Mətbuat Şurasından açıqlama
Tarix: 12.03.2015 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Mətbuat Şurası (MŞ) “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının son iclasından sonra cəmiyyətdə yayılan məlumatlara münasibət bildirib.
MŞ-dən verilən məlumatda bildirilir ki, bir neçə gün öncə Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının növbəti iclası keçirilib və “Yüksələn Azərbaycan”, “Azərbaycan naminə”, “Haqqın sədası press” qəzetləri, “Jam.az” və “İskra.az” saytları olmaqla ümumilikdə beş kütləvi informasiya vasitəsinin adının peşə davranışı qaydalarını mütəmadi pozaraq insanların şərəf və ləyaqətini aşağılayan, işgüzar nüfuzunu ləkələyən media orqanlarının yer aldığı “qara siyahı”ya salınması üçün Şuranın İdarə Heyətinə müvafiq təqdimatın verilməsi barədə rəyə gəlinib.
MŞ bildirir ki, bu rəy tam obyektiv xarakter daşıyır, konkret şikayətlərdəki narazılıq motivlərinə, şikayətlərin say çoxluğuna, dəfələrlə təkrarlanmasına əsaslanır, bəzilərinə edilən xəbərdarlıqların nəticəsiz qalmasından irəli gəlir: “Şura ehtiyac yarandığı təqdirdə, bu qəbildən olan məsələlərin detallarını cəmiyyətə açıqlayacaq. Qurum mövcud istiqamətdəki bütün suallara, müzakirələrə tam açıqdır. Hər bir KİV istənilən şəxsi, o cümlədən dövlət məmurunu ən sərt şəkildə tənqid etmək, onunla əlaqədar faktları cəmiyyətə açıqlamaq hüququna malikdir. Bu azadlıq heç bir media orqanının əlindən alına bilməz. Ancaq sözügedən KİV-lərin mövcud sərbəstlik mühitindən bəhrələnmələri media azadlığı prinsiplərindən deyil, həmin prinsipləri açıq şəkildə təhdid edən hərəkətlərdən, sivil jurnalistikaya yad davranışlardan, medianı daimi təzyiq vasitəsi olaraq görmək mahiyyətindən qaynaqlanıb”.
Şura “reket jurnalistika”sı termininə də aydınlıq gətirib: “Mediadan sui-istifadə meyllərinə qarşı fəaliyyəti şərti olaraq “reket jurnalistika”ya qarşı mübarizə adlandırırıq. Bu deyim Mətbuat Şurası yaranmazdan öncə də var idi. Sadəcə, Şuranın formalaşması ilə məsələ ictimai motiv qazanıb. Ümumən onu da bildirək ki, Azərbaycan Mətbuat Şurasının ölkə jurnalistlərinin 23 dekabr 2006-cı ildə keçirilmiş IV qurultayının qətnaməsinin tələbinə müvafiq şəkildə hazırlanıb, MŞ İdarə Heyətinin 30 yanvar 2007-ci il tarixli iclasında təsdiq edilən “Reket nəşr”lərin müəyyənləşdirilməsinə dair Təlimatda işlədilən və kütləvi informasiya vasitələrində yayılan “reket jurnalistika”, “reket nəşrlər” və “reket qəzetlər” sözü özündə hüquqi məna ehtiva etmir. Mətbuat Şurası quruma daxil olmuş şikayətlərə səbəb olan KİV materiallarında “reket” sözünün hüquqi məna daşıdığı hərəkət və ya hərəkətsizliyin nəticəsi olaraq törədilən cinayət əməlinin mövcudluğundan şübhələnərsə, daxil olmuş şikayət aidiyyatı orqanlara göndərilir.
Mətbuat Şurasının İdarə Heyəti qurumun Nizamnamə tələblərini rəhbər tutaraq mətbuatda hədə-qorxu və şantajla müşayiət edilən, davamlı şəkildə eyni bir şəxs barədə qeyri-dəqiq məlumatların qabardılmasına söykənən yazıları qarşı tərəfə - hüquqi, yaxud fiziki şəxsə təsir vasitəsi kimi qəbul etdiyindən mübarizəsini belə hərəkətlərə yol verən media quruluşlarını “qara siyahı”ya salmaqla aparır. Bu zaman peşə fəaliyyəti şikayətlərə səbəb KİV-lərin müvafiq yazılarında tənqid obyektinə çevrilən hüquqi və fiziki şəxsə münasibətdə seçilmiş ifadələrdəki forma və metodlar əsas götürülür.
