ABŞ-ın ən yaxşı 8 universitetinə qəbul olmuş azərbaycanlı
Tarix: 31.03.2015 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Qəhrəman Rzayev: “ABŞ-a gələndən sonra burada xarici tələbə olmağın nə qədər çətin olduğunu anladım”

“Hələlik təmsil olunduğum təşkilatda vitse-prezident vəzifəsinə qədər çatmış ilk azərbaycanlı tələbəyəm”

Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı ABŞ-da təhsilini davam etdirən Qəhrəman Rzayevdir. 19 yaşlı bu istedadlı və savadlı gənc haqqında olan müsahibəni oxuculara təqdim edirik:
-Özünüz barədə ətraflı məlumat verərdiniz.
-Mən, Qəhrəman Rzayev Bakı şəhərində böyümüşəm, orta təhsilimi 6 saylı və 53 saylı orta məktəblərdə almışam. Məktəb illərində həm dərslərimlə, həm də idmanla fəal məşğul olmuşam. Basketbol, futbol, voleybol, üzgüçülük və şahmata böyük marağım olub. Həmişə fəal, dərslərə məsuliyyətlə yanaşan tələbə olmağa çalışmışam. Məktəbdə həm əla, həm də yaxşı qiymətlərlə oxumuşam, bir neçə fənn olimpiadasında da iştirak etmişəm. Bundan əlavə, “Junior Achievement və “First Lego League” kimi lahiyələrdə iştirak etmişəm. 2013-cü ildə isə 3 saylı orta məktəbi fərqlənmə ilə bitirdim.
- Xaricdə təhsil artıq Azərbaycan gəncləri üçün əlçatmaz deyil. Bəs sizə başqa bir ölkədə təhsilinizi davam etdirməkdə çətinlikləriniz olmadı ki? Ümumiyyətlə, bu məsələdə daha çox haradan dəstək aldınız?
-9-cu sinfi bitirəndə ali təhsilim barədə düşünməyə başladım. Həmişə ABŞ-da ali təhsilimi davam etdirmək arzusunda olmuşam. Amerikada dünyanın ən güclü universitetləri yerləşir. Yaxşı karyera üçün yaxşı təhsil çox vacibdir və mən qarşıma məqsəd qoydum ki, ABŞ universitetlərinə qəbul olacağam. Ona görə 10-cu sinifdə SAT və TOEFL imtahanlarına hazırlaşmağa başladım. Yaxınlarım da mənə çox dəstək oldular. İmtahanları uğurla verdim və 2013-cü ildə Amerikanın ən güclü universitetləri arasında olan 8 universitetə qəbul oldum. Sonda Texas A&M Universitetini seçdim.
-Texas A&M Universitetinin ABŞ-ın 8 ən yaxşı universitetindən biri olduğunu dediniz. Bu universitetin özəllikləri nədən ibarətdir?
-Hazırda Texas A&M Universitetində bakalavr dərəcəsi üzrə təhsil alıram. İlk iki il ərzində mən həm də Blinn Kollecində təhsil alırdım. Burada olan təhsil çox güclü, geniş və hərtərəflidir. Qeyd edim ki, Supply chain management fakültəsi üzrə oxuyuram. İnanıram ki, gələcəkdə öz sahəm üzrə aparıcı mütəxəssis ola biləcəyəm. Universitetin ən yaxşı tədris səviyyəsinə malik olmasını təmin edən məqamlar isə burada yüksək səviyyəli müəllimlərin çalışması və təhsilin ən yüksək səviyyədə olmasıdır.
-Ümumiyyətlə, dünyanın iki ən güclü dövlətindən olan ABŞ necə bir ölkədir? Bir qədər də bu haqda danışardınız.
-ABŞ-ın necə bir ölkə olması haqda çox danışmaq olar. Mən Texas ştatında yaşayıram. Konkret olaraq Texas haqda deyə bilərəm ki, buranın mədəniyyəti və insanları mentaliteti şimal ştatlarından fərqlənir. Ümumiyyətlə, Texasda hamı texaslı olması ilə fəxr edir. İnsanlar daha konservativdilər. Bir şeyi qeyd edim ki, Amerikaya gəldikdə ilk ilim çox çətin idi. Bura böyük ümidlərlə gəlmişdim, amma bir neçə aydan sonra Texasda xarici tələbə olmağın nə qədər çətin olduğunu anladım. Amma artıq ikinci ilimdə yavaş-yavaş hər şey yoluna düşdü. Təhsil baxımından burada heç bir problemim olmayıb. Amma belə gənc bir yaşda, ailəndən bu qədər uzaqda təkbaşına yaşamaq çox çətin idi.
