Azərbaycançılıq gənclərin vətənpərvərliyində əsas məfkurədir
Tarix: 09.04.2015 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq məfkurəsi təkcə Azərbaycanın hüdudları çərçivəsində yaşayan 9 milyonluq polietnik xalqın birləşdiricisi yox, həm də planetdə yaşayan 50 milyonluq azərbaycanlının və özünü azərbaycanlı hesab edən hər bir dünya vətəndaşının milli kimliyinin təsdiqçisidir. Geniş fəlsəfi anlamı özündə cəmləşdirən bu ideya həm milli birliyimiz, həm də coğrafi bütövlüyümüzə özül rolunu oynamaqdadır. Bununla yanaşı, 31 dekabrın ümummilli liderin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması və hər il, dünyanın hər yerində təntənə ilə qeyd edilməsi milli-psixoloji vəziyyətimizi daha qlobal miqyasda stabilləşdirməkdə əvəzsiz rol oynamaqdadır. Hazırda regionda qüdrətli, dünyada nüfuzlu Azərbaycanın hərtərəfli inkişaf etməsinin səbəbi, birinci növbədə, bu ideya üstündə köklənməsidir. İdeya milli inkişaf modelinin şaxələnməsində bir nömrəli amildir. Bu nəzəriyyə milli strateji məqamı özündə cəmləşdirərək özünüdərk və özünütəsdiqlə nəticələnib.
Belə ki, planetin bugünkü mənzərəsində heç də yalnız siyasi və iqtisadi maraqlar kəsişmir, eyni zamanda milli-mənəvi inkişaf mühüm əhəmiyyət kəsb edir. Ulu öndər milli dövlətçilik quruculuğu məsələsinə çox dəqiq yanaşaraq belə bir fikir söyləmişdi: “Dövlətçilik insanlarda vətənpərvərlik duyğusunu, Vətən anlamının milli “Mən”ə daxil edilməsini nəzərdə tutur. Əgər hər hansı bir ölkədə hər kəs təkcə öz mənafeyini, ailəsinin mənafeyini düşünürsə, xalqın taleyinə, ümummilli siyasi və iqtisadi mənafelərə biganədirsə, deməli, burada dövlətçilik ənənələri yoxdur. Gərək hər bir vətəndaş ölkəsinin böyük siyasəti haqqında düşünsün”. Mövcud dövrə qədər xaricdə yaşayan azərbaycanlılar pərakəndə şəkildə icmalarda təmsil olunurdularsa, artıq bu paradiqma bütövləşməni təşkil edərək diaspor təşkilatlarında təşəkkül tapdı. İcmaçılıq diasporçuluqla əvəz olundu. Diasporçuluq isə lobbiçiliyə meyilləndi. Məhz Heydər Əliyev insanların şüurunda fərdi yanaşmanı kollektiv düşüncə tərzi ilə əvəz edə bildi. O, Azərbaycanın diaspor siyasətinin parametrlərini, lobbi fəaliyyətinin istiqamətlərini müəyyənləşdirdi. Buna görə də Heydər Əliyev Azərbaycanın milli dirçəlişinin, həmrəylik və birliyinin, qurtuluşunun banisidir.
Bu gün ulu öndərin bəşəri dəyərlər və milli meyarlar əsasında davam etdirilən dövlətçilik strategiyasını Prezident İlham Əliyevin yeni çalarlarla yürütməsinin nəticəsidir ki, müstəqil Azərbaycan keçmiş sovetlər məkanında ən dinamik inkşaf edən dövlət statusu qazanmaqla geosiyasi qüdrətə malik dövlətə çevrilib.
Məhz bu ideya dünyada yaşayan azərbaycanlı toplumunu bir araya gətirməyə müvvəffəq oldu. Bakı şəhəri Azərbaycanın deyil, dünyanın beş qitəsinin paytaxtına çevrildi. Beləliklə, Bakı şəhəri Azərbaycan tarixinin ən önəmli hadisələrindən sayılan 23 may 2001-ci ildə Heydər Əliyevin sərəncamı ilə 9-10 noyabr 2001-ci ildə Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayının, Prezident İlham Əliyevin fərmanı ilə 2006-cı il mart ayınının 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsinə ev sahibliyini etdi. Bu işlərlə dünyada yaşayan soydaşlara-həmvətənlərə qucaq açıldı, onların bir mərkəzdən koordinasiya olunmalarına mesaj verildi, onların arxalarında müstəqil, müasir dövlətin olduğu rəsmi bəyan edildi. Həmçinin Azərbaycan Prezidentinin 2002-ci il 5 iyun tarixli 730 saylı fərmanına uyğun olaraq Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsi yaradıldı. Daha sonra bu məsələyə konseptual yanaşılaraq işlərin daha da geniş müstəviyə çıxarılması üçün 21 fevral 2003-cü ildə "Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu təsdiq edildi. Dövlət-diaspor münasibətlərində yeni mərhələnin yaranmasına şərait yarandı. 19 noyabr 2008-ci ildə Prezident İlham Əliyev bu sahədə konkret işin görülməsi və zamanın tələblərinə uyğun iş mexanizminin fəaliyyəti üçün Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsi yaradılması barədə sərəncam imzaladı. Görülmüş işlər içərisində 2006-cı il iyunun 5-də Türkiyənin Antalya şəhərində Dünya azərbaycanlıları ziyalılarının I forumunun keçirilməsi, Dünya Azərbaycanlılarının Həmrəylik xartiyasının təsdiqi, Avropa Azərbaycanlılar Konqresinin və digər təşkilatların fəaliyyət proqramlarının təsdiqi, o cümlədən gənclər təşkilatlarının geniş vüsət alması mühüm hadisələrdəndir. Eyni zamanda 2010-cu ildə Dünyada yaşayan azərbaycanlı gənclərin I forumunun keçirilməsi, bu diasporun gəncləşməsi, lobbi fəaliyyətinin yeni vüsətlə inkişafına töhfə sayılmalıdır.