“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının haqqında söz açdığımız iclası barədə yayılan məlumata maraq kifayət qədər böyük oldu. Bu marağı təbii qarşılayırıq. İlk növbədə ona görə ki, Azərbaycan mediası öz nüfuzuna ləkə gətirən təmayüllərin sıradan çıxarılması müstəvisində baş verənlərə həssas yanaşır. İclasdan sonra müəyyən şəxslərin MŞ-ni təftiş etməyə maraq göstərmələri isə qətiyyən anlaşılmır. Şuranın fəaliyyət məramı hər kəsə, o cümlədən onlara yaxşı bəllidir.
MŞ-nin struktur kimi təkmilləşməsinə, mütəhərrikləşməsinə ehtiyac var. Bu mənada qurum tənqidi fikirlərə açıqdır və həmişə dözümlü olub. Ancaq Şuranı jurnalist adına ləkə gətirən, “qara siyahı”ya düşmək təhlükəsindən qeyzlənərək qələmi nifrət alətinə çevirən hansısa şəxslərin cızma-qarasından ictimai müzakirə düzəldəcək qədər təftiş cəhdləri yolverilməzdir.
Mətbuat Şurasına daxil olan şikayətlərin əksər hissəsində ifadə olunan narazılığın kökündə ayrı-ayrı şəxslərin media adından sui-istifadə məqsədi dayanır. Şura bu kimi məsələlərin heç də hamısını iclaslarda müzakirəyə çıxarmır. Bizim üçün maraqlı olan cəhət şikayətçinin haqlı iradının cavabdeh KİV tərəfindən dərkidir. Mövcud istiqamətdə ilkin tədbir kimi barəsində şikayət olunan media qurumu ilə prosedur qaydalara uyğun söhbətlər aparılır və onun rəhbərliyinin nəzərinə şikayətçinin yazı ilə bağlı düzəliş, təkzib və ya üzrxahlıq istəyi çatdırılır. Eyni zamanda məsələlərin dəqiqləşdirilməsi yolu ilə imkan yaradılır ki, cavabdeh yol verdiyi nöqsanı ilkin mərhələdəcə aradan qaldırsın. Məsələ həllini tapdıqda, şikayətin növbəti müzakirə instansiyasına çıxarılmasına ehtiyac qalmır. Xüsusi vurğulayaq ki, Şuranın Katibliyi tərəfindən cavabdeh KİV-lərin təmsilçiləri ilə söhbətlərin aparılması, tərəflərə mümkün barış variantlarının təklif edilməsi Nizamnamə tələblərinə tam uyğundur. Əgər hansısa KİV tövsiyədən nəticə çıxarmaq istəmirsə, şikayətin komissiyalarda araşdırılması da prosedur iş prinsipləri çərçivəsindədir”.
MŞ bəyan edib ki, bundan sonra da prinsiplərinə sadiq qalacaq: “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının axırıncı iclasından sonra Mətbuat Şurası haqqında cəmiyyəti yanlış məlumatlandırmağa hesablanmış fikirlərə cavab olaraq bildiririk ki, Şura media məkanımızdakı xoşagəlməz hallarla mübarizədə prinsipial dəst-xəttinə sadiq qalacaq. Çünki bu dəst-xətt Azərbaycanın həqiqi jurnalistlərinin inam və etimadına söykənir. Hansı imitasiyalara yol vermələrindən, özlərini hansı obrazda təqdim etmələrindən, kimlərin himayəsinə sığınaraq ruhlanmalarından asılı olmayaraq, jurnalist adını ləkələyənlərlə mübarizə daha barışmaz xarakter alacaq. Bu mübarizə təkcə peşə dəyərlərinə riayət edilməsinin vacibliyini rəhbər tutmur, habelə Azərbaycanda qərarlaşmış ictimai mühitə, dinc birgəyaşam qaydalarına, cəmiyyətin axarına qarşı medianın gücündən yararlanaraq həyata keçirilən təhdid cəhdlərinin qarşısının alınmasını hədəf seçir. Azərbaycan mediasının özünütənzimləmə qurumu olan Mətbuat Şurası heç bir güzəştə getməyəcək. Əsl qələm sahiblərinin dəstəyinə güvənərək prinsiplərinə sadiq qalacaq”.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info