Novruz: dirçəliş və sevgi bayramı
Tarix: 17.03.2015 | Saat: 21:37:00 | E-mail | Çapa göndər


Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz təbiətin canlanması, torpağın oyanması bayramıdır. “Novruz” sözünün mənası yeni gün, təzə il deməkdir. Bu bayram sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz bayramı bizim mədəniyyətimizin əsas ünsürlərindən biridir, bizi bir millət olaraq fərqləndirən milli kimliyimizin ayrılmaz hissəsidir. Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlərin, miflərin kökü çox qədimlərə gedib çıxır. Tədqiqatçılar Novruz bayramının məhz Yaxın Şərqin qədim əkinçiliklə məşğul olan xalqları arasında meydana gəldiyini söyləyirlər. Son vaxtlar Novruz bayramını türklərin "Ərgənəkon" dastanı ilə də əlaqələndirirlər. F.Rəşidəddin "Came ət-tavarix" əsərində məlumat verir ki, göytürklər dar keçidin dəmirini əritməklə sığındıqları məkandan çıxdıqları günü "Qurtuluş günü" adı ilə bayram etmişlər.

Şumerlər də Novruz bayramını "Yeni gün", "Yazın ilk günü" adları ilə qeyd etmişlər. Hətta unudulmasın deyə bunu özlərinin "Bilqamıs" dastanında xatırlatmışlar.Şərqin böyük alimlərindən olan Nizamülmülk “Siyasətnamə” əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış “bahariyyə” adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir. Heç də təsadüfi deyildir ki, Azərbaycan xalqının yaratdığı “Novruzu”, “Novruzgülü” kimi xalq rəqsləri bu bayrama olan sevgidən qaynaqlanmışdır.
Novruzdan əvvəl baharın müjdəçiləri olan 4: od, su, yel və torpaq çərşənbələri qeyd olunur. Bu çərşənbələrin hər biri bizi Novruza daha da yaxınlaşdırır. Dörd çərşənbə insanın dörd ünsürdən yaradılması haqqında dini-mifik görüşləri simvollaşdırır.

Milli birliyimizin təzahürü
Tarixi çətinliklərə baxmayaraq, Novruzu yaşatmaqla millətimiz öz kimliyini qoruyub, milli birliyini təmin edib. Müstəqilliyimizin əldə olunması ilə Novruz bayramı dövlət səviyyəsində qeyd olunmağa başlamışdır. Hələ SSRİ dövründə ümummilli lider çoxsaylı qadağa və təzyiqlərə baxmayaraq, Novruz bayramını yaşatmış, unutdurmamışdır. Bu addım ümummilli lider Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, cahanşümul mədəniyyətinə, milli adət-ənənələrinə tükənməz məhəbbətinin əyani təzahürü idi. Bu milli tarixi nailiyyət bu gün də Respublikamızda aydın və birmənalı şəkildə təsdiq olunmuşdur. Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qiymətləndirmişdir: "Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir".

Novruzun dünyəvi qiymətləndirilməsi

Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində UNESCO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 2009-cu il sentyabrın 30-da Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən 4-cü sessiyasında Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilmişdir. Azərbaycanın təşəbbüsü ilə 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisinin 64-cü sessiyasının iclasında 21 martın Beynəlxalq Novruz Günü elan edilmişdir. Belə ki, həmin tarixdə BMT Baş Məclisinin 64-cü sessiyası gündəliyinin "Sülh mədəniyyəti" adlı 49-cu bəndinə müvafiq olaraq Azərbaycanın təsəbbüsü ilə irəli sürülmüş və Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Albaniya, Hindistan və Makedoniyanın həmmüəllifi olduğu "Beynəlxalq Novruz Günü" adlı qətnamə layihəsinin təqdimatı keçirilmişdir. Tədbirdə Novruz bayramının qeyd edilməsinin tarixi, onun nəinki Azərbaycanda, o cümlədən Balkanlarda, Qara dəniz hövzəsi ölkələrində, Qafqazda, Orta Asiyada və Yaxın Şərqdə, ümumilikdə üç yüz milyon insan tərəfindən təntənəli şəkildə üç min ildən artıq bir müddət ərzində qeyd edilməsi barədə məlumat verilmişdir. İclasın sonunda yekdilliklə qəbul olunan qətnaməyə əsasən, BMT Baş Məclisi Novruz bayramının Şərq və Qərb mədəniyyətlərinin xüsusiyyətlərini, əməkdaşlıq və həmrəylik ideallarını özündə ehtiva etdiyini nəzərə alaraq, dövlətlər arasında bundan sonra da geniş həmrəylik, yüksək hörmət və ehtiramı təşviq etmək məqsədilə martın 21-ni Beynəlxalq Novruz Günü kimi tanıyır, BMT-nin üzvü olan dövlətləri Novruzla bağlı məlumatlılığının artırılması üçün səy göstərməyə çağırır. Eyni zamanda, BMT-nin üzvü olan dövlətləri və onun ixtisaslaşdırılmış orqanlarını, fondlarını, proqramlarını, həmçinin məsələ ilə maraqlanan digər beynəlxalq və regional təşkilatları, eləcə də qeyri-hökumət təşkilatlarını Novruz bayramını keçirən dövlətlərin təşkil etdikləri təntənəli mərasimlərdə iştiraka dəvət edir. Bu da öz növbəsində məhz bu bayramın bəşəri miqyasda roluna yüksək önəm verildiyinə dəlalət edir. Bu il martın 24-də UNESCO-nun mənzil iqamətgahında Novruz bayramı qeyd olunacaq. TÜRKSOY-un təşkilatçılığı, türkdilli xalqların, o cümlədən Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin dəstəyi ilə keçiriləcək bayram şənliyi çərçivəsində “Novruz rəngləri” adlı sərgi də təşkil olunacaq. Bu bir daha Novruzun Azərbaycan üçün nə dərəcədə mənəvi bir dəyər göstəricisi olduğunu sübut edir. Novruz bayramı hər bir azərbaycanlı üçün əziz bayramdır. Bu, hər bir vətəndaşımızın, həmçinin ölkə sərhədlərindən kənarda yaşayan azərbaycanlı kimliyinin daşıyan hər bir şəxsin bayramıdır. Novruz əsrlərin sınağından keçmiş ulu babalarımızdan bizə miras qalmış əziz bayramdır. Bu bayram həm adi insan bayramı, həm də təbiət bayramıdır. Novruzu digər bayramlardan fərqləndirən cəhət məhz bundan ibarətdir. Bu bayram ənənəvi dəyərlərə bağlılığımızın rəmzinə çevrilmişdir. Həmin səbəbdəndir ki, Novruz şənlikləri təkcə Azərbaycanda deyil, soydaşlarımızın yaşadıqları ən müxtəlif xarici ölkələrdə də geniş qeyd edilir.

