Asiya beynəlxalq münasibətlər sistemində
Tarix: 30.03.2015 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


Uzun dövr ərzində dünya siyasətindən bəhs edilərkən, əsasən, Qərb dövlətlərinə istinad edilmiş, Asiya ölkələri arxa planda qalmışdır. Halbuki, geosiyasi əhəmiyyətinə görə Asiya qitəsi ölkələri müasir dünya siyasətinin diqqət mərkəzindədir. Qitənin əmək resursları, satış bazarları, xammal ehtiyatları, nəqliyyat-kommunikasiya imkanları, geostrateji baxımdan mühüm ərazi xarakteristikası ilə həm Avropa İttifaqı ölkələrini, həm də ABŞ-ı çox ciddi şəkildə maraqlandırır. Dünya siyasətində Asiya ölkələrinin tutduğu yerin və oynadığı rolun araşdırılması böyük aktuallıq kəsb edir. Bu baxımdan Bakı Dövlət Universiteti beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbovun “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” adlı əsəri mövcud boşluğu aradan qaldıran əhəmiyyətli monoqrafik tədqiqatdır. Kitabda ilk dəfə olaraq beynəlxalq münasibətlərdə Asiya regionunun rolu və əhəmiyyəti ardıcıl və sistemli şəkildə araşdırılmışdır.
Müəllif əsərin “Giriş” hissəsində Asiya ölkələrinin beynəlxalq münasibətlər sistemindəki rolunu təhlil edərək qeyd edir ki, “müxtəlif fikirlərin olmasına baxmayaraq, hadisə və proseslərin inkişaf dinamikası göstərir ki, yeni minillikdə dünya siyasətində Asiyanın geosiyasi çəkisi daha da artacaqdır. Son illərin təcrübəsindən aydın görünür ki, Çin və Hindistan dünyada yeni bazarlar uğrunda Qərb ölkələri ilə rəqabətdə getdikcə daha çox üstün mövqe qazanırlar”.
Azərbaycan Respublikasının xarici siyasətində Asiya qitəsinin böyük və kiçik dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr, bu regionda yaradılmış və müxtəlif sahələr üzrə fəaliyyət göstərən beynəlxalq və regional qurumlarla münasibətlər xüsusi bir istiqamət təşkil edir.
Azərbaycan Respublikasının Asiya qitəsində tutduğu yerin öyrənilməsinin aktuallığını şərh edən Rza Talıbov vurğulayır ki, Azərbaycan Respublikası Şərq ilə Qərb arasında yerləşdiyindən və “qızıl körpü” rolunu oynadığından ölkəmizin beynəlxalq münasibətlər sistemində tutduğu yerin və oynadığı rolun öyrənilməsi, həm siyasətşünaslıq elmimizdə boşluğu doldurmaq, həm də ali təhsil müəssisələrində bakalavr və magistrlərin ehtiyaclarını ödəmək baxımından aktuallıq kəsb edir.
Çin Xalq Respublikasının beynəlxalq münasibətlər sistemindəki rolunu ətraflı şəkildə tədqiq edən müəllif bu ölkənin dünya siyasətində yerini çinli və digər əcnəbi siyasətçi və tədqiqatçıların da əsərlərinə istinad edərək açmışdır.
Dünya siyasətində beynəlxalq təşkilatların böyük rol oynadığını qeyd edən R.Talıbov beynəlxalq və regional təşkilatlarda Çinin iştirakının və üzvləri ilə münasibətlərinin bu dövlətlərin regiondakı siyasətinin tərkib hissəsi olduğunu bildirir. Müəllif yazır ki, Asiya və Sakit okean regionunda beynəlxalq münasibətlərin tənzimlənməsinin norma və mexanizmləri Çinin aparıcı rol oynadığını ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) və Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlığı, Şanxay Əməkdaşlıq Təşkilatı və başqa qurumlar tərəfindən müəyyən olunur.
