Gənclər bəzi ixtisaslara sevərək deyil, diplom üçün yiyələnirlər
Tarix: 16.03.2015 | Saat: 23:14:00 | E-mail | Çapa göndər


Bir zamanlar yüksəkixtisaslı, tanınmış memarlar yetişdirən ölkəmizdə son illər gənc nəsil memarlara rast gəlinmir. Ali məktəb seçimində bu ixtisası seçən, oradan məzun olan bu çoxsaylı məzunların məqsədi nədir?

Bu gün artıq inkişaf etmiş dünya ölkələrində də peşəsini bilən, bacarıqlı kadrlara üstünlük verilir ki, ölkəmizdə də yaradılan müəssisələr, eləcə də müxtəlif şirkətlər məhz belə kadrlara maraq göstərir. Ölkənin sosial - iqtisadi inkişafı ilə bağlı müxtəlif sahələrdə bacarıqlı kadrlara ehtiyac var. Bu gün ölkəmizdə ixtisaslı kadrların yetişməsi üçün bir çox ali təhsil ocaqları fəaliyyət göstərir.
Düzdür, bəzi ixtisaslar var ki, gənclərin bu sahədə ali təhsil almasına baxmayaraq onların heç də bu peşəyə marağı olduğu üçün deyil, sadəcə ali təhsil, diplom almaq məqsədilə bu ali təhsil ocağını seçdiyini düşünmək olar. Son illər mütəxəssislər də bu sahədə problemin olduğunu deyirlər. Bu, bir sıra ixtisaslarda özünü göstərir. Onlardan biri kimi bu gün gənclərə ən az rast gəldiyimiz sahələrdən biri memarlıqdır. Ev, ofis, qısacası yaşadığımız və zamanımızı keçirdiyimiz yerləri planlayan, layihələndirən və reallığa çevirən, gözəl memarlıq əsərləri yaradan memarlara hər zaman ehtiyac var. Ümumiyyətlə, memarlıq bütün dövrlərdə populyar olub. Yaradıcılıq qabiliyyəti, estetik baxış sahibi, layihələndirmə və incəsənətlə bağlı məlumata malik, yeniliklər barədə məlumatlı olmaq memar üçün əsas amillərdir. Xarici ölkələrdə istər memarlar dövlət qurumları, istərsə də özəl şirkətlərdə rahat iş əldə edə bilirlər. Hətta bir müddət sonra öz şəxsi bürolarını da açırlar. Beləliklə, memarlıq hər zaman aktual olan və ehtiyac duyulan bir peşə olub. Bu baxımdan özünü daha da təkmilləşdirmiş və istedadlı bir memar hər zaman bir iş əldə edə bilir. Bir sıra memarlar var ki, dünya miqyasında tanınıblar. Hətta Dünya Memarlıq Festivalı təşkil olunur. Ötən il Dünya Memarlıq Festivalı Sinqapurda təşkil olunub. Üç gün davam edən festivalda 6 kateqoriya layihə təqdim olunmuşdu ki, ilin binası ödülünü Vyetnamdakı a21studiyasının Ho Chi Minh-dəki Şapel layihəsi qazandı.
Azərbaycan da özünəməxsus mədəniyyəti, ö cümlədən gözəl memarlıq abidələri yaradıb. Naxçıvan, Şirvan, Abşeron, Şəki-Zaqatala, Bərdə-Qarabağ və s. memarlıq məktəblərinin məhsulu olan gözəl memarlıq əsərləri bunun bariz nümunələridir. Hətta Azərbaycan memarları nəinki ölkəmizdə, xarici ölkələrdə də memarlıq abidələri yaradıblar. Yeni dövrün memarlarını yetişdirmək üçün 1921-ci ildə Bakı Sənaye İnstitutunda memarlıq bölməsi yaradılıb. Sonra Azərbaycan Politexnik İnstitutu, nəhayət Azərbaycan İnşaat Mühəndisləri Universiteti peşəkar memarlar yetişdirən ali təhsil ocağı oldu. Memarlıq tariximizə daxil olan S.Dadaşov, H.Əlizadə, H. Ələsgərov, M. Şıxəliyev və b. əsərləri bu gün də paytaxtı bəzəyir.
Bu gün gənclərin bu ixtisas daha dərindən yiyələnməsi üçün Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsi fəaliyyət göstərir ki, bu günlərdə binasının əsaslı təmirdən sonra açılışı oldu. Yeni binada 20 auditoriya, kompüter otağı, kitabxana, elektron oxu zalı, konfrans otağı yaradılıb. Hazırda bu ali təhsil ocağında da kifayət qədər gənc təhsil alır. TQDK-nın ali təhsil müəssisələrinin reytinq göstəricisinə görə, bu ali məktəb 19-cu yerdədir. Düşündürücü məqam isə odur ki, bir zamanlar yüksəkixtisaslı, tanınmış memarlar yetişdirən ölkəmizdə son illər gənc nəsil memarlara rast gəlinmir. Ali məktəb seçimində bu ixtisası seçən, oradan məzun olan bu çoxsaylı məzunların məqsədi nədir?

