“Beynəlxalq mübadilə və tədqiqat proqramlarında iştirak etməyi planlaşdırıram”
Tarix: 05.03.2015 | Saat: 22:21:00 | E-mail | Çapa göndər


Səidə Şərifova: “Bu proqramlarda iştirak həm gənc alim kimi təcrübələrimizi artırmağa, həm də elmin yeni nailiyyətlərini ökəmizdə tətbiq etməyə imkan verir”
Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun Biotexnologiya şöbəsinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səidə Şərifovadır. Səidə Şərifova 2003-cü ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin bakalavr, 2005-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2010-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda genetika istiqaməti üzrə dissertasiya işini müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Səidə xanımla müsahibə zamanı elmi fəaliyyəti haqqında, biomüxtəlifliyin genetik ehtiyatlarının toplanması sahəsində aparılan işlər, bu sahədəki problemlər və onların həlli mövzusunda söhbət etdik. Müsahibəmizi təqdim edirik:

-Səidə xanım, Genetik Ehtiyatlar İnstitutu biomüxtəlifliyin genetik ehtiyatlarının toplanması, mühafizəsi və səmərəli istifadə olunması üzrə hansı işlər aparır?
- Bitki genetik ehtiyatlarının toplanması, mühafizəsi, tədqiqi və səmərəli istifadəsinin təşkili Genetik Ehtiyatlar İnstitutunun yaradılmasının əsas məqsədi olub. Bu məqsədin yerinə yetirilməsi üçün institutun apardığı işlər çoxistiqamətlidir. Birinci növbədə, regionda ilk dəfə olaraq, institutda Milli Genbank yaradılmış və ölkədə yayılan müxtəlif növlərə aid çoxsaylı bitki nümunələri toplanaraq ex-situ şəraitdə mühafizəsi təşkil olunub. Genbankda mühafizə edilməsi mümkün olmayan bir çox bitkilərin isə in-situ və on-farm şəraitdə mühafizəsi təmin edilib. Hazırda həm kolleksiyanın zənginləşdirilməsi, həm də mühafizə edilən nümunələrin səciyyələndirilməsi, bərpası, çoxaldılması və tədqiqi işləri həyata keçirilir.
İnstitutda, ilk dəfə olaraq, bitki genetik ehtiyatlarının pasportlaşdırılması ilə Mərkəzi Məlumat Bazası yaradılaraq, Bitki Genetik Ehtiyatları üzrə Avropa İnternet Axtarış Kataloqu (EURİSCO) və Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) saytlarında yerləşdirilib ki, baza özündə 11962 nümunənin pasport deskriptor məlumatlarını cəmləyir. Məlumdur ki, 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanun qəbul edilib və Respublika Prezidentinin fərmanı ilə təsdiq olunub. 2012-ci ildə həmin qanunun tətbiqi ilə bağlı Nazirlər Kabineti tərəfindən 2 sərəncam və 2 qərar qəbul edilib. Qanuna müvafiq olaraq AMEA Genetik Ehtiyatlar İnstitutu Milli Əlaqələndirici İnstitut, institutun nəzdində fəaliyyət göstərən genbank isə Milli Genbank statusu alıb.
-Elmi işlərdə daha çox hansı problemlərin araşdırılmasına üstünlük verilir?
- İnstitutda müxtəlif şöbələr fəaliyyət göstərir ki, hər bir şöbə biomüxtəlifliyin tədqiqi sahəsində mövcud olan ayrı-ayrı problemlərin araşdırılmasında və həlli yollarının tapılmasında iştirak edir. İnstitutda aparılan tədqiqat işlərinin məqsədinə müvafiq olaraq, bir çox istiqamətlərdə fəaliyyətlər müəyyən edilib, Genbankda, eyni zamanda in-situ və on-farm şəraitlərdə mühafizə edilən kolleksiyaların zənginləşdirilməsi, onların morfoloji, biokimyəvi, fizioloji, immunoloji, texnoloji, sitogenetik və təsərrüfat əhəmiyyətli göstəricilərinin qiymətləndirilməsi həyata keçirilir, müxtəlif stres amillərinə davamlı, məhsuldar və keyfiyyətli yeni sortların yaradılması sahəsində tədqiqat və seleksiya işləri aparılır.
