“Layihəmiz “Microsoft” nümayəndələrinin iştirakı ilə Parisdə təqdim olunacaq”
Tarix: 16.03.2015 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


Cəlal Məmmədzadə: “Təhsil aldığım “University College London” dünyanın ən güclü 20 təhsil ocağından biridir”

Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı Cəlal Məmmədzadədir. Cəlal Azərbaycanda 650 bal toplayaraq yüksək göstəriciyə nail olan tələbələrimizdən olub. Bununla kifayətlənməyərək o, təhsilini xaricdə davam etdirmək qərarı verib. Hazırda dünyanın ən tanınmış universitetlərindən birində oxuyan bu aktiv gənclə olan müsahibəni oxuculara təqdim edirik.

-Özünüz barədə məlumat verərdiniz.
-Mən - Cəlal Məmmədzadə 1993-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilimə 1999-cu ildə Bakı şəhəri F.Tağıyev adına 72 saylı məktəb-liseyin 1-ci sinfinə daxil olmaqla başlamışam. 2010-cu ildə məktəbi fərqlənmə ilə bitirdikdən sonra 650 balla Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil oldum. Kiçik yaşlarımda şahmata və dama oyunlarına həvəsim olduğundan rayon məktəbləri arasında keçirilən şahmat və dama turnirlərində bir neçə dəfə iştirak edib qalib olmuşam. Eyni zamanda, təkcə dərslərə deyil, dərsdən kənar fəaliyyətlərə də hər zaman marağım olub. Artıq 8-ci sinifdə təhsil aldığım zaman “Qarabağ, ağrım, qürurum mənim” adlı respublika muğam yarışmasında 3-cü yerə layiq görülmüşəm. Orta məktəbdə təhsil aldığım müddətdə kapitanı olduğum komanda ilə birlikdə Bakı şəhər məktəbləri arasında keçirilən məntiq olimpiadasının qalibi olmuşam. BDU-da bir il təhsil almağıma baxmayaraq, Dövlət Neft Şirkətinin təşkil etdiyi daxili təqaüd proqramında iştirak edib, ARDNŞ-in təqaüdçüsü olmuşam. 2011-ci ildə artıq BDU-da təhsilimə son vermək qərarına gəldim və Böyük Britaniyanın Mançester Universitetində kompüter elmləri (BSc Computer Science) ixtisası üzrə təhsil almağa başladım. Hazırda isə maliyyə sistemləri mühəndisliyi (MSc Financial Systems Engineering) ixtisası üzrə London Kollec Universitetində (University College London) magistr təhsili alıram.
-Xaricdə təhsil hər bir gəncin arzusudur. Yəqin sizin də ən böyük arzunuz bu olub və əzmlə çalışıb arzunuzu reallaşdırmısınız...
-Çoxları deyir ki, hələ kiçik yaşlarımdan xaricdə təhsil almaq niyyətim olub. Düzü, mən orta məktəb təhsilinin son ilinə qədər bu fikirdə olmamışam. Fikrimcə, bunun əsas səbəbi məlumatsızlıq olub. Bakı şəhərindəki özəl və ya bir neçə dövlət məktəbini çıxmaq şərti ilə, demək olar ki, digər bütün orta məktəblərdə bizim vaxtımızda şagirdlər ancaq bir istiqamətdə olurdular. Hamının bir məqsədi olurdu, o da TQDK imtahanında yüksək bal toplamaq. Şəxsi qənaətimə görə, TQDK balı abituriyentin bilik göstəricisi deyil və bu imtahan təhsilimiz üçün bir çox problemlərin yaranmasına səbəb olur və olacaq. Hələ məktəb illərinin son siniflərindən şagirdlərdə “TQDK imtahanı qorxusu” yaranır və bu da onların özlərini inkişaf etdirməsinə çox mane olur. Xaricdə oxumaq çoxlarının arzusudur, amma bizim əlimizdə olan bu imkan nədənsə bizlərə mümkünsüz görünür. Mənim xaricdə təhsil almağımın səbəbkarı valideynlərim olub. Artıq 11-ci sinifdə təhsil alarkən mən xaricdə təhsil almaqla bağlı qəti qərarımı vermişdim. Məni inandırmışdılar ki, əgər TQDK imtahanında 600-dən yüksək bal toplasam, dövlət məni xaricə oxumağa göndərəcək. Əlbəttə, bu, belə deyildi və bunu TQDK imtahanının nəticələri açıqlandıqdan sonra anlamışdım. Buna görə də bir il BDU-da oxumalı və eyni zamanda ingilis dili biliyimi inkişaf etdirməliydim.
