Multikulturalizm birgəyaşayışda stimul kimi...
Tarix: 09.04.2015 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Bu günlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən nəşr olunan “Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası” mövzusunda I Virtual Dəyirmi masanın materialları ilə tanış oldum. Bildiyimiz kimi, Virtual Dəyirmi masa ötən ilin oktyabr ayında keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumu ərəfəsində Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti tərəfindən təşkil edilmişdi. Virtual masanın ana xəttini isə Azərbaycanın multikultural bir cəmiyyət olduğu və multikulturalizmin azərbaycanlıların həyat tərzinə çevrilməsinin gerçəkliyi təşkil etmişdi. Əslində bu və ya buna bənzər ideyalar Azərbaycan multikulturalizminin təbliği nöqteyi-nəzərdən uğurludur, amma yetərli deyil.
Azərbaycan bu ölkəni özünün doğma evi hesab edən xalqların təhlükəsiz yaşamaları və adət-ənənələrini qorumaları üçün dövlət səviyyəsində bütün imkanlardan istifadə etməkdədir. Bu gün dünya üçün multikultural dəyərlər nə qədər yeni olsa da, Azərbaycan bu dəyərlər sisteminə – yəni, eyni bir ölkədə yaşayan müxtəlif xalqların mədəni hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasəti ilə min illərdir bəşəriyyətə nümunə göstərir.
Prezident İlham Əliyev multikulturalizmi dövlət siyasəti elan edərək, bu prosesi ardıcıl olaraq davam etdirəcəyini, təkcə, ölkə daxilində deyil, bir sıra mötəbər tribunalarda da əminliklə vurğulayıb. Bu cür yanaşma həm multikulturalizmin ən yaxşı modeli olan ölkəmizin inkişafının tarixi reallıqları, həm də müasir dünya sivilizasiyası məkanı və zamanı daxilində davamlı inkişaf tələbatları ilə elmi cəhətdən əsaslandırılıb. Prezident Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə keçirilən Beynəlxalq Humanitar Forumda demişdi: “Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri var”.
Əlbəttə, bu fikirləri ilə Prezident İlham Əliyev də leksikonumuzda nisbətən yeni olan multikulturalizm ənənələrinin Azərbaycanda əsrlər boyu mövcud olduğunu təsdiq edib: “Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib. Zənnimcə, əsrlər ərzində, o cümlədən, Sovet dövründə yaranan müsbət meyillər müasir Azərbaycanda möhkəmlənir. Bu da ölkəmizdə milli həmrəyliyin əsası, müasir dinamik inkişafın təməlidir. Təəssüf ki, biz müasir dünyada çox vaxt başqa mənzərə - qarşıdurma, təcridolunma, ayrı-seçkilik görürük. Bəzi ölkələrdə ümumiyyətlə, yüksək səviyyədə bəyan edirlər ki, multikulturalizm siyasəti fiaskoya uğrayıb. Bu, çox təhlükəli meyildir. Düşünürəm ki, Azərbaycanın nümunəsi bunun tam əksini göstərir”.
Prezident İlham Əliyevin 4 noyabr 2008-ci il tarixli sərəncamına uyğun olaraq, həmin il dekabrın 2-3-də Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransında çıxışı zamanı irəli sürdüyü təkliflər tədbirin beynəlxalq əhəmiyyətini daha da artırıb. Konfransda Prezident İlham Əliyev tərəfindən sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin əsası qoyulub və bu təşəbbüsün qlobal bir prosesə çevrilməsinə səbəb olub.
Ölkədə multikulturalizmin təmin olunmasında siyasi hakimiyyətlə yanaşı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da fəaliyyəti təqdirəlayiqdir. Çünki etnik qrupların milli mənsubiyyətlərinin qoruyub saxlanmasında, onlar üçün yeni məktəblərin istifadəyə verilməsində, mədəni, dini abidələrin bərpasında və qorunub saxlanmasında Heydər Əliyev Fondunun böyük xidmətləri var.

