxlarımız gözləyir.
- Mədəniyyət uğurlarımız sıralanmaqda davam edir. Sonuncu belə sevindirici hadisə Türkiyədəki məşhur musiqi yarışmasında azərbaycanlı müğənninin qalib olması oldu. Buna münasibətiniz?
- Doğrudur. Həqiqətən də Azərbaycanda son illərdə yaşanan iqtisadi inkişaf bütün sahələrə sirayət edir. Təsadüfi deyil ki, inkişaf paralel şəkildə aparılır. Bu, hökumətin düzgün strategiyasından xəbər verir. Mədəniyyət də böyük güc sayılır. Bu gün Fransa rəssamları, musiqiçiləri ümumilikdə mədəniyyəti ilə daha çox tanınırsa və bu ölkəyə gedənlər daha çox mədəni abidələrin bolluğu ilə rastlaşırsa, deməli mədəniyyətin özü bir təbliğat “silah”ına çevrilə bilər. Bir sözlə, musiqi də mədəniyyətin bir hissəsidir. Avropada sözügedən musiqi yarışmasını çox izləyirlər. Belə bir mötəbər yarışmada azərbaycanlı müğənninin uğurlu çıxış etməsi biz gəncləri də sevindirdi. Bir neçə xaricdə təhsil alan tanışlarla əlaqə saxlayarkən bu məsələ ətrafında dəfələrlə müzakirələr açırdıq ki, onlar da maraqlı məqamları vurğulayırdılar. Deyirdilər ki, artıq dünyada bu kimi tədbirlər əsas təbliğat formasına çevrilib. Gənclərin diqqətini, mədəniyyət amilindən istifadə edib istənilən ölkəyə, millətə həmin millətin tarixinə və problemlərinə çəkmək olar. Azərbaycanda keçirilmiş “Avroviziya” yarışması zamanı, eləcə də bizim sözügedən yarışmanın qalibi olmağımız vaxtı hər kəs ölkəmiz, mədəniyyətimiz haqqında maraqlanmağa başladı. Düşünürəm ki, bu Elnurun sonuncu qalibiyyəti, uğuru olmayacaq. Xatırlayırsınızsa, bundan əvvəl Vaqif Nağıyev də öz səsi, istedadı ilə bütün Ukraynanı ayağa qaldırmışdı. Hətta Rusiyada ona “ikinci Müslüm Maqomayev” də deyirdilər.
- Gənclərlə işləmək sizə yəqin əlavə təcrübə verir. Həmyaşıdlarınız arasında elələri varmı ki, onlarda liderlik qabiliyyəti, istedad yüksək səviyyədədir?
- Əlbəttə, istənilən fəaliyyət insana təcrübə qazandırır. Pis odur ki, məşğuliyyətsiz olasan və asudə vaxtını boş-boş işlərə həsr edəsən. Mən özüm də ATGTİ-nin böyük təcrübəsindən yararlanmağa çalışıram. Bizim təşkilatda gənclər üçün geniş imkanlar açılır. Özünü hər mənada göstərmək istəyən istənilən gənc buyurub bizə müraciət edə bilər və öz layihələrimizdə biz onların potensialından yararlanmağa hazırıq. Qeyd etdiyiniz kimi həqiqətən də ilbəil bizdə istedadlı gənclərin sırası genişlənməkdədir. Bəlkə də əvvəlki illərdə də bizdə bu qədər istedadlı bacarıqlı gənclər olub. Amma görünür, o vaxt gənclər üçün belə münbit şərait olmayıb, onlara geniş imkanlar yaradılmayıb və ən əsası dövlət indiki qədər gənclər sektorunu prioritet saymayıb. 90-cı illərin əvvəlləri barədə çox şey eşidir, oxuyuram. Doğrudan da, həmin dövrün qaranlıq “yollar”ında irəliləmədiyimiz, məqsədə çatmaq üçün min bir əziyyətlərdən keçmədiyimiz üçün sevinməliyik. Bu gün zaman dəyişib və hər bir sahədə istedadlı, savadlı, liderlik qabiliyyəti olan gənclər üçün şərait yaradılır. Düzdür, müəyyən çatışmazlıqlar da var. Hansı ölkədə, hansı cəmiyyətdə problemlər yoxdur ki? Amma mən bu gün fəxrlə deyə bilərəm ki, Azərbaycanda gənclərin problemi azdır və yaşanan problemlər də tez bir zamanda aradan qaldırılır.
