Rusiya Kimya-Texnologiya Universitetinin dosenti: “Azərbaycanlı olmağın qüruru başqadır”
Tarix: 18.03.2015 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


Aytən Muradova: “Moskvada yaşayan soydaşlarımız bilik və bacarıqları ilə elm və təhsil sisteminə böyük töhfə verirlər”

Rusiyada yaşayan azərbaycanlıların burada müxtəlif sahələrdə çalışması, aktiv fəaliyyət göstərmələri barədə dəfələrlə məlumatlar dərc etmişik, soydaşlarımızdan müsahibələr almışıq. Budəfəki müsahibimiz isə Moskvada elmi fəaliyyətlə məşğul olan Aytən Muradovadır. Aytən xanım hazırda D.İ. Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetinin Nanomateriallar və nanotexnologiyalar kafedrasında dosent vəzifəsində çalışır. Xaricdə yaşayan və fəxr ediləsi həmvətənlərimizdən olan xanımla olan müsahibəni oxuculara təqdim edirik:
-Özünüz barədə ətraflı məlumat verərdiniz.
-Mən, Aytən Qələndər qızı Muradova 26 sentyabr 1984-cü ildə Gürcüstanda, Dmanisi rayonunun o qədər də böyük olmayan, ancaq öz gözəlliyi ilə göz oxşayan və dağlarla əhatə olunan Oruzman kəndində dünyaya göz açmışam. 4 yaşında olarkən ailəmizlə Rusiya Federasiyasına köçdük. Atamın işi ilə əlaqədar (inşaat mühəndisi olaraq çalışırdı) Rusiya Federasiyasında yaşayış yerini tez-tez dəyişmək məcburiyyətində qalırdıq. Buna görə də, mənim üçün ən çətin məqam oxuduğum orta məktəbi dəyişmək idi. Xatirimdədir ki, həmin müddətdə 5 orta təhsil müəssisəsi dəyişmişdim. Ancaq buna baxmayaraq, oxumaq və yüksək nailiyyətlər əldə etmək həvəsi mənim üçün birinci dərəcəli önəm daşıyırdı. Hələ orta məktəbdə oxuyarkən, mən kimya fənni ilə xüsusi olaraq maraqlanırdım. Nəzərim hansı tərəfə yönəlirdisə, başa düşürdüm ki, bizi kimyəvi zavodlarda müxtəlif materiallardan hazırlanmış məhsullar əhatə edir. Məktəbdə oxuyarkən tədris proqramı mənə çox sadə gəlirdi və daha təkmil bir proqrama uyğun olaraq təhsil almaq istəyirdim. Bundan sonra kimya fənnini daha dərindən öyrənməyə başladım və bu cəhdlərim mənə kimya sahəsində bir çox olimpiadalarda iştirak etməyə və mükafata layiq yerlər tutmağa yardımçı oldu. Orta məktəbi gümüş medalla bitirdikdən sonra ailəmlə birlikdə 2003-cü ildə Bakıya köçdük və elə həmin il Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Tətbiqi kimya ixtisasına qəbul oldum.
- Dəqiq elmlər çətin olur deyirlər. Ümumiyyətlə belə bir elmə-kimya sahəsinə maraq sizdə haradan yaranıb?
-Mən hər zaman dəqiq elmlərə üstünlük vermişəm və tələbəlik dövründə dəqiq elmlərə aid fənlər üzrə verdiyim bütün imtahanlarda yüksək nəticələr əldə etmişəm. Yadımdadır ki, hələ ikinci kursda oxuyarkən Ali riyaziyyat fənnindən keçirilən yazılı imtahan zamanı əldə etdiyim yüksək nəticəni görən imtahan üzrə əlaqələndirici Mustafa Muradov məni BDU nəzdində fəaliyyət göstərən Nanomərkəzdəki qrupa işləməyə dəvət etdi. Bu mənim kiçik obyektlər aləminə “səyahətimin” başlanğıcı idi və bu sahədə mənim ilk müəllimim və rəhbərim Mustafa Muradov oldu. Məhz buna görə də, mən ona öz dərin minnətdarlığımı bildirirəm. Nanotexnologiyalar sahəsində elmi ədəbiyyatlarla işləməklə və onları dərindən öyrənməklə yanaşı, iş saatlarından kənar asudə vaxtımın çox hissəsini laboratoriyada keçirir və təcrübələr aparırdım. Bununla yanaşı, nanotexnologiyalar sahəsində beynəlxalq layihələrdə iştirak edirdim. Bakalavr dərəcəsini aldıqdan sonra magistr dərəcəsini üzvi kimya istiqaməti üzrə BDU-da almağa başlasam da, orada təhsilimi başa çatdıra bilmədim. Belə ki, mənim maraq dairəm daha çox nanotexnologiyalarla bağlı olduğu üçün bu sahədə də öz təhsilimi davam etdirmək fikrində idim. BDU-da isə həmin dövrdə təəssüf ki, belə bir ixtisas mövcud deyildi. Buna görə də magistratura təhsilimi bu ali təhsil ocağında dayandıraraq təhsilimi Moskvada, D.İ. Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetinin Nanomateriallar və nanotexnologiyalar kafedrasının magistratura pilləsində davam etdirmək qərarı verdim və bura qəbul oldum. 2010-cu ildə isə magistraturanı fərqlənmə ilə bitərək aspiranturaya qəbul oldum. Elmi işim əsas etibarilə maqnetik materillar, sənaye və tibdə istifadə edilən və insan orqanizmi üçün az təsiri ola biləcək perspektiv nanotexnologiyalarla bağlı tədqiqatlar həyata keçirirdim.
2013-cü ildə namizədlik dissertasiyasını uğurla müdafiə etmişəm və hazırda Moskvada, D.İ. Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetinin Nanomateriallar və nanotexnologiyalar kafedrasında dosent olaraq çalışıram.

“Azərbaycanın iqtisadi müstəqilliyinin əsası qoyulub, ölkəmiz özünün hər sahədə təhlükəsizliyini tam təmin edib. Bununla belə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən şaxələndirmə siyasəti Azərbaycanın sürətli inkişafına səbəb olub. Bunu kənardan baxdıqda daha aydın şəkildə görmək olur”.

-Fəxr ediləsi haldır ki, Rusiyada yaşayan azərbaycanlılar arasından sizin kimi elm adamları ilə tez-tez rastlaşırıq. Soydaşlarımızın oradakı fəaliyyətləri necə, sizi qane edirmi?
-Azərbaycanlılar Rusiyanın demək olar ki, bütün regionlarında yaşayır və aktiv fəaliyyət göstərirlər. Rəsmi olan məlumatlara əsasən Azərbaycan icmaları Dağıstan, Moskva, Sankt-Peterburq, Tümen, Rostov, Saratov və digər əyalət və şəhərlərdə yerləşirlər. Onu deyə bilərəm ki, təkcə Moskvada 1 milyondan çox azərbaycanlı yaşayır. Sizi maraqlandırır ki, burada azərbaycanlılar nə ilə məşğul olurlar, əsasən də Moskvada. Bu suala aydınlıq gətirim. Bildiyiniz kimi, bir çox insanlarda belə fikir formalaşıb ki, Rusiyada, əsasən də Moskvada yaşayan azərbaycanlıların bir çoxu yalnız biznes sferasında çalışır. Amma bir məsələni xüsusilə qeyd etmək istərdim ki, Moskvada təhsil, idman, mədəniyyət sahələrində və dövlət müəssisələrində, prokurorluq və ədliyyə orqanlarında, diplomatik sferada çalışan kifayət qədər soydaşlarımız var. Mən təhsil sahəsində çalışdığım üçün bir sıra insanların adını xüsusi qeyd edə bilərəm. Bu şəxslərdən Moskva Dövlət Humanitar-İqtisadi Universitetinin rektoru, cənab Vaqif Bayramov, Moskvada 157 saylı orta təhsil məktəbin direktoru Elmira İsmayılova, Moskva Dövlət Linqvistika Universiteti nəzdində yerləşən Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin direktoru Bella Musayeva, 1331 saylı orta təhsil müəssisənin Azərbaycan sektorunun rəhbəri Məmmədova Validə, Rusiya Dövlət Sosial Universitetinin professoru İbrahim Məlikov, Moskva məktəblərinin müəllimləri -Xalidə Səmədova, Sevil İsmayılova, Zeynalova Gülnarə və bir çoxlarının adını xüsusi qeyd etmək olar. Onlar öz bilik və bacarıqları ilə Rusiyada elm və təhsil sisteminə böyük töhfə verməyə davam edirlər.
- Siz də sadaladığınız azərbaycanlılar kimi müəllimlik fəaliyyəti ilə məşğulsunuz. Ümumiyyətlə, azərbaycanlı birinin Rusiyada fənn tədris eləməsinin müsbət cəhətləri nədir?
- Mən hələ magistratura pilləsində təhsil alarkən dərs tədris etməyə başladım. 2010-2014-cü illərdə Nanomateriallar və nanotexnologiya kafedrasında assistent vəzifəsində çalışırdım və çalışdığım müddətdə mühazirə və seminarlar aparır, laboratoriya təcrübələri işləyib hazırlayır və onları sınaqdan keçirirdim.