“Diplomlu “savadsızlar ordusu” yaranır”
Sosioloq Gülnar Nəzərova bildirdi ki, Azərbaycanda öz peşəsini sevmədən seçən gənclər var: “Bunu istənilən halda açıq-aydın görmək olur. Lakin bu problem bir çox məsələlərlə bağlıdır. Öncə məsələ təhsil sistemi ilə bağlıdır. Abituriyentlər maraq göstərdikləri sahədə gəlir az olduğu halda daha çox gəlir gətirən sahələrə meyil edir. Daha az nüfuzu olan və ya daha az tələbat olan sahələr isə abituriyentlərin daha az bal toplaması nəticəsində tutulur. Bu da o deməkdir ki, abituriyentlər topladıqları baldan asılı olmayaraq çox vaxt həmin sahəyə sevərək yiyələnmirlər. Az bal toplayıb təsadüfi bir sahəni seçənlər daha çox diplom əldə etmək məqsədilə bu yolu seçirlər. Beləliklə, diplomlu “savadsızlar ordusu” yaranır. Əldə etdikləri diplom isə universiteti bitirdikdən sonra heç bir əhəmiyyət daşımır, çünki diploma uyğun bilik olmur. “Universitet bitirmişəm, amma iş tapa bilmirəm” deyənlərlə çox rastlaşırıq. Bu qrupa əsasən universitetə sadəcə diplom almaq məqsədilə daxil olanlar aiddir”. Sosioloqun sözlərinə görə, istənilən sahədə istedadlı mütəxəssis olması üçün ilk olaraq həmin sahəyə kvota qoyulmalı, il ərzində daha az sayda abituriyent cəlb olunmalı, hər abituriyentə cəmi bir sahə tutmaq imkanı yaradılmalı,“təsadüfi tələbələr”in təhsil aldığı ixtisasa yiyələnib diplom almasına imkan verilməməli, istedadlı məzunların işə cəlb olunmasına şərait yaradılmalı, istedadlı mütəxəssislər üçün stimullaşdırıcı amillər olmalıdır: “
Ən əsası da istedadlı, öz sahəsinin mütəxəssisi olan müəllimlər olmadığı halda nə istedadlı memar, nə tibb işçisi, nə də digər sahədə istedadlı mütəxəssis yetişəcək”.

“Gənclərə milli memarlıq xüsusiyyətindən dərs keçilməlidir”

Əməkdar memar, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü, Memarlıq və İnşaat Universitetinin Memarlıq və şəhərsalma fakültəsinin müəllimi, memarlıq doktoru, professor Nəriman Əliyev isə bildirdi ki, hazırda bu ixtisas üzrə magistrlərə dərs keçir: “Onların təhsil səviyyəsi normaldır. Hətta bəziləri dərsdən əlavə öz sahələrində çalışırlar. Ümumiyyətlə, memarlıq sahəsində həm memar, həm də layihəçi kimi çalışırlar. Layihəçilik nisbətən asandır, çünki verilən tapşırığı yerinə yetirir. Amma memar öz təxəyyülü ilə hərəkət edir”. Professor onu da qeyd etdi ki, bir vaxtlar Sadıx Dadaşov, Mikayıl Hüseynov kimi görkəmli memarlar yüksək səviyyəli memar olmaq üçün ölkəmizdə orta əsr memarlığı işlərində çalışmışdılar və onlar Şirvanşahlar sarayında işləmişdilər: “Nizami adına Ədəbiyyat Muzeyi dünyada yeganədir. Tarixi şəxsiyyətlərin heykəllərini düzəltməklə Azərbaycan milli memarlığının sintezini yaradıblar. Dünyada belə bir şey yoxdur. Yalnız İtaliyada var, orada da əfsanəvi varlıqların heykəlləri ilə sintez ediblər ki, bu da bizimki kimi deyil. Bu binanın digər bir xüsusiyyəti ondadır ki, bütün memarlıq komplekslərində əsas bina yüksəklikdə olsa da, bu bina aşağıdadır. Bu bina təkrarsızdır. Bu onu göstərir ki, belə böyük memarlarımız olub”. N.Əliyev ancaq indi bu sahədə bəzi problemlərin olduğunu deyir: “Bu gün memarlığın bir xüsusiyyəti yoxdur, bunun da günahı bizdədir. Gənclərə milli memarlıq xüsusiyyətindən dərs keçilməlidir. Amma indi yalnız beynəlxalq memarlıq səviyyəsində tədris olunur. Ölkəmiz yeni müstəqillik əldə edib. Yəqin ki, bir müddət sonra bu sahədə boşluq özünü göstərəcək. Digər tərəfdən, bu gənclərə nə verilir, onlar da onu qaytarır. Fakt odur ki, milli memarlıq xüsusiyyətləri o qədər də görsənmir”.

