“Dünya Azərbaycandan danışacaq”
Tarix: 04.04.2015 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


I Avropa Oyunları diasporumuza münasibəti daha da yaxşılaşdıracaq

Azərbaycan I Avropa Oyunlarını qəbul etməklə şərəfli və məsuliyyətli bir işi öhdəsinə götürüb. Heç şübhəsiz ki, bu Oyunlar Azərbaycanda yüksək səviyyədə keçiriləcək. Bu beynəlxalq tədbir Azərbaycanın dünyada növbəti siması olacaq. Azərbaycanda belə beynəlxalq tədbirlərin keçirilməsi diasporumuzun da işini asanlaşdırır. Çünki belə tədbirlər Azərbaycanın dünyada müsbət imicini formalaşdırır və belə olduqda diasporumuza daha yaxın münasibət olacaq.
Bu baxımdan I Avropa Oyunlarının diasporumuzun gələcək fəaliyyətinə effektli təsiri olacaq. Bu haqda bir neçə aktiv diaspor üzvümüz də qəzetimizə öz fikrini bildirdi. Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva dedi ki, I Avropa Oyunlarının Azərbaycanın dünyada daha da tanınmasında çox böyük bir rolu var: “Bildiyiniz kimi, mətbuat, televiziyalar, tez-tez bu Oyunlar haqda təbliğati məlumatlar verirlər. Bu məlumatlarda Azərbaycanın adının çəkilməsi bizə qürur verir. Bu da hər bir insanın nəzərini çəkir. Hələ iyunda Oyunlar keçirilən zaman bütün dünya Azərbaycandan danışacaq”.
N.Hacıyeva bildirdi ki, ölkəmizdə belə bir beynəlxalq tədbirin təşkil edilməsi diaspor olaraq onları çox sevindirir: “Biz I Avropa Oyunlarının Almaniyada təbliğini aparırıq. İctimai yerlərdə, rəsmi görüşlərdə bu Oyunlar haqda danışırıq”.

“I Avropa Oyunları Azərbaycanı tarixə yazan daha bir fakt olacaq”

Rusiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun prezidenti Şamil Tağıyevsə bildirdi ki, I Avropa Oyunları Azərbaycanı tarixə yazan daha bir fakt olacaq: “Necə ki, dünya olimpiadası Yunanıstan, futbolsa İngiltərə ilə başlanır, Avropa olimpiadası isə tarixə Azərbaycanın adı ilə bağlanacaq. Bu, tarixi bir addımdır və dünyada Azərbaycanın təbliği üçün mühüm rol oynayır”.
Şamil Tağıyevə görə, bu tədbir onların fəaliyyətinə çox müsbət təsir göstərəcək: “Çünki ölkənin imici artır. İmicimiz artdıqda, bizim də daha yüksək təbəqəli insanlarla işləmək imkanımız olur”.

“Azərbaycan 17 gün dünyanın gündəmində olacaq”
Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri, musiqiçi Kəmalə Maisqızı da bizimlə söhbətində bu məsələ ilə bağlı fikirlərini bölüşdü: “Hələ “Avroviziya” musiqi yarışından sonra ölkəmizin nə qədər tanındığının şahidi olduq. Biz Azərbaycandan danışanda birinci olaraq çox zaman bu müsabiqənin adını çəkirlər. Ümid edirəm ki, I Avropa Oyunları bundan da böyük effekt verəcək. Çünki “Avroviziya” bir-iki gün olur, I Avropa Oyunları isə 17 gün olacaq. Demək Azərbaycan 17 gün dünyanın gündəmində olacaq”.
K.Maisqızının fikrincə, belə tədbirlər diasporun işini xeyli irəli aparır: “Bu həm də diasporun işinə bir növ dəstəkdir. Bundan sonra ölkəmiz haqda danışanda tutacaq yerimiz, fəxrlə danışacaq sözümüz daha çox olacaq”.

“Azərbaycan Avropada daha bir uğuru ilə tanınacaq”

“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva da bu Oyunların Azərbaycanda keçirilməsinin diaspor üçün çox yaxşı hal olduğunu qeyd etdi: “Azərbaycan haqqında niderlandlılara və digər əcnəbi xalqlara informasiya verərkən artıq onların da məlumatı daha çox olacaq. Azərbaycan Avropada daha bir müsbət işi, uğuru ilə tanınacaq. Bir diaspor kimi bizim işimiz yüngülləşəcək və avropalıların bizlər haqqındakı yaxşı təsəvvürləri daha çox olacaq”.