-Çətinliklərdən söz açdınız. Başınıza gələn ən maraqlı, yaddaqalan hadisələrdən də danışardınız.
-Bir dəfə belə bir maraqlı hadisə olmuşdu ki, hələ də onun təsirindəyəm. “Wallmart” adlı mağazada idim. Dostum məni ora maşınla aparmışdı. Maşınım olmadığına görə mən adətən bir ay əvvəlcədən ərzaqlar və ləvazimatlar alırdım. Kassada olanda hardasa 150 dollarlıq hesab oldu. Mən ödəmək istəyəndə birdən mənə bir qadın yaxınlaşdı. 40-50 yaşı olardı. Öz kredit kartını çıxarıb gözlənilmədən mənim yerimə hər şeyin pulunu ödədi. Mənə baxıb dedi: “Mən bilirəm, Amerikada tələbə olmaq necə çətindir, istəyirdim ki, bu gün kiməsə yaxşılıq edim, sən də qabağıma çıxdım. Bir gün imkanın olanda, səndə kiməsə kömək edərsən. Allah səni qorusun!”. Mən elə şokda idim ki yalnız “çox sağol” deyə bildim. Çox gözlənilməz oldu. Həmişə çətinliyim olanda o qadın və məndə olan bəxt yadıma düşür.
-İctimai işlərdə necə, aktivsinizmi?
-Əlbəttə. ABŞ universitetlərində bu çox vacibdir. Tələbə qurumlarında çox aktivəm və artıq müəyyən uğurlarım da var. Hazırda mən iki qurumda fəaliyyət göstərirəm. Birincisi, Blinn Kollecinin “Tələbə Hökuməti”dir (Blinn College Student Government Association) və ikincisi Phi Theta Kappa tələbə şərəf qurumu. “Tələbə Hökuməti”nə ötən ilin avqust ayında qoşulmuşam. Əvvəlcə sadəcə təmsilçi idim, bir neçə həftədən sonra isə tələbə senatoru seçildim. Yanvar ayında isə bir neçə namizəd arasında ikinci kurs tələbələrinin hökumət kabinetinə seçildim. Tələbə hökumətində ən aktiv üzvlərdən biriyəm. Biz burada tələbə həyatının və kampusun inkişafı üçün çalışırıq, müxtəlif regional və milli tədbirlərdə, konfranslarda iştirak edirik, liderlik keyfiyyətlərinə yiyələnir, kampusda tədbirlər keçiririk və kollecin prezidenti ilə birlikdə layihələr üzərində də çalışırıq. Bu yaxınlarda bizim kollecin tələbə hökuməti Texas ştatının 4-cü regionunda TJCSGA tərəfindən 10 digər namizəd arasında “İlin ən yaxşı tələbə hökuməti seçilib”. Qısa bir zamanda vəzifələrimdə və məsuliyyətlərimdə bir çox artım olub. Açığı, bu qədər proqres olacağını əvvəlcədən gözləmirdim. Amma hələlik hər şey yaxşı gedir.
-İkinci qurum barədə də danışardınız.
-Üzvü olduğum ikinci qurum ABŞ-ın prestijli Phi Theta Kappa tələbə şərəf qurumudur. Bu quruma böyük potensiala malik olan savadlı və aktiv tələbələr seçimdən keçərək qəbul olur. Phi Theta Kappada biz bir sıra tədbirlər keçiririk, könüllü işlər görürük, liderlik və şəxsi qabiliyyətlərin inkişafı üçün treyninqlərdən keçirik. Phi Theta Kappa qurumunun dünya üzrə 2 milyon üzvü və 700 təmsilçiliyi var. Bundan əlavə ABŞ-ın aparıcı şirkətlərinin rəhbərləri arasında bir çoxları tələbə vaxtı məhz Phi Theta Kappa-ya üzvü olublar. Belə bir nəhəng və prestijli qurumun üzvü olmaq mənim üçün böyük bir şərəfdir. Mən bu quruma 2014-cü ilin yanvar ayında qoşulmuşam. Bir semestrdən sonra bizim Phi Theta Kappa-nın kollecimizdə olan təmsilçiliyində “officer” vəzifəsinə seçildim. Bu tədris ilində çox aktiv olduğuma görə bu yaxınlarda bizim təmsilçiliyin vitse-prezidenti vəzifəsinə seçilmişəm. Hələlik bu vəzifəyə qədər çatmış ilk azərbaycanlı tələbəyəm. Aprel ayında San Antonio şəhərində Phi Theta Kappa qurumunun illik beynəlxalq qurultayı keçiriləcək. Minlərlə üzv orada iştirak edəcək, mən də ilk dəfə bu qədər ciddi və yüksək səviyyəli tədbirə qatılacağam.
