“Sənaye və aqroparklar qeyri-neft sektorunda yeni iş yerləri yaradacaq”
Tarix: 02.03.2015 | Saat: 22:12:00 | E-mail | Çapa göndər


İqtisad elmləri doktoru Müslüm İbrahimov: “Bu parklar regionlarda iri istehsal klasterlərinin, regional aqrosənaye komplekslərinin yaranmasına imkan verəcək”
Ölkədə aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Aqrar sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb, normativ hüquqi baza təkmilləşdirilib. 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan edilməsi haqqında ölkə başçısının sərəncamında da göstərilir ki, kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Qeyd edilir ki, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Bu sahədə mövcud vəziyyət və həlli vacib məsələlərlə bağlı müsahibimiz İqtisad Universitetini dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimovdur:
-Ərzaq təhlükəsizliyi enerji təhlükəsizliyi qədər önəmlidir. Daxili bazarların daxili resurslar hesabına təmin edilməsi üçün hansı addımlar atıla bilər?
- Ərzaq təhlükəsizliyi problemi çoxşaxəli problemdir və əsasən iki aspektdə baxılır: istehsal və istehlak baxımından. Enerji təhlükəsizliyi ilə müqayisədə daha əhəmiyyətli yerə malikdir. İnsan istənilən vaxt aktiv və sağlam həyat tərzi sürmək üçün optimal olaraq sutkada 1800-2500 kalori qəbul etməlidir ki, gündəlik həyat tərzi sürə bilsin, yəni insan gün ərzində sərf edəcəyi enerjini məhz istehlak etdiyi qidadan alır. Bu da onun kifayət qədər keyfiyyətli qida məhsullarına fiziki və iqtisadi çıxış imkanlarına malik olması deməkdir. Aqroərzaq məhsullarına olan gündəlik tələbat qida sənayesinin və kənd təsərrüfatı sahəsinin strateji olduğunu sübut edir. Ümumilikdə milli təhlükəsizlik sisteminin ayrılmaz elementinə çevrilir. Tarix göstərir ki, ərzaq qıtlığı və ya ərzaq məhsulları qiymətlərinin artması səbəbindən ölkələrdə siyasi kataklizmlərin və sosial münaqişələrin yaranmasına şərait yaradır. Bütün bunlar hər hansısa bir ölkənin bu problemin həllində əhəmiyyətli addımların atmasına vadar edir.

“Ərzaq təhlükəsizliyi probleminin daxili resursların hesabına həlli ərzaq asılılığı probleminin həllinə kömək edir”

Ərzaq təhlükəsizliyi probleminin daxili resursların hesabına həlli digər bir problemin ərzaq asılılığının həll edilməsinə kömək edir. Ona görə də ölkələr strateji kənd təsərrüfatı məhsulları sayılan taxıl, meyvə-tərəvəz, ət-süd məhsulları istehsalının mövcud daxili resursların hesabına ödənilməsində müxtəlif istiqamətdə işlər aparırlar. Müasir şəraitdə genetik və transgenetik və digər biotexnoloji metodlardan istifadə yolu ilə əhalinin artımı və iqlim dəyişikliyi, dünya aqroərzaq qiymətlərin artması və digər problemlərin həlli mümkündür. Baxmayaraq ki, son vaxtlar GMO ərzaq məhsullarına qarşı mənfi yanaşmalar mövcuddur, bu məsələ çox aktualdır ona görə ki, optimal istehlakı problemini həll edir. Biz də bu sahədə müəyyən işlər aparmalıyıq. Təbii ki, yenidən Amerika açmağa ehtiyac yoxdur. Söhbət mövcud biotexnoloji və digər üsullarla daha məhsuldar kənd təsərrüfatı bitkiləri sortların ölkəmizin aqro-iqlim şəraitinə adaptasiya işlərin aparılmasından gedir. Bildiyimiz kimi hələ Sovet İttifaqı vaxtında Azərbaycanın şəraitinə uyğunlaşma üzrə elmi-tədqiqat təcrübələrin aparılması nəticəsində bir neçə kənd təsərrüfatı bitkilərinin istehsalı başlayıb. Onların arasında pambıq, qarğıdalı, çay, düyü və sair. Belə yanaşma aqrar sahəsində dərin ixtisaslaşmanın aparılmasına şərait yaratdı. Təbii ki, əhalinin normal həyat səviyyəsini təmin etmək və gələcək nəsillər üçün gen mutasiyalar riskini minimuma endirmək şərtilə birinci növbədə qidanın qiymət, kəmiyyət və keyfiyyət arasında optimal balansı saxlamaqla Azərbaycan şəraitinə uyğun bu kimi işlərin davam etməsinə ehtiyac var. İqtisadi təhlükəsizlik baxımından, yəni əsas ərzaq malları üzrə ixracdan asılı olmamasını, mövsüm, hava və digər amillərlə bağlı risklərdən qorunması məsələlərinin həlli daxili istehsalı yaratmaqla ərzaq bazarının diversifikasiyanı təmin etmək olar. Bugünkü devalvasiya şəraitində aqrar sektorunda idxaləvəzedici tədbirlərin aparılması çox aktual məsələyə çevrilib və ərzaq asılılığı probleminin aşağı enməsinə birbaşa təsir edə bilər.