“Əcnəbilər ölkəmizi tanıdıqca, düşmənlərimizin də kim olduğunu öyrənəcəklər”
Vətənsevər Azərbaycan-Küveyt Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə düşünür ki, Azərbaycan artıq dünya dövlətlərinin nəzərində öz sözünü demiş bir respublikadır: “Azərbaycan əsasən yeraltı və yerüstü təbii sərvətləri ilə bu gün dünyanın nəzərindədir. Bundan sonra ilk Avropa Oyunları ilə də tanınacağıq. Biz xaricdə yaşayan azərbaycanlılar olaraq Vətənimiz Azərbaycanı layiqincə təmsil edir və xalqımızın adət-ənənələri, milli mətbəxi, musiqisi, mədəniyyətini və erməni terrorçuları tərəfindən Azərbaycan xalqının başına gətirilən soyqırımlarını tarixi faktlara dayanaraq dünya ictimaiyyətinə çatdırırıq”.
K.Hacızadənin fikrincə, belə beynəlxalq tədbirlərin təbliği zamanı ermənilərin torpaqlarımıza təcavüzü haqda da məlumat vermək lazımdır: “Əlbəttə, Avropa Oyunları ölkəmizi daha da məşhur edəcək. Əcnəbilər ölkəmizi tanıdıqca, düşmənlərimizin də kim olduğunu öyrənəcəklər. Fikrimcə, hal-hazırda Azərbaycanı və dünyada yaşayan bütün azərbaycanlıları maraqlandıran ən yaralı yerimiz Qarabağ məsələsinin tez bir zamanda həllini tapması və işğal altında olan torpaqlarımızın geri qaytarılmasıdır. Sonda Vətənim Azərbaycana uğurlar arzu edirəm”.

“İlk Avropa Oyunları diasporumuzun
davamlı işi üçün böyük uğurdur”


İsveçdə fəaliyyət göstərən “Xəzər” Cəmiyyətinin sədri Leyla Kianinin də İlk Avropa Oyunları ilə bağlı fikri çox pozitivdir: “Sülhü yalnız müharibə yolu ilə əldə etmirlər. Bu cür yüksək səviyyəli dövlətlərarası tədbirlərin Azərbaycanı tanıtmaq, ölkəmizi qabarıq şəkildə ortaya çıxarmaq, inkişafımızı göstərmək həm siyasi aləmimizdə, həm də mənəviyyatımızda mühüm aspektdir”.
Onun sözlərinə görə, Azərbaycan pozitiv şəkildə tanınırsa, dünya xalqlarının, eləcə də isveçlilərin bilgisi və marağı da artır: “Diasporun ən ümdə vəzifələrindən biri ölkəmizi tanıtmaqdırsa, belə tədbirlər təbii ki, bu prosesi sürətləndirir. Ölkəmiz haqqında neqativ düşüncəyə malik isveçli siyasətçilərin fikrini dəyişmək, onlarla artıq başqa statusda danışmaq imkanı yaranır. “Avroviziya” müsabiqəsi bunun təməlini qoydu. İlk Avropa Oyunları və gələn il keçiriləcək “Formula-1” yarışları ölkəmiz və diasporumuzun davamlı işi üçün böyük uğurdur. Artıq bir müddətdir ki, isveçli həmkarlarım bu yarışmalar haqqında maraqlanmağa başlayıblar. Hətta Mədəniyyət Nazirliyində işləyən bir dövlət qulluqçusu Azərbaycana ilk Avropa Oyunlarında iştirak üçün seyrçi kimi getməyin yollarını məndən soruşub maraqlanırdı. Fəxredicidir. Bizim də diaspor olaraq vəzifəmiz bu xəbərləri daha geniş yaymaq, bilgi vermək və İsveç cəmiyyəti ilə qarşılıqlı əlaqələri daha da gücləndirməkdir”. I Avropa Oyunlarının başlanmasına çox az qalıb. Diasporun üzərinə düşən məsuliyyət odur ki, bu Oyunların təbliğini gücləndirsin, əcnəbiləri ölkəmizə dəvət etsinlər. Xüsusən yerli mediada diaspor I Avropa Oyunları ilə bağlı yazılar dərc etdirməli, əhali arasında əyani vasitələr yaymalı, eləcə də tanıtım tədbiri və görüşlər keçirməlidir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info