“Qiymət məsələsində “yaşıl marketlər”in rolu həlledici olacaq”
Tarix: 05.03.2015 | Saat: 22:18:00 | E-mail | Çapa göndər


İqtisad elmləri doktoru Müslüm İbrahimov: “İri fermer təsərrüfatlarının yaranması məhsuldarlığı artırmağa, məhsulun maya dəyərini endirməyə imkan verəcək”
Ölkədə aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Aqrar sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb, normativ hüquqi baza təkmilləşdirilib. 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan edilməsi haqqında ölkə başçısının sərəncamında da göstərilir ki, kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Qeyd edilir ki, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Bu sahədə mövcud vəziyyət və həlli vacib məsələlərlə bağlı müsahibimiz Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimovdur:

- Ölkəmizin Avropa bazarlarına çıxması, ixracı artırmaq üçün nə etməliyik?
- Əvvəla demək lazımdır ki, Avropa bazarına daxil olması belə də asan şey deyil. Əgər söhbət Avropa İttifaqı bazarından gedirsə, burada hətta assosiativ üzvlərə qarşı aqroərzaq məhsulların ixracına kəskin və yüksək tələblər yeridilir. Qeyd etmək istərdim ki, assosiativ ölkələr Aİ bazarına 60 faizə qədər gömrük rüsumu ödənilmədən əmtəə ixrac edə bilərlər, lakin kənd təsərrüfatı malları buraya daxil deyil. Aİ ölkələrin 90 faiz ixracını üzv ölkələrin hesabına həyata keçirir ki, bu da Vahid Kənd Təsərrüfatı Siyasətinin qəbul olunması hesabına oldu. Vahid siyasətin çərçivəsində kənd təsərrüfatının subsudiyalaşması sistemi və irimiqyaslı layihələrin maliyyələşmə məsələsi yüksək səviyyədə həll olunur. Belə ki, hər il bu sahəyə Aİ büdcəsinin 50 faizə qədəri sərf olunur ki, bu da təxminən 50 milyard avro deməkdir. Aİ-nin genişlənməsi nəticəsində fermerlərin sayı 11 milyona yaxın, kənd təsərrüfatına yararlı torpaqların həcmi 30 faiz və istehsal 10-20 faiz artıb. Bu ölkələrin fermerləri ixrac subsidiyalarından və təminatlı qiymət investisiya layihələrindən faydalanaraq, rəqabət qabiliyyətlərini daha artırdılar. Belə bir şəraitdə Azərbaycan fermeri bu bazarda əsasən ekoloji təmiz və dad keyfiyyətləri ilə fərqlənən məhsullarla çıxış əldə edə bilər. Prezident İlham Əliyevin: “Azərbaycan ekoloji təmiz, təbii məhsullar istehsalını, özünün inkişaf yolu seçməlidir” bəyanatını məhz Avropa bazarına ixracın artması ilə birbaşa əlaqələndirmək olar.
Elə buna görə də bu gün ətraflı düşünülmüş aqrar diplomatiyanın həyata keçirilməsi tələb olunur ki, bu da bizim məhsulların ölkəmizin ərzaq təhlükəsizliyinə daha böyük təsirə malik ölkələrin bazarlarına çıxışının yüksək preferensiyalar almasına və bu ölkələr üçün kənd təsərrüfatına sərmayə qoyuluşu üçün daha əlverişli şərtlərin təqdim edilməsinə, bununla da sahədaxili ticarət indeksinin yüksəlməsi şəraitinə nail olunmasına yönəldilməlidir. Beynəlxalq təcrübə təsdiq edir ki, sahədaxili ticarətin inkişafı birbaşa xarici investisiyaların (BXİ) axını ilə sıx bağlıdır, buna görə də, bu cür ticarətin bir çox uzaq xaric ölkələri ilə kifayət edəcək dərəcədə olmayan inkişaf səviyyəsi əhəmiyyətli dərəcədə aqrar sektorun kifayət qədər BXİ həcmlərini cəlb etmək imkansızlığının nəticəsi kimi meydana çıxır. Həmçinin qeyd etmək lazımdır ki, aqrar sektor hər bir halda regional və qlobal səviyyədə inteqrasiya proseslərinin güclənməsinin və ÜTT-yə daxil olma labüdlüyünün doğurduğu struktur dəyişiklikləri zərurəti ilə rastlaşacaq.