- Oxuduğunuz hər iki universitet barədə məlumat verərdiniz
- Öncə bakalavr təhsili aldığım Mançester Universiteti barədə qısaca danışmaq istərdim. Bu universitet universitetlərin reytinq siyahısına (www.topuniversities.com) əsasən, 2014-cü ildə dünyada 30-cu pillədə qərarlaşmışdı. Təkcə Avropada deyil, hətta dünyada çox saylı məşhur məzunları, tədqiqatçıları olub. Bunlara misal olaraq Con Dalton (müasir kimya və atom nəzəriyyəsinin banisi), Alan Turinq (kompüter elmlərinin “atası” hesab olunur, ilk dəfə elektron cihazın yaddaşında əvvəlki əməliyyatların saxlanması onun alqoritmi əsasında formalaşıb. “Apple” şirkətinin loqosu da onun adı ilə bağlıdır), Ernest Rezerford (atomun planetar modelinin müəllifi və eyni zamanda nüvə fizikasının “atası” hesab olunur) və digərlərini qeyd etmək olar. Hazırda təhsil aldığım “University College London” isə dünyanın ən güclü 20 təhsil ocağından biridir və hətta universitetlərin reytinq saytında (www.topuniversities.com) ötən il Oksford Universiteti ilə eyni pillədə qərarlaşaraq dünyanın 5-ci ən güclü universiteti olaraq göstərilmişdi. Universitet Nobel mükafatı alan tələbə və tədqiqatçılarının sayına görə dünyada 20-ci, Böyük Britaniyada 3-cü pillədə qərarlaşıb. 1826-cı ildə yaradılan bu universitet İngiltərədə yaranan ilk dünyəvi ali təhsil müəssisəsi olmaqla yanaşı, qadınlar və kişilərə eyni dərəcədə haqq verən, onları dinindən və sosial durumundan asılı olmadan qəbul edən bir təhsil ocağı olub. İstər elm sahəsində, istərsə də dövlət və idarəetmə sahələrində universitetin çoxsaylı məzunları var. Bunlara misal olaraq Mahatma Qandi (Hindistan azadlıq hərəkatının lideri), Graham Bell (telefonun ixtiraçısı), Con Russel (Böyük Britaniyanın keçmiş Baş Naziri) və digərlərini göstərmək olar. Hər halda bu kimi insanları yetişdirən universitetin təhsil səviyyəsi məni qane etməyə bilməz. Demək olar ki, hər dərsimizin sonunda azından 1 saatlıq əlavə mühazirə olur ki, bu mühazirələri də öz müəllimlərimiz deyil, dünyanın ən qabaqcıl şirkətlərində rəhbər vəzifələrdə çalışan və əksəriyyəti universitetimizin bir neçə il öncə məzunu olan peşəkarlar oxuyur. Hətta dünyanın ən qabaqcıl investisiya bankları olan “Goldman Sachs”, “Morgan Stanley”, “J.P. Morgan” və daha bir neçəsi işə müraciət zamanı bizim universitetin tələbələrini ilk mərhələlərdən azad edərək birbaşa müsahibəyə çağırır. Bu da universitetin təkcə təhsillə deyil, həm də tələbələrin gələcək karyerası ilə də ciddi maraqlandığının, sənaye ilə sıx əlaqəsi olduğunun bir göstəricisidir. 1-ci semestr zamanı “Microsoft” şirkəti “(Microsoft”un London Ofisi) ilə birgə keçdiyim 2 aylıq təcrübədə də universitetimin böyük rolu olduğunu qeyd etməliyəm. 20 gün öncə tamamladığımız layihə tələbələr və “Microsoft” şirkətinin nümayəndələri ilə birlikdə mart ayının sonlarında Parisdə təqdim olunacaq.
-Yerli əhalinin adətlərində hansı maraqlı məqamlar var? Ümumiyyətlə, yaşadığınız bu ölkədə insanların həyat tərzi necədir?
-Yəqin ki, çoxlarımız İngiltərə və ingilislər haqqında az da olsa, məlumatlıyıq. Ona görə də bəzi maraqlı məlumatları qeyd etmək istərdim. İngiltərənin demək olar ki, özünün mətbəxi yoxdur. Daha doğrusu, ingilis mətbəxi kifayət qədər bəsit və dadsızdır. Yəqin ki, Avropanın ən dadsız mətbəxidir. Buna baxmayaraq, Avropada ən yüksək piylənmə göstəricisi İngiltərəyə məxsusdur. Bunun da əsas göstəricisi kimi ingilislərin “fast food”u çox yeməsini göstərmək olar. London iqtisadi cəhətdən dünyanın 2-ci mərkəzi hesab olunur. İngiltərənin digər şəhərləri ilə müqayisədə daha çox yüksək mərtəbəli binalara rast gəlinsə də, buradakı küçələri Nyu Yorkun Manhettendəki nəhəng binaları ilə müqayisəyə gələ bilməz. Ümumiyyətlə, görünür, ingilislər öz tarixlərini çox sevirlər. Burada bütün tarixi binalar, qalalar qorunur, əgər artıq çox köhnəlibsə, sökülmür, təmir olunaraq yenidən istifadəyə verilir. Bəlkə də, şəxsi fikrim ola bilər, amma ingilislər, xüsusilə də Londondan olanlar çox səbirli olurlar. Hər xırda bir işi diqqətlə etməyə çalışırlar və heç zaman tələsmirlər deyərdim. Burada adicə, maşın sürərkən belə ən xırda qayda pozuntusuna belə çox az hallarda rast gələrsən. Ən əsası, vaxtlarını çox yaxşı idarə etməyi bacarırlar. Əgər həftənin 5-ci günüdürsə, ingilis tələbələr axşam mütləq əylənəcək, amma səhəri gün yenidən dərs oxuyacaq.
