“Dövlət ölkəşünaslığın inkişafina böyük əhəmiyyət verir”
Tarix: 30.03.2015 | Saat: 23:05:00 | E-mail | Çapa göndər


Qalib Barxalov: “Bu sahədə uğurlar əldə edilib”

Müsahibimiz Bakı Slavyan Universitetinin “Ölkəşünaslıq” Elmi-Tədqiqat Laboratoriyasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Qalib Nəcmi oğlu Barxalovdur.
- Qalib müəllim, “Ölkəşünaslıq” elmi-tədqiqat laboratoriyasının yaranma tarixi və fəaliyyəti haqqında nə deyə bilərsiniz?
- “Ölkəşünaslıq” elmi-tədqiqat laboratoriyası o zamankı rektor, akademik K.M.Abdullayevin 10.09.2003-cü il əmri ilə yaradılıb. Elmi-tədqiqat laboratoriyasının məqsədi slavyan ölkələri, həmçinin Azərbaycan, Türkiyə, Yunanıstan və s. ölkələrə dair sistemli şəkildə məlumat və elmi materiallar toplamaq, onları təhlil etmək, əldə edilmiş nəticəni regionşünaslıq istiqaməti üzrə tədris prosesinə tətbiq etmək, eyni zamanda göstərilən ölkələrin tarixi, mədəniyyəti, beynəlxalq münasibətləri, siyasi sistemi, ictimai-siyasi və fəlsəfi fikri üzrə elmi-tədqiqat işləri aparmaqdır.
BSU-nun məqsəd və iş planına uyğun elmi-tədqiqat işlərinin aparılması, profilə uyğun elmi-praktiki konfransların, daimi fəaliyyətdə olan elmi-nəzəri seminarların və s. təşkil edilməsi, universitetimizin əlaqə qurduğu xarici ölkə universitetləri ilə əməkdaşlıq, BSU-da tədris edilən fənləri metodik (tədris) vəsaitlərlə təmin etmək laboratoriyamızın qarşısında duran vəzifələrdəndir.
“Ölkəşünaslıq” elmi-tədqiqat laboratoriyası BSU-da tədris edilən regionların və ayrı-ayrı ölkələrin coğrafiyasını, iqtisadiyyatını, sosial-mədəni mühitini, konfessional əlaqələrini və s. məsələləri araşdıraraq onları kompleks şəkildə öyrənir. Universitetimizdə tədris edilən ixtisaslardan biri də azərbaycanşünaslıq ixtisasıdır. Buna görə də laboratoriyamız öz elmi potensialından istifadə edərək müxtəlif ölkələrin xarici siyasətində Azərbaycanın yerini, ölkəmizin digər dövlətlər və beynəlxalq strukturlarla qarşılıqlı münasibətlərini, eyni zamanda Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, Qafqazda baş verən digər münaqişələr üzrə də araşdırmalar aparır.
Laboratoriyanın ümumi tədqiqat sahəsi var. Əgər yarandığı vaxtdan laboratoriyada çalışan tədqiqatçıların hər biri müxtəlif sahələr, ölkələr üzrə tədqiqat aparırdılarsa, tədqiqatların daha faydalı və dolğun olması məqsədilə sonradan bütün tədqiqatçılar paralel olaraq eyni ölkə üzərində araşdırmalar aparmaq qərarına gəldilər. Onlar, eyni zamanda bir ölkənin müxtəlif sahələri - ictimai-siyasi fikri, sosial-iqtisadi vəziyyəti, beynəlxalq münasibətləri, tarixi, coğrafiyası və s. sahələri üzrə tədqiqatlar aparırlar. Hazırda əməkdaşlarımız tərəfindən laboratoriyanın “Ölkələrlə tanışlıq” layihəsi çərçivəsində Polşa haqqında müxtəlif sahələri əhatə edən, Azərbaycan dilində genişhəcmli məlumat kitabı hazırlanmaqdadır. Bu tip kitabların işlənməsi ona görə zəruridir ki, müəyyən ölkə üzrə təhsil alan tələbələrin qarşılaşdığı informasiya qıtlığı problemi aradan qaldırılsın. Bu, xüsusilə Azərbaycan bölməsində təhsil alan tələbələrə aiddir.
