Xocalı soyqırımı - erməni faşizminin avtoportreti
Tarix: 24.02.2015 | Saat: 23:11:00 | E-mail | Çapa göndər


Bəşəriyyət tarixinə geniş bir zaman çərçivəsində nəzər saldıqda onun savaşsız, fəlakətsiz, iztirabsız günlərinin heyrətamiz dərəcədə az olduğunu görürük. Mütəxəssislərin hesablamalarına görə, son 200 ildə ən azı 22 müharibə baş verib. İyirmi birinci əsrin lap əvvəlindən - 2001-ci il 11 sentyabrdan ABŞ-ın beynəlxalq terrora qarşı müharibə elan etməsini və bu prosesin indiyədək davam etdiyini də nəzərə alsaq, deyə bilərək ki, üçüncü minilliyin bircə günü də savaşsız ötüşməyib. Bütün sivilizasiya tarixini əhatə edən beşminillik zaman kəsiyində 150 milyondan artıq insan bu müharibələrdə həlak olub. Həlak olanların da 73 faizi yalnız XX əsrdə baş vermiş müharibələrin payına düşür. Təkcə İkinci Dünya müharibəsindən sonra bütün dünyanın 151 yerində 231 silahlı konflikt baş verib ki, bunların da yarıdan çoxu 1990-cı ildən - Soyuq Müharibə qurtarandan sonrakı ən yaxın tarixi dövrə təsadüf edir.
Amma bütün müharibələrin içində öz miqyası, qəddarlığı, insanlığa sığmayan əməlləri ilə fərqlənən elə cinayət aktları vardır ki, onlara heç cür haqq qazandırmaq mümkün olmayacaq. Təkcə Azərbaycan tarixinin deyil, bütün bəşər tarixinin ən dəhşətli hadisələrindən biri olan Xocalı qətliamı məhz həmin cinayət aktlarından biridir.
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə birləşmiş rus-erməni silahlı qüvvələri Xocalıya hücum edərək tariximizə qanlı hərflərlə həkk olunmuş Xocalı soyqırımını törətdi. Amansızlığına görə dünya tarixində törədilmiş ən qəddar cinayətləri belə üstələyən bu soyqırımı aktı təkcə Azərbaycan türklərinə qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə, beynəlxalq sülhə qarşı törədilmiş ən ağır cinayət idi. Xocalı faciəsinə qədər Qarabağda baş verən bütün olaylar bu faciənin məqsədli şəkildə həyata keçirilən etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğuna heç bir şübhə yeri qoymur. Xocalının mühasirəyə alınaraq mülki şəxslərin şəhəri tərk etməsinə imkan verilməməsi ermənilərin əsl niyyətini açıq şəkildə ortaya çıxarır. O qanlı fevral gecəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 1275 nəfər əsir, 150 nəfər isə itkin düşdü. Öldürdükləri uşaqların, qocaların, qadınların cəsədlərini tanınmaz hala salmış erməni separatçılar bəşər tarixində ermənilik adına əbədi şərəfsizlik gətirən soyqırımı aktına imza atdılar. Faciənin törədilməsindən yalnız iki gün sonra hadisə yerinə çatmaq mümkün oldu. Şahidlərin qarşılaşdıqları tükürpərdici mənzərə sözlə ifadə edilə bilməyəcək qədər ağır və amansız idi. Bütün tarixi, kökü və ruhu ilə yaşadığı torpağa bağlı olan sadə insanların, o torpaqda yenicə ayaq tutub yeriməyə başlamış məsum uşaqların cəsədlərini soyuq qış fəslində isti vətən torpağı öz ağuşuna almışdı. Kim bilir, son nəfəslərində istəkləri, diləkləri nə olmuşdu soydaşlarımızın. Nəsibləri isə vətən torpağını qucaqlayaraq şəhidlik zirvəsinə ucalmaq oldu...
Bu qanlı hadisənin şahidi, bütün ailəsindən yalnız qucağındakı körpə qızını və 4 yaşlı oğlunu xilas edə bilmiş gənc bir ana göz yaşları içərisində, ürək parçalayan Xocalı tarixçəsini söyləyir: “Xocalıdakı ov silahlarını da camaatdan almışdılar. Bizim özümüzü müdafiə etməyə heç bir imkanımız yox idi. Yalnız ərim tüfəngini gizlədib saxlamışdı. Biz od-alov içərisindən viran olmuş Xocalının kənarına güclə gəlib çıxa bildik. Sonra gördük ki, silahlılar bizi izləyərək, güllələr yağdırır. Onlar bizə çatıb öldürmək, ya da əsir götürmək istəyirdilər. Ərim dayanıb onlara atəş açmağa başladı. Qışqırdı ki, “Qaçın, ələ keçməyin!” Ailəmizin üzvlərindən bir neçəsi arxadan vurulub yerə sərildi. O isə hələ də silahlılarla vuruşurdu. Mən ayaqyalın, başaçıq, iki balamla uzaqlaşıb kol-kosun içində, qaranlıqda gözdən itəndə güclə onun bağırtısını eşidirdim: “Qaçın, gizlənin, görünməyin!” Biz xilas olduq. O isə şəhid...”
