“Universitetimizin yetirmələri “Google” və “Amazon” kimi şirkətlərdə çalışırlar”
Tarix: 09.04.2015 | Saat: 21:35:00 | E-mail | Çapa göndər


Murad Əlizadə: “Kanadada internet klubları yoxdur”

Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı adı birincilər sırasında çəkilən gənclərimizdən olan Murad Əlizadədir. Murad savadlı və istedadlı gənc olmaqla yanaşı fəxr ediləsi tələbələrimizdən biridir. O, “ABŞ Prezidenti mükafatı” alıb və bundan əlavə Vaşinqtonda inşa müsabiqəsinin qalibi olub. Hazırda Kanada da təhsilini davam etdirir. Bu istedadlı gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik:

-Özünüz barədə ətraflı məlumat verərdiniz.

-Mən, Əlizadə Murad Nadir oğlu 1996-cı il fevral ayının 19-da Bakı şəhərində anadan olmuşam. 2002-ci ildə Bakı Avropa liseyinə daxil oldum. 2013-cü ildə liseyin məzunu oldum. Məktəbdə olarkən müəllimlər və direktor aktiv olaraq mənə yardım göstəriblər, müxtəlif layihələr haqqında məlumatlandırıblar. Belə ki, 2009-cu ildə mən 10 nəfərlik Azərbaycan nümayəndə heyəti tərkibində Ukraynanın Krımda yerləşən “Artek” uşaq düşərgəsinə yollandım. VIII Beynəlxalq Uşaq Festivalı çərçivəsində bizim nümayəndə heyəti ilk dəfə olaraq BMT-nin Uşaq Liqasının yaranmasında iştirak etdi və Azərbaycanımızı təmsil etdi. 2011-ci ildə ABŞ-ın keçmiş Sovet ölkələri üçün hazırladığı FLEKS şagird mübadilə proqramının qalibi oldum və Kaliforniyada bir il Tulare Union High School məktəbində təhsil aldım. Orada 150 saatdan artıq könüllü kimi layihələrdə iştirak edib “İctimai xidmət və volontyorluq” üçün “ABŞ Prezidenti mükafatı” aldım və bundan əlavə Vaşinqtonda inşa müsabiqəsi qalibi olub, konqresmen və senatorlarla da görüşdüm. 2013-cü ildə “Sabahın Alimləri” beynəlxalq olimpiadasında sinif yoldaşımla birgə layihə təqdim edərək fizika sahəsi üzrə qalib oldum. 2013-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil oldum və Yaponiyaşünaslıq ixtisası üzrə təhsil almağa başladım. Elə bu zaman da Təhsil Nazirliyi xaricdə təhsil üzrə dövlət proqramının nəticələrini açıqladı və mən təhsilimi 2014-cü ildən Kanadanın Vaterloo Universitetində turizm sahəsi üzrə davam etdirməyi qərara aldım.

- Gənc olmağınıza baxmayaraq, kifayət qədər uğurlarınız olub. Bəs sizi Azərbaycandan xeyli uzaqda yerləşən Kanadanı seçməyə nə sövq etdi?

-Yuxarıda qeyd etdiyim kimi, artıq çox gənc yaşlarımdan yarışlara və festivallara görə xarici ölkələrdə olmuşam. Kaliforniyada qalarkən müstəqil qərarlar qəbul etməyi öyrəndim. Məktəbdə çox güclü ingilisdilli təhsil almışam və bunda müəlliməm Əhədova Mətanətin çox böyük rolu olub. Mən rus, türk, alman dillərini bilirəm, yapon və fransız dilləri ilə də məşğul olmuşam, lakin ABŞ-dakı təcrübəm mənim ingilis dili imkanlarımı bir xeyli genişləndirdi. Mənim əmim oğlu Kanadada təhsil alırdı. O, məni Kanada təhsil sistemi haqqında geniş məlumatlandırdı. Bu və ingilisdilli cəmiyyətlərə artıq yaxşı bələd olmağım məni Kanadada ali təhsil almağa sövq etdi. Fikrimi valideyn və qohumlarıma bildirdim və hamı məni dəstəklədi. Məktəb direktorumuz Zülfiyyə Veysova və ümumiyyətlə, Avropa liseyi müəllim kollektivi mənə bacardıqları qədər dəstək oldular. Yalnız bu insanların, valideyn və qohumlarımın və “American Councils”da çalışan dostlarımın mənəvi dəstəyi sayəsində mən xaricdə təhsil üzrə dövlət proqramına müraciət etdim. Bu gün mən, Murad Əlizadə Kanadanın ən məşhur universitetlərinin birində təhsilimin ikinci ilindəyəm.

