NDU-da elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu yaradılıb
Tarix: 25.02.2015 | Saat: 20:18:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu” layihəsinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Ali Məclisin Sədri Vasif Talıbov və Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk İn İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin açılışını bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olublar.
Bildirilib ki, İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi kamera nəzarət sistemi, server və texniki təminat otaqlarından ibarətdir. Mərkəzdə 30 terabayt həcmində xüsusi serverlər və internet paylaşdırıcılar yerləşdirilib, 202 İP telefon quraşdırılaraq universitet vahid telefon şəbəkəsinə qoşulub. Mərkəzi server xüsusi təhlükəsizlik proqramları ilə təchiz olunub, otaqlarda yanğından mühafizə və kartla giriş sistemi yaradılıb. Layihə çərçivəsində tələbə və müəllimlərin kodlaşdırılması aparılıb, tələbələr üçün 14 min İD tələbə bileti, müəllimlər üçün 2 min İD kart hazırlanıb. Universitetin professor-müəllim və tələbə kontingenti haqqında məlumatlar, idarəetmə ilə bağlı sənədləşmə işləri, müəllimlərin elektron imzaları yeni qurulmuş sistemə köçürülüb, tədris planları və mühazirələrin elektron bazası yaradılıb.
Kamera nəzarət sisteminə birləşdirilən 47 videokamera vasitəsilə imtahanların gedişini birbaşa izləmək, yaddaşda saxlamaq və universitet ərazisinə nəzarət etmək mümkündür.
Rəqəmsal multimedia infrastrukturu ilə tanışlıq zamanı məlumat verilib ki, universitet televiziyasında yaradılan yeni infrastruktur videodərslərin hazırlanmasına və distant tədrisin tətbiqinə də imkan verəcək. Bu məqsədlə “Universitet” televiziyasına 2 televizor, 5 yaxa və 2 masaüstü mikrofon dəsti, 6 səs gücləndirici, 1 montaj kompyuteri, 2 videokamera və 12 proyektor verilib, virtual studiya quraşdırılıb. Sistem onlayn dərslərin hazırlanması və studiya çəkilişlərin aparılması üçün xüsusi proqramla təmin olunub. Hazırda “Universitet” televiziyasının və “Nuhçıxan” radiosunun Naxçıvan şəhərində rəqəmsal formatda yayımına başlanılıb. Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr yaradılan şəraitdən istifadə etməklə təcrübi biliklərini daha da möhkəmləndirəcəklər.
Ali Məclisin Sədri elektron mühazirə və imtahan otaqlarına baxıb.
Qeyd olunub ki, layihəyə uyğun olaraq 350 kompyuter alınıb, universitetin fakültələrində 15 elektron kürsülü auditoriya, hər biri 29 kompyuterlə təmin edilmiş 12 imtahan otağı yaradılıb. Universitet şəhərciyində 3900 metr optik kabel xətti çəkilib, tədris korpuslarının internet xətləri yenilənərək 14 server otağı qurulub. Həmçinin elektron kitabxanada yeni internet mərkəzi istifadəyə verilib. Fakültələrdə elektron cədvəllərin və məlumatların nümayişi üçün 30 monitor qoyulub, senat otağında policam kamera, 21 nəfərlik mikrofon, 3 elektron monitor və 1 elektron kürsü quraşdırılıb. Bütün bunlar da videokonfransların təşkilinə, tədris, imtahan və qiymətləndirmə proseslərinin daha şəffaf və çevik formada aparılmasına imkan verəcək.
Sonra tədbir iştirakçıları Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə baxıblar. Sərgidə universitetin müəllim və tələbələrinin müxtəlif janrlarda çəkdikləri 30 rəsm əsəri nümayiş olunub.
