Sammers: “ABŞ yeni reallıqları etiraf etmək və öz siyasətini yenidən qurmaq gücündə deyil”
Tarix: 10.04.2015 | Saat: 22:10:00 | E-mail | Çapa göndər


“Qərbin inkişafında hazırkı dalana dirənişin mənbələrini intellekt, mədəniyyət və psixologiya sferasında axtarmaq lazımdır”

“İnosmi.ru” saytında müəllif Nana Yakovenko Amerikan və Qərb siyasi-iqtisadi sisteminin çöküşünün qaçılmaz olduğunu əsaslandıran maraqlı və aktual mövzuya toxunub. O, bu barədə Qərb mütəfəkkirləri və ekspertlərinin fikirlərinə istinad edir. Yazıda qeyd edilir: “Əgər 7 mayda keçirilməsi nəzərdə tutulmuş seçki ərəfəsi Böyük Britaniyada mühafizəkarlardan, ya da leyboristlərdən onların siyasi platformalarında hansısa fərqlər olduğunu soruşsanız, praktiki olaraq belə bir fərqin olmadığını bildirmiş olarlar. Bu isə təsadüfi deyil. Artıq Marqaret Tetçerin zamanından Böyük Britaniya, bütün Qərb ölkələri üçün keçərli olmaqla, bütün istiqamətlərdə hökumət siyasətinin, o cümlədən xarici siyasətin və sosial-siyasi həyatın əsas elementlərini ümumiləşdirib. Leyboristlərin uzun sürən hakimiyyətinin, 1997-ci ildə seçkidə qazanılmış qələbədən sonrakı ilk illərində Britaniya siyasi proseslərinin amerikanlaşması barəsində çox yazılıb. Maraqlıdır ki, bu proseslər soyuq müharibənin bitməsi və Sovetlər Birliyinin dağılması ilə bağlı olaraq Qərbdə kəskin şəkildə sürətlənməyə başladı.

“ABŞ siyasi rəhbərliyi hədsis riyakarlıqdan və merkantil maraqlarına çatmaq üçün özünü heç nə ilə məhdudlaşdırmamaq vərdişindən əl çəkə bilmir”

Belə çıxırdı ki, buna yeganə alternativ Sovetlər Birliyinin syasəti idi. Görkəmli amerikan filosofu, siyasi iqtisadçısı və yazıçısı Frensis Fukuyama öz zamanında əbəs yerə “tarixin sonu” ifadəsini işlətməmişdi. Sosial konsolidasiya ilə qarışıq salınmaması lazım gələn bu cür “vəhdət” və ya hər sahədə “ümumilik” Qərbdə bütün dünyaya öz təsirini göstərən hazırkı böhrana səbəb oldu.
2008-ci ilin payızında start götürən böhran kimsəni oyatmadı. Sanki çoxları bu barədə hələ əvvəldən yazmamışdı. Bütün Qərb ölkələri üçün ümumiləşdirilmiş siyasət artıq “sərt iqtisadiyyat” və “böhrandan çıxış” şüarı ilə davam etməyə başladı. Qərbin inkişafında hazırkı dalana dirənişin mənbələrini isə intellekt, mədəniyyət və psixologiya sferasında axtarmaq lazımdır. Avropa cəmiyyətlərinin “təkrar bayağılaşması” mərhələsi barədə filosof Konstantin Leontyevin fikri ağlımıza gəlir. Həmçinin fransız mütəfəkkiri Aleksis de Tokvilin amerikan demokratiyası fenomeni barədə təhlilinin tənqidi hissəsi burada yada düşür. Burada söhbət, daha çox demokratiyanın ümumilikdə aristokratik tənqidindən gedir. Bəlkə, artıq bu Avropa siyasi məfkurəsi irsinə qayıtmaq vaxtıdır? Qərbin düşdüyü dalanın dərin və kompleks şəkildə dərk edilməsi üçün Qərb siyasi sferasına nəzər salmaq lazımdır. Az öncə Fukuyamanın “Siyasi nizam və siyasi çürümə” adlı kitabı çıxmışdı. Orada müəllif göstərir ki, bütün ölkələr cəmiyyətin inkişafının ümumi qanunlarına meyilləniblər. Hökumət, zamanında siyasi kursu dəyişməyə qadir omadığı halda, onlar çürüməkdən yaxa qurtara bilməzlər.
Belə çıxır ki, Sovetlər Birliyinin ardınca növbə indi də Qərb ölkələrinə çatıb. Ola bilər ki, indiki Rusiyanı “təftişçilikdə” günahlandırmaqda haqlıdırlar, çünki Qərbin təmərküzləşdirilmiş status-kvosunun hər hansı elementini sual altında qoyan birisi, onun bütün konstruksiyasını təhdid etmiş olur”.
Daha sonra “Financial Times”da belə bir məzmunda yazı getdiyi bildirilir: “ABŞ rəhbərliyi oyanmalı və yeni iqtisadi eranın gəldiyini etiraf etməlidir”. Onun müəllifi ABŞ-ın keçmiş maliyyə naziri, Harvard Universitetinin professoru Lourens Sammersdir.
Sammers deyir ki, ABŞ qlobal miqyasda yeni reallıqları etiraf etmək və dünyada öz siyasətini yenidən qurmaq gücündə deyil. Çinin Qərb maliyyə sistemi üçün presedentsiz və tamamilə yeni olan kombinasiya cəhdləri və ABŞ-dan asılı olmayan yeni maliyyə təsisatları yaratması da professor tərəfindən xarakterizə edilir. Bu fonda Böyük Britaniya da daxil olmaqla, özünün onlarla ənənəvi müttəfiqini yola gətirməkdə Vaşinqtonun tamamilə fiaskoya uğraması da çox şey deyir. Onun bütün müttəfiqləri Çin maliyyə sisteminə qoşulublar. Bu isə strategiya, taktika səviyyəsində çöküşdür və uzun sürən zaman nəticəsində ərsəyə gəlib.
Müəllifin fikrincə, məğlubiyyət amerikan siyasətinin disfunksiyasını şərtləndirən daxili-siyasi faktorların nəticəsidir. Çünki amerikan siyasəti radikal şəkildə dəyişən qlobal proseslərə uyğunlaşa bilmir.