Azərbaycanlı Ər son nəfəsinə qədər vuruşdu ki, özü ölsə də, ailəsi düşmən əlinə keçməsin. Bu faciədən möcüzəli təsadüf nəticəsində qurtulmuşların hamısı bu gün də Xocalı dərdinin ağır yükü altında inləyir. Milli qəhrəmanımız Çingiz Mustafayevin lentə aldığı dəhşətli görüntülər Xocalı faciəsinin miqyasını və erməni cəlladlarının vəhşiliyini bütün dünyaya nümayiş etdirir. Elə ermənilərin özləri də öz mənfur əməllərini etiraf etməkdən çəkinmir, yazdıqları ilə özlərini ifşa edirlər. Erməni millətçiliyinin və separatizminin baş ideoloqu, körpə balaların qatili Zori Balayanın Xocalı hadisələrindən 4 il sonra yazdığı “Qəlbimizin dirilməsi” kitabını oxuyarkən bir daha bunun şahidi olursan: Ermənistanın tanınmış ictimai fikir liderlərindən biri sayılan müəllif öz kitabında yazır: “... Biz Xaçaturla uşaqların saxlandığı zirzəmiyə enən vaxt, əsgərlərimiz artıq onlardan birini ovuclarından pəncərə çərçivəsinə mıxlamışdılar. Uşağın səs-küyünü azaltmaq üçün Xaçatur onun ağzına öldürdüyümüz anasının kəsilmiş döşünü soxdu. Sonra mən onun başının, döşünün və qarnının dərisini soydum. O, 7 dəqiqə sonra qan itirməsindən öldü. Birinci ixtisasıma görə həkim olduğum üçün humanistəm və ona görə də uşağın başına gətirdiklərimizdən sevinc duymadım. Lakin qəlbim şadlanırdı. Xaçatur uşağın bədənini hissələrə böldü və itlərə atdı. Axşam biz eyni hərəkətləri üç azərbaycanlı uşağı ilə etdik. Mən erməni, vətənpərvər və vətəndaş kimi borcumu yerinə yetirdim...”
Bu - XXI əsrdə erməni faşistinin özü tərəfindən öz qələmi ilə yaradılmış mükəmməl obrazı, avtoportretidir!
Qarabağın işğalı zamanı Zori Balayanın indiki Ermənistan prezidenti Serj Sərkisyanla birlikdə hərbi geyimli fotoları da onların birlikdə törətdiyi cinayət əməllərinin sübutudur. Bu ölkənin həkim-yazıçısı da, prezidenti də Xocalı soyqırımı və bütövlükdə Qarabağın işğalı üzərində “erməni millətinin qəhrəmanlarına” çevriliblər. Lakin tarixi həqiqətlər bunun qəhrəmanlıq deyil, növbəti xəyanət, bəşəriyyətə qarşı cinayət olduğunu sübut edir. Bu faciə Qafqazlarda türk tarixinin qanlı səhifələrindən biri olsa da, birincisi deyil. Xocalı soyqırımı bizi tarixi keçmişimizə yenidən nəzər salmağa və acı həqiqətləri bir daha xatırlamağa və xatırlatmağa sövq edir. Xocalı soyqırımının kökü baş verdiyi tarixdən çox-çox əvvəlki zamanlara gedib çıxır. Bu faciəyə təkcə Qarabağ ətrafında cərəyan edən hadisələrin tərkib hissəsi kimi yox, həm də Azərbaycanın tarixi uğurları, zəngin dövlətçilik ənənələri, ölkəmizin yerləşdiyi geopolitik məkan və Qafqaz regionunda tutduğu önəmli yer kontekstində yanaşmaq onun əsl səbəblərini üzə çıxarmağa kömək edər. Tarixdən yaxşı məlumdur ki, Azərbaycan dövlətçiliyi özünün ən yüksək zirvəsinə Səfəvilər dövlətinin yaradılması ilə çatmışdı. Zamanında böyük bir coğrafi məkanı əhatə edən bu dövlətin zəifləməsi ilə Azərbaycan öz sərhədləri içərisində daralmağa başladı. Səfəvilər dövlətinin süqutu, Azərbaycanın pərakəndə şəkildə xanlıqlara parçalanması sonda bütün regionun rus imperiyasının nəzarəti altına keçməsi ilə nəticələndi. Beləliklə, Azərbaycan dövlətçiliyinin zəifləməsi bütövlükdə Qafqaz regionunun imperiya caynağına keçməsinə