“Yaşadığım Noriç şəhəri mənə İçərişəhəri xatırladır”
Tarix: 11.03.2015 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


Rübabə Mir Feyzullazadə: “Böyük Britaniyada təhsil sistemi tələbəni daim öz üzərində çalışmağa sövq edir”

Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı Rübabə Mir Feyzullazadədir. Rübabə xanım ali təhsilini Böyük Britaniyada uğurla davam etdirməklə yanaşı ictimai işlərdə də aktivlik göstərir. Hazırda təhsilini Britaniyanın “East Anglia” Universitetinin “MSc İnternational Accounting and Financial Management” proqramı üzrə davam etdirən bu savadlı gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik:
-Özünüz barədə məlumat verərdiniz.
-Mən, Mir Feyzullazadə Rübabə Məsud qızı 1993-cü il 11 avqust tarixində Bakı şəhərində anadan olmuşam. 1999-cu ildə Bakı Avropa Liseyinə qəbul oldum və 2010-cu ildə həmin təhsil ocağını bitirdim. Orta məktəbdə təhsil aldığım müddətdə ardıcıl olaraq I Bakı Beynəlxalq Uşaq Kinofestivalı və Gürcüstanda keçirilən “Sunrise in Tbilisi” Uşaq Kinofestivalında iştirak etmişəm. Məktəbi bitirdikdən sonra 601 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsinə daxil oldum, 2011-ci ildə imtahan yolu ilə XİQ ( Xüsusi İstedadlar Qrupu) Maliyyə fakültəsinə keçdim. Ali təhsil aldığım müddətdə universitetimizdə keçirilən debat yarışlarının, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkil etdiyi "Qış Liderlik Məktəbi”nin iştirakçısı olmuşam. Bundan əlavə, “Junior Achievement Azerbaijan” və AMCHAM-in (American Chamber of Commerce in Azerbaijan) birgə layihəsi olan “Youth Business Lidership Project” də iştirak etmişəm. Hazırda təhsilimi Böyük Britaniyanın “East Anglia” Universitetinin “MSc İnternational Accounting and Financial Management” proqramı üzrə davam etdirirəm.
-Xaricdə təhsil hər bir gəncin arzusudur. Siz bu arzunuzu kimlərin dəstəyi ilə reallaşdırdınız?
-Magistr təhsilimi xaricdə almaq qərarına gəlməyimdə başlıca rolu bakalavr təhsili aldığım Xüsusi İstedadlar Qrupu oynadı. Belə ki, burada tədrisin ingilis dilində olması, dərslərin Mərkəzi Bankın və Paşa Bank, “Deloitte”, “PwC”, SOCAR və s. kimi müəssisələrin qabaqcıl işçiləri tərəfindən keçirilməsi qarşımda xaricdə təhsil kimi yeni bir məqsəd yaratdı. Müəllimlərimizin əksəriyyəti Avropa və ABŞ-da təhsil aldıqları və karyeralarında uğurlar etdiyi üçün daim onlardan universitet, ixtisas seçimində məsləhət alır, onların təcrübəsindən yararlanırdım. Böyük Britaniyanı seçməyimə səbəb burada maliyyə sahəsi üzrə təhsilin yüksək səviyyədə olması və müəllimlərimin verdiyi məsləhətlər oldu. Təbii ki, ailəmin və dostlarımın dəstəyi də danılmazdır. Onlar həm universitetlərə sənəd göndərəndə, həm də “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”ndan cavab gözləyəndə mənimlə birgə o həyəcanı yaşamış, uğurlarıma sevinmiş insanlardılar.
-Hər bir universitet hansısa özəlliyi ilə fərqlənir. Bəs sizin oxuduğunuz universitetin hansı özəllikləri var?