“Amerika öz kobud maraqlarını təmin etmək üçün sui-istifadə və cinayətlərə getməkdən qala bilmir və bu kimi faktorlar da dolların beynəlxalq maliyyə sistemində rolunu təhdid edir. Dünyadakı dövlətlərin dollarla sonsuz bir şəkildə şantaj edilməsi, sonda heç də yaxşı nəticələnməyəcək”

Hazırkı məqamda səbəblər aydındır: bir tərəfdən, Vaşinqton bütün bu illər ərzində Beynəlxalq Valyuta Fondunda çoxdan vaxtı çatmış islahatları açıq şəkildə tormozlayıb, həmçinin digər tərəfdən, sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdə infrastruktur layihələrinə tələbat güclənib.
Britaniya coğrafiyaşünası Helford Makkinderin ötən əsrdə işlətdiyi “Xartlend” termini misal çəkilir və qeyd edilir ki, bu termin əslində Rusiya, Çin və Hindistanın daxil olduğu Avrasiyanı ehtiva edir. Makkinder deyir: “Şərqi Avropaya kim nəzarət edirsə, Xartlendə də, dünya adalarına da o nəzarət edir, kim dünya adalarına nəzarət edirsə, dünyaya da o nəzarət edir”.
Sammers qeyd edir ki, ABŞ strateji mədəniyyət və təfəkkür sahəsində büdrəyib, onun siyasi rəhbərliyi hədsis riyakarlıqdan və merkantil maraqlarına çatmaq üçün özünü heç nə ilə məhdudlaşdırmamaq vərdişindən əl çəkə bilmir.
O qeyd edir ki, ABŞ son zamanlar, bütün beynəlxalq tərəfdaşlarında qıcıq yaradır: “ABŞ-ın siyasəti və praktiki fəaliyyəti dünyada qanunilik və hüquqi nizam sahəsində real problemlər yaradır”. Ekspert qeyd edir ki, Amerika öz kobud maraqlarını təmin etmək üçün sui-istifadə və cinayətlərə getməkdən qala bilmir və bu kimi faktorlar da da dolların beynəlxalq maliyyə sistemində rolunu təhdid edir: “Dünyadakı dövlətlərin dollarla sonsuz bir şəkildə şantaj edilməsi, sonda heç də yaxşı nəticələnməyəcək”.
Müəllifin fikrincə, Sammersin məqaləsi onu deməyə imkan verir ki, ABŞ və Qərb ümumilikdə öz-özünə dağılma qanunauyğunluqlarından xali deyillər.
İlkin AĞAYEV







 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info