-İctimai və ya diaspor işlərində aktivsinizmi? Ümumiyyətlə, azərbaycanlılar bu sahədə fəallıq göstərə bilirlərmi?
-Artıq İngiltərədə 4-cü ilim tamamlanır və bu müddət ərzində bir neçə şəhərdə keçirilən həm mədəni, həm də ictimai-siyasi tədbirlərdə iştirak etmişəm. Fikrimcə, qıraq şəhərlərdə tələbələr tərəfindən təşkil olunan tədbirlərdə tələbələrimiz daha aktiv olurlar. Yəqin ki, Böyük Britaniyada təhsil alan hər bir tələbəmiz bilir ki, Mançester Universitetində təhsil alan tələbələrimizin təşkil etdiyi tədbirlər daha yaxşı hazırlanır və digərlərindən yaxşı mənada fərqli olur. Buna səbəb şəhərin çox böyük olmaması, tələbələrin əksəriyyətinin eyni universitetdə oxuması və bir-biriləri ilə əlaqələrinin sıx olmasıdır. Ümumilikdə Londonda təhsil alan tələbələrimizin sayı digər şəhərlərdəkilərdən dəfələrlə çoxdur. Amma burada universitetlər çox olduğundan, şəhər böyük olduğundan bu tələbələri bir araya gətirmək mümkün deyil. Ona görə də, Londonda təşkil olunan tədbirlər daha çox səfirliyimizin, ARDNŞ-in, digər dövlət qurumlarının və təşkilatların dəstəyi ilə həyata keçirilir.
-Son illərdə tələbələrimizin xarici ölkələrdə təhsillərini davam etdirməsi hallları çoxalıb. Bununla bağlı dövlət proqramları da həyata keçirilir. Bunu necə dəyərləndirərdiniz?
-Xaricdə təhsil almaq bir çox tələbələrin arzusu olsa da, hər kəsin təhsil haqqını və yaşamaq xərclərini qarşılamağa imkanı çatmır. Buna görə də istər xaricdə təhsil üzrə Dövlət Proqramının, istərsə də ARDNŞ-in “Xarici Təqaüd” proqramının rolu böyükdür. Dövlət Proqramının Böyük Britaniya üzrə siyahısında olan universitetlərin çoxuna diqqət yetirsək, görərik ki, təqaüdlə oxuyan tələbələrin sayı üstünlük təşkil edir. Sadəcə, növbəti illərdə bu rəqəmin artmasına daha çox ehtiyac var. Çünki hər il Azərbaycanda 35-40 minə qədər abituriyent ali təhsil müəssisəsinə daxil olur, amma ötən il cəmi 589 tələbə (Dövlət Proqramı: 573, ARDNŞ-in təqaüd proqramı: 16) xaricdə təhsil almaq üçün təqaüd qazana bilmişdi. Bu isə hər il universitetə daxil olan tələbələrimizin təxminən 1.5 – 1.7%-i deməkdir. Amma bunun üçün tələbələrdən də çox şey asılıdır və xaricdə təhsil almağa daha da həvəsli olmalıdırlar. Seçdikləri ixtisas, qəbul olduqları universitet və proqram üçün tələb olunan sənədlərin hər biri qaydasında olmalıdır ki, seçim zamanı digər namizədlərdən bir addım öndə olsunlar.
-Gələcək planlarınız barədə də söz açardınız.
-Magistr təhsilim sentyabr ayının sonunda başa çatacaq. Bu müddətə qədər dərslərdən əlavə, ilk planım yayda Londonda bank və ya maliyyə sahəsində təcrübə proqramında iştirak etməkdir. Düşünürəm ki, təhsilimi başa vurub Azərbaycana qayıtdıqdan sonra “Microsoft”da əldə etdiyim və əgər alınarsa, yayda qazanacağım təcrübə mənim üçün faydalı olacaq. Uzun müddətli planlara gəldikdə isə, bir neçə il işlədikdən sonra təhsilimi davam etdirmək niyyətindəyəm. Çünki hazırda 21 yaşım var və düşünürəm ki, təhsilimi davam etdirmək üçün yetərli zamanım var.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info