Qloballaşma və multikulturalizm

Bu gün “azlıq” anlayışının mahiyyətinə qloballaşma prosesləri və dün¬yada baş verən dəyişikliklər kontekstində yenidən nəzər salmaqla, onun zənginləşdirilməsinə, dolğun və əhatəli şərh edilməsinə ehtiyac yaranmışdır. Qloballaşma prosesləri həm də ölkələrin hüdudlarından kənarda yaşayan insan qruplarının say və məzmunca artmasını şərtləndirir.
Beynəlxalq hüquqda “azlıq” anlayışı 1560-1648-ci illər arasında Av¬ropada yaşanan protestant-katolik qarşıdurması ilə ortaya çıxıb. 1598-ci ildə Fransa kralı IV Henri tərəfindən qəbul edilən Nant Fərmanında və 1648-ci il Vestfal sülh sazişində protestant vətəndaşlarını əhatə edən hökmlərdə azlıq hüquqlarına da yer verilib.
“Multikulturalizm” termini isə siyasi leksikona ilk dəfə 1970-ci ildə Avstraliyada immiqrasiya naziri vəzifəsində çalışmış Al Kresbi tərəfindən daxil edilib. Amma Avstraliyadan da əvvəl Kanadada multikultural cəmiyyətin formalaşması prosesi 1960-cı illərə təsadüf edir.
Azərbaycanda isə multikulturalizmin tarixi burda yaşayan xalqların yaşı qədərdir. Yəni Avropadan da çox-çox əvvəl. Termin olaraq multikulturalizm Azərbaycanın ictimai-siyasi fikir tarixinə yeni daxil olsa da, ona qədər biz bu anlayışa mədəni müxtəliflik kimi yanaşmış və cəmiyyətdə uğurlu tətbiqinə nail olmuşuq.
Bəziləri iddia edir ki, multikulturalizm daha çox inkişaf etmiş demokratik ölkələr üçün xarakterikdir. Təcrübə göstərir ki, əksinə, belə ölkələrdə mültikulturalizm heç də uğur qazanmayıb. Almaniya, Fransa və Böyük Britaniya kimi demokratik ölkələrin liderləri dəfələrlə bəyan ediblər ki, onların ölkələrində multikulturalizm tənəzzülə uğrayıb və bu ideya milli identikliyin zəifləməsinə gətirib çıxarır.
Rusiya təcrübəsində də bu və buna oxşar yanaşmalarla qarşılaşırıq. Tanınmış hüquqşünas Valeriy Zorkin bildirir ki, multikulturalizm vahid olanı, yüz illər boyu qurulmuş milli dövlətin hüquq sferasını parçalayır. Problemə daha çox siyasi mövqedən qiymət verən siyasi elmlər doktoru Andrey Savelyev isə multikulturalizmi “dövlətin altına qoyulmuş saatlı partlayıcı” adlandırır.
Azərbaycanda isə bütün bunların tam əksini düşünürlər. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin qənaətinə görə, multikultural təhlükəsizliyini qoruya bilməyən ölkələrin bugünkü mənəvi durumu göz qabağındadır: “Bu ölkələrdə faşizm neofaşizm şəklində yenidən baş qaldırır, antisemitizm tüğyan edir, qatı millətçilik şovinizmə çevrilir. Təkmillətli olmağın fəsadları gizlində alışaraq gələcəkdə gur yanğına dönəcəkləri vaxtı gözləyir. Bütün bunların fonunda isə belə cəmiyyətləri dözümlülük, ədalət, mərhəmət, hörmət, məhəbbət hissləri gözə görünmədən, bəzən də açıq şəkildə tərk edir. Həqiqətən də Prezident İlham Əliyevin dediyi kimi, "dünyada multikulturalizmin alternativi yox imiş...”