Laboratoriyamızın əməkdaşları mütəmadi olaraq müxtəlif mövzularda təşkil edilmiş ümumrespublika və beynəlxalq (o cümlədən xarici ölkələrdə keçirilən) konfranslarda fəal iştirak edirlər.
ETL özü də müxtəlif səpkili konfranslar və seminarlar təşkil edir, eyni zamanda universitetimizdə keçirilən digər konfransların da təşkil edilməsi prosesində iştirak edir. Onu da qeyd edək ki, universitetimiz artıq neçə ildir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan “Azərbaycanşünaslığın aktual problemləri” adlı beynəlxalq elmi konfrans təşkil edir. Əməkdaşlarımız həmin konfransın təşkil edilməsində fəal iştirak etməklə yanaşı, həmçinin bölmə içlaslarında da məqalə və məruzələrlə çıxış edirlər.
“Ölkəşünaslıq” ETL-in elmi işçisi K.Ruintən 2014-cü ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasında fəaliyyət göstərən Müdafiə Şurasında “Qafqaz regionu İranın kütləvi informasiya vasitələrində” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Qeyd edək ki, bu “Ölkəşünaslıq” ETL-ə təhkim olunmuş dissertasiya işləri arasında ilk müdafiədir. Hazırda laboratoriyamıza 2 dissertant təhkim olunub, 2 əməkdaşımız isə qiyabi olaraq, doktarantura pilləsində təhsilini davam etdirir.
Laboratoriyamızda hər il beynəlxalq münasibətlər və regionşünaslıq ixtisası üzrə təhsil alan tələbələr istehsalat təcrübəsi keçirlər. Həmçinin Ukrayna, Polşa, Bolqarıstan, Rusiya və s. ölkələrdən gələn tələbələr üçün müxtəlif mövzularda mühazirələr və müzakirələr aparılır.
Ümumiyyətlə, laboratoriyamızın əməkdaşları Bakı Slavyan Universiteti rəhbərliyinin tapşırıqlarını yerinə yetirərək öz fəaliyyətlərini intensiv surətdə inkişaf etdirməyə çalışırlar.
Göstərilənlərlə yanaşı, laboratoriya əməkdaşlarının hər birinin müxtəlif sahələr və ölkələr üzrə də müstəqil tədqiqat sahələri var.
- Tədqiqatların nəticəsi olaraq laboratoriya hansı nailiyyətləri əldə edib və mümkünsə, elmi-nəzəri seminarlar haqqında məlumat verərdiniz...
- Əvvəldə qeyd etdiyim kimi, laboratoriya əməkdaşları hər il üçün müəyyən bir ölkə üzrə müxtəlif istiqamətlərdə tədqiqat işləri aparırlar. İlin sonunda həmin tədqiqat işləri müzakirədən keçirilir və uyğun sahələr üzrə mütəxəssislərdən həmin işlər üçün rəy alınır. Müsbət rəy almış işlər laboratoriyanın illik hesabatı olaraq 1 kitabda cəmlənərək cildlənir. Həmin işlərdən universitetimizdə müvafiq fənlər üzrə istifadə olunur. Bu işlər, həmçinin tədqiqat obyekti olmuş ölkə ilə bağlı informasiya toplamaq istəyən mütəxəssislər üçün əhəmiyyətli mənbə bazasıdır.