Çin Xalq Respublikasının Asiya ölkələri ilə əlaqələrini də geniş şəkildə araşdıran Rza Talıbov bu ölkənin Tailand, İndoneziya, Malayziya, Hindistan, Yaponiya, Koreya, Ərəb ölkələri, İran, Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinə xüsusi diqqət yetirərək belə bir nəticəyə gəlir ki, Çinin xarici siyasətinin qarşısında duran əsas məqsəd ölkənin daxili inkişafı və xalqın daha yaxşı yaşamasını təmin etmək üçün əlverişli beynəlxalq və regional şəraitin yaradılması, rəqiblərin regionda təsirinə mane olmaq, xüsusilə də enerji ehtiyatlarına olan tələbatı təmin etməkdən ibarətdir.
Azərbaycan Respublikası ilə Çinin əməkdaşlığını dərindən tədqiq edən müəllif yazır ki, beynəlxalq əlaqələrini sürətlə genişləndirən ÇXR-in xarici siyasətində Azərbaycan Respublikası özünəməxsus yer tutur. Azərbaycan qədim İpək yolunun üzərində yerləşdiyinə görə ən qədim dövrlərdən Şərqi Asiya, o cümlədən Çin ilə ticarət-iqtisadi və eyni zamanda, mədəni sahədə əlaqələri mövcud olmuşdur. Azərbaycanın əlverişli strateji və coğrafi mövqeyi ilə bağlı ümummilli lider Heydər Əliyev demişdir: “Azərbaycan Asiya ilə Avropanı birləşdirən bir növ körpü, o cümlədən ticarət körpüsü olmuşdur. Tarix və coğrafiya Azərbaycanla Çin arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün çox əlverişli şərait yaratmışdır”.
Azərbaycan—Çin münasibətlərini təhlil edən Rza Talıbov belə nəticəyə gəlir ki, bütövlükdə Xəzər hövzəsi ölkələri, o cümlədən də Azərbaycan ilə əməkdaşlıq Çin üçün əhəmiyyətlidir. Xüsusilə, son dövrdə əsas enerji mənbəyi olan Fars körfəzi ölkələrindəki münaqişələr səbəbindən Çin üçün alternativ enerji mənbəyi olaraq Xəzər hövzəsinin rolu daha da artmışdır. Həm də Azərbaycanın əlverişli coğrafi-siyasi mövqeyi Asiyanı Avropa ilə əlaqələndirən çox əlverişli boru kəmərləri marşurutlarının açılmasına imkan verir. Ona görə də Fars körfəzinin neft ehtiyatlarına alternativ olaraq enerji dövriyyəsi baxımından Mərkəzi Asiya ölkələri, o cümlədən Qazaxıstan və Türkmənistan ilə birlikdə, Azərbaycan da Çinin xüsusi maraq dairəsinə daxildir.
Azərbaycan Böyük İpək yolunun bərpası üzrə TRASEKA layihəsinin reallaşdırılması sahəsində əsas qüvvədir. Bu, Çini Avropa ilə əlaqələndirən ən rahat və sərfəli yoldur. Bütün bu amillər Azərbaycan dövlətini Çinin öz xarici siyasət kursunda xüsusi önəm verdiyi bir ölkəyə çevirir və onları daha da yaxınlaşdırır. Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi də bütövlükdə, Asiya ölkələri ilə birlikdə, Çinin də Azərbaycan, Qafqaz ölkələri, Türkiyə və Avropa dövlətləri ilə əlaqələrinin genişlənməsində mühüm rol oynayacaqdır.
Müasir beynəlxalq münasibətlərdə Yaponiyanın tutduğu yeri təhlil edən R.Talıbov yazır ki, Yaponiya böyük sürətlə inkişaf edir və dünyanın əsas cazibə mərkəzlərindən birinə çevrilir. Müasir dövrdə siyasi və iqtisadi inkişafın “Yaponiya modeli” Qərb texnologiyaları əsasında özünün mədəni sərvətlərini və tarixi xüsusiyyətlərini qorumaqla regionun digər ölkələrinə də nümunə olmuşdur. SSRİ dağıldıqdan sonra yaranan və müstəqllik qazanmış ölkələrlə beynəlxalq münasibətlərin qurulmasında da Yaponiya özünəməxsus mövqe nümayiş etdirmişdir.
