Sosial sığorta vergi ilə səhv salınmamalıdır
Tarix: 15.04.2015 | Saat: 01:43:00 | E-mail | Çapa göndər


Sosial sığorta sırf vətəndaşların pensiya təminatına aiddir
Bu gün cəmiyyətdə bəzi hallarda sosial sığorta ilə verginin iqtisadi mahiyyəti və fərqi qarışıq salınır və hətta, bəzi ekspertlər də bu iki faktoru bir-birindən ayırmaqda çətinlik çəkirlər. Halbuki sosial sığorta iqtisadi mahiyyətinə görə vergi deyil, işçinin əməyinin dəyərinin bir hissəsidir və sosial risklərdən sığortalanma məqsədilə formalaşdırılır. İşçinin əməyinin dəyəri təkcə əməkhaqqı kimi verilən məbləğlə deyil, işçi qüvvəsinin təkrar istehsalı üçün lazım olan bütün xərclərlə (o cümlədən xəstəlik, əlillik, qocalma, ailə başçısını itirmə hallarında təminatla) ölçülür. Buna görə də sosial sığorta haqları beynəlxalq təcrübədə, eləcə də ölkəmizdə “əməkhaqqına üstəlik” adlandırılır və əməkhaqqı ilə birlikdə məhsulun maya dəyərinə aid edilir.
Burada ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulmaqla, vətəndaşların pensiya hüquqları həmin uçotun məlumatları əsasında müəyyənləşdirilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondundan bu barədə bizə belə bildirdilər: “Təəssüf ki, bir sıra hallarda bəzi ekspertlər bunu vergi ilə qarışıq salır və sığorta-pensiya sistemi iştirakçılarında yanlış təsəvvür formalaşdırırlar. Halbuki həmin mövzuda məlumatlı olmaq üçün sosial sığorta sistemləri baradə bir az tanışlıq kifayətdir.
Ölkəmizin sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına uyğun əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulub ki, bu şəraitdə sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı pensiya artımlarını da şərtləndirir. Belə olan şəraitdə əməkhaqqına üstəlik kimi qəbul olunan sosial sığorta haqlarının azaldılması, əməyin ümumi dəyərinin azaldılması anlamına gəlməklə, fərdi hesablarda toplanan vəsaitlərin də azalmasına səbəb olaraq gələcək pensiya təminatına mənfi təsir göstərir”.
Qeyd edək ki, MDB və Baltikyanı ölkələr içərisində sosial sığorta dərəcəsinin ümumi tarifinə görə Azərbaycan ən aşağı dərəcə tətbiq edən ölkədir. Son 20 ildə sosial sığorta dərəcələri Avstriyada 1,25%, Böyük Britaniyada 2%, Almaniyada 4,2%, İtaliyada 8,2%, Kanadada 4%, ABŞ-da 1,6%, Yaponiyada 1%, Rusiyada 8% və s. qaldırılıb.
Sosial sığorta normativinin strukturunun optimallaşdırılması üçün təkliflər hazırlanır. DSMF rəsmilərinin fikrincə, sosial sığortanın iqtisadi mahiyyəti sosial sığorta normativinin strukturunda işəgötürən və işçi arasındakı nisbətin dəyişdirilməsində də nəzərə alınmalı, işçinin payının artırılması adekvat əməkhaqqı ödənişlərinin artımı ilə qarşılanmalıdır.