Lakin ETL əməkdaşlarının fəaliyyəti bununla məhdudlaşmır. Bu günə kimi laboratoriya əməkdaşları tərəfindən 5 monoqrafiya çap etdirilib. Eyni zamanda son 5 ildə ETL tərəfindən 1 dərs vəsaiti, 14 metodik vəsait, 2 proqram, 10-u xaricdə dərc edilməklə 68 məqalə, 2-si xaricdə olmaqla 5 tezis işıq üzü görüb. Son tədris ilində laboratoriyamızın baş elmi işçisi kulturalogiya elmləri doktoru Ç.Ə.Abdullayevin 192 səhifəlik “Azərbaycan-Almaniya əlaqələri” adlı dəsrliyi çap olunub, əməkdaşımız K.F.Ruintən “XX əsrin sonu-XXI əsrin əvvəllərində Mərkəzi Asiyanın türk dövlətləri dünya dövlətlərinin maraqları sistemində” adlı dərs vəsaitinin redaktoru olub, mənim tərəfimdən Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində tədris olunan “Sosial-siyasi təlimlər tarixi” fənni üzrə Azərbaycan və rus dillərində proqramlar hazırlanıb, həmçinin laboratoriyamız “Azərbaycanşünaslıq” tədris-mədəniyyət mərkəzi ilə birgə “Azərbaycan regionları. Yeni inkişaf dövrü” adlı 3 cildlik kitabın müzakirəsini təşkil edib və keçirib.
Son 5 ildə əməkdaşlarımız 25 konfransda iştirak ediblər ki, onlardan 2-si ümumrespublika, 10-u ölkədən kənarda keçirilməklə 23-ü beynəlxalq konfransdır.
Qeyd etdiyimiz kimi, bizim fəaliyyətimizin bir hissəsi də elmi-nəzəri seminarlar təşkil etmək və keçirməkdir. Son 5 ildə laboratoriyamız tərəfindən 15 elmi-nəzəri seminar təşkil edilib və keçirilib.
Misal olaraq, “Müasir Azərbaycanda azərbaycançılıq ideologiyası”, “Azərbaycan dövlət quruculuğunda yeni formalar və üsullar”, “Azərbaycanda dini konfessiyalar. Müasir Azərbaycanda dini tolerantlıq”, “Belarusda fəlsəfi və ictimai-siyasi fikir”, “Azərbaycanda törədilmiş soyqırımlar”, “İnnovasiya və texnologiya: müasir dövr, dövlətçilikdə yeri və tətbiqi”; “Dünya obrazları, virtual dünya və aləm, gündəlik davranış etikası (Virtual aləmin real həyata təsiri)”; “İctimai diplomatiyanın müasir beynəlxalq münasibətlərdə yeri və rolu” və s. bu kimi mövzularda keçirilmiş seminarları göstərmək olar.
- Tədqiqatlar əsasən hansı istiqamətlərdə aparılır?
- Əməkdaşların elmi fəaliyyəti müxtəlif region ölkələrinin tarixinin, etnomədəniyyətinin, dini konfessiyalarının, iqtisadiyyatının, xarici siyasətinin, siyasi sisteminin, coğrafiyasının və s. araşdırılması və tədqiqi istiqamətlərində aparılır. İndiyədək Ukrayna, Rusiya, Çexiya, Belarus, Polşa və s. ölkələr üzrə kompleks araşdırmalar aparılıb.
- Qalib müəllim, Sizin “Ekoloji şüurun sosiomədəni əsasları” adlı çox maraqlı bir mövzu üzərində tədqiqat apardığınızı və həmin mövzuda monoqrafiyanızın dərc edildiyini öyrəndik. Bu barədə oxucularımıza qisa məlumat verməniz maraqlı olardı.
- İnsanın yaşayış mühiti intensiv şəkildə qlobal təsirlərə məruz qalır və bu, dövrümüzün səciyyəvi xüsusiyyətlərindəndir. Bu təsirlər heç də həmişə müsbət nəticələr vermir, eyni dərəcədə intensiv olaraq qlobal səviyyədə neqativ nəticələrlə də müşayiət olunur.
Bu tədqiqatın vacibliyini və sosial-praktik əhəmiyyətini müəyyən edən cəhətlərdən biri odur ki, müasir ekoloji situasiyanın çətinlikləri, müəyyən dərəcədə, insan tələbatlarının və dəyərlərinin strukturundan irəli gəlir və hər bir insanın taleyi ilə bağlıdır.