Tədbir konservatoriya binasının akt zalında davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Dövlət Universitetində yeni elektron təhsil şəbəkəsinin istifadəyə verilməsi münasibətilə universitetin kollektivini təbrik edib, yeni təhsil infrastrukturunun qurulmasının təşəbbüskarlarına və təşkilatçılarına təşəkkür edərək deyib: Hər bir cəmiyyətin inkişafının kökündə elm və təhsil dayanır. Müasir dünyanın mənzərəsinə nəzər salsaq görərik ki, elmə və təhsilə üstünlük verən ölkələr daim irəli gedir və tərəqqiyə qovuşurlar. Bu ölkələrin sırasında müstəqil Azərbaycanın da özünəməxsus yeri var. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində yüksək bilikli və ixtisaslı gənc kadrların hazırlanmasını diqqətdə saxlamaqla Azərbaycanın inkişafını təmin etmişdir. Bu gün Ümummilli Liderimizin müəyyənləşdirdiyi təhsil strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkə rəhbəri dəfələrlə bildirib ki, Azərbaycanda milli tərəqqinin, gələcək inkişafın əsasının qoyulması elm və təhsilin inkişafından, gənclərin müasir biliklərə yiyələnməsindən asılıdır.
Ali Məclisin Sədri deyib: Ölkəmizdə insan kapitalının formalaşmasında təhsilin digər pillələri kimi, ali təhsilin də rolu əvəzsizdir. Əgər orta məktəb insanı həyata hazırlayırsa, ali məktəb onu yüksək ixtisaslı kadr kimi, müəyyən bir sahənin mütəxəssisi kimi yetişdirir. Bu mənada Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında ali məktəbə, ali təhsilin təşkilinə ciddi diqqət yetirilir. Ölkəmizin ali məktəblər ailəsinin layiqli üzvü olan Naxçıvan Dövlət Universiteti fəaliyyət istiqamətinə görə möhkəm milli əsaslara malik olan ali məktəbdir. Bu təhsil ocağında yeni tədris korpusları istifadəyə verilmiş, maddi-texniki baza xeyli möhkəmlənmiş, tədris müasir dünya təhsilinin tələblərinə uyğun qurulmuşdur. Bu da kadr hazırlığını xeyli yaxşılaşdırmış, yeni ixtisaslar açılmışdır. Bu gün Naxçıvan Dövlət Universiteti böyük və davamlı inkişafa malikdir. Aparılan məqsədyönlü işin, həyata keçirilən kompleks və sistemli tədbirlərin nəticəsidir ki, Naxçıvan Dövlət Universiteti son illərdə təlimin müvəffəqiyyət və keyfiyyət göstəricilərinə görə Azərbaycanın ali məktəbləri arasında layiqli yerini tutmuşdur. Bu yaxınlarda Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi “Təhsil siyasəti üzrə təşəbbüskarlıq” istiqaməti əsasında Azərbaycanın ali təhsil müəssisələrinin reytinq cədvəlində Naxçıvan Dövlət Universiteti birinci yeri tutmuşdur.
Ali Məclisin Sədri yüksək nəticəyə görə universitetin kollektivinə təşəkkür edərək deyib ki, əldə olunan nailiyyətlər Naxçıvan Dövlət Universitetinə dünyanın qabaqcıl ali təhsil müəssisələri ilə faydalı əməkdaşlıq əlaqələri qurmaq imkanı yaratmışdır. Bu gün Naxçıvan Dövlət Universiteti dünyanın 80-ə yaxın ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsidir ki, Naxçıvan Dövlət Universitetində 360-a yaxın xarici tələbə təhsil alır.
Qeyd olunub ki, Naxçıvan Dövlət Universitetinin faydalı tədris, elmi və tələbə mübadiləsi apardığı ölkələrdən biri də Koreya Respublikasıdır. Bu ölkə böyük iqtisadi, elmi və təhsil potensialına malikdir. Dünya iqtisadçıları müxtəlif dövrlərdə inkişaf edən ölkələrin müqayisəli təhlilini apararaq bu qənaətə gəliblər ki, XX əsrdə Yaponiyada bu proses 34 ilə başa çatıbdırsa, Cənubi Koreyada yüksək inkişaf üçün 11 il vaxt lazım olub. Koreyanın böyük iqtisadi sıçrayışı təhsilə göstərilən qayğının nəticəsidir. 50 milyona yaxın əhalisi olan bu ölkədə 400-dən çox universitet var. Lisey məzunlarının 84 faizi universitetlərə qəbul olunur. Universitet məzunlarının isə 40 faizi elm sahəsində çalışır. Ümumi daxili məhsulda elmi araşdırmaların payı 4 faizə yaxındır. Cənubi Koreyanın təhsilə və elmin inkişafına göstərdiyi qayğı digər sahələrin də sürətli inkişafını təmin edib, informasiya texnologiyaları sektorunun inkişafı müstəsna üstünlük qazanıb.
