“Freedom Xaos”
Tarix: 13.03.2015 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


“Freedom House” müsəlman ölkələrində demokratiya yox, xaos, qırğın və dağıntılar görmək istəyənlərin “hüquq təşkilatı”dır

1941-ci ildə təsis edilən və ABŞ-da yerləşən “Freedom House” beynəlxalq hüquq təşkilatı ümumilikdə dünya və eləcə də ayrı-ayrı bölgə və ölkələrdə insan haqları və azadlıqlarının vəziyyətinə dair hesabatlar dərc edir.
“Freedom House” təşkilatının sənədlərində göstərilir ki, onun əsas məqsədi demokratik dəyişiklikləri təşviq etmək, dünyada azadlığın vəziyyətini müşahidə etmək və insan haqlarını qorumaqdır. Amma bu bir tarixi faktdır ki, İkinci Dünya savaşı bitəndən və 1946-cı ildə SSRİ-nin başçılıq etdiyi sosialist bloku ilə Qərb arasında “soyuq müharibə” başlayandan sonra “Freedom House” kimi qurumlar Qərb dairələrinin aləti kimi, “insan haqları” ilə bağlı barrikadanın əks tərəfində duranlara qarşı hesabatlar hazırlamağa, rəylər formalaşdırmağa başladılar. Mərkəzi ofisi ABŞ-da yerləşən bir QHT-nin “soyuq müharibə”də kimlərə qarşı rəylər formalaşdıracağı, hesabatlar hazırlayacağı gözlənilən idi. Bu cür qurumların Qərb dairələri tərəfindən əks tərəflərə, xüsusilə də sosialist cəbhəyə qarşı qısqırdılması 1991-ci ilə - SSRİ dağılana və “soyuq müharibə” bitənə qədər davam etdi. Amma SSRİ və onunla birlikdə sosialist bloku dağılandan sonra Qərb dairələrinin bu planda prioritetləri bir qədər dəyişildi. 1991-ci ildə ABŞ-ın Fulton şəhərində çıxış edən Böyük Britaniya kansleri, “dəmir ledi” Marqaret Tetçer bildirmişdi ki, biz sosializmə qalib gəldik, indi isə əsas rəqibimiz İslamdır. “Freedom House” kimi “insan haqları” təşkilatlarını “tolerantlıq, özgə dinlərə, mədəniyyətlərə qarşı dözümlülük” kimi məsələlərlə bağlı “səfərbər edən” tərəflərin, bu baxımdan əsl məqsədlərinin nə olduğu açıq üzə çıxmağa başladı. Beləliklə, əslində qeyd edilən tarixdən başlayaraq, dünyada “Xeyir” və “Şər” kriteriyaları yenidən “kəşf edilməyə” başladı, artıq müsəlman dünyası əsas hədəf kimi götürüldü... Diqqət yetirilsə, əslində “Freedom House” kimi “Watchdog”(ingiliscə “gözətçi it”, bu cür qurumları Qərbin özündə belə adlandırırlar) qurumlar ağalarının buyruqlarına sadiqliklərini saxlayaraq, həmin dövrdən müsəlman dünyasında qarayaxma kampaniyalarını genişləndirməyə başladılar.
Əslində “Freedom House” artıq illərlədir, elan etdiyi fəaliyyət coğrafiyasını daraldaraq müsəlman ölkələrini əsas tənqid hədəfinə çevirib. Ekspertlər düşünürlər ki, vaxtilə ABŞ Dövlət Departamentində yüksək vəzifə sahibi olmuş Devid Kramerin “Freedom House”a rəhbər təyin olunması bu təşkilatın fəaliyyətinə xüsusi antiislam çaları gətirib.
Bu qərəzli qurumun müstəqil milli inkişaf və rifah yolu tutan müsəlman ölkələrinə qarşı xüsusi antipatiyası var. Bu baxımdan onun Azərbaycanla bağlı xüsusi qərəzli mövqeyi var. Ölkəmizin hərtərəfli inkişafı və beynəlxalq nüfuzunun artması dostlarımızı sevindirsə də düşmənlərimizi qıcıqlandırmaqdadır. Azərbaycanın güclənməsinə qısqanc yanaşan bəzi xarici dairələr, təşkilatlar ölkəmizin reallıqlarını təhrif etmək, onunla bağlı beynəlxalq aləmdə yanlış rəy formalaşdırmaq cəhdlərini məhz bu cür qurumlar vasitəsilə davam etdirirlər. “Freedom House”un dünyada insan haqları və azadlıqlarının vəziyyətinə dair illik “hesabatlarında” Azərbaycan daim “problemli ölkə” kimi göstərilir. Halbuki ölkəmizlə bağlı irəli sürülən iddialar heç bir reallığa söykənmir, qeyri-obyektiv və qərəzlidir. Ümumiyyətlə, bu təşkilatın hesabatlarında Azərbaycan daim qara rəngdə təsvir olunur, baş vermiş müxtəlif hadisələr şişirdilir və guya Azərbaycanda insan haqlarının pozulmasını təsdiq edən “faktlar” kimi təqdim olunur. “Freedom House” antiazərbaycan platformasında birləşmiş bəzi yerli QHT-lərin qərəzli iddialarını, subyektiv mülahizələrini yoxlamadan təkrarlayır və heç bir müstəqil araşdırma aparmadan öz yekun qənaətini yalnız bu “donoslar” əsasında formalaşdırır. Təsadüfi deyil ki, belə “hesabatlar” hətta tənqidi mövqeyi ilə seçilən hüquq müdafiəçilərinin də narazılığına səbəb olur. İnsan hüquq və azadlıqlarının vəziyyətinə görə Azərbaycanın “qeyri-azad”, Ermənistanın isə “qismən azad” ölkələr sırasına daxil edilməsi bu təşkilatın mövqeyində ikili standartların və Azərbaycana qarşı antipatiyanın açıq təzahürüdür. “Freedom House” 2011-ci ildə dünya ölkələrində internetin vəziyyəti ilə bağlı hesabatında hətta Beynəlxalq Telekommunikasiya təşkilatının Azərbaycana dair statistikasını məqsədli şəkildə təhrif etmişdi – bu, açıq qərəzin və digər beynəlxalq təşkilatın mövqeyinə sayqısızlığın, saxtakarlığın nümunəsidir.
Azərbaycanda bütün istiqamətlərdə - iqtisadi, hüquqi, siyasi islahatlar görmək istəməyərək bu cür hesabatları tərtib etmək sırf qərəzdən və qeyri-obyektivlikdən irəli gəlir. Bu təşkilat bu gün konkret olaraq Azərbaycana qarşı çox qərəzli bir mövqedədir. Nəyə görə bu təşkilat Ermənistanın təcavüzü nətticəsində yaranmış bir milyon qaçqın və məcburi köçkünümüzün vəziyyətini dəyərləndirmir, problemlərini qaldırmır? Niyə onun kimi təşkilatlar bu cür real və kütləvi problemlərə, özü də sırf Ermənistanın təcavüzü nəticəsində yaranmış problemlərə diqqət ayırmır, bu barədə susurlar? Niyə onlar Ermənistanın BMT-nin 20 ildir qəbul etdiyi qətnamələrini yerinə yetirmədiyi ilə bağlı səslərini çıxarmırlar? Qeyd edildiyi kimi, bu qərəz məqsədlidir və hər dəfə bu hesabatlarda qərəzin əsas məzmunu qalır, yalnız hesabatın tarixləri dəyişdirilir.

