Azərbaycanın beynəlxalq imici xaricdə oxuyan tələbələrin gözü ilə
Tarix: 15.04.2015 | Saat: 21:43:00 | E-mail | Çapa göndər


Aytək Məmmədli: “Ölkəmizin nüfuzu Afrika ölkələrindən, dünyanın hegemon ölkələrinə qədər geniş bir arealı əhatə edib”

Toğrul Məmmədli: “Heç bir dövlət Azərbaycan ərazilərindən platsdarm kimi istifadə edə bilməyib”

Fatma Qurbanzadə: “Dünya mediasının gözü Azərbaycandadır”

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı bir sıra maraqlı məqamlara toxunaraq Azərbaycanın ümumi inkişafını öz çıxışı ilə xarakterizə etmiş oldu. Prezident öz çıxışında Azərbaycanın uğurlu xarici siyasəti barədə də xüsusi dayandı: “Ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır. Azərbaycan dünya birliyinin etibarlı, dəyərli üzvüdür. Bütün həmkarlarımla keçirilən görüşlərdə Azərbaycana böyük hörmət müşahidə olunur. Azərbaycanda gedən işlər dünya birliyi tərəfindən izlənilir və böyük təqdirlə qarşılanır. Bizim xarici siyasətimiz çox fəaldır, çevikdir, milli maraqlar üzərində qurulubdur və milli maraqlar bizim üçün ən prioritet məsələdir. Yəqin ki, buna görə Azərbaycan son illər ərzində bütün bölgədə yaşanan böhranlardan, əgər belə demək mümkündürsə, itkisiz çıxıbdır və şərəflə öz siyasətini aparır. Biz heç kimin təhriki ilə addımlar atmırıq, düşünülmüş addımlar atırıq. Əgər o addımlar milli maraqlara uyğundursa, biz bunu edirik, deyilsə, biz bunu etmirik. Elə bir qüvvə yoxdur ki, bizi nəyəsə məcbur edə bilsin, yaxud da bizi hansısa kampaniyalara cəlb etsin ki, bu da bizim maraqlarımıza uyğun olmasın. Ona görə bu mövqe, eyni zamanda, hər bir məsələ ilə bağlı prinsipial mövqeyimiz təbii olaraq bizə böyük hörmət qazandırdı. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə, gözəl imicə malik olan ölkədir. Mən dünya birliyi deyəndə bütün ölkələri nəzərdə tuturam. Çünki dünya birliyi hansısa bir təşkilat deyil. Dünya birliyi bütün ölkələrdir. Bütün ölkələr BMT-də təmsil olunur və bilirsiniz ki, bizim BMT-dəki mövqelərimiz çox güclüdür. Əgər belə olmasaydı, bir neçə il bundan əvvəl 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Biz öz prinsipial beynəlxalq siyasətimizi bu il də davam etdiririk. Bu ilin əvvəlindən baxmayaraq ki, cəmi 3 aydan bir qədər çox vaxt keçib, mənim çoxsaylı səfərlərim bizim beynəlxalq mövqelərimizi daha da möhkəmləndirib”.
Bəs görəsən Azərbaycanın uğurlu xarici siyasəti xarici ölkələrdə necə qarşılanır və Prezidentin çıxışı gənclərimizə hansı formada stimul verir? Xaricdə təhsil alan, adları birincilər sırasında çəkilən bir neçə tələbəmizlə bu haqda söhbət etdik.
Türkiyənin Gazi Universitetinin magistrantı Aytək Məmmədli Prezidentin səfərlərinin ölkəmizin mövqelərini gücləndirməsində mühüm rol oynadığını düşünür:
“Prezident bir müddət öncə Türkiyəyə də səfər etmişdi. Bu səfər mediada geniş işıqlandırıldı və həmişə olduğu kimi, onu xüsusi ehtiramla qarşıladılar. Ümumiyyətlə, başqa ölkələrdə də bunu etiraf edirlər ki, Azərbaycan bu gün o ölkələrdən olub ki, öz daxili və xarici siyasətini heç bir dövlətin təzyiqi olmadan aparır. Qazanılan uğurlar, ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsi, 155 ölkənin bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməsi, bütün beynəlxalq tədbirlərə, simpoziumlara dəvət olunması və çox zaman bu tədbirlərdə çıxış üçün söz verilməsi, diqqət ