Bakıda “Böyük Qələbənin yubileyi: canlı xatirə” mövzusunda beynəlxalq konfrans keçirilib
Tarix: 02.04.2015 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Bu gün Bakı Slavyan Universitetində MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə "Şimal-Cənub" Politoloji Mərkəzi tərəfindən təşkil edilən “Böyük Qələbənin yubileyi: canlı xatirə” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Rusiya Federasiya Şurasının Sosial siyasət komitəsinin sədr müavini Lyudmila Kozlova, Belarus Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Vyaçeslav Daniloviç, Qırğızıstan Perspektiv Tədqiqatlar Mərkəzinin direktoru Sergey Masaulov, Tacikistan Elmlər Akademiyası Tarix İnstitutunun şöbə müdiri Abdullo Qafurov, Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutunun şöbə müdiri Rövşən Nazarov, tarixçilər, politoloqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib ki, Böyük Qələbə xalqların birgə mübarizəsi nəticəsində əldə olunub. Böyük Vətən Müharibəsində qələbənin əldə olunmasına Azərbaycanın böyük töhfə verdiyini vurğulayan Ə.Mehdiyev Böyük Vətən Müharibəsində 700 minə qədər azərbaycanlının cəbhəyə yollandığını, onların yarısının həyatını itirdiyini, 40-a qədər soydaşımızın Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü bildirib. Azərbaycan bu illərdə neft məhsullarının 89 faizini təmin edib, ölkədə müxtəlif təyinatlı məhsullar istehsal edilib.
Prezident Administrasiyasının şöbə müdirinin müavini Böyük Vətən Müharibəsinin xalqımızın tarixinin bir parçası olduğunu, müəyyən dövrdə bu tarixi hadisəyə fərqli münasibət müşahidə olunsa da, Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra həm bu tarixə obyektiv münasibətin ortaya qoyulduğunu, həm də Böyük Vətən Müharibəsi veteranlarının qayğı ilə əhatə olunduğunu qeyd edib: “Biz birlikdə faşizmə qalib gəlmişik. Böyük Vətən Müharibəsində böyük ruh yüksəkliyi ilə mübarizə aparmışıq. Bəs bu gün nə baş verir? Azərbaycan xalqı hazırda SSRİ dövründə birgə yaşadığı Ermənistanın təcavüzünə məruz qalıb, torpaqlarımızın 20 faizi işğal olunub. Ermənistan 20 il ərzində təcavüzkar və etnik təmizləmə siyasətini davam etdirir. Biz MDB ölkələrinin Azərbaycanın haqlı mövqeyini müdafiə edərək, Dağlıq Qarabağ münaqişəsinin həllində yardımçı olacağına inanırıq. BMT-nin 4 qətnaməsində erməni qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur. Nə üçün Ermənistan Böyük Vətən Müharibəsindən, faşizmin məğlubiyyətindən nəticə çıxarmır?”
Ə.Mehdiyev Avropanı və dünyanı faşizm təhlükəsindən qorumuş insanların ruhu qarşısında baş əydiklərini söyləyib.
Rusiya Federasiya Şurasının Sosial siyasət komitəsinin sədr müavini Lyudmila Kozlova deyib ki, övladların vətənpərvər ruhda böyüməsi üçün babalarının xidmətlərini onların nəzərinə çatdırmaq lazımdır: “Rusiyada əhalinin böyük əksəriyyəti Böyük Vətən Müharibəsini SSRİ xalqlarının böyük qələbəsi hesab edir. Rusiya Prezidenti də dəfələrlə bəyan edib ki, biz müttəfiqlərimizlə birlikdə İkinci Dünya Müharibəsində qalib gəlmişik, ancaq qələbədə əsas rolu SSRİ xalqları oynayıb. Biz aprelin 16-da Peterburqda məşəl yandıracağıq. Bu, birgə qələbəmizi təcəssüm etdirəcək”.
Belarus Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Vyaçeslav Daniloviç Böyük Vətən Müharibəsinə qeyri-obyektiv qiymətin verilməsi istiqamətində cəhdlərdən narahat olduqlarını, Belarus prezidenti Aleksandr Lukaşenkonun da bu məsələyə dəfələrlə toxunduğunu diqqətə çatdırıb. O, rəhbərlik etdiyi institutun əməkdaşlarının Böyük Vətən Müharibəsi ilə bağlı Rusiya, Belarus, Almaniya və digər ölkələrin arxivlərində tədqiqatları davam etdirdiyini nəzərə çatdırıb, Böyük Vətən Müharibəsi illərində Belarusda partizan müharibəsinin düşmənə böyük zərbə vurduğunu qeyd edib: "Bu, bizim müştərək qələbəmizdir".
Tədbir çıxışlarla davam edib.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info