- Ölkə başçısı bildirib ki, qeyri-neft sektoru gələcəkdə iqtisadiyyatın inkişafını daha böyük həcmdə təmin edəcək. Burada aqrar sahənin rolunu necə görürsünüz?
- Aqrar sahə dedikdə aqrar sənaye kompleksi desək daha düz olar. Bildiyimiz kimi, Prezidentin tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Aqrar-sənaye kompleksinin inkişafı strategiyası” işlənib hazırlanıb. Bu strategiyanın əsasında kənd təsərrüfatı sahəsi ilə birgə ASK-nın digər sahələrin inkişafı məsələləri öz əksini tapıb. Bildiyimiz kimi, ASK daxilində aqrar sektorunda birbaşa və dolayı milli iqtisadiyyatın müxtəlif sahələri cəmləşib və bu sahələrin arasında birbaşa və əks-istehsal-ticarət əlaqələrin olması bütünlükdə real iqtisadiyyatın inkişafına kömək edəcək. Burada bir problemin həlli çox vacibdir. Məsələn, kənd təsərrüfatı istehsalçılarının texnoloji-istehsal zəncirinin başında durmasına baxmayaraq, maliyyə zəncirində ən axırıncı yerdə qalıblar, başqa sözlə mənfəətin bölüşdürülməsində ən çox pay qeyri-istehsal sahələrinə düşür. Bu məsələ öz həllini tapmalıdır. Belə ki, istehsal xərclərinin çoxalması əsasən maddi xərclərin artması hesabına baş verib. Maddi xərclər strukturunun təhlili, yem, toxum və əkin xammalının alınmasına təxminən 26 faiz həcmində müvafiq surətdə yüksək xərcləri aşkara çıxarır. Ancaq ən çox xərclər xidmət sferası müəssisələri tərəfindən xidmətlərin alınmasının payına düşür.
Xidmət sferası müəssisələrinin payının artması transaksion sahələrinin istehsal sahələrinə təsirinin yüksək səviyyəsini göstərir ki, bu da kənd təsərrüfatı müəssisələrinin məhsullarının rəqabət qabiliyyətinə mənfi təsir göstərən zərərli transaksion xərclərinin artmasına səbəb olur.
Aqroistehsalçılar arasında qarşılıqlı münasibətlərin pozulmasına səbəb olan təsərrüfatlararası münasibətlərin real tənzimləmə vasitələrinin olmaması kimi çoxlu sayda struktur problemlərinin varlığı ilə çətinləşir. Bu, xüsusən də, maddi-texniki ehtiyatlardan istifadə sferasında, son məhsul istehsalında iştirak dərəcəsinin müəyyənləşdirilməsində, istehsal-maddi xərclərin bölüşdürülməsində və əldə edilən qazancın yenidən bölüşdürülməsində disbalansın olmasında özünü göstərir. Texnoloji tsiklin qısalması həmçinin istehsal prosesinin aralıq pillələrində təsərrüfat münasibətlərinin deformasiyasına gətirib çıxarır.