Belə qeyri-obyektiv "hesabat"lar az-çox informasiyalı insanlarda acı gülüş doğurur

Ən sarkastik məqam bu qurumun Ermənistan kimi işğalçı, həm öz, həm də qonşu ölkə vətəndaşlarının gününü, sözün həqiqi anlamında, qara edən ölkənin Azərbaycan kimi humanist, tərəqqipərvər bir ölkədən üstün tutmasıdır. Azərbaycanda sivilizasiyalar, mədəniyyətlərarası dialoqlar, uluslararası humanitar forumlar üçün artıq dəfələrlə gerçəkləşdirilmiş aktlar, hadisələr, qəbul edilən uyğun qanunlar, imzalanan sərəncam və fərmanlar özlüyündə Azərbaycanın həm öz milli dəyərlərinə, həm də bəşəri dəyərlərə nə qədər sadiq olduğunu bariz şəkildə göstərir. Amma Ermənistan bir işğalçı, terroru dövlət səviyyəsində dəstəkləyən və öz vətəndaşlarının yarıdan çoxunu didərgin salmış bir dövlətdir. Belə qeyri-obyektiv "hesabat"lar az-çox informasiyalı insanlarda gülüş, amma acı gülüş doğurur.
Son illər ərzində “Freedom House” üçün ərazi bütövlüyü və sərhədlərin sarsılmazlığı prinsipi anlayışının olmaması və təşkilatın Azərbaycanın öz qanuni əraziləri üzərində suverenliyini əməli olaraq şübhə altına alınması faktları da bu qurumun nə dərəcədə açıq düşmənçilik qərəzi nümayiş etdirdiyini ortaya qoyur...

“İnsan hüquqları” təşkilatının ikili standartlar “məntiqi” ürəkbulandırıcıdır...