Ekoloji şüur cəmiyyətlə təbiətin qarşılıqlı təsirinin müasir vəziyyətinə uyğun gələn yeni təfəkkürün və yeni dəyərlərin formalaşmasında mühüm əhəmiyyət daşıyır. Eyni zamanda ekoloji şüur bəşəriyyətin sosial özünüdərkinə çevrilərək XX əsrin sonu - XXI əsrin əvvəllərində ümumbəşəri cizgilər əldə edir və müasir dövrün qlobal problemlərinin həllinə diqqəti yönəldərək, ümumbəşəri ağılın cizgilərini əldə edir.
Bu sahədə praktiki əməllərdən başqa, müasir aləmdə insan və təbiətin qarşılıqlı təsiri probleminə yeni yanaşmanın işlənib-hazırlanmasına böyük diqqət verilir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qərarı ilə 2010-cu ilin “Ekologiya ili” elan edilməsi təsadüfi olmayıb.
Qeyd edildiyi kimi, hazırda ekoloji şüurun əhəmiyyəti insan fəaliyyətinin ekoloji meylinin təkmilləşməsindən ibarətdir.
Keçmişdə heç vaxt sivilizasiyamızın taleyi və planetimizin mənzərəsi bu dərəcədə insanın özünün fəaliyyətindən, bizim nəslin şüurundan və davranışından asılı olmayıb. Onların qəbul etdiyi qərarların və hərəkətlərin düzgün olması üçün insan yeni siyasi, sosial, ekoloji, demoqrafik, fəlsəfi təfəkkürə yiyələnməlidir. İrəli sürülən şüurların ekolojiləşdirilməsi probleminin xüsusiyyəti bundan ibarətdir.
- Azərbaycanda ölkəşünaslığın inkişafını necə dəyərləndirirsiniz?
Azərbaycan indi beynəlxalq aləmdə öz sözünü demək imkanı və casarəti olan bir dövlətdir. Buna görə də ölkəmizin müxtəlif ölkələrlə münasibətləri və əlaqələri inkişaf edib, bir çox sahələrdə əməkdaşlıq qurulub. Azərbaycan dövləti getdikcə daha çox ölkələrin diqqətini özünə çəkir və özü də bir çox ölkələrlə əlaqələr qurmaqda və əməkdaşlıq etməkdə maraqlıdır. Bu baxımdan yanaşdıqda, ölkələri yaxından tanımaq, onlar haqqında ətraflı və dolğun informasiyaya malik olmaq çox böyük əhəmiyyət kəsb edir. Ölkələri yaxından tanımaq və tədqiq etmək məqsədilə ölkəmizin müxtəlif institutlarında “Regionşünaslıq” fakültələri, yaxud müəyyən fakültələrdə “regionşünaslıq” ixtisasları açılıb. Bu fakültələrdə müəyyən regionlara dair bilgilərlə yanaşı, həmin regionlara daxil olan ölkələrə dair bilgilər də ayrıca tədris edilir. Regionşünaslıq ixtisası özü də ixtisas ölkəsinin adına uyğun olaraq həmin ölkənin adı ilə adlandırılır. Məsələn, bizim universitetimizdə “Regionşünaslıq” ixtisası alan tələbələr “regionşünas” ixtisası almaqla yanaşı, müəyyən bir ölkə üzrə ixtisaslaşır və həmin ölkə üzrə mütəxəssis olur. Məsələn, azərbaycanşünas, türkiyəşünas”, ukraynaşünas, yunanşünas, rusiyaşünas, polşaşünas və sair. Digər universitetlərdə də belədir. Bu o məqsədlə edilib ki, ölkəmizdə bütün dünya dövlətlərini öyrənən mütəxəssislərimiz olsun. Ölkələrlə tanışlığımız və əlaqələrimiz, eyni zamanda, Azərbaycanı dünyada daha yaxından tanıtmağımıza, ölkəmizin nüfuzuna xələl gətirə biləcək məqamların qarşısını almağa, həmçinin dövlətlər arasında münasibətlərin möhkəmlənməsinə xidmət edir. Onu deyə bilərəm ki, dövlətimiz ölkəşünaslığın inkişafina böyük əhəmiyyət verir və bu sahədə böyük uğurlar əldə edib. Eyni zamanda bu sahədə işlər uğurla davam etdirilir.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info