Əsərdə R.Talıbov Yaponiya və ABŞ strateji əməkdaşlığı, Yaponiya—Çin münasibətləri, Yaponiya—Rusiya əlaqələri, Cənub-Şərqi Asiya ölkələri ilə münasibətlərdə Yaponiyanın rolu məsələlərini araşdırmışdır. Yaponiya ilə Azərbaycan arasında siyasi-diplomatik münasibətlərə toxunan müəllif vurğulayır ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Yaponiya ilə münasibətlər ardıcıl və səmərəli inkişaf edilmişdir. Qeyd edilir ki, Yaponiya dövlətinin Azərbayacana olan marağı iqtisadi faktorlarla yanaşı, siyasi amilləri də əhatə edir.
Azərbaycan Respublikasının neft-qaz ehtiyatları ilə yanaşı, Qafqazda və Orta Şərqdə mühüm geosiyasi mövqe tutması Yaponiyanı ölkəmizə cəlb edən məsələlər içərisində mühüm yer tutur. Buna görə də iki ölkə arasında münasibətlərdən bəhs edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı olaraq demişdir: “Yaponiya Azərbaycan münasibətləri yüksək səviyyədədir və Azərbaycan bu münasibətlərin genişlənib möhkəmlənməsində maraqlıdır”.
Dosent R.Talıbov Koreya Respublikasının müasir beynəlxalq münasibətlərdə tutduğu yeri də geniş təhlil etmişdir. Müəllifin tədqiqatlarından aydın olur ki, qısa vaxtda dərin iqtisadi böhrandan böyük inkişafa doğru addımlayan Koreya Respublikası artıq müasir dünyada əsas güc mərkəzlərdən biri olmuşdur. Ölkənin iqtisadi inkişaf tarixinə nəzər salan R.Talıbov vurğulayır ki, yaxın keçmişdə digər dünya dövlətlərindən yardım almaqla yaşayan Koreya Respublikası indi donor dövlət olaraq qrantlar ayırır və dünyanın güclü 20 dövləti sırasında xüsusi yer tutur. Koreya Respublikası iqtisasi inkişafına görə nəinki Asiya qitəsində, hətta Avropada bir çox ölkələri ötüb keçmişdir. Koreya Respublikası dünyanın texnologiyalar və avtomobil bazarında Çin, Yaponiya, Almaniya və s. kimi ölkələrlə rəqabət aparır.
Əsərdə Azərbaycan Respublikası və Koreya Respublikası arasında münasibətlərin aydınlaşdırılmasına da münasib yer ayrılmışdır. Müəllif ölkələrimiz arasında münasibətləri belə şərh edir: “Azərbaycan—Cənubi Koreya münasibətləri siyasət, iqtisadiyyat, yeni texnologiyalardan istifadə, elm, təhsil və mədəniyyət sahəsində ardıcıl olaraq inkişaf edir.
R.Talıbov “Dünya siyasətində Sinqapur”, “Sinqapur Respublikasının daxili və xarici siyasəti”, “Müasir beynəlxalq münaisbətlər və Sinqapur” məsələlərini də elmi və siyasi cəhətdən geniş şəkildə araşdırmış və təhlil etmişdir. Eyni zamanda, Azərbaycan ilə Sinqapur arasında münasibətləri tədqiq edən müəllif yazıır ki, Cənub-Şərqi Asiya regionunun həyatında mühüm rol oynayan Sinqapurla Azərbaycan arasında iqtisadi, siyasi, mədəni, humanitar münasibətlərin qurulması Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biridir. Əsərdə ilk dəfə olaraq iki ölkə arasına diplomatik-siyasi münasibətlər sahəsində seçilən yol və əməkdaşlığın formaları da təhlil edilmişdir.
Rza Talıbov tədqiqata cəlb etdiyi Asiya ölkələrini geniş və hərtərəfli şəkildə öyrənmişdir. O cümlədən Malayziyanın dünya siyasətindəki nüfuzundan və tutduğu mövqedən bəhs edən R.Talıbov qeyd edir ki, 1957-ci ildə dövlət müstəqilliyini əldə etmiş Cənub-Şərqi Asiyanın, həmçinin Sakit okeanı hövzəsinin ən böyük müsəlman dövlətlərindən biri olan bu ölkənin iqtisadi qüdrəti onun beynəlxalq təşkilatlar sistemindəki roluna müsbət təsir edir.