səbəb oldu. Lakin faciə bununla bitmədi. Minilliklər ərzində Avrasiyanın sahibi olan qüdrətli türk dövlətçiliyinin dirçəlməsinə bir daha imkan verməmək məqsədi ilə Altaylardan Balkanlara qədər uzanan türk qurşağını parçalamağa çalışan rus imperiyası “məzlum” erməni tayfalarını məhz Qafqazda, əzəli türk torpaqlarında yerləşdirməyə başladı. Türk zolağının strateji mərkəzində yerləşən Azərbaycan imperyanın şikarına çevrildi. Son üç yüz ildə əhalisi daim artmaqda olan Azərbaycanın ərazisi daim azalmağa, dəfələrlə bölünərək imperiya tərəfindən udulmağa məruz qaldı və bugünkü Azərbaycan dövləti mövcud olduğu bütün siyasi-mədəni tarixi ərzində ən az torpaqlara malikdir. XX əsrdə çarizm imperiyasını əvəzləyən sovet imperiyası da bu “ənənəyə” sadiq qalaraq Azərbaycanı parçalamaqda davam etdi. Qəddarlığı ilə öz sələfindən heç də geri qalmayan sovet imperiyası soydaşlarımızın böyük bir hissəsini Asiya çöllərinə sürgün etməklə, Zəngəzur mahalını da ermənilərə təhvil verdi. Bütün bunlara mətinliklə sinə gərən millətimiz yetmiş il ərzində sovet əsarətinə qarşı mübarizəsini və milli azadlıq hərəkatını davam etdirdi. Bu üzücü mübarizə 20 Yanvar faciəsindən keçərək milli dövlətçiliyimizin bərpasına yol açdı.
Əslində, Xocalı hadisələri Azərbaycanda sovet imperiyasının dayaqlarını laxladan milli azadlıq hərəkatını boğmağa yönəlmiş Qanlı Yanvar faciəsinin davamı idi. Bu xalqımızın mübarizlik əzmini sındırmağa, Azərbaycanı yenidən əsarət altına almağa yönəlmiş zorakılıq aktı idi. Rus imperiyası törətmiş olduğu 20 Yanvar faciəsində əldə edə bilmədiyinə Xocalı faciəsində bilavasitə iştirak etməklə nail olmaq istəyirdi. Qafqazın itirilməsini heç zaman həzm edə bilməyən rus imperiyası Xocalı qətliamının törədilməsinə göstərdiyi “dəstəklə” yenicə müstəqilliyini bərpa etmiş Azərbaycana öz gücünü nümayiş etdirdi və əsl niyyətini ortaya qoydu. Xocalı soyqırımı, əslində, bütün dünya türklüyü qarşısına atılan imperiya “əlcəyi” idi.
Son iki yüz il ərzində rus imperiyasının köməyi ilə qədim türk torpaqlarında məskunlaşdırılmış, imperiya boyunduruğunda yaşamağa və imperiya buyuruqlarını məharətlə yerinə yetirməyə alışmış, ən çətin anlarda qonşularına dayaq olmaq əvəzinə xəyanət etməyi adət etmiş ermənilər isə həmişə olduğu kimi, bu dəfə də məkrli imperiya siyasətinin əsas ifaçıları kimi çıxış etdilər. Nəticədə növbəti dəfə torpaqlarımızın bir hissəsini tərk etməyə məcbur edilsək də, müstəqillik idealından geri çəkilmədik.
Bütövlükdə tarixən Qafqazın dövlətçilik ənənəsinin əsas hissəsini məhz Azərbaycanın dövlətçilik ənənəsi təşkil etmişdir. Buna görə də rus imperiyası mövcud olduğu bütün zamanlarda Azərbaycan dövlətçiliyini, xüsusilə onun digər türk dövlətləri ilə müttəfiqləşib güclənməsini öz imperialist maraqlarına ciddi təhlükə hesab etmişdir. Çünki güclü Azərbaycan həm də güclü Qafqaz deməkdir. Lakin bu reallığı qəbul etməyən, imperiya tərəfindən “böyük Ermənistan” xülyası ilə “yemlənən” ermənilər tarix boyu imperiya siyasətinin ucuz aləti kimi Qafqazda dağıdıcılıq missiyasını məharətlə yerinə yetirmiş və bu gün də Azərbaycan ərazisində separatizmi alovlandırmaqla, çirkin ənənələrinə sadiq qalmaqdadırlar.