- Gənclərimizi təşkilatlarda aktiv olmağa çağırdınız. Bəs, ümumilikdə təşkilatlanma, sosial xarakterli birliklr, QHT-lərin fəaliyyəti necə, sizi qane edirmi?
- Təkcə gənclər sektoru deyil, digər sahələrin də inkişafından söz açdım. QHT sahəsi də müəyyən mənada gənclər sektoru ilə sıx bağlıdır. Ona görə də QHT-lərə də dövlət böyük dəstək göstərir və artıq bu təşkilatlar hansısa mənbəyi bilinməyən xarici maliyyələrə deyil, sırf öz ölkəmizin büdcəsindən gələn vəsaitlər hesabına fəaliyyət göstərirlər. Bir neçə ildir ki, bu xəttin tutulması sevindirici haldır. Xatırladım ki, əvvəlki illərdə bununla bağlı dəfələrlə təhlükəli tendensiyalar yaranmışdı. Birliklərə, təşkilatlara qoşulan gənclər də avtomatik olaraq xaricdəki qüvvələrin siyasi təsiri altına düşürdülər. Artıq əksər sivil ölkələrdə olduğu kimi, Azərbaycanda da bu məsələlər öz həllini tapıb və gənclərimiz rahat şəkildə müxtəlif məqsədlərə xidmət edən və konkret fəaliyyət dairəsi bəlli olan QHT-lərdə aktivlik göstərə bilərlər. Bir sıra ölkələrdə QHT gənclərin özlərini göstərməsi, inkişaf etdirməsi üçün məktəb sayılır. Məsələn, bəzi ölkələrdə QHT-lər orta məktəblərlə işləyirlər, şagirdləri indidən oratorluğa hazırlayır, müəyyən liderlik qabiliyyətlərinin formalaşmasına yardımçı olurlar. Bundan başqa, tətillərdə məktəblilərə düşərgələr də təşkil edilir. Hətta bəzi ölkələrdə QHT-lər tələbələrlə məmurlar arasında tez-tez körpü rolunu oynayırlar, indidən onları dövlətin idarə edilməsində təcrübə toplamağa daşıyırlar. Bizdə də bəzi təşkilatlar bu tip addımlar atırlar. Amma hələ ki, belə təcrübə bizdə yüksək səviyyədə deyil. Qısası, deyərdim ki, təşkilatların və QHT-lərin fəaliyyətləri məni bir gənc olaraq qane edir, amma bu sahədə daha da irəli getmək olar.
- Sonda həmyaşıdlarınıza hansı tövsiyələriniz var?
- Sonda onu demək istərdim ki, bu gün ölkəmizdə gəncliyə verilən dəyərdən və yaradılan şəraitdən maksimum yaralanmaq lazımdır. Xaricdə təhsil alan gənclərlə bağlı da, ölkədə inanılmaz tədbirlər görülür. Bu istiqamətdə dövlət proqramları qəbul edilir ki, belə addımlar da nadir ölkələrdə atılır. Bundan maksimum yararlanaraq, tələbələrimiz xarici ölkələrdə öz magistr təhsillərini davam etdirsinlər, eləcə də adi bakalavr təhsili üçün də başqa əcnəbi universitetlərə üz tuta bilərlər. Bu gün xaricdə təhsil bizim ölkəmizə böyük güc verir. Xaricdə təhsil alan gənclərimiz ölkəyə peşəkar, təcrübəli kadrlar kimi dönürlər. Tövsiyələrim bu olardı ki, asudə vaxtlarını elmə, sosial xarakterli təşkilatlardakı tədbirlərə sərf etsinlər. Öz enerjilərini mənfi meyillərə deyil, gələcək həyatlarını düzgün bünövrədə qoyacaq məşğuliyyətlərə sərf etsinlər.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info