Kiyev Dövlət Tibb Universitetinin tələbəsi: “Ukraynada tibb Azərbaycandan geri qalıb”
Tarix: 02.03.2015 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


“Nəinki xaricdə təhsil alan gənclərimiz, başqa ölkələrdə yaşayan soydaşlarımız da təbliğat kampaniyalarında aktiv olmalıdırlar”

Müsahibimiz son illərin ən ağır dövrünü yaşayan bir ölkədə-Ukraynada ali təhsil alan azərbaycanlı tələbə Təranə Şahbazovadır. Təranə xanım elmin ən çətin və məsuliyyətli qollarından sayılan tibb sahəsini seçib və Ukraynada təhsilini uğurla davam etdirir. Bu savadlı və aktiv gənclə olan müsahibəni oxuculara təqdim edirik:
-Özünüz barədə məlumat verərdiniz.
-Mən, Şahbazova Təranə 1989-cu ildə Bakı şəhərində doğulmuşam. Orta təhsilimə elə göz açdığım paytaxtda, Bakının 17 saylı orta məktəbində başlamışam və buranı əla qiymətlərlə bitirdim. Xaricdə təhsil almaq marağı məndə digər gənclər kimi güclü olub. Çünki biz gənclər daim dünyaya çıxmaq, yeniliklərdən, fərqli təhsil və yaşamdan xəbərdar olmaq arzusunda və istəyində oluruq. Bu mənada mən də orta təhsilimi bitirdikdən sonra başqa bir ölkəyə üz tutdum. 2010-cu ildə ali təhsil almaq uçun Ukraynanın Kiyev şəhərinə gəldim. Hazırda Kiyev Dövlət Tibb Universitetində müalicə işi üzrə təhsil alıram. Ailəliyəm. Bir qızım var.
-Yəqin Ukraynaya böyük marağınız olub. Yoxsa başqa səbəblər sizi bu ölkəyə bağladı?
-Ümumiyyətlə, kiçik yaşlarımdan mənim Ukraynadan və ən əsas da paytaxt Kiyev şəhərindən çox xoşum gəlirdi. Bu ölkə haqqında, yerli xalqın mədəniyyəti, həyat tərzi, mentaliteti barədə daim maraqlanırdım. Sonradan həyat elə gətirdi ki, təhsil uçun valideynlərimin məsləhəti ilə məhz bu ölkəni seçdik. Düşünürəm ki, xaricdə sərfəli təhsil uçun Ukrayna ən əlverişli ölkədir. Kiyev şəhərinin mənim üçün xüsusi bir cəhəti də öz həyat yoldaşımla bu şəhərdə tanış olmağımdadır.
Universitetimiz haqqında isə onu deyə bilərəm ki, bizim ali təhsil ocağı Ukraynada tibb sahəsində bir nömrəli universitetdir. Ümumilikdə isə Ukrayna təhsil sisteminə görə bir çox keçmiş sovet dövlətləri arasında öndə gedir. Özüm də təhsilimi uğurla davam etdirirəm və deyərdim ki, heç bir çətinliklərim olmur.
-Təhsilinizi uğurla davam etdirdiyinizi dediniz. Bəs ictimai işlərdə necə, aktivsinizmi?
-Ukraynaya təhsil almağa gəldiyim ilk günlərdən mənim diaspor fəaliyyətinə marağım çox olub. İlk vaxtlarda mənimlə təhsil alan azərbaycanlı tələbələrlə universitetimizdə bir neçə tədbirlər də keçirtmişik. Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatı ilə tanışlıqdan sonra artıq pərakəndə şəkildə deyil, şəbəkələşmiş formada fəaliyyət göstəririk. Bundan sonra da, istər təşkilatımız adına, istərsə də öz adıma Azərbaycan naminə səmərəli fəaliyyət göstərməyə hazıram. Çünki bu, mənim xaricdə yaşayan azərbaycanlı olaraq borcumdur. Düşünürəm ki, nəinki hər bir xaricdə təhsil alan gəncimiz, eləcə də başqa ölkələrdə yaşayan soydaşlarımız da ölkəmiz, millətimiz adına olan bütün tədbirlərdə aktiv olmalı, təbliğat kampaniyalarında yaxından iştirak etməlidirlər. Çünki bu gün bizim çox hiyləgər və hər yerdə fağır, günahsız olduğunu deyən düşmənimiz var. Əgər biz bu gün həqiqətən də baş vermiş faciələrimizi real görüntülər, faktlarla dünyaya çatdırmasaq, düşmənlərimizin mövcud olmayan soyqırımı iddiaları daha real görünəcək. Əgər biz işğal altında olan torpaqlarımızla bağlı real vəziyyəti yaşadığımız ölkələrdə təbliğ edib gündəmə daşımasaq, Ermənistan öz lobbisinin gücünə Dağlıq Qarabağı erməni torpağı kimi dünyaya tanıtmaqda davam edəcək. Düzdür, bu gün reallığı görən dünya artıq tamama başqa fikirdədir. Yəni, on beş il əvvəl olduğu kimi artıq erməni yalanı işləmir və Azərbaycan o qədər güclənib ki, bir çox ölkələr onunla hesablaşır, onu dinləyir, təbliğatları üçün geniş meydan verir və ən əsası bizə hörmətlə yanaşırlar, nəinki Ermənistana və ya erməni lobbisinə. Amma yenə də görüləcək işlər çoxdur. Bəlkə də mənim seçdiyim sahə dəqiq elmlərlə bağlı olmasaydı, hansısa bir tarix fakültəsində və ya beynəlxalq hüquqda oxusaydım indi daha çox təbliğatda iştirak edərdim, daha çox imkanlarım, biliyim olardı ki, hüquqi, tarixi əsaslarla çıxışlar edib əcnəbilərin diqqətini reallığa cəlb edə bilim. Amma yenə də başqa formalarda bu kimi təbliğatlara, tədbirlərə öz töhfəmi verməkdə davam edirəm.
-Azərbaycan tibbi ilə Ukrayna tibbi arasında müqayisələr aparmısınızmı?
–Təbii ki, gördüklərimə əsaslanıb müəyyən qənaətə gələ bilmişəm. Burada tibb hazırda yüksəlmək əvəzinə aşağı səviyyəyə enib. Yəni, Azərbaycandan geri qalıb desəm, yanılmaram. Düzünü desəm, Ukraynadakı həkimlərə güvənmirəm nədənsə. Bir çox tibb məntəqələri və xəstəxanalarda olduğum üçün bu qənaətə gəlmişəm. Sizə adi bir misalı deyim ki, hətta mən öz övladımı dünyaya burada yox, məhz Bakıda dünyaya gətirmişəm. Ukraynanın dərman istehsalı, keyfiyyəti yaxşı olsa da, həkimləri çox da bilikli deyillər. Bunun dəfələrlə şahidi olmuşam. Xüsusən də, gələn yeni gənc nəsil az oxumaq səbəbindən, ya nədənsə əvvəlkiləri heç cür əvəz edə bilmirlər.