“Bu gün bəzi gənclər yalnız diplom xatirinə təhsil alırlar”

Təhsil Problemləri İnstitutunun təhsil nəzəriyyəsi şöbəsinin müdiri, Pedaqogika və Psixologiya elmləri üzrə Elmi Şuranın sədri, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov bildirdi ki, həqiqətən, bu gün bəzi gənclər yalnız diplom xatirinə təhsil alırlar: “Əlbəttə, bu, faiz etibarilə olduqca az olsa da belələri var. Fikrimizcə, bu əmanət sovet dövründən qalan və hələ də bəzilərinin düşüncə tərzinə uyğundur. Lakin indiki zaman, yaşadığımız informasiya cəmiyyəti yüksək intellektli, rəqabətəqabil, yetkin şəxsiyyətin formalaşdırılmasını tələb edir. Müasir dövrdə cəmiyyətin sürətli inkişafı, Azərbaycan dövlətinin, dövlətçiliyinin daha da möhkəmləndirilməsi gənclərimizin milli-mənəvi, bəşəri dəyərləri mənimsəmə səviyyəsindən, ölkənin ictimai, mədəni həyatında fəal iştirakından, mütəxəssis kadr kimi səriştəliliyindən də xeyli dərəcədə asılıdır. Ona görə böyüyən nəsillərdə milli və bəşəri dəyərlərə dövlətçilik ənənələrinə hörmət və məhəbbət hissi formalaşdırılmalı, ixtisas seçimində yanlışlığa yol verilməməlidir. Lakin bir cəhəti də qeyd etməliyik ki, gənclərimizin böyük əksəriyyəti müasir zaman övladları kimi dəyərləri düzgün qiymətləndirir, düzgün seçim etməyə çalışırlar”.

“Universiteti bitirdikdən sonra tələbə başa düşür ki, diplom o qədər vacib deyil...”
ARTPİ-nin təhsilin idarəolunması və iqtisadiyyatı şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru Piralı Əliyev bildirdi ki, bugünkü gənclər bəzi ali təhsil müəssisələrini yalnız diplom almaq xatirinə seçirlər: “Hesab edirəm ki, bunun bir neçə səbəbi var. Məktəblərdə peşəyönümü işinin düzgün aparılmaması nəticəsində ali məktəblərə seçim düzgün aparılmır. Valideynlərin istəyi nəticəsində abituriyent istəmədiyi fakültəni və ixtisası seçir ki, nəticədə diplom almaq xatirinə oxuyur. Ali məktəblərdə verilən biliklər Azərbaycanın iqtisadi inkişafını qabaqlaya bilmədiyindən bəzi tələbələr oxumur. Bundan başqa, ali məktəblərdə daha çox nəzəri fikirlər öyrədilir, praktik bacarıqlara az yer verilir. Universiteti bitirdikdən sonra tələbə başa düşür ki, diplom o qədər vacib deyil, həyati bacarıqlara yiyələnmək lazımdır. Bəzi gənclərimiz ali məktəblərə təsadüf nəticəsində qəbul olurlar. Test imtahanlarını təkmilləşdirməyə böyük ehtiyac duyulur. Bacarıqlara əsaslanan imtahan sualları tərtib olunmalıdır”.
Beləliklə, bu gün alimlərimiz, mütəxəssislərimiz də gənclərin ali təhsil seçimində sevdiyi ixtisası deyil, məhz ali məktəblərə qəbul imtahanının nəticələrinə, topladıqları bala uyğun olaraq seçim etdiklərini deyirlər. Bu isə onların sadəcə diplom alması ilə nəticələnir. Nəticədə isə həmin sahələrdə, məsələn, gənc memarlara rast gəlmək olmur.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.12.2019
Nərazət-buraxılış məntəqəsinə hücum olunub, ölənlər var
16.12.2019
Həftənin ilk iş günü hava necə olacaq?
15.12.2019
Türkiyə ABŞ üçün İncirlik aviabazasını bağlaya bilər
15.12.2019
“Milli Şura“ mühacir alverində adı hallanan dərnəkdir, siyasi təşkilat deyil
15.12.2019
Leyla Əliyeva növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərov Dünya Şotokan Karate Federasiyasının 1-ci vitse-prezidenti seçilib
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 Regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info