Ekspert Vüqar Bayramov bu barədə belə bildirdi: “Sosial sığorta hər bir vətəndaşın işlədiyi əmək fəaliyyətinə görə həm əməkhaqqı fondundan, həm də işçinin öz əməkhaqqından ödənilən vəsaitdir. Ona görə də qanunvericiliyə əsasən, əməkhaqqı fondundan sosial sığorta məqsədilə, 22 faizlik sosial ayırma həyata keçirilir. Bundan əlavə, işçi öz əməkhaqqından 3 faizlik ayırma həyata keçirir. Beləliklə, ümumilikdə sosial ayırmaların ümumi məbləği 25 faizdir. Qanunvericiliyə əsasən bu yığımın 50 faizi işçinin hesabında qeydiyyata alınırdı. Məsələn, işçinin əməkhaqqı 600 manatdırsa, o zaman işəgötürən tərəfindən əməkhaqqı fonduna 132 manat ödəniş edilir. Eyni zamanda, məşğulluq və pensiya fondu daxil olmaqla, işçi tərəfindən 18 manat ödəniş həyata keçirilir. Bu o deməkdir ki, 600 manat əməkhaqqı alan işçinin, əməkhaqqı fonduna ödəmələr daxil olmaqla, 150 manatlıq sosial ödəməsi həyata keçirilir. Qanunvericiliyə əsasən, bu sosial ödəmənin 50 faizi, yəni 75 manatı şəxsi hesabda toplanır və qeydiyyata alınır. Qalan 75 manat isə Dövlət Sosial Müdafiə Fondu tərəfindən mövcud pensiyaların ödənilməsi, cari xərclərin qarşılanması üçün istifadə olunur. Amma Nazirlər Kabineti tərəfindən tərtib edilmiş və Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilən qaydalara əsasən, artıq işəgötürən və işçinin özü tərəfindən ayrılan bütün sosial ayırmalar işçinin şəxsi hesabına yığılacaq. Bu da o deməkdir ki, məsələn, işçi üçün ödənilən 150 manatın hamısı onun hesabında əksini tapacaq. Bu da pensiyanın baza hissəsinin ləğv edilməsi ilə bağlıdır. Bu isə birmənalı olaraq işçinin gələcəyinin təmin edilməsi deməkdir. Vətəndaşlar pensiya yaşlarına çatan zaman pensiya məbləğlərini təmin etmək və sığortalamaq üçün bu ayırmaları etməlidirlər. Sosial ayırmalar bu baxımdan vergilərdən fərqlidir. Vergilər dövlət büdcəsinə ödənilir və büdcədən ayırmalar üçün istifadə olunur. Sosial ayırmalar isə vətəndaşın, işçinin pensiya yaşına çatanda alacağı pensiyanı müəyyənləşdirmək və təmin etmək üçün toplanır. Sosial sığortalar vətəndaşların, işçilərin əmək qabiliyyətləri zəiflədikləri dövrlərdə, onların sosial təminatı üçün vacibdir. Bu baxımdan vətəndaşlar sosial sığortaya vergi kimi deyil, özlərinin gələcək sosial təminatı kimi yanaşmalıdırlar. Onlar gələcəkdə özlərinin sosial təminatlarını ciddi şəkildə formalaşdırmaq barəsində düşünməlidirlər. Vətəndaşlar yaşadıqları yerlərdə əmək müqavilələri bağlanmasında və buna uyğun sosial ödənişlər edilməsində ciddi maraq göstərməlidirlər. Bu gün onlar tərəfindən sosial sığortaya ödənilən hər bir manat gələcəkdə onların sosial təminatını müəyyənləşdirəcək və yaxşılaşdıracaq məbləği formalaşdırmış olacaq”. Bütün qeyd edilənlər bir daha göstərir ki, sosial sığorta üçün nəzərdə tutulmuş ayırmalar büdcə və ya Dövlət Sosial Müdafiə Fondu üçün deyil, bu, sırf vətəndaşların özlərinin gələcək təminatına aiddir.
İlkin AĞAYEV

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun jurnalistlər arasında elan etdiyi “Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır” mövzusunda müsabiqəyə təqdim edilir




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb
19.03.2019
Azərbaycandan 76 milyon dollar dəyərində meyvə-tərəvəz ixracı olunub
19.03.2019
Mart ayı üzrə bütün pensiyaların ödənişi başa çatdırılıb
19.03.2019
Prezident və xanımı Bakıda Novruz şənliyində

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info