“Muğam sənəti artıq təkcə bizim yox, bütün dünyanın sərvətidir”
Tarix: 12.03.2015 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Mərkəzində “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının açılış mərasimi olub.
Dövlət və hökumət rəsmilərinin, mədəniyyət, incəsənət və ictimaiyyət xadimlərinin iştirak etdikləri tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının iştirakçılarına müraciətini oxuyub.
Müraciətdə qeyd olunur ki, hər bir xalqın və millətin ən böyük sərvəti onun mədəni irsidir: "Azərbaycan xalqını əsrlər boyu bir millət kimi qoruyub saxlayan onun zəngin mədəniyyəti, dili, ədəbiyyatı, poeziyası və musiqisi olub. Bu gün bu irsi qorumaq, saxlamaq, təbliğ etmək hər birimizin mənəvi borudur. Milli-mədəni irsimizin bir sıra qiymətli nümunələrinin, o cümlədən Azərbaycan muğamının, aşıq, xalçaçılıq, tar ifaçılığı, kəlağayı sənətinin və Novruz bayramının UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısı”na daxil edilməsi bizim mədəni irsimizə, onun qorunmasına dünya miqyasında göstərilən diqqət və qayğının təzahürüdür".
Müraciətdə daha sonra qeyd olunur ki, Azərbaycan həm milli mədəni irsin, həm də bəşəriyyətin mədəni irs xəzinəsinin nadir incilərinin qorunması və təbliğinə dair beynəlxalq miqyaslı bir çox layihələr həyata keçirir: "Muğam sənəti də artıq təkcə bizim yox, bütün dünyanın sərvətidir. Muğam aləmi hüdudsuz, sərhədsiz bir məkandır və bu məkanı yaşadan insanların artıq daimi bir görüş yeri var – bu, ənənəvi olaraq Bakıda keçirilən “Muğam aləmi” Beynəlxalq Muğam Festivalıdır. Artıq dördüncü dəfədir ki, qədim muğam sənəti dünyanın müxtəlif ölkələrindən gələn incəsənət xadimlərini, sənətkarları, alimləri Bakıda bir araya toplayır və musiqisevərlərə xoş anlar bəxş edir".
Müraciət bu fikirlərlə tamamlanır: “İnanıram ki, IV Beynəlxalq Muğam Festivalının proqramına daxil edilmiş beynəlxalq simpozium, gənc xanəndələrin müsabiqəsi, muğam ənənələrinin yayıldığı müxtəlif yerlərdən Bakıya gəlmiş ifaçıların çıxışları bütövlükdə muğam aləminin daha da zənginləşməsinə xidmət edəcəkdir. Mən festivalın bütün iştirakçılarına uğurlar arzu edirəm. Əminəm ki, tamaşaçılara maraqlı və rəngarəng musiqi proqramı təqdim olunacaq builki festival qonaqlarımızın yaddaşında, Azərbaycan musiqi mədəniyyəti tarixində mənalı səhifələrdən biri kimi qalacaqdır”.
“Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının ilk günü tamaşaçılara Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Dövlət Xor Kapellasının ifasında konsert təqdim olunub. Orkestrə Fəxrəddin Kərimov dirijorluq edib.
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən keçirilən festival martın 18-dək davam edəcək.
Festival çərçivəsində həm Bakıda, həm də ölkəmizin bir sıra bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlərin, habelə beynəlxalq elmi simpoziumun, beynəlxalq muğam müsabiqəsinin keçirilməsi nəzərdə tutulur.
Festivala Türkiyə, İran, İraq, Özbəkistan, Tacikistan, ABŞ, Fransa, İngiltərə, Livan, İspaniya, Almaniya, İordaniya, Rusiya, Çin, Hindistan, Tunis, Belçika, Sloveniya və Niderlanddan dünya şöhrətli musiqiçilər və musiqi qrupları dəvət olunub. Konsertlərdə xarici musiqiçilərlə yanaşı, Azərbaycanın görkəmli muğam ustaları Arif Babayev, Mənsum İbrahimov, Zabit Nəbizadə, Nəzakət Teymurova, Gülyaz Məmmədova, Aqil Məlikov, Elnarə Abdullayeva, Təyyar Bayramov, Səbuhi İbayev və istedadlı gənc ifaçılar - Arzu Əliyeva, Babək Niftəliyev, İlkin Əhmədov, Güllü Muradova, Mirələm Mirələmov və başqaları çıxış edəcəklər.
Eyni zamanda, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Dövlət Xor Kapellasının, “Sinfonietta” orkestrinin çıxışları planlaşdırılır.
Festival günlərində qonaqlara Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operaları təqdim olunacaq.
Həmçinin Bakı Caz Mərkəzində görkəmli caz ustası Vaqif Mustafazadənin 75 illiyinə həsr olunmuş tədbir, Cəmil Əmirovun, Salman Qəmbərovun, Elçin Şirinovun rəhbərliyi ilə tanınmış caz kollektivlərinin iştirakı ilə konsertlər də təşkil ediləcək.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info