Eyni zamanda, Rusiya Federasiyası Təhsil Nazirliyinin Ümumrusiya Ali Təhsil Müəssisələrinin nanomateriallar və nanotexnologiyalar sahəsində tələbə işləri müsabiqəsinin təşkilat komitəsinin və jürisinin məsul katibi, həmçinin, Kimya və Kimya Texnologiyası üzrə gənc alimlərin Beynəlxalq Konqresinin “Nanomateriallar” bölməsinin katibi vəzifəsində çalışırdım. Bununla yanaşı, D.İ. Mendelyev adına Rusiya Kimya-Texnologiya Universitetinin iki əsas layihəsi üzrə məsul icraçı funksiyasını həyata keçirirdim. Hazırda isə həmin universitetdə dosent vəzifəsində çalışıram, laboratoriya məşğələləri həyata keçirməklə yanaşı, mühazirələr deyir, diplom işlərinə rəhbərlik edir və nanotexnologiyalar və nanomateriallar sahəsində tədqiqatlar aparıram. Hesab edirəm ki, fəaliyyət sferasından asılı olmayaraq hər kəs öz sevdiyi və daim özünü inkişaf etdirə biləcəyi işlə məşğul olmalıdır. Mən tədris prosesini sevirəm, uşaqlarla, tələblərlə işləməkdən zövq alıram.
-Sizcə, müəllim hansı keyfiyyətlərə malik olmalıdır?
-Düzü xatırlamıram bu ifadəni kim deyib, amma orda qeyd edilir ki, “hər bir peşə nizam-intizam və öhdəlik tələb edir”. Məhz tədris prosesində də hər şey bundan başlayır. Biz, azərbaycanlılar elə millətik ki, harada yaşamağımızdan asılı olmayaraq, istənilən yerdə öz milli ənənələrimizi qoruyuruq, saxlayırıq. Bir müəllim kimi və bir azərbaycanlı kimi hər zaman hər yerdə bu mənim üçün önəmlidir.
-Rusiya Azərbaycan münasibətləri daha da güclənib. Bir elm adamı kimi bu dostluq münasibətlərini necə dəyərləndirərdiniz?
-Rusiya ilə Azərbaycanı çox qədim tarixi köklər bağlayır, xalqlarımız 150 ildən çox bir dövlətin tərkibində yaşayıb. Mədəniyyətimiz, təhsilimiz, iqtisadiyyatımız o qədər qaynayıb-qarışıb ki, bu gün bu köklərin möhkəmlənməsi, əlaqələrin inkişaf etməsi artıq milli maraqlar səviyyəsində olan strateji məsələdir. Rusiyada kifayət qədər Azərbaycan vətəndaşı məskunlaşıb ki, onların sayı bir milyondan artıq göstərilir, Rusiya vətəndaşlığı olan azərbaycanlıları da nəzərə alsaq bu, iki milyondan çox edir. Elmlə bağlı məsələlərə gəldikdə isə Azərbaycanda Rusiyada təhsil almağa həmişə böyük maraq var. Məhz bu baxımdan da, təhsil sahəsində ölkələrimiz arasında əməkdaşlıq inkişaf etməkdədir. Belə ki, bildiyim qədər hazırda 10 minə qədər azərbaycanlı tələbə Rusiyada təhsil alır. Rusiya ali məktəblərinin nüfuzlu olması, rus dilinin Azərbaycanda geniş yayılması və Rusiya-Azərbaycan münasibətlərinin dostluq xarakteri daşıması bu marağın əsasını təşkil edir.