Yaxın keçmişimizin ən faciəvi hadisələrindən biri olan Xocalı soyqırımı erməni təfəkkürünün və tipik erməni xarakterinin təkcə onun qonşuları üçün deyil, bütövlükdə bəşəriyyət üçün nə qədər təhlükəli olduğunu bir daha sübut etdi. Erməni xarakterinə xas olan terrorizm, etnik təmizləmə və işğalçılıq siyasəti müasir dünyada dayanıqlı sabitliyə və sülhə ən böyük təhdid mənbələri kimi çıxış edir. Tarix boyu iyrənc “keyfiyyətlərini” qoruyub saxlamağa nail olmuş ermənilər isə bu gün düşdükləri aciz vəziyyətin kökündə məhz sahib olduqları ermənilik xarakterinin dayandığının fərqində deyillər. Bununla, ermənilər təkcə Qafqaz regionunda deyil, bütün dünyada sabitliyin təmin olunmasına qarşı ən böyük maneə kimi çıxış edir və beynəlxalq humanizm siyasətinə ağır zərbələr vururlar. Ermənilər üçün müstəqillik heç zaman milli məqsəd olmayıb və bu gün də əsas şərt deyildir. Bu gün Ermənistanın bütün sahələrdə Rusiyadan asılı vəziyyətə düşməsi və həmişə olduğu kimi, onun “vassalı” və lazım olduqda isə “forpostu” rolunda çıxış etməsi bunu bir daha sübut edir. Vaxtilə əhalisinin əhəmiyyətli qismi Azərbaycan türklərindən və digər millətlərdən ibarət olan Ermənistanda bu gün vəziyyət tamamilə fərqlidir. Etnik təmizləmə nəticəsində digər millətlərin nümayəndələri zorla öz tarixi yurd-yuvalarından qovulmuş və qonşu dövlətlərdə məskunlaşmağa məcbur olmuşlar. Ermənistan mono-etnik dövlətə çevrilmişdir. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Azərbaycan həmişə olduğu kimi, bəşəri dəyərlərə, regionda sülh və sabitliyə real təhlükə mənbəyi olan mənfur qüvvələrə qarşı qətiyyətlə mübarizə aparmaqdadır. Nə qədər çətin olsa da, Azərbaycan dövləti və xalqı təkcə öz milli maraqları üçün deyil, bütövlükdə ümumbəşəri dəyərlərinin qorunub saxlanılması üçün öz mübarizəsini fədakarlıqla davam etdirməkdədir. Azərbaycan bütün tarixi boyu çoxsaylı millətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı, bütün dünyaya tolerantlıq örnəyi olan bir məkandır. Hətta Azərbaycan vətəndaşı olan çoxsaylı etnik ermənilər də heç-bir milli ayrı-seçkiliyə məruz qalmadan bu gün də Azərbaycanda yaşamaqda davam edirlər. Bu fakt bir daha Azərbaycan xalqının sülhpərvərliyini, dözümlülüyünü və birgəyaşayış ənənələrinə, multikulturalizm ideallarına sadiqliyini nümayiş etdirir.
Xocalı soyqırımının insanlıq əleyhinə törədilmiş cinayət kimi tanıdılması təkcə Azərbaycan üçün deyil, həm də dünya birliyi üçün beynəlxalq əhəmiyyət kəsb edir. Hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Xocalı hadisələrinin soyqırımı elan olunması xüsusi əhəmiyyətə malik oldu. Həmin tarixdən etibarən Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi daha geniş miqyasda anılmağa başlandı. O zamankı Azərbaycan Prezidenti Heydər Əliyevin vurğuladığı kimi, “bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”. Heydər Əliyev tərəfindən 1998-ci ildə imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda soydaşlarımıza qarşı törədilmiş kütləvi qırğınların soyqırımı xarakteri daşıması, azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətinin aparılması açıq şəkildə ifadə olunmuşdur. Həmin fərmana uyğun olaraq, 31 mart günü son yüz ildən artıq müddətdə davam edən qırğınların qurbanı olmuş soydaşlarımızın xatirəsinə ehtiram əlaməti olaraq “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir.
Bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesində Xocalı soyqırımının tanıdılması xüsusi yer tutur. Dövlət başçısı çıxışlarında dəfələrlə Xocalı faciəsinə toxunaraq, bu hadisəni törədənlərin əsl niyyətlərini, bəşəriyyətə qarşı törədilmiş ağır cinayət aktının mahiyyətini açıq şəkildə ifadə etmişdir. Prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleskinin açılışında qeyd edirdi: “Xocalı soyqırımını törədənlər bu gün Ermənistan rəhbərliyində təmsil olunan adamlardır. Bu faciə dünyanın gözü qabağında baş vermişdir. Yəni biz bunu "erməni soyqırımı" mifi kimi heç bir əsası olmayan mifologiya əsasında deyil, real faktlar əsasında görürük. Videomateriallar, fotoşəkillər, canlı şahidlərin ifadələri - bütün bunlar həqiqətdir və reallıqdır”.
Bu faciənin geniş miqyasda tanıdılması isə hər bir azərbaycanlının müqəddəs borcudur. Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda islam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən uğurla həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası artıq öz bəhrələrini verməkdədir. Kampaniya çərçivəsində dünyanın bir çox ölkəsində Xocalı faciəsinə həsr olunmuş tədbirlərin keçirilməsi əsl həqiqətlərin, Ermənistan tərəfindən ölkəmizə qarşı yürüdülən təcavüzkar siyasətin mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynamaqdadır. “Xocalıya ədalət” kampaniyasının ən uğurlu nəticəsi bu faciənin Pakistan, Meksika, Peru, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina kimi dövlətlərin parlamentləri, eləcə də bir çox beynəlxalq təşkilatlar tərəfindən soyqırımı aktı kimi tanınması olmuşdur. Eyni zamanda dünyanın bir çox şəhərlərində dünya xalqlarının soydaşlarımıza qarşı törədilmiş soyqırım aktı haqqında məlumatlandırılması məqsədilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirən abidələr ucaldılmaqdadır. Kampaniyanın Xocalı faciəsini soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanımaq tələbini irəli sürən Müraciətini artıq bütün dünyada on minlərlə insan imzalayıb.
Bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, ölkəmizin davamlı inkişafa nail olması və regionun aparıcı dövlətinə çevrilməsi həm də Qarabağ münaqişəsinin Azərbaycanın milli maraqları çərçivəsində həllini yaxınlaşdırır. Bu məsələdə Azərbaycanın ən güclü silahı - onun haqlı mövqeyə malik olmasıdır. Azərbaycanın haqlı mövqeyinin arxasında beynəlxalq siyasətin ədalətli münasibətini və beynəlxalq hüquq normalarının yerinə yetirilməsini tələb etmək iradəmiz dayanır. Dövlətlərin ərazi bütövlüyünə, ölkələrin suverenliyinə qarşı real təhdidlərin olduğu halda, gücdən istifadə etmək hüququ kimi beynəlxalq hüququn prinsipləri Azərbaycana istənilən yolla öz torpaqlarını azad etmək, öz sərhədləri daxilində suverenliyini bərpa etmək imkanları yaradır. Lakin təəssüflər olsun ki, Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüquq normalarının hələ də gerçəkləşmədiyinin, formal təsdiqdən o yana keçmədiyinin şahidi oluruq. Bu faktor, nə qədər acı olsa da, dünya siyasətində hələ də qlobal güclərin, onlara xidmət edən ayrı-ayrı dairələrin maraqlarının üstünlük təşkil etdiyini göstərir. Amma Azərbaycanın qüdrətli və nizami orduya, Qarabağ probleminin həlli yolunda dövlətin və onun vətəndaşının yekdil fikrə malik olması torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi günün heç də uzaqda olmadığından xəbər verir. Bunu isə biz özümüz etməliyik. Azərbaycanın əsrlər boyu davam edən torpaq itkilərinə son vermək zamanı yetişmişdir. Qarabağ və onun sağalmayan yarası olan Xocalı soyqırımı Azərbaycanın və dünya türklüyünün taleyində tarixi dönüş nöqtəsi olmalıdır. Ata-baba yurdlarımıza dönüş, türk birliyinin möhtəşəm tarixinə dönüş məhz Qarabağın azadlığından keçir. Şanlı tariximizə şərəfli dönüşü həyata keçirmək, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək həm də gələcək nəsillər qarşısında müqəddəs borcumuzdur.
Cavanşir Feyziyev
Millət vəkili,
fəlsəfə doktoru,
Mətbuat Şurası İdarə Heyətinin üzvü




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info