“Şişirdilmiş” toyuqların yerli quşçuluq fabriklərinə aidiyyəti yoxdur”
Tarix: 20.02.2015 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Murtuzəli Hacıyev: “Yayılan məlumatlar tam əsassızdır və ölkədə belə hala rast gəlinməyib”

Son zamanlar sosial şəbəkələrdə broyler toyuqlarının iynə vurularaq şişirdilməsinə dair görüntülər yayılıb. Bu da öz növbəsində quşçuluq məhsullarından istifadə edənlər arasında çaşqınlığa səbəb olub. Bu cür halların real olub-olmaması ilə bağlı araşdırma apardıq. Məsələyə münasibət bildirən Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev belə görüntülərin toyuq məhsullarının istehsalı ilə məşğul olan yerli quşçuluq fabriklərinə aidiyyəti olmadığını düşünür. O, həmin görüntülərin yayılmasından sonra rəhbəri olduğu təşkilat tərəfindən mətbuat konfransının də keçirildiyini və məsələyə orada geniş şəkildə aydınlıq gətirildiyini söylədi. Həmçinin Aydın Vəliyev yerli quşçuluq fabriklərindəki istehsal prosesi ilə tanışlıq üçün KİV nümayəndələrinin fevralın 20-də müəssisələrə səfərlərinin də təşkil olunduğunu dedi.
Qeyd edək ki, sözügedən video-görüntülərin yayılmasından sonra təşkil olunan və “Səba”, “Qaraqaşlı”, “Siyəzən”, “Qəbələ” quşçuluq təsərrüfatlarının nümayəndələri və Dövlət Baytarlıq Xidmətinin səlahiyyətli nümayəndəsi, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndəsinin də iştirak etdiyi tədbirdə də Aydın Vəliyev bu kimi halların istehlakçılar arasında çaşqınlıq yaratdığını deyib. O, bildirib ki, belə yalan, yanlış videolar quşçuluq fabriklərinin işgüzar nüfuzuna xələl gətirir: “Azərbaycanda quşçuluq fabrikləri dünyanın inkişaf etmiş ölkələrinin aparıcı şirkətlərinin ən son texnologiyaları və avadanlıqları ilə təchiz edilib. Bu fabriklərdə robot kəsim tətbiq olunur, istehsal və qablaşdırma prosesi tam olaraq müasir texnologiyalarla aparılır. Sanitar-gigiyenik normalar ən yüksək səviyyədə gözlənilir. Quşçuluq fabriklərinin fəaliyyətinə, o cümlədən istehsal və qablaşdırma prosesinə aidiyyəti dövlət strukturları mütəmadi olaraq nəzarət həyata keçirirlər”.
Ümumilikdə quşçuluq təsərrüfatının əhəmiyyətindən söz açan Aydın Vəliyev belə təsərrüfatların yaradılması və müasir texnologiyalarla yenidən qurulmasına verilən 110 milyon manat güzəştli kreditin bu sahədə inkişafı da təmin etdiyini vurğulayıb.
Tədbirdə "Səba”, “Qaraqaşlı”, “Siyəzən”, “Qəbələ” quşçuluq təsərrüfatlarının nümayəndələri toyuqların çəkisini artırmaq üçün onların daxilinə maye vurulması barədə yayılan məlumatların heç bir əsası olmadığını deyiblər. Bildiriblər ki, istehsal etdikləri quşçuluq məhsulları öz yüksək keyfiyyəti və çox çeşidliliyi ilə istehlakçıların tələbatına tam cavab verir. Sonda quşçuluq təsərrüfatlarının nümayəndələri jurnalistləri quşçuluq müəssisələrində reyd keçirməyə, həmin məkanların doğrudan da ən son texnologiyalar və avadanlıqlarla təchiz edilməsini görməyə dəvət ediblər ki, bunlardan biri də fevralın 20 də təşkil olunub.
Məsələ ilə bağlı “Palitra”ya açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev yayılan məlumatların real olmadığını dedi. O, mütəmadi yoxlamaların aparıldığını və məlum olaydan sonra bir daha nəzarət tədbirlərinin gücləndirildiyini dedi: “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində toyuqların çəkilərinin onların daxilinə maye vurulmaqla artırılması barədə məlumatlar yayıldıqdan sonra bir daha monitorinqlər aparılıb, satışdan toyuq nümunələri götürülərək laborator müayinədən keçirilib, quş ətinin bütün keyfiyyət göstəricilərinə uyğun olduğu müəyyən edilib. Bu məlumatların heç bir əsası yoxdur və yerli quşçuluq məhsullarımız öz yüksək keyfiyyəti və çoxçeşidliliyi ilə istehlakçıların tələbatına tam cavab verir.