Azərbaycan—Malayziya ikitərəfli əməkdaşlığını araşdıraran R.Talıbov qeyd edir ki, iki ölkə BMT və İKT çərçivəsində əməkdaşlıq edir. Bundan başqa, Azərbaycan-Malayziya arasında parlamentlərarası işçi qrupu fəaliyyət göstərir. Azərbaycanın süni peykinin 2013-cü ildə orbitə buraxılması ilə ölkəmizlə İKT sahəsində əməkdaşlıq təklifləri arasında Malayziya da vardır. Malayziya höküməti “Azerspace-1”in xidmətindən istifadə üçün Azərbaycanla müvafiq müqavilə bağlamışdır.
Əsərdə Vyetnam Sosialist Respublikasının dünya siyasətində tutduğu yer də əsaslı şəkildə araşdırılmışdır. Müəllif ölkənin beynəlxalq aləmdəki rolundan bəhs edərək yazır ki, ASEAN təşkilatının üzvü olan Vyetnam qurumun digər üzvləri ilə əlaqələrə regional iqtisadi inkişafın geniş imkanı kimi baxır. Lakin son dövrlərdə Vyetnamın xarici siyasətində Qərb dövlətlərinə də meyl artmaqdadır. Bu, həm dünya siyasətində mühüm yerlərdən birini tutmaq, həm də qabaqcıl Qərb texnologiyalarının ölkəyə gətirilməsi istəyi ilə bağlıdır.
Azərbaycan ilə Vyetnamın münasibətlərini dərindən tədqiq edib ümumiləşdirən müəllif qeyd edir ki, onun daxil olduğu Cənub-Şərqi Asiya regionu ilə əlaqələr respublikamızın da xarici siyasətində mühüm yerlərdən birini tutur. Bu mənada Vyetnam ilə Azərbaycan arasında diplomatik münasibətlər dövlət müstəqlliyimizin bərpa edildiyi ilk dövrlərdən qurulsa da, iki ölkə arasında əlaqələrin XXI əsrdəki inkişafı xüsusilə nəzərə çarpır. Müəllif düzgün olaraq belə bir fikri vurğulayır ki, müstəqil münasibətlər qurulduqdan sonra ötən müddət ərzində iki ölkə arasında qarşılıqlı əməkdaşlığın normativ-hüquq bazası yaradılmış, əlaqələrdə ilkin addımlar atılmışdır.
Araşdırmalarına yekun vuran Rza Talıbov nəticə hissəsində belə qənaətə gəlir: “XX əsrin ikinci yarısından etibarən inteqrasiyaya xüsusi diqqət yetirmiş Asiya bu gün beynəlxalq əlaqələr baxımından dünya ölkələrinin marağında əsas yer tutur. Asiya beynəlxalq münasibətlərin tənzimlənməsinə böyük töhfə verən qüvvədir. Asiya dünya siyasətinin əsas mərkəzlərindən biridir. Asiya böyük iqtisadi fırtınalar məkanıdır. Elm, təhsil, texnologiya müasir Asiyanın əsas sərvətləri sırasında böyük yer tutur. Bir sözlə, Asiya özünün tarixi inkişafının yeni epoxasını yaşamaqda davam edir”.
Ümumiyyətlə, Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbovun “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabı bu qitə ölkələrinin dünya siyasətində və beynəlxalq xarici əlaqələrdəki yerinin və əhəmiyyətinin, həm də Azərbaycan Respublikası ilə əlaqələrinin dərindən tədqiq və təhlil edildiyi yüksək elmi-təcrübi əhəmiyyətə malik olan əsər kimi müasir siyasi elmimizin uğurlarından biri olmaqla, həm də beynəlxalq münasibətlər ixtisasında təhsil alan tələbələr, tədqiqatçılar, siyasətçilər, gənc müəllimlər üçün faydalı mənbədir.


Sübhan TALIBLI
AMEA Dünya Siyasəti İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info