-“Yaşıl marketlər”in yaradılması təklif olunur. Bu hansı imkanlar yaradacaq?
- İlk öncə demək lazımdır ki, “yaşıl marketlər” sadəcə ənənəvi öyrəşdiyimiz bazarlar və ya xüsusi kənd təsərrüfatı məhsulları üzrə ixtisaslaşmış dükanlar deyil. “Yaşıl marketlər” əslində aqroərzaq məhsulların əmtəə hərəkəti sistemi deməkdir, hansı ki, satıcıların və alıcıların sövdələşmələrinin formalaşmasına və nizama salınmasına xidmət edəcək. Aİ-nin təcrübəsindən faydalanmaq olar. Burada dəqiq olaraq istehsalçılar və emalçılar dövlət müəssisələri, fermerlər, istehsal və istehlak kooperativləri çıxış edir. Mən “yaşıl marketlər”lə bağlı bir sıra imkanların yaranmasını görürəm. Birinci növbədə istehsalçıların satış bazarlarına çıxışı və satış istiqamətləri diversifikasiyalaşır. Yüksəkkeyfiyyətli loqistik sxemlərin yaranması baxımından kənd istehsalçıları arasında nəqliyyat və digər transaksion xərclərin enməsinə imkan yaradacaq. Bildiyiniz kimi, dövlət proqramlarının reallaşması nəticəsində istehsal və yol infrastrukturunun genişlənməsi nəticəsində region və rayon arasında ticarət əlaqələri daha inkişaf etmək üçün şərait yaranıb. Artıq istehsal olunmuş məhsulların Bakıya gətirilməsi ehtiyacı qalmayıb.

“Bu məsələ süni qiymət artımı problemini tənzimləməyə də imkan yaradacaq”

Paritetlik nöqteyi-nəzərdən qiymət siyasətinin aparılması üçün, daha doğrusu, qiymətin tənzimlənməsi tədbirlərin səmərəliliyinə müsbət təsir edəcək. İstehsalçı və istehlakçı arasında əlaqələri daha da gücləndirmək məqsədilə həm məhsulların keyfiyyət baxımından, həm də aralıq vasitələrin, yəni ticarət agentlərin təsirlərinin heçə endirilməsi baxımından qeyri-istehsal xərclərin enməsi müşahidə olunacaq. Ümumilikdə qiymətlərin aşağı enməsində “yaşıl marketlər”in rolu şübhəsiz həlledici olacaq. Bu məsələ süni qiymət artımı problemini tənzimləməyə də imkan yaradacaq. Bundan başqa qiymət intervensiyaların əsasında dövlətin qarantiyalı alış tədbirləri aparması nəticəsində kənd təsərrüfatı istehsalçılarının gəlirləri artacaq.
-Ümumiyyətlə, istehsalçının məhsulunu alıcıya birbaşa təqdim etməsi üçün nə etmək olar?
- Bu məsələdə təkcə ərzaq və kənd təsərrüfatı bazarlarının yaradılması və təkmilləşdirilməsi məsələləri deyil, burada digər məsələlərin həll olunması da vacibdir. Belə ki, kənd təsərrüfatı kooperasiyalarının çoxsəviyyəli sisteminin formalaşdırılması, ərzaq yarımkomplekslərinin təkrar strukturlaşdırılmasını həyata keçirmək və yenilərinin tətbiq edilməsi, kooperasiya üçün stimullar sisteminin və kooperativ müəssisələrində təsərrüfatlar daxili münasibətlərin iqtisadi mexanizmlər sisteminin yaradılması, kənddə kooperativ hərəkatının inkişafına bilavasitə təsir edəcək idarəetmə strukturlarının müəyyən edilməsi lazımdır. Bundan əlavə, müxtəlif təsərrüfat formalı aqroistehsalçılar arasında qarşılıqlı əlaqələrin istiqamətlərini müəyyən etmək, aqrar istehsalın daha müvafiq regional idarəetmə sistemi yaratmaq lazımdır. Kooperasiyadaxili idaəetmə sistemi fəaliyyətinin səmərəliliyini üzə çıxarmaq məqsədilə kənd təsərrüfatı kooperasiyasının bir sistem kimi modelləşdirilməsi və təhlilinin aparılması, onun fəaliyyət, inkişaf və sistem əlaqələri qanunauyğunluqlarının meydana çıxarılması qarşıda durur.