“Moskvada təhsil, idman, mədəniyyət sahələrində və dövlət müəssisələrində, prokurorluq və ədliyyə orqanlarında, diplomatik sferada çalışan kifayət qədər soydaşlarımız var”.

-Sizi Azərbaycana daha çox nələr bağlayır?
- Rusiyada kifayət qədər məşhur olan və sevilən siyasi lider, ulu öndərimiz Vətəninə sevgisini bütün zamanlar üçün şüara çevriləcək tərzdə bildirib-“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu müdrik sözlər hər bir xaricdə yaşayan, fəaliyyət göstərən azərbaycanlılar üçün tezisə çevrilib. Mən də bir gənc olaraq, müəllim və ən əsası da bir azərbaycanlı kimi düşünərək, azərbaycanlı olmağımla fəxr edirəm. Mən Gürcüstanda dünyaya göz açsam da, milliyətcə azərbaycanlıyam. Baxmayaraq Azərbaycanda yaşamıram, amma azərbaycanlı olmağın qüruru başqadır. Ən dəyərli iş isə cəmiyyətdə öhdəmizə düşən vəzifəni vicdanla, mükəmməl icra etməkdir və harada yaşayıb işləməyimizdən asılı olmayaq Azərbaycanımızın adını və azərbaycanlılığımızı daim yüksəkdə tutmaqdır. Bir sözlə,məni Azərbaycana bir çox tellər bağlayır.
-Azərbaycanın hazırkı inkişafı, ölkəmiz kənardan necə görünür?
-Azərbaycan müstəqilliyin əldə edilməsi yolunda kifayət qədər qurbanlar verib, ağır bir mübarizə yolu keçib. Azərbaycanın müasir tarixinə, daha doğrusu, ən yeni tarixinə sistemli yanaşma onun inkişafını düzgün proqnozlaşdırmağa imkan verir. Son illər Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı göz qabağındadır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış strategiyanın uğurla reallaşdırılması nəticəsində Azərbaycanın iqtisadi müstəqilliyinin əsası qoyulub, ölkəmiz özünün hər sahədə təhlükəsizliyini tam təmin edib. Bununla belə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən şaxələndirmə siyasəti Azərbaycanın sürətli inkişafına səbəb olub. Bunu kənardan baxdıqda daha aydın şəkildə görmək olur.
- Gələcəklə bağlı hansı hədəfləriniz və planlarınız var?
-Əlbəttə çox böyük hədəflərim var. Hazırda qarşıma qoyduğum əsas məqsəd doktorluq dissertasiyasını müdafiə etməkdir və bütün gücümü də buna yönəltmişəm. Eyni zamanda müdafiə etdikdən sonra öz sahəm üzrə daha dərin tədqiqatlar aparmağı düşünürəm. Son olaraq isə sizə, bütün kollektivinizə təşəkkürümü bildirirəm və uğurlarınızın davamını arzulayıram. Qəzetiniz isə bir çox müsbət məqamları ilə seçilən, tanınmış bir media orqanıdır və bildiyim qədərilə artıq bir neçə ildir ki, gündəlik qəzet olaraq nəşr edilir. İnşallah daha böyük bir media holdinqi olmanızı arzu edirəm. Təklifim isə gənclərimizi fəallığa istiqamətləndirəcək xəbərlərin və xaricdə yaşayan soydaşlarımızla belə müsahibələrin sayının artırılmasıdır.

Tural Tağıyev








 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info