-ABŞ-da təhsil almaq istəyən gənclərimizə hansı məsləhətləri verərdiniz?
-İngilis dili üzərində işləmək çox vacibdir. Bundan əlavə xaricdə təhsil barədə bütün məlumatları və detalları öyrənmək lazımdır. Məktəbdə aldığınız qiymətlər və bunda əlavə məktəbdənkənar fəaliyyətiniz çox vacib olacaq. Dərslərə və imtahanlara ciddi yanaşanlar yaxşı universitetə qəbul ola bilərlər. Əsas odur ki, vaxtında istədiyiniz universitetə qəbul üçün lazım olan bütün sənədləri toplayasınız.
-Bir qədər də Azərbaycan gəncliyi ilə ABŞ gəncliyi arasında müqayisələr aparardınız.
-Fərq çox böyükdür. Həm zahirən, həmdə daxili düşüncələrində bizim gənclərlə amerikalı arasında çox böyük fərqlər var. Mentalitet fərqi çox böyükdür. Amerikada gənclər daha sərbəstdirlər, digərlərinin onlar barədə nə düşünəcəyi barədə fikirləşmirlər, valideynlərindən o qədər asılı deyillər. Məsələn, bir çox ailələrdə gəncin 18 yaşı olanda o artıq valideyn evini tərk edir və ya universitetə ya da işləməyə başlayır. O vaxtdan onlar artıq öz xərclərini özləri ödəyirlər, öz problemlərini özləri həll edirlər və valideynlərindən müstəqil yaşayırlar. Bu kimi fərqlər lap çoxdur və mən Amerikada bir il yaşayandan sonra buranın mentalitetinə və həyat tərzinə uyğunlaşdım.
-Bəs Azərbaycan təhsili ilə ABŞ təhsili arasında hansı fərqləri görürsünüz?
-Bu sahədə də böyük fərqlər var. ABŞ-da təhsil sistemi tamamilə fərqlidir. Universitetlərdə fakültəsindən asılı olmayaraq, hər bir tələbə ilk iki il ərzində ümumi kurikulumdan olan müxtəlif tipli dərsləri keçir. Tarix, təbii elmlər, riyaziyyat, ingilis dili, siyasi elmlər, sosioloji, bədii və kompüter dərsləri və sair arasında müəyyən miqdarda dərs seçməklə biz bu dərsləri öz əsas dərslərimizdən əlavə keçirik. Ona görə bakalavr dərəcəsini aldıqda məzunlar hərtərəfli inkişaf etmiş olurlar və bir çox qabiliyyətlərə malikdirlər. Bundan əlavə tələbələrin dərsdən əlavə aktiv həyatı olur və bu də tələbə həyatını maraqlı edir.
-Oxuduğunuz sahə üzrə Azərbaycandakı durumu dəyərləndirərdiniz...
-Mən təhsilimi bitirdikdən sonra əməliyyat və təchizat sisteminin idarəsi və ya loqistika peşəsi üzrə çalışmaq istərdim. Azərbaycanda hazırda bir çox nəhəng, beynəlxalq layihələr həyata keçirilir. Seçdiyim ixtisasla istənilən sahədə öz peşəm üzrə karyera qura bilərəm. Deyərdim ki, mənim təhsil aldığım sahə üzrə Azərbaycanda vəziyyət çox yaxşıdır.
-Bəs gələcək planlarınız nələrdən ibarətdir?
-Hazırda təhsilim uğurla davam edir. Bu ilin sonuna qədər üzvü olduğum tələbə qurumları ilə aktiv şəkildə fəaliyyət göstərib inkişaf etmək istəyirəm. Gələcək illərdə çox güman ki, digər tələbə qurumlarına üzv olacağam. Qeyd etdiyim kimi, təhsilimi bitirdikdən sonra təqribi olaraq hansı sahədə çalışacağımı bilirəm. Bir neçə il işlədikdən sonra MBA diplomunu almaq üçün daha 2 il magistr təhsili almaq istəyirəm. Ümid edirəm ki, uğurlu karyera qura biləcəyəm.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info