Muktikulturalizm və azərbaycançılıq

Müstəqil Azərbaycanda multikultural dəyərlərin formalaşmasında azərbaycançılıq ideologiyası əvəzsiz rol oynayıb. 1993-cü ildə Azərbaycan dövlətini parçalanmadan qurtarmış ümummilli lider Heydər Əliyevin uğurlarının kökündə, məhz, azərbaycançılıq ideyası dayanırdı. Müstəqilliyin ilk illərində Azərbaycanın düşdüyü dərin böhran, təkcə, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, Qarabağdakı aqressiv erməni separatçılığı ilə bağlı deyildi. Həmin dövrdə bütövlükdə respublikada milli-etnik ixtilaf, bölücülük tendensiyası ayrı-ayrı bölgələrdə özünü göstərirdi. Belə bir zamanda xalq Heydər Əliyevin azərbaycançılıq ideyası ətrafında birləşdi və ölkəni parçalamaq istəyən qüvvələr zərərsizləşdirildi. Məna və məzmunca bir-birini tamamlayan bu ideyanı, zamanın və ölkə ərazisində yaşayan bütün xalqların arzularına rəğmən birlik tələbi kimi də dəyərləndirmək olar. Bu, elə bir zamanda irəli sürüldü ki, həqiqətən, Vətənin də buna dərdinə məlhəm kimi ehtiyacı yaranmışdı.
Akademik Ramiz Mehdiyev 9 noyabr 2007-ci il tarixdə, “Azərbaycan” qəzetində çap olunan “Azərbaycançılıq – milli ideologiyanın kamil nümunəsi” adlı məqaləsində yazır ki, "azərbaycançılıq" anlayışı milli siyasi diskursda, nisbətən, yaxın vaxtlardan işlədilir: “O, ölkədə yaşayan bütün etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri əsasında real surətdə birləşdirmək ideyasının verballaşdırılması kimi, 1992-1993-cü illərdə, xüsusilə, geniş yayılan şovinist və separatçılıq əhval-ruhiyyəsinə qarşı mübarizə ideyası kimi meydana gəlmişdir. Yeni anlayış ictimaiyyət tərəfindən kifayət qədər tez dəstəklənmiş, təzə, məzmunlu elementlərlə dolğunlaşmışdır. Düşünürük ki, indi "azərbaycançılıq" artıq milli ideologiyanın ilk nümunəsi hesab edilə bilər”.
Bu baxımdan, ulu öndər Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi ən böyük tarixi xidmətlərindən biridir. Məhz, azərbaycançılıq Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin, multikulturalizmi iflasa uğratmaq siyasətinin qarşısında güclü ideoloji sipər oldu. Çünki azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkədə bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının tarixi təcrübəsidir.
Tarix elmləri doktoru, professor Əli Həsənov “Heydər Əliyev və milli dövlətçilik təlimi – azərbaycançılıq” məqaləsində yazır ki, 1993-cü ildən ulu öndərin siyasi rəhbərliyə gəlişi ilə bütün Azərbaycan vətəndaşlarının - dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin istiqlaliyyətini dəstəkləyən insanların vahid dövlətçilik ətrafında birləşdirilməsi üçün ciddi iş aparıldı: “Cəmiyyətdə hakim olan istiqlal arzusu, azərbaycançılığın müstəqil dövlətin bütün əhalisinin ali ideologiyasına çevrilməsi, ümummilli birliyin təmin olunması zərurəti tezliklə ictimai-siyasi və mənəvi dairələrin gündəliyinə çıxarıldı. Heydər Əliyev azərbaycançılıq ideyasına tamamilə yeni bir məzmun verərək, onu Azərbaycanın milli-etnik xüsusiyyətlərinə, dövrün tələblərinə və dünyanın müasir şəraitinə uyğunlaşdırdı. Odur ki, Heydər Əliyevi müasir azərbaycançılıq ideologiyasının - dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisi hesab etmək olar. Azərbaycançılıq ideologiyası, məhz, Heydər Əliyevin dövründə mükəmməl bir ideoloji təlim kimi ölkənin dövlət siyasətinə çevrildi”.
Göründüyü kimi, ümummilli lider milli birliyimizin əsrlərin sına¬ğın¬dan çıxmış təməl daşı olan azərbaycançılığı multikulturalizmlə vəhdət halında siyasi gündəliyə çıxardı və hakimiyyətin əsas ideoloji prinsipinə çevirdi.
Bu gün də Prezident İlham Əliyevin uğurlu daxili siyasəti nəticəsində azərbaycançılıq ideyası ölkədə yaşayan bütün etnik qrupların vahid ideyası kimi çıxış edir. Məlum ideya həm də bütün sahələrdə - daxili və xarici siyasətdə, ictimai-mədəni əlaqələrdə özünün yeni inkişaf dinamikasını müəyyənləşdirir.

Bundan sonra nə etməli?

