Avropanı kütləvi tətillər və işsizlik dalğası bürüyür [Yenilənib]
Tarix: 10.04.2015 | Saat: 21:53:00 | E-mail | Çapa göndər


Fransada 300 min nəfər etiraz aksiyası keçirib

Avropanın aparıcı ölkələri maliyyə və bir sıra sosial məsələlərlə bağlı ciddi çətinliklərlə üz-üzə qalıblar. Təsadüfi deyil ki, son aylarda Almaniya, Fransa və eləcə də İtaliya kimi ölkələrdə artıq tətillər və etiraz aksiyaları daha çox müşahidə olunur. İnsanları narazı salan isə sərt iqtisadi siyasət, vergilərin sərtləşdirilməsi, iş rejimi və ümumilikdə işsizliyin ilbəil artmasıdır. Belə sərt iqtisadi siyasət, işsizliyin artması ilə bağlı etiraz dalğasının son nümunəsi Fransada qeydə alınıb. Belə ki, bu ölkədə növbəti izdihamlı nümayişlər həyata keçirilməyə başlayıb. Fransa mətbuatının yaydığı məlumata görə, fransızlar hökumətin yürütdüyü sərt iqtisadi siyasətə etiraz əlaməti olaraq aprelin 9-da ölkənin beş əsas və 800 müəssisənin həmkarlar təşkilatının çağırışı ilə Parisdə və digər şəhərlərdə kütləvi nümayişlər keçiriblər.
Nümayiş iştirakçılarına Eyfel qülləsinin, Luvr muzeyinin əməkdaşları, orta məktəblərin müəllimlərinin 24 faizi və ali təhsil ocaqlarının tələbə-müəllim heyətinin 35 faizi, kütləvi informasiya vasitələrinin nümayəndələri, o cümlədən üç həftədən artıq tətil keçirən Fransa radiosunun jurnalistləri qoşulublar.
Qeyd edək ki, Eyfel qülləsinin işçilərinin ölkənin əsas həmkarlar ittifaqlarının çağırışı ilə başlayan etirazlara qoşulması təsadüfdən yaranmayıb. Belə ki, onların yerli vaxtla saat 18:00-dək qüllənin bütün mərtəbələrinə girişin bağlı olduğunu elan etmələrinə əsas səbəb hökumətin yürütdüyü sərt iqtisadi siyasət olub. Ümumi Əmək Konfederasiyası Həmkarlar İttifaqı nümayəndəsinin sözlərinə görə, qüllədə işləyən personalın 90 faizi işin dayandırılmasının lehinə səs verib. Onların hamısı sərt iqtisadi kurs yürüdən hökumətin siyasətinə etiraz əlaməti olaraq “fəaliyyət günü”ndə iştirakın vacib olduğu fikrindədir.
Axşam saatlarında isə Paris şəhərindəki Respublika meydanında Fransanın bütün əyalətlərindən gələn işçilərin iştirakı ilə çoxminlik nümayiş, həmçinin İtaliya meydanından Əlillər evinə qədər böyük yürüş keçirilib.
Həmkarlar təşkilatlarının məlumatına əsasən, Parisdə 120 min, Marseldə 7 min, Bordoda 10 min, Tuluzda 8 min, Nantda 3 min və Ruanda 5 min insan nümayişdə iştirak edib. Ümumilikdə ölkə üzrə 300 min nəfərin nümayişə qatıldığı bildirilib.
Nümayişçilər hökumətdən sərt iqtisadi siyasətə son qoymağı, əmək haqlarını və təqaüdləri artırmağı tələb ediblər. Əks halda, daha izdihamlı və uzun müddətli tətil keçirəcəklərini bildiriblər.
Bundan başqa Fransada hava limanlarında təyyarələrin qəbul edilməsini və yola salınmasını təmin edən dörd min əməkdaşın iki günlük tətil keçirməsi də bu ölkədə ciddi narahatlıq yaradıb. Bu tətildən sonra uçuşlar da iflic olub.
Tətil nəticəsində ölkə daxilində Marsel, Tuluz, Lion, Strasburq və digər şəhərlərə aviareyslərin 50 faizi ləğv edilib, bir çox reyslər isə təxirə salınıb.
Hava limanı əməkdaşlarının hüquqlarını müdafiə edən həmkarlar təşkilatlarının mülki aviasiya idarəsi rəhbərliyi ilə apardığı danışıqlar bir nəticə verməyib.
Yaranan vəziyyət yüzlərlə sərnişinin hava limanlarında ilişib qalmasına səbəb olub.
Həmkarlar təşkilatları tətili aprelin 11-nə kimi davam etdirəcəkləri haqda hava yolları şirkətlərini xəbərdar edib.
Fransada yaşanan bu hadisələrin fonunda digər Avropa ölkələrində də oxşar problemlərə görə narazılıqların baş qaldıracağı gözlənilir. Çünki sərt iqtisadi siyasət digər Avropa ölkələrində də yürüdülür. Bir sıra ölkələr artıq dövlətin işsizlik maaşını da ödəyə bilmirlər.İiqtisadi problemlə üzləşən müxtəlif ölkələr işsizlik maaşlarında ixtisarlar aparmağa məcbur qalıblar. Belə ölkələrdən biri də Hollandiyadır. Bu ölkə parlamentində işdən çıxarma ilə bağlı qanun dəyişikliyi təsdiqlənib. Bu dəyişikliyə əsasən artıq sahibkarlar çalışanları daha asan üsulla işdən çıxara biləcəklər. Həmçinin işsiz qalanlara ödənən işsizlik maaşında da azalma gözlənilir. Bunun işçi qüvvəsi üçün mənfi bir dəyişiklik olduğu göstərilir. Eyni zamanda sahibkarların çalışanları işdən çıxarması daha “ucuz” başa gələcək və daha sürətli olacaq. Bu isə oxşar etiraz aksiyalarının yaxın zamanlarda Hollandiyada da yaşanacağını deməyə əsas verir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“WhatsApp” mesaj göndərişlərini məhdudlaşdırıb
21.01.2019
Ukrayna və İsrail azad iqtisadi zona yaradır
20.01.2019
Terrorçular Malidə BMT-nin düşərgəsinə hücum edərək 8 sülhməramlını öldürüblər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info