- Seleksiyaya cəlb olunmazdan öncə bitkilər üzərində hansı tədqiqat işləri aparırsınız? Bu istiqamətdə aparılan tədqiqatları gənc alim olaraq, necə səciyyələndirirsiniz?
- İnstitutda seleksiya işləri müvafiq bitkilərin tədqiqi ilə məşğul olan şöbələrdə aparılır. Təbii ki, bu zaman öncə fermerlərin ehtiyac və tələbləri, yeni sortun rayonlaşdırılacağı ərazinin torpaq-iqlim şəraiti və s. kimi bir sıra əhəmiyyətli amillər nəzərə alınaraq, seleksiya məqsədləri müəyyən edilir. Daha sonra isə bitkilərin morfoloji və molekulyar səciyyələndirilmə üsullarına müvafiq olaraq, qiymətləndirilməsi aparılır və arzuolunan yüksək təsərrüfat əhəmiyyətli əlamətlərə malik valideyn formaları müəyyənləşdirilir. İşin icrası zamanı, əsasən, ənənəvi seleksiya üsullarından istifadə olunur.
Bu günə qədər institutumuzda çoxsaylı yeni sortların yaradılması və rayonlaşdırılması həyata keçirilib. Məsələn, təkcə 2014-cü ildə payızlıq bərk buğdanın yüksək təsərrüfat əhəmiyyətli əlamətlərinə görə fərqlənən yeni “Saray”, pambığın isə “Zəfər” sortu rayonlaşdırılmış və patentlər alınıb. Müxtəlif bitki növlərinə aid olan yeni yaradılmış bir neçə sort isə Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilib. Ümid edirik ki, institutumuzda bir il əvvəl yaradılmış biotexnologiya şöbəsində aparılan tədqiqatlar, gələcəkdə molekulyar seleksiya işlərini sürətləndirməklə seleksiya proqramlarının daha qısa müddətdə və uğurla aparılmasını təmin edəcək.
- Milli Genbank yaradılıb. Bankın fəaliyyəti ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Milli Genbank biomüxtəlifliyin mühafizəsində ayrılmaz hissədir. Qeyd etdiyim kimi, mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanuna müvafiq olaraq, institutumuzda fəaliyyət göstərən genbank Milli Genbank elan edilib. Eyni zamanda həmin qanuna görə Milli Genbanka xüsusi mühafizə edilən obyekt statusu verilib. Hazırda genbankda 395 cinsə və 1100-dən çox növə aid bitki nümunəsinin mühafizəsi təşkil olunub. Genbankda mühafizə edilən nümunələr həm müxtəlif elmi-tədqiqat işlərinin yerinə yetirilməsində, həm də yeni sortların yaradılması məqsədilə aparılan seleksiya prosesində, bitkilərin yaxşılaşdırılması proqramlarında istifadə olunur.
- Gənc alimlərin elmi işi ilə əlaqədar Milli Genbankın imkanları ilə hansı şəraitlər yaradılıb?
- Gənc alimlər öz tədqiqat işlərini aparan zaman, həm Milli Genbankın daha da zənginləşdirilməsində iştirak edirlər, həm də özləri burada saxlanılan genetik ehtiyatlardan yararlanırlar. Belə ki, gənc alimlər tədqiqat işlərinin məqsədinə uyğun olaraq, Genbankdakı bitki materiallarından əldə edə və istifadə edə bilərlər.
-İnstitutun beynəlxalq təşkilatlar və şəbəkələrin elmi-tədqiqat proqramında iştirakı ilə bağlı nə deyə bilərsiniz?