“Düşünürəm ki, isti münasibətlərin saxlanmasında hazırkı Azərbaycan hakimiyyətinin də yürütdüyü siyasətin xüsusi önəmi var. Çünki Ukraynada hakimiyyət dəyişdi,amma Azərbaycanla olan münasibətlərdə dəyişiklik olmadı. Bu da bizim onlara qarşı sərgilədiyimiz doğru siyasətin nəticəsi kimi qiymətləndirilə bilər”.

-Bəs, ümumilikdə ukraynalılar haqqında nə deyə bilərsiniz?
- Bildiyiniz kimi,Ukrayna çoxmillətli ölkədir. Bura ən azından təhsil üçün gələn tələbələrin sayına baxanda görürsən ki, on minlərlə əcnəbi var. Onu da deyim ki, yerli xalq çox mehriban və tolerantdır. Ukraynada təhsil alan xarici tələbələrə xüsusi hörmət var. Bu tələbələrin içərisində azərbaycanlılar əhəmiyyətli yer tuturlar. Ukrayna xalqı tarix boyu bizimlə dostluq münasibətlərində olub. Bu gün də bu münasibət, sıx əlaqələr davam edir. Düşünürəm ki, isti münasibətlərin saxlanmasında hazırkı Azərbaycan hakimiyyətinin də yürütdüyü siyasətin xüsusi önəmi var. Çünki Ukraynada hakimiyyət dəyişdi,amma Azərbaycanla olan münasibətlərdə dəyişiklik olmadı. Bu da bizim onlara qarşı sərgilədiyimiz doğru siyasətin nəticəsi kimi qiymətləndirilə bilər. Bildiyiniz kimi Ermənistandan fərqli olaraq Azərbaycan Krım məsələsində obyektiv mövqe sərgilədi. Prezidentimiz də Ukraynanın, nəinki Ukraynanın bütün dövlətlərin ərazi bütövlüyünün tanınmasını vacib saydı.
-Azərbaycanlı gənclərlə sıx əlaqədə olursunuzmu?
- Bəli, əlaqələri kəsmirik, daim həm burada olan gənclərimizlə, həm də ümumilikdə Azərbaycandakı həmyaşıdlarla, tanışlarla əlaqələr qururuq. Ümumiyyətlə məni sevindirən hal odur ki, bu gün gəncliyimiz inkişaf edir. Bunu qurduğum təmaslardan da aşkar hiss etmək mümkündür. İnkişaf deyəndə, təkcə gənclərimizin çoxunun xarici dil bilməsini təbii ki, nəzərdə tutmuram. Yəni, artıq gənclərimiz öz üzərlərində daha çox işləyirlər, əvvəlki illərlə müqayisədə gəncliyimiz xeyli irəli gedib. Dövlət də onlar üçün geniş imkanlar açır. Bu da təqdirəlayiq haldır. Xaricdə təhsil alan bir azərbaycanlı gənc olaraq ölkəmizdə aparılan gənclər siyasətindən çox razıyam, Prezidentimiz İlham Əliyevin gənclər üçün yaratdığı şəraiti yüksək qiymətləndirirəm.
- Ukraynada hazırda çətin siyasi və iqtisadi durum yaranıb. Bu, azərbaycanlılara hansısa formada təsir edirmi?
-Əlbəttə edir. Tək burada yaşayan və oxuyan azərbaycanlılara deyil, ümumilikdə hər kəsin həyat tərzinə təsirsiz ötüşmür, bu proseslər. Ukraynada yaşayan azərbaycanlıların bir çox problemləri var. Son dövrlərdə Ukraynanın şərqində baş verən siyasi hadisələr nəticəsində orada yaşayan soydaşlarımızın yaranan problemlərinin həllində Ümumukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov da yaxından iştirak edir və lazımi dəstəyi göstərir.
Amma bütün bu problemlər bizim fəaliyyətimizə təsir etmir və hətta fevral ayının 15-dən təşkilatımız Xocalı soyqırımı ilə bağlı tədbirlərə start verib. Ukraynanın bir çox universitetlərində, bir neçə şəhərlərdə bu tədbirlər baş tutub. Gələcəkdə Qadınlar Şurasının yaradılmasına da çalışacağam. Redaksiyanıza təşəkkürüm bildirirəm ki, bizlərlə maraqlanırsınız, gənclərə dəstək olursunuz.
Tural Tağıyev






 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info