Hazırda xüsusi maraq dairəsində olan məsələlərdən biri də yerli istehsal hesabına quşçuluq məhsullarına olan tələbatın tam ödənilməsidir. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, sənaye quşçuluğunun illik istehsal gücü 100 min tonu ötüb, quş əti istehsalı 2010-cu ilə nisbətən 1.5 dəfə artaraq 2014-cü ildə 99.4 min tona, o cümlədən sənaye üsulu ilə 3 dəfə artaraq 64.1 min tona çatıb. Bu dövrdə yumurta istehsalı 1.3 dəfə artaraq 2014-cü ildə 1.6 milyard ədəd təşkil edib. Yüksək keyfiyyəti ilə seçilən yerli quşçuluq məhsulları daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac olunur, həm ölkə daxilində, həm də ixrac ölkələrində istehlakçı məmnunluğu ilə qarşılanır. Onu da bildirək ki, yerli quşçuluq müəssisələri tərəfindən məhsul istehsalı, qablaşdırılması və istehlakçılara çatdırılmasının yüksək səviyyədə təşkil olunması bu sahədə milli brendlərin və istehlakçıların bu məhsullara inamının formalaşmasına səbəb olub. Bazarlarda da son vaxtlarda yumurtanın qiymətində 30,40 faizə qədər enmə müşahidə olunub. Qarşıda duran əsas məsələlər isə bu sahədə ixrac potensialını artırmaqdır. Yayılan məlumatlar tam əsassızdır və ölkədə belə hala rast gəlinməyib”.
Nazirlik rəsmisi onu da vurğuladı ki, yayılan yanlış məlumatlar quş əti istehsalı ilə məşğul olan müəssisələrin fəaliyyətinə də mənfi təsir edir:“Ölkə telekanallarının da yaydığı broyler toyuqlarının ziyanları, geninin dəyişdirilməsi və iynə ilə şişirdilib kökəldilməsi barədə mənbəyi məlum olmayan yanlış məlumatların efirə verilməsi istehlakçılar arasında çaşqınlıq yaradır. Bu da quş əti istehsalı ilə məşğul olan müəssisələrin fəaliyyətinə ciddi təsir göstərib. Respublikada quş əti istehsalı ilə məşğul olan iri müəssisələrdən biri “Siyəzən Broyler” ASC-dir ki, burada 1500 nəfərə yaxın işçi çalışır. Məlumat üçün bildiririk ki, quşçuluq fabrikləri, o cümlədən “Siyəzən Broyler”ASC-də bir günlük cücələrin saxlanması, bəslənməsi, böyüdülməsi zamanı istifadə edilən yem məhsulları, qatqıları və əlavələrinin tərkibi genetik modifikasiya olunmuş deyil, əksinə təbii buğda, qarğıdalı, günəbaxan yağı təşkil edir.
Siyəzən Broyler” ASC- də istehsal olunan məhsullar keyfiyyətinə görə uyğunluq və gigiyenik sertifikatlarla təchiz edilir, islami qaydalara uyğun halal şəkildə kəsilir və onun əsasında satış həyata keçirilir”.
Bu cür yalan məlumatların quşçuluq fabriklərinin işgüzar nüfuzuna xələl gətirdiyini nəzərə alaraq biz də yerli quşçuluq fabriklərindən biri ilə əlaqə saxladıq. Ucar rayonunda yerləşən və quş əti istehsalı ilə məşğul olan “Ucar Aqro” MMC-dən bildirdilər ki, onlar da digər quşçuluq fabrikləri kimi daim KİV nümayəndələri və ümumilikdə istehlakçılar üçün görüş keçirməyə və onları istehsalatla tanış etməyə hazırdırlar və bunun üçün rəhbər şəxslərlə də görüşlər təşkil edə bilərlər.
Ümumiyyətlə, qeyd edək ki, bir müddət öncə sözügedən şirkət istehsalat prosesi ilə tanışlıq üçün KİV nümayəndələri ilə geniş görüşlər də təşkil etmişdi. Bu quşçuluq fabrikinin də dünyanın inkişaf etmiş ölkələrinin aparıcı şirkətlərinin ən son texnologiyaları və avadanlıqları ilə təchiz edildiyi məlum olub.
Belə də yerli quşçuluq müəssisələri tərəfindən məhsul istehsalı, qablaşdırılması və istehlakçılara çatdırılmasının yüksək səviyyədə təşkil olunmasının şahidi oluruq ki, bu da sözügedən sahədə milli brendlərin və istehlakçıların bu məhsullara inamının formalaşmasına səbəb olur.
Quşçuluq fabriklərinin fəaliyyətinə, o cümlədən istehsal və qablaşdırma prosesinə digər aidiyyəti dövlət strukturları tərəfindən də mütəmadi olaraq nəzarət həyata keçirilir. İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsi Şahin Nağıyev istehlak bazarında mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirildiyini deyir. O, bildirib ki, nəzarət tədbirləri mütəmadi xarakterlidir və istehlak bazarında digər məhsullarla yanaşı, quş ətinin keyfiyyətinə də ciddi nəzarət edilir. Ş.Nağıyev son günlərdə yayılmış məlumatların həqiqəti əks etdirmədiyini vurğulayaraq, istehlak bazarında quş ətinin bütün keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verdiyini bildirib. barədə məlumatlar yayıldıqdan sonra bir daha monitorinqlər aparılıb, satışdan toyuq nümunələri götürülərək laborator müayinədən keçirilib, quş ətinin bütün keyfiyyət göstəricilərinə uyğun olduğu müəyyən edilib: "Bu məlumatların heç bir əsası yoxdur və yerli quşçuluq məhsullarımız öz yüksək keyfiyyəti və çox çeşidliliyi ilə istehlakçıların tələbatına tam cavab verir".

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info