2014-cü il 28 fevral tarixdə Prezident İlham Əliyevin sərəncamı ilə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin yaradılmasını sıradan bir sərəncam kimi deyil, dinlərarası, millətlərarası, mədəniyyətlərarası dialoqun gücləndirilməsinə yönəlmiş tədbirlərin davamı, Azərbaycanın əsl tolerant ölkə olması, tolerantlığa xüsusi önəm verməsi kimi dəyərləndirmək daha düzgün olardı. Başqa bir Sərəncamla Kamal Abdullayevin Dövlət müşaviri vəzifəsinə təyin edilməsi daha geniş hədəflərin nəzərdə tutulduğundan - bu sahədə hərtərəfli işlərin görülməsindən xəbər verir. Bu gün baş verənləri təhlil etsək, görərik ki, istər millətlərarası münasibətlərin inkişafında, istər dini tolerantlıq sahəsində ciddi araşdırmalara, elmi yanaşma ortaya qoymağa ehtiyac yaranıb. Bu baxımdan, atılan addım çox uğurludur.
Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi müxtəlif vasitələrlə Azərbaycanın multikultural dəyərlərini ÖYRƏNmək və ÖYRƏTməklə məşğuldur. İstər Azərbaycanda, istərsə də digər ölkələrin universitetlərində başlanılan “Azərbaycan multikulturalizmi” fənninin tədrisində problemlər olduğunu düşünürəm. Bu da təbiidir, Mərkəz yeni yaradılıb, kadr və dərs vəsaiti çatışmazlığı var.
Əlbəttə, tədrisinə başlanan fənlər yeni olduğundan onları tələbələrə çatdıracaq müəllimlərin hazırlığını da Mərkəz öz üzərinə götürüb və tanınmış alimləri və xaricdən dəvət etdiyi mütəxəssislərlə birgə problemləri aradan qaldırmağa çalışır. Müəllim hazırlığı kurslarında iştirak edən biri kimi deyə bilərəm ki, treninq iştirakçılarının yaş senzi, “elmi dərəcə” çərçivəsi, mühazirə oxuyan alimlərin isə seçimi perspektivdə gözlənilən effekti verməyə də bilər.
İlk növbədə Mərkəz auditoriya yığımı zamanı yaş senzinə diqqət etməli, daha gənc və bu sahəyə MARAĞI olan kadrların (dinləyicilərin yox) iştirakına şərait yaratmalıdır. Fikrimcə, mühazirə oxuyan alimlər yalnız elmi dərəcəsinə görə deyil, daha çox etnopolitoloji və multikultural biliklərinə görə seçilməlidirlər. Bildiyimiz kimi, multikulturalizm milli azlıqların öyrəniləsi tərəflərindən yalnız biri - yəni mədəni tərəfidir. İllərdir mədəni müxtəliflik və yaxud da çoxmədəniyyətlilik adı altında Mədəniyyət və Turizm Nazirliyi bu işi həyata keçirir. Multikulturalizm Mərkəzi isə problemə KOMPLEKS yanaşmalıdır. Mərkəz çalışmalıdır ki, bu sahəni tədris edən kadr heyəti ilk növbədə ölkədə yaşayan milli azlıq, azsaylı xalq və etnik azlıqlar - onların tarixi, təsərrüfatı, məşğuliyyəti, məişəti, yaşadıqları coğrafi ərazi, təhsili, mediası, ölkənin ictimai-siyasi həyatındakı rolları və ən nəhayət beynəlxalq sənədlər və təcrübə barədə məlumatlı olsunlar.
Digər mühüm bir məqam isə “mən ingilis və yaxud da firəng dilini bilirəm” iddiası ilə yerli və xarici universitetlərin auditoriyasını zəbt etmək istəyənlərin qarşısını almaqdır. Əlbəttə, dil bilikləri üstünlükdür, amma fənnin tədrisində ƏSAS deyil, dil yalnız ünsiyyət vasitəsidir. Çox hörmətli və bütün enerjisini bu işin ölkəmizdə daha da irəli getməsinə sərf edən akademik Kamal Abdullayev və Mərkəzin icraçı direktoru, professor Azad Məmmədovun bu kimi nüanslara diqqət edəcəyi şübhəsizdir.


Niyaz NİFTİYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu
14.11.2018
Fransada yeni diaspor təşkilatının təqdimatı olub
14.11.2018
Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info