Həmçinin kənd təsərrüfatı xammalı istehsalçısı və emalçıları arasında “ədalətli” qiymətin təyin edilməsi əsasında idarə olunmasının iqtisadi mexanizminin təkmilləşdirilməsi vacibdir.
- İstifadəsiz torpaqlardan səmərəli istifadə üçün hansı layihələr reallaşdırmaq olar?
- Bizim tədqiqatlar göstərir ki, fərdi təsərrüfatlarla müqayisədə kənd təsərrüfatı müəssisələrində torpaq ehtiyatları qeyri-rasional istifadə olunur, hərçənd ki, daha böyük kənd təsərrüfatı yerləri sahəsinə malikdirlər. Fermer təsərrüfatlarında kənd təsərrüfatı yerlərinin kifayət dərəcədə olmayan miqdarı torpağın becərilməsinin aqrotexniki üsullarına xərclərin artmasına səbəb olur ki, bu da məhsulun keyfiyyətinin aşağı düşməsi, təsirli texnoloji proseslərdən istifadə səviyyəsinin azalması və s. ilə şərtlənir.
Kənd təsərrüfatı təsisatları tərəfindən istifadə edilən torpaq ehtiyatları strukturunun respublikanın rayonları üzrə təhlili kənd təsərrüfatı əkin yerlərinin hərəkətinin gəlirli təsərrüfatlara irəliləmənin aşağı səviyyəsini göstərir. Torpaq ehtiyatlarının iqtisadi rayonlar üzrə qeyri-bərabər istifadəsi faktı torpaq dövriyyəsinin tənzimlənməsi üzrə müxtəlif yanaşmalar tətbiq etməyə və torpaq ehtiyatlarının ziyanlı təsərrüfatlardan mənfəətli təsərrüfatlara irəliləməsi üzərində nəzarəti yerinə yetirməyə, eləcə də əkin sahələrindən istifadənin təhlilini aparmağa, daha rasional növbəli əkinləri müəyyən etməyə və s. vadar edir. Lakin kənd təsərrüfatı yerlərinin çoxalması mənfəətin azalmasına səbəb ola bilər ki, bu da elmi əsaslandırılmış kənd təsərrüfatı müəssisələrinin optimal ölçülərin müəyyənləşməsi metodikasının işlənib hazırlanmasını tələb edir. Biz artıq bu sahədə mənfəət və kənd təsərrüfatı torpaqları arasında nisbətin müəyyən edilməsi metodunu işləyib hazırlamışıq.
Bu gün iri fermer təsərrüfatların yaranması məsələsi gündəmdədir. Artıq ölkəmizin müxtəlif regionlarında iri fermer təsərrüfatları yaradılır. Artıq İmişlidə, Gəncədə və digər ərazilərdə bu kimi təsərrüfatlar yaradılır. Mənim fikrimcə, burada əsasən miqyas effekti əsasında məhsuldarlığı artırmaq və məhsulun maya dəyərini endirmək mümkün olacaq. Bundan başqa, yeni torpaqları dövriyyəyə salmaqla daha böyük məhsuldarlıq əldə etməyə imkan yaranacaq. Bu və digər səbəblərə görə istifadə olunmayan torpaqların istehsal kooperasiyasının əsasında dövriyyəyə salmaqla “yamaqlı yorğan” problemini də həll etmək mümkündür.
- Bu il "kənd təsərrüfatı ili" elan olunub. Bu, ölkədə aqrar sahənin inkişafına hansı töhfələr verə bilər?
- Bir tədqiqatçı, müəllim və mütəxəssis kimi güman edirəm ki, birinci növbədə ümumilikdə kənd təsərrüfatının prestiji artacaq. Gənclər bu sahəni daha çox öyrənməyə cəhd göstərəcəklər. Aqrar elmin inkişafına təkan verəcək və aqrar təhsilə maraq oyanacaq. Bu gün dünyada baş verən dəyişikliklərə düzgün qiymət verərək, neftin qiymətinin ucuzlaşması, Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiq olunması, dünyada yaranan iqtisadi çətinliklər kimi məsələlərdən doğru nəticə çıxarmaq lazımdır. Dövlət başçımız dəfələrlə qeyd edib ki, biz qeyri-neft sektorunda böyük işlər aparmalıyıq və ixrac potensialını artırmalıyıq. Bu gün elm tutumlu aqroərzaq məhsulların istehsalına fikir verməliyik və buna böyük imkanlarımız var.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info