-Hazırda təhsil aldığım “East Anglia” Universiteti əsası cəmi 50 il əvvəl qoyulmasına baxmayaraq, “The Guardian University Guide” siyahısına görə Böyük Britaniyada 14-cü, tələbə məmnuniyyətinə görə isə ilk 3-lükdədir. Universitet öz yaşıllığı, ərazisində meşə massivinin və hətta gölün olması ilə seçilir. Kitabxanadan gölə açılan mənzərə insanı sakitləşdirir, fikrini cəmləməyə kömək edir. Universitet ətrafında qaçışan dovşanlar isə “East Anglia” Universitetinin rəmzinə çevrilib. Gölün yaxınlığında tikilmiş zikkurat formasında olan tələbə yataqxanası universitetimizə xüsusi gözəllik qatır. Təhsilə gəldikdə isə, Böyük Britaniyanın əksər universitetləri kimi magistr pilləsinin cəmi 1 il olması tədris proqramını intensiv edir və tələbələri daim testlərə, kurs işlərinə, qrup layihələrinə və imtahanlara hazırlıqlı və məsuliyyətli olmağa yönəldir. Bakalavr təhsili aldığım müddətdə imtahanlarımı test üsulu ilə verdiyimə görə burada imtahanların yazılı olması əvvəl məni qorxutsa da, daha çox öz üzərimdə çalışmağıma səbəb oldu. Universitetimiz mütəmadi olaraq buranın məzunu olmuş və iş həyatında böyük uğurlar qazanmış məzunlarını tələbələrlə görüşə dəvət edir və onlar da öz növbəsində öz təcrübələrini bizimlə bölüşür, məsləhətlər verir və suallarımızı cavablandırırlar.
-Yəqin artıq yaşadığınız şəhərə, oradakı ab-havaya və ümumilikdə ingilis mentalitetinə alışmısınız.
-Ümumiyyətlə, bir məqamı qeyd edim ki, yaşadığım Noriç şəhərinin əhalisi əsasən tələbələrdən və yaşlı insanlardan ibarətdir. Onlar həmişə bizimlə mehriban davranır, lazım gəldikdə öz köməklərini əsirgəmirlər. Sevindirici bir haldır ki, burada yaşlılara və əlillərə ictimai yerlərdə əlverişli şərait yaradılıb. Onlar rahatlıqla, kənar kömək olmadan şəhərdə, ticarət mərkəzlərində sərbəst hərəkət edirlər. Şəhərin özünə gəldikdə isə, XI əsrdə Noriç Londondan sonra İngiltərənin ikinci böyük şəhəri hesab olunurdu. Öz qədimliyini qoruyub saxlaya bilmiş bu şəhər bəzən mənə İçərişəhəri xatırladır. Burada mən hər zaman özümü rahat və təhlükəsiz hiss edirəm. Şəhərin mərkəzi hissəsində yerləşən Noriç Bazarı İngiltərədə ən böyük açıq bazarlardan biridir. Noriçin məşhur tikililərindən biri hesab olunan Forum özündə Mərkəzi Kitabxananı və BBC-nin regional idarəsini birləşdirir. Qeyd etmək istərdim ki, son yeddi il ərzində bu kitabxana ziyarətçi sayına görə Böyük Britaniyada ilk yeri qazanıb.
-Universitetinizdə sizdən başqa azərbaycanlı tələbə varmı?
- Bəli. “East Anglia” Universitetində 19 azərbaycanlı tələbə təhsil alır. Onların əksəriyyəti iqtisadiyyat sahəsi üzrə təhsil alır və burada Azərbaycan cəmiyyətinin fəal üzvləridirlər.
-Azərbaycan cəmiyyəti haqqında söz açdınız. Bu təşkilat barədə də ətraflı məlumat verərdiniz və ümumilikdə azərbaycanlıların ictimai həyatda aktivliyi hansı səviyyədədir?