Qeyd edək ki, “Freedom House”un prezidenti Kramer Ukraynada ötən oktyabrda keçirilən növbədənkənar parlament seçkilərini “demokratik” saymışdı.O, hətta müşahidəçilərin qənaətini gözləmədən, bir gün öncə belə bir tələm-tələsik “demokratik” açıqlama ilə çıxış etmişdi. Halbuki Rusiya ilə müharibə şəraitində, ölkə əhalisinin yarıya qədərinin, Şərqi Ukrayna ərazilərinin əksər qisminin qatılmadığı bir vəziyyətdə bu seçkilərin demokratik keçirildiyindən söhbət açmağa dəyməzdi. Həmçinin radikal qərbmeyilli qüvvələrin hakimiyyəti ilə yönləndirilən, digər dəyərlərə və mədəniyyətlərə saymazlıq, hörmətsizlik sərgiləyən “avrointeqrasiya” tərəfdarlarının təzyiqinə məruz qalan bir yerdə hansısa demokratik mühitdən danışmaq da yersizdir. Buna baxmayaraq Kramer danışdı və Ukraynada biabırçı şəkildə keçirilən seçkiləri “demokratik” adlandırdı...
Əlavə edək ki, ötən ilin oktyabrında bu ölkədə parlament seçkiləri öncəsi apardığımız müşahidələr də burada insan haqlarına nə cür münasibət bəslənildiyini və müsəlman dünyasına münasibətdə hansı mövqe tutulduğunu açıq ortaya qoyur. Bu mənzərə sırf antidemokratik və hətta,qeyri-sivil təsir bağışlayırdı. Belə ki, Kiyevdə mərkəzi küçə olan Xreşşatikdən Maydana doğru yön alan aksiyada müxtəlif ölkələrin bayraqları qaldırılmışdı. Aksiya “Mir”(sülh-İ.A.) adı altında keçirilirdi. Bayraqları diqqətlə, bir-bir gözdən keçirdik. Burada Almaniya, Fransa, İsveçrə, Kanada, ABŞ və sair Qərb dövlətlərinin bayraqları vardı. Postsovet ölkələrindən isə Baltikyanı ölkələrin, bir də yalnız Gürcüstan və Ermənistanın bayraqlarını görə bildik. Maraqlıdır ki, aksiyada Cənubi Qafqazın üç ölkəsindən yalnız ikisinin bayrağı qaldırılmışdı – Azərbaycan bayrağı isə burada təmsil olunmurdu. Burada Rusiya və Orta Asiya dövlətlərinin də bayraqları yox idi. Yaxud Ukraynaya geopolitik baxımdan yaxın Türkiyənin də bayrağı gözə dəymədi. Rusiya bayrağının aksiyada olmamasını anlamaq olar – Hazırda Rusiya və Ukrayna arasında savaş var. Diqqət yetiriləndə, Ukrayna ilə siyasi və iqtisadi baxımdan yetərincə yaxın olan, buna baxmayaraq, bayraqları aksiyada olmayan ölkələrin hamısının müsəlman ölkələr olduqları dərhal aydın olurdu. Bu “Sülh” aksiyasının iştirakçılarının Qərbin pulları ilə küçələrə axışdıqları ukraynalılar tərəfindən də bildirilirdi. Deməli, aksiyadakı bayraq mənzərəsi “ixrac olunmuşdu”. Bu, həmin “ixrac mənbəyi”nin “avrointeqrasiya” adı altında dini və milli dözümsüzlüyə rəvac verən dəyərlər aşılamağa çalışdığını da sezdirmiş olur. Belə deməyə əsas yaranır ki, bununla Ukrayna cəmiyyətinə indiyə qədər ənənəvi olmayan qeyri-tolerantlıq, antimüsəlman fobiyası da aşılamış olurlar. Eyni zamanda, “dünyada sülh” devizi altında keçirilən bu aksiyada “sülhün” niyə müsəlmanlara aid edilmədiyi də bir daha həmin “ixrac mənbəyi” barədə nəhs və mübhəm düşüncələr oyadır...
Yaxud indiyə qədər nəyə görə Türkiyənin Avropa Birliyinə qəbul edilmədiyi, Azərbaycanın milli problemlərinə göz yumulduğu, ən əsası - Azərbaycana qarşı “insan haqları” məsələsində “Freedom House” kimi qurumlar tərəfindən niyə ifrat qərəz sərgiləndiyi və sair nəhs nüanslar bir daha göz önünə gəlir...
Nahaq yerə deyil ki, bunu digər müsəlman ölkələrində də görürlər. Məsələn, Qırğızıstanda sözügedən təşkilatın Qırğızıstan nümayəndələyinin direktoru Dukenbayevin necə qərəzə qurşandığı ilə bağlı həmin ölkənin KİV-i belə yazır: “Faktiki olaraq ABŞ vətəndaşlığı olan Dukenbayev onların dediyi istənilən işi yerinə yetirməyə hazırdır.Hətta bu iş ölkə üçün ən mənfi nəticəyə səbəb olsa belə. Qırğızıstanın taleyinə o, tamamilə biganədir və etdiyi əməllər öz “bəhrəsini görəndə” hər dar məqamda ölkəni atıb ABŞ-da nəvazişlə qarşılanacağına əmindir”.
Bu cür faktlara bu gün müsəlman dünyasında müəyyən dünya güclərinin diqtəsi ilə başlayan kütləvi qırğınlar, insan tələfatlarına “Freedom House” kimi qurumların niyə göz yumduqlarını da əlavə etmək mümkündür ki, bu cür qurumların, onların başlarında duranların əsl simaları daha aydın faş olsun...

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info