- İnstitutumuz FAO (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı), ECPGR (Bitki Genetik Ehtiyatları üzrə Avropa Əməkdaşlıq Proqramı), İCARDA (Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz), CYMMİT (Buğda və Qarğıdalının Yaxşılaşdırılması üzrə Beynəlxalq Mərkəz), USDA (ABŞ Dövlət Departamentinin Kənd Təsərrüfatı İdarəsi), İNRA (Fransa Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzi) və s. kimi bir sıra beynəlxalq mərkəzlər, həmçinin müxtəlif xarici ölkələrin elmi-tədqiqat institutları və genbankları ilə əməkdaşlıq edir, qeyd edilən müəssisələrin alimləri ilə birgə, mübadilə proqramları, elmi-tədqiqat layihələri və ekspedisiyalar həyata keçirir.
Hazırda institut bu mərkəzlərlə birgə aparılan bir neçə tədqiqat proqramlarında tərəfdaş kimi iştirak edir. Bundan əlavə, İnstitutun əməkdaşları Bitki Genetik Ehtiyatları üzrə Əməkdaşlıq Proqramının (ECPGR) koordinasiya və ekspert qruplarında, eyni zamanda regional və beynəlxalq bitki şəbəkələrində ekspert kimi iştirak edir. İnstitutun 4 əməkdaşı isə FAO-nun ekspertidir.
İnstitutumuzun gənc alimləri də müxtəlif beynəlxalq mübadilə və elmi-tədqiqat proqramlarında iştirak edir ki, bu onlara Avropanın, həmçinin, Amerika, Avstraliya, Türkiyə və s. kimi ölkələrin tanınan universitetlərində və tədqiqat müəssisələrində təcrübə qazanmağa və tədqiqat işləri aparmağa imkan verir.
-Elmi işiniz sahəsində hansı tədqiqatlar aparırsınız?
- Hazırda Biotexnologiya şöbəsində böyük elmi işçi kimi çalışıram. Tədqiqat işim, əsasən, müxtəlif tərəvəz bitkiləri populyasiyalarında genetik müxtəlifliyin molekulyar səviyyədə qiymətləndirilməsi, qeyd olunan bitkilər üçün yeni molekulyar markerlərin axtarışı və genomda xəritələşdirilməsi ilə əlaqədardır.
Bundan əlavə, Azərbaycanın torpaq və bitki genetik müxtəlifliyinin səmərəli istifadəsi istiqamətində fundamental tədqiqatların maddi-texniki bazasının gücləndirilməsi layihəsi çərçivəsində aparılan tədqiqat işlərinin icraçılarından biriyəm. Bu layihə çərçivəsində şöbəmizdə yeni nəsil sekvens texnologiyasının İon Torrent platformasının işə salınması ilə bitkilərdə genom və transkriptom sekvenslənməsi metodu əsasında fundamental tədqiqat işləri aparılacaq.
- Gələcək elmi fəaliyyətinizdə beynəlxalq tədqiqat proqramlarında iştirak etməyi düşünürsünüzmü?
- İki dəfə Avropa Komissiyasının Erasmus Mundus Proqramının qalibi olmuşam. Birinci dəfə on ay müddətində Yunanıstanın Aleksandr Texnoloji İnstitutunun “Molekulyar biologiya və bitkilərin çoxaldılması” şöbəsində, ikinci dəfə isə yenə də on ay müddətində Polşa Respublikasının Varşava Təbiət Elmləri Universitetinin “Bitkilərin genetikası, biotexnologiyası və seleksiyası” şöbəsində tədqiqat işi aparmış və layihələri uğurla bitirmişəm.
Bundan əlavə, həm ölkəmizin, həm də digər dövlətlərin institut və tədqiqat mərkəzlərində keçirilən bir çox təlim proqramlarında iştirak etmişəm. Gələcəkdə də bu cür müxtəlif beynəlxalq mübadilə və tədqiqat proqramlarında iştirak etməyi planlaşdırıram. Çünki bu cür proqramlarda iştirak həm gənc alim kimi təcrübələrimizi artırmağa, həm də genetika və molekulyar biologiya sahəsində elmin yeni nailiyyətlərini ökəmizə gətirməyə və tətbiq etməyə imkan verir.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info