-Azərbaycan cəmiyyətinin üzvləri olaraq tələbələrimiz bir çox tədbirlər təşkil edir, ölkəmizi layiqincə təmsil edirlər. Mən də bu işlərdə öz köməyimi əsirgəmir, tədbirlərin təşkilində yardımçı oluram. Məsələn, bu yaxınlarda universitetin təşkil etdiyi “Go Global” adlı tədbirdə digər ölkələrlə yanaşı biz də milli mətbəximizi xarici tələbələrə təqdim etdik, soydaşlarımızdan biri isə tarda ifa edərək sözün yaxşı mənasında milli musiqimizin möhtəşəmliyi, musiqi alətimizin gözəlliyi ilə hamını təəccübləndirdi. Bundan başqa, Xocalı soyqırımına həsr olunmuş təqdimata beynəlxalq tələbələri dəvət edərək, acı həqiqətlərimizi onlara da çatdırmağa çalışdıq. Təqdimatın sonunda tələbələrə soyqırımı qurbanları və Qarabağ haqqında kitabçalar paylandı. Hazırda isə Azərbaycan cəmiyyətinin fəal üzvləri müxtəlif ölkələrdən olan tələbələrin də dəvət alacağı Novruz tədbirinə hazırlıq görürlər.
- Böyük Britaniyada təhsil almaq istəyən gənclərimizə hansı tövsiyələriniz olardı?
-Böyük Britaniyada təhsil almaq istəyən tələbələrə məsləhətim budur ki, universitet seçərkən diqqətli olsunlar və çətinliklərlə qarşılaşmamaq üçün əvvəlcədən seçdikləri ixtisas üzrə ədəbiyyat oxumağa başlasınlar. Bundan əlavə, təhsil almaq istədikləri universitetin məzunu olmuş soydaşlarımızla daim əlaqə saxlasınlar, onlardan həm təhsil, həm də yaşayışla bağlı suallar verib gedəcəkləri yer barədə ətraflı məlumat alsınlar. Tövsiyə etmək istərdim ki, təhsilə başladıqda dərslərini planlı şəkildə oxusunlar. Belə olduqda imtahanlara daha rahatlıqla hazırlaşa biləcəklər. Və sonda bacardıqları qədər, dərslərdən imkan tapdıqca müxtəlif şəhərlərə səyahət etsinlər.
-Bəs Böyük Britaniyada gördüyünüz gənclərlə Azərbaycan gəncləri arasında hansısa müqayisələr aparmısınızmı?
-Azərbaycan gənclərindən fərqli olaraq, Böyük Britaniya gəncləri daha erkən yaşlarından müstəqil qərar qəbul edir. Onlar gündəlik rejimlərini daha dəqiq planlaşdırmağı və o plana uyğun hərəkət etməyi bacarırlar. Azərbaycan gəncləri arasında isə birlik daha güclüdür və çətin anlarda bir-birilərinə dayaq olurlar.
-İki ölkənin təhsilində necə, hansı fərqləri deyə bilərdiniz?
-Azərbaycan və Böyük Britaniya təhsili arasında başlıca fərq ondadır ki, Böyük Britaniyada təhsil sistemi başlıca olaraq tələbələri daim öz üzərində çalışmağa yönəldir. Universitetlərin maddi-texniki bazası daha geniş imkanlar açır. Burada əksər universitetlərdə kitabxanaların 24 saat işləməyi tələbələrə öz rejimlərini daha sərbəst qurmağa imkan yaradır və xüsusilə də imtahan dövründə kitabxana onların ikinci evinə çevrilir.
- Təhsilinizi başa vurduqdan sonra hansı planlarınız var?
-Gələcək planlarım təhsilimi başa vurduqdan sonra Azərbaycana geri dönmək və burada ACCA imtahanlarını verərək ixtisasım üzrə peşəkar mütəxəssis olmaqdır. Bundan əlavə, müəyyən iş təcrübəsi qazandıqdan sonra, öz işimlə yanaşı müəyyən təlimlər aparmaq və ya XİQ-də tələbələrə ixtisasım üzrə dərs demək istərdim.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info