Novruz adətləri ...
Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Belə ki, bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir. Novruzun süfrəsi də fərqlidir. Belə ki, istər çərşənbələrdə, istərsə də Novruz axşamında süfrədə milli xörəklərimiz, ən başlıcası isə plov olmalıdır. Şəkərbura, paxlava, şəkər çörəyi və digər şirniyyatlar, kişmiş, püstə, badam, boyanmış yumurtalar süfrələrimizi bəzəyir. Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur. Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara başçəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir. Novruzda icra olunan hər bir ritual özündə fəlsəfi, dərin məna gizlədir. Məsələn, yumurta döyüşdürülməsi iki dünyanın - qışla yazın, soyuqla istinin mübarizəsini nümayiş etdirməkdədir. “Toxum cücərtmək” və ya “Səməni qoymaq” da bir şəkildə təbiəti canlandırmaq, ona təsir etmək vasitəsi kimi anlaşılır. “Qulaq falı” və ya “qapı pusmaq” yeniləşmənin məlumat səviyyəsini əks etdirir. Novruza aid olan bayram adətlərindən biri də müxtəlif şəkildə adlandırılan torba atmaqdır. Novruzla bağlı orta əsrlərə aid yazılı qaynaqlarda bu adətlərin zərdüştlük dönəmində mövcud olduğu və onun xüsusi icraçılar - Zərdüşt kahinləri tərəfindən yerinə yetirildiyi haqqında məlumat verilir. Sonrakı dövrlərdə “torba atmaq” “qurşaq atmaq” və ya “şal sallamaq”la əvəzlənmişdir. Əlbəttə, burada məişət mədəniyyətindəki dəyişikliklər öz təsirlərini göstərmişdir. Ən yeni dövrün “torba atmaq” mədəniyyətində “dəsmal atmaq” və “papaq atmaq” kimi yeni vasitələrdən istifadə edildiyi müşahidə olunmaqdadır. Novruz bayramının ritual əsaslarının təhlilindən gəlinən qənaətlərə görə, onun yaranışı nə zərdüştlüklə, nə də İslam dini ilə əlaqəlidir. Çünki burada müşahidə olunan arxaik ritual elementləri şaman, buddist, xristian və müsəlman türklərin mövsümlə bağlı icra etdikləri ortaq rituallardır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Novruz dünyanın və insanın yaradılış bayramıdır. Bu bayram insana inamla yaşamaq həvəsi vəd edir. Novruz şən və sevimli, xalqımızın bütün dəyərlərini özündə birləşdirən bayramdır. Bu əziz bayram ərəfəsində hər bir azərbaycanlıya, hər bir ölkə vətəndaşına səadət, firavanlıq, cansağlığı və uğur arzu edirik. Xalqımızı qədim və gözəl Novruz bayramı münasibətilə təbrik edir, ölkəmiz üçün əmin-amanlıq, rifah və tərəqqi diləyirik.

Nailə Məmmədova
“Azerbaijan Realities” analitik təhlil qrupunun üzvü




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info