Ali Məclisin Sədri deyib: 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılmasına dair Qrant Sazişi imzalanmış və layihənin icrasına başlanılmışdır. Bu layihə miqyasına görə Koreyanın xarici ölkələrdə həyata keçirdiyi ən böyük layihələrdəndir. Yaradılan yeni sistem Naxçıvan Dövlət Universitetində idarəetmənin təkmilləşdirilməsi, elektron sənəd dövriyyəsinin təşkili, tədrisin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Ali Məclisin Sədri bütün bunlara görə Koreya Respublikasının hökumətinə minnətdarlığını bildirib, layihənin uğurlu icrasına görə bu ölkənin Azərbaycandakı səfirliyinə və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinə təşəkkür edib, universitetin professor-müəllim heyətinin və tələbə kollektivinin layihənin imkanlarından səmərəli istifadə edəcəklərinə əminliyini vurğulayıb.
Naxçıvan Dövlət Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək deyib ki, universitet son 20 ildə böyük inkişaf yolu keçərək müasir tipli və çoxprofilli ali təhsil mərkəzinə çevrilib. Hazırda Naxçıvan Dövlət Universitetində 58 ixtisas üzrə 5349 tələbə təhsil alır. Universitetin müəllimlərindən 9-u Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvü, 28-i elmlər doktoru, 177-si fəlsəfə doktorudur. Naxçıvan Dövlət Universitetində tədrisin yeni texnologiyalar əsasında yenidən qurulması da diqqət mərkəzində saxlanılıb, elektron kitabxana, universitet ərazisini əhatə edən simsiz internet şəbəkəsi istifadəyə verilib.
Rektor Naxçıvan Dövlət Universiteti ilə Koreyanın Busan Kyumqsunq, Dequ və Kim Çonq universitetləri arasında səmərəli əməkdaşlıqdan danışaraq qeyd edib ki, hazırda universitetdə 10 koreyalı tələbə təhsil alır, Koreya dili hazırlıq mərkəzi fəaliyyət göstərir. Mərkəzdə Koreya dilini öyrənən tələbələrin sayı 50-dən artıqdır. Bu da müəllim-tələbə mübadiləsinin səmərəli təşkilinə imkan verir. Həmçinin beynəlxalq münasibətlər fakültəsində “Koreyaşünaslıq” fənni tədris olunur. Saleh Məhərrəmov Naxçıvan Dövlət Universitetində yaradılan elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturuna görə universitetin professor-müəllim heyəti və tələbə kollektivi adından minnətdarlıq edib.
Tədbirdə Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk İn çıxış edərək deyib ki, “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu” layihəsi Koreya Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin inkişafının daha bir ifadəsidir. Bu layihə Naxçıvan Dövlət Universitetinin xarici ölkələrin, o cümlədən Koreya Respublikasının ali təhsil müəssisələri ilə əlaqələrinin daha da genişlənməsinə və yüksəkixtisaslı kadrların hazırlanmasına öz töhfəsini verəcək. Səfir layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Cənubi Koreyanın Dongwon şirkətinin direktoru Hong Yong Hye qarşılıqlı səylər nəticəsində həyata keçirilən bu layihənin elektron tədris sisteminin inkişafındakı rolundan danışıb.
Tədbir iştirakçıları elektron təhsil şəbəkəsinin yaradılmasından bəhs edən filmə baxıblar.
Sonda Naxçıvan Dövlət Universitetinin xarici və yerli tələbələri konsert proqramı ilə çıxış ediblər.







 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info