2007-ci il martın 9-da Bakı şəhərində Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumunun keçirilməsi və birgə fəaliyyət haqda Bəyannamənin, Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyasının qəbul edilməsi də bu sahədə keyfiyyətcə yeni mərhələdən xəbər verir.
Belə ki, Azərbaycan dövlətinin sosial-iqtisadi qüdrətinin artması və beynəlxalq nüfuzunun güclənməsi tarixən dünyanın müxtəlif ölkələrinə səpələnmiş diaspor qruplarımızın da təşkilatlanmasını, milli maraqlar və ümumi Vətən mənafeyi naminə səylərin birləşməsini şərtləndirir. Dövlətimizin bütün sahələrdə yürütdüyü məqsədyönlü siyasət diaspor quruculuğu sahəsində də uğurlu nəticələr əldə olunmasını mümkün edib. Diasporumuzun gücünü artırması, daha yüksək səviyyədə təşkilatlanması və müstəqil dövlətimizlə siyasi, iqtisadi, mədəni və mənəvi əlaqələri inkişaf etdirməsi son dərəcə önəmlidir. İlk baxışdan dünyanın hər yerində yaşayan 50 milyondan artıq soydaşımızın diaspor qismində mütəşəkkil hala gəlməsi çox çətin görünə bilər. Amma yuxarıda qeyd edildiyi kimi, bu yöndə yürüdülən çevik dövlət siyasəti, çağdaş texnologiyaların tətbiqi və qloballaşma dövrünün mobillik tələbləri bu məsələni mümkün etdi. Burada, eyni zamanda çoxmilyonlu diaspor nümayəndələrimizi Vətənə bağlayan bir sıra amillər mövcuddur: müstəqil dövlətimizin mövcudluğu, milli adət-ənənələr, dil və din birliyi və əlbəttə ki, ən əsası - soykökü tarixi Azərbaycan ərazilərinə bağlı bütün azərbaycanlıları konsolidasiya edən azərbaycançılıq məfkurəsi. Məhz bu ideologiyanın həlledici sirayəti nəticəsində Azərbaycan diasporunun ideal şəkildə konsolidasiyası prosesi başladı və bu yolda bir sıra nailiyyətlərə imza atıldı. Bu nailiyyətləri bir neçə nəticəyə görə sadalamaq mümkündür. Birincisi, Bakıda keçirilmiş dünya azərbaycanlılarının qurultayları ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın daha sıx birləşməsi, təşkilatlanması və ümummilli problemlərimizin həllinə cəlb edilməsi üçün mühüm vasitədir. İkincisi, məhz azərbaycançılıq məfkurəsinə əsaslanan birlik səyləri nəticəsində Azərbaycan diasporu öz gücünü artırdı, xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması prosesi sürətləndi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə mühüm tədbirlər həyata keçirildi. Həmçinin milli-mədəni irsimizin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması, onların ictimai-siyasi fəallığının gücləndirilməsi istiqamətində təşəbbüslərin və praktik addımların sayı artdı. Bundan başqa, xaricdə yaşayan azərbaycanlılar ölkələrinin ictimai-siyasi, iqtisadi, mədəni həyatına daha sıx inteqrasiya etdilər, xarici ölkələrin dövlət orqanları, parlament və hökumət üzvləri, siyasi partiya və qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri ilə əməkdaşlıq əlaqələrini genişləndirdilər, azərbaycanlı icmaları yaşadıqları ölkələrdə ictimai rəyə real təsir imkanları əldə etdilər, digər xalqların diaspor təşkilatları ilə də sıx əməkdaşlıq əlaqələri qurmağa müvəffəq oldular. Həmçinin “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası"ndan irəli gələn müddəaların yerinə yetirilməsi istiqamətində daha fəal iş aparılmağa başladı. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının fəaliyyəti təkmilləşdirildi. Təşkilati və əlaqələndirmə funksiyalarının səmərəli həyata keçirilməsi məqsədi ilə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının İcra Katibliyi təsis edildi. Eyni zamanda, lobbiçilik fəaliyyətinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin daha effektiv təbliğ edilməsi məqsədilə xarici ölkələrdə Azərbaycan evlərinin yaradılmasına başlandı. Bir sözlə, azərbaycançılıq məfkurəsinin diasporumuz üçün əsas ideoloji baza rolunu çox uğurlu bir şəkildə yerinə yetirməsi nəticəsində soydaşlarımız dünya çapında müqəddəs amal və milli maraqlarla konsolidasiya olunmağa başlayıblar.
Bütün bunlar bir daha sübut edir ki, ümummilli liderin banisi olduğu azərbaycançılıq ideyasının dünya azərbaycanlılarının konsolidasıyasında, milli mənlik şüurunun tamamlanmasında və milli özünüdərk qabiliyyətinin yüksək mərhələyə gəlib çatmasında önəmli rolu danılmazdır. Millətimiz ulu öndərin azərbaycanlıları bir amal uğrunda birləşdirən bu nəhəng azərbaycançılıq missiyasını lazım olduğu qədər qiymətləndirir, onun əhəmiyyətini zaman keçdikcə daha aydın və dərindən dərk edir. Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi altında və uzaqgörən siyasəti ilə ümummilli liderin millətimiz üçün qoyduğu bu sarsılmaz yolla inamla irəliləməkdəyik.

Təhminə İsmayılova

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc jurnalistlər arasında “Gənclər arasında azərbaycançılıq məfkurəsinin təbliği” mövzusunda elan etdiyi məqalə müsabiqəsinə təqdim edilir




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info