- Vaterloo Universiteti haqqında da söz açardınız. Kanada təhsil sistemini də xarakterizə edərdiniz.

-Vaterloo Universiteti əsas profil baxımından texniki universitetdir. Bu universitetin yetirmələri olan mühəndis və proqramçılar “Google” və “Amazon” kimi ən məşhur şirkətlərdə çalışırlar. Buna baxmayaraq, Vaterlooda çox güclü tətbiqi səhiyyə və turizm departamentləri var. Kanada turizm sahəsi üzrə dünyada qabaqcıl ölkələrdəndir və burada turistik obyektlərin düzgün və sərfəli üsullarla yerləşdirilməsinə çox böyük diqqət göstərirlər. Universitetin müəllim heyəti və qonaq məruzəçilər arasında məşhur və tanınmış insanlar var, keçmiş kosmonavt Kris Hedfild belə, Vaterloo Universitetində müəllim kimi çalışır. “Blackberry”nin yaradıcısı Mayk Lazaridis bu universitetdə təhsil alıb və Kanadanın hazırkı general-qubernatoru vaxtilə Vaterloo Universitetinin prezidenti olub.
Kanadanın təhsil sistemi bir çox Qərb ökələrindəki, xüsusilə ABŞ-dakı təhsil sisteminə bənzəyir. Tələbələrin əllərində tədqiqat aparmaq üçün çox geniş imkanlar var. Universitetin kitabxanasında tayı-bərabəri olmayan bilik mənbələri saxlanılır. Güclü təhsil sistemi də məhz etibarlı mənbələr və öz işində yüksək səviyyədə ixtisaslaşmış peşəkarlar tərəfindən qurulub.

-Ümumiyyətlə, Kanada necə bir ölkədir?

- Kanada haqqında bir çox müsbət stereotiplər var və mən deyərdim ki, bu stereotiplər özlərini doğruldur. Məsələn, kanadalılar həddindən çox mədəni hesab edilirlər və mən deyərdim ki, bu doğrudur. Şimalda yerləşən ölkələrdə adətən insanlar soyuq xarakterli olurlar, lakin kanadalılar çox gülərüz və mehriban insanlardırlar. Ölkənin sahəsi çox böyükdür, ancaq insanlar kompakt şəkildə sahilboyu ərazilərdə yerləşiblər. Bu, böyük meşə zolaqlarını insan təsirindən qoruyur və yaradılmış qoruqlar və yaşıl zonalar ölkəni turistik cəhətdən çox cəlbedici edir. Azərbaycana “Odlar Yurdu” dedikləri kimi, Kanadaya da çox vaxt “Böyük Şimal” deyə müraciət edirlər. Ölkənin simvolu olan qayın ağacı demək olar ki, hər yerdə bitir və ondan çox dadlı sirop hazırlanır. Kanadalılar çox sülhsevər insanlardırlar. Lakin tarix göstərir ki, onlar müharibə zamanı da çox güclü addımlar atmağa qadirdirlər. Ölkədə qiymətlər bir az yüksək olsa da, alınan gəlir səviyyəsi də yüksəkdir və bu daxili bazarda stabillik və iqtisadi artım yaradır. Bütün xalqlara və dinlərə qarşı güclü tolerantlıq hissi insanlar arasında hökm sürür və bu, öz növbəsində Kanada cəmiyyətində əmin-amanlığı təmin edir.

-Başınıza gələn ən maraqlı, yaddaqalan hadisələr barədə söz açardınız.

-Mən piyada gəzməyi çox xoşlayıram. Bu, insanların kardiovaskulyar sistemləri üçün xeyirlidir, həm də mənə fikirlərimi toplamağa kömək edir. Kanada soyuq ölkədir. Məsələn, bu qış temperatur mənfi 35 dərəcəyə qədər düşmüşdü. Belə havada adamlar xüsusilə küçəyə çıxmamağa çalışırlar. Qar bəzən dizə qədər çatır və qartəmizləyən maşınlar sadəcə olaraq yolu təmizləyib qurtara bilmirlər. Bir gün belə bir havada bayırda gəzməyi qərara aldım. Çox qalın geyindim və Vaterloo şəhərinin mərkəzi parkına yollandım. Küçədə demək olar ki, heç kim yox idi. Yollar tamam boş idi. Belə havada ancaq on qat geyimlə gəzmək olardı.
Şəhərin mərkəzi Kolumbiya prospekti ilə gəzintimə davam edirdim. Birdən qarşı səkidə hərəkət edən bir piyada gördüm. Uzaqdan baxanda maraqlı heç nə demək olmazdı. Lakin yolu keçəndə gördüm ki, piyada yalnız nazik bir gödəkcə və qısa şortlar geyinmişdi. Mənfi otuz beş, demək olar ki, mənfi qırx dərəcə havada, dizəcən qarda şort geyinmiş və hələ soyuqdan donmamış, qətiyyən titrəməyən insan görmək çox sürrealistik bir mənzərədir. Yaxınlaşıb soruşdum ki, “bəs sizə soyuq deyil?”. Piyada cavab verdi ki, “cavan yaşlarımdan atam ilə xokkey oynamışam, soyuğa öyrəncəliyəm”. Mən tam çaşqınlıq içində qalmışdım. Heyrətimi görən piyada gülümsündü, dedi: “Amma düz deyirsiniz, bu ara havalar bir az soyuyub”.
Gülməli haldır, amma əgər mənfi otuz-qırx dərəcə bir kanadalı üçün “bir az soyuqdursa”, mən gərək özümə bir az da qalın gödəkcələr alım.

-Təkcə təhsilinizlə məşğulsunuz, ya ictimai işlərə də vaxt ayıra bilirsiniz?

-Mən hələ məktəb illərindən aktiv olmuşam. Bacardıqca çox tədbirlərə qatılmışam. Fikrimcə, insan bir sosial varlıq kimi daim cəmiyyətlə aktiv və qarşılıqlı əlaqədə olmalıdır. Hesab edirəm ki, aktiv və həvəsli gənclər həyatda çox nailiyyətlər əldə edə bilər. Mümkün dərəcədə bütün tədbirlərə, xüsusən azərbaycanlı tələbələrin təşkil etdiyi tədbirlərə qatılıram. Fevral ayında bizim tələbələrlə paytaxt Ottavaya gedib Kanada parlamenti və Ermənistan səfirliyi önündə Xocalı faciəsinə aid nümayiş keçirdik. Bu barədə xarici ictimaiyyətin məlumatlandırılmasını da həmişə vacib saymışam.

-Azərbaycan gəncliyi ilə Kanada gəncliyi arasında müqayisələr aparardınız.

-Kanada gəncləri boş vaxtlarını çox səmərəli keçirirlər. Burada internet klublar yoxdur, gənclərin çoxu ya xokkey oynayır, ya da ictimai işlərlə, könüllülüklə məşğul olurlar. Kanadada gənclər daha müstəqil həyat tərzi sürürlər. Bu həmişə müsbət deyil. Belə ki, vaxt keçdikcə uşaqların öz ailələri ilə bağları qopur. Azərbaycanda ailə və övladlar arasındakı əlaqələr daha güclüdür. Azərbaycanda gənclər arasında kollektiv münasibətlər daha sıxdır. Hər iki ölkədə gənclər cəmiyyətdə böyük rol oynayırlar və hər iki ölkədə gənclərin etdiyi qərarlar xalqın və zamanın mənəvi dəyərlərini əks etdirir.

-Bəs Azərbaycan təhsili ilə Kanada təhsili arasında hansı fərqləri görürsünüz?

-Azərbaycan təhsil modeli ümumi cəhətdən insanlarda geniş dünyagörüşünün formalaşmasına köməklik göstərir və mən bunu çox bəyənirəm. Kanadada isə Qərb modelindən istifadə edilir ki, burada daha çox dar ixtisaslaşmaya üstünlük verirlər. Kanadada ingilis və fransız dillərində danışırlar və bu, xarici ingilis və fransızdilli mənbələrə çıxışa geniş imkan yaradır. Lakin Kanadada yaşayan insanların çoxu uzağı, iki dildə danışır. Azərbaycanda beş dil bilən insan görmək heç də nadir hal deyil və bu insanların potensial bilik imkanlarının fərqinə vardıqda nələrin əldə edilə biləcəyini düşünmək məndə sevinc hissi yaradır. XXI əsr müasirlik və bilik əsridir və mən əminəm ki, güclü təhsil hər bir xalq üçün çox vacib rol oynayır.

-Oxuduğunuz sahə üzrə Azərbaycanda vəziyyət necədir?

-Azərbaycanda bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, servis sektoru getdikcə artır. Turizm ölkə iqtisadiyyatında neft çıxarılmasından sonra ikinci yeri tutur. Lakin neft sektorundan fərqli olaraq, turizm təkcə büdcəyə gəlir gətirmir: güclü turistik bazaya malik ölkələr həm də öz mədəniyyətlərini, tarixlərini dünyaya tanıda bilirlər və bu, hər bir sahə üçün əvəzolunmaz bir haldır. Hər bir başqa ölkədən fərqli olaraq, Azərbaycanda ağlasığmaz təbii, mədəni və tarixi potensial var. Bu özü də bir növ resursdur və turizm sahəsi üzrə təhsil alanlar bu resursu ən sərfəli şəkildə emal edə bilərlər.

-Kanadada təhsil almaq istəyən gənclərimizə hansı məsləhətləri verərdiniz?

- Burada təhsil almaq istəyən gənclərə öncə məktəb illərində aktiv olmağı məsləhət bilərdim. Kanadada təhsil almaq asan deyil. Gərək bütün vaxtınızı fikirləşərək qurasınız ki, dərslərə və dərsdənxaric iş layihələrinə vaxtınız çatsın. Cəmiyyətdə olmaq, beynəlxalq olimpiada və layihədə iştirak etmək vacibdir. Belə ki, ilkin aktiv həyat insana evdən və ailədən uzaq bir məkanda fəaliyyət göstərməyə kömək edir, individualizmin təməlini qoyur. Gənclər gərək bacardıqca ingilis və başqa xarici dillərə fikir versin. Öz üzərində çox çalışmağı sevən hər bir gənc Kanada təhsil həyatına uyğunlaşa bilər.

-Gələcək planlarınız barədə də söz açardınız.

-Mən ümumiyyətlə, optimistəm və gələcəyi çox firavan və işıqlı görürəm. Əlimdən gələni edirəm ki, müasir zamanla ayaqlaşa bilim və eyni zamanda tarixi dəyərlərin mənə miras qoyduğunu itirməyim. Ümid edirəm ki, çox bacarıqlı bir mütəxəssisə çevrilib, ölkəmin və ailəmin mənə qoyduğu inamı doğruldacağam. Gələcəkdə öz sahəm üzrə doktorantura oxumağı düşünürəm.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İlkin Əsgər: ““İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info