Gördüyünüz kimi, kənd təsərrüfatı sahəsi nəinki aqrar sektora, bütünlükdə qeyri-neft sektoruna təsiredici potensiala malikdir. Kənd təsərrüfatı xam məhsulları bazası kimi birbaşa qida və yüngül sənayeyə təsir edərək ölkənin ÜDM-in sahə strukturunda keyfiyyətcə artımını təmin edir. Bundan başqa biz həmişə unuduruq ki, kənd təsərrüfatı təkcə iqtisadi yox, həm də sosial, mədəni və mental məsələdir.
Başqa sözlə, aqrar sektorun spesifik xüsusiyyəti yalnız kənd təsərrüfatı istehsalı ilə bağlı deyil, kənd yerlərində kənd sosial mühitinin çoxsaylı dixotomiyaların çoxfunksional münasibətlərin mövcud olduğu mürəkkəb və ziddiyyətli xüsusiyyətləri var. Aqrar sektorda bazar xarakterli sistemin digər mühitə keçməsi və onun “qeyri-bazar meyarına” tabeliyi halları baş verir ki, bu da çoxsaylı iqtisadi münasibətlərin kənd həyat tərzinin qeyri-monetar normalarla tənzimlənməsi zərurəti ilə ifadə olunur. Nəzərə alsaq ki, ölkənin 40 faizdən çox əhalisi kənd ərazilərində yaşayır, bu problem daha da aktuallaşır.
- Prezdent bildirib ki, hər bir rayonda sənaye zonaları yaradılmalıdır. Bu istiqamətdə hansı təkliflər irəli sürərdiniz?
- Keçən 2014-ci il “Sənaye ili” elan olunub və il ərzində sənaye sahəsinin inkişafı üçün çoxsaylı işlər görülüb, o cümlədən də sənaye parklarının yaradılması məsələsi də aktuallaşıb. 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması ilə əlaqədar Prezidentin təşəbbüsü ilə Aqroparkların yaradılmasına da start verilib. Hər iki növ istehsal parkları sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq imkanına sahibdir. Belə istehsal zonaların yaradılması heç də təsadüfi deyil. Dövlətin ardıcıl siyasəti nəticəsində mərhələ-mərhələ bu səviyyəyə çata bildik. 2004-2008-ci və 2008-2015-ci illərdə reallaşmış iki irimiqyaslı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramların əsasında belə parkların yaradılmasına zəmin yaranıb.
Sənaye və aqroparkların arasında sinergetik asılılığın olması ümumilikdə regionlarda iri istehsal klasterlərin yaradılmasına imkan verəcək. Bu o deməkdir ki, əslində regionlarda bu parkların vasitəsilə iri regional aqrosənaye komplekslərin yaranmasına imkanlar yaranır. Bu cür istehsal strukturları bütün istehsalçıların ahəngdar uyğunlaşdırılmasına nail olmağa imkan verəcək. Bu cür strukturlarda maliyyə və maddi-əmək ehtiyatlarını birləşdirməklə fərdi təsərrüfatlar 1-ci səviyyə kənd təsərrüfatı istehsal kooperativləri yaradırlar, fərdi təsərrüfatların və kənd təsərrüfatı müəssisələrinin ixtisaslaşması əsasında isə istehlak kooperativləri (Kənd təsərrüfatları istehlak kooperativləri) bazasında fəaliyyət göstərən 2-ci səviyyə kənd təsərrüfatı kooperativlərinin formalaşmasına səbəb olacaq. Bundan əlavə, real iqtisadi və təsərrüfat vasitələrinə malik olmaqla dövlət kənd təsərrüfatı və ya sənaye müəssisəsi şəklində inteqrator rolunu yerinə yetirmək imkanına malikdir. Maddi-texniki və maliyyə şərtlərinin yaradılması ilə sadə inteqrasiya formalarından mürəkkəb formalara keçid mümkündür (üfüqi strukturlardan şaquli strukturlara, istehsaldan istehsal-ticarət formalarına keçid).
Bundan əlavə, bu parkların əsasında maliyyə-sənaye qrupları formalaşdırıla bilər. Diversifikasiya etmiş və konqlomerat inteqrasiya zamanı MSQ-də tamamilə fərqli sahə və komplekslərə aid olan və öz aralarında texnoloji orientasiyalarla bağlanmayan müəssisə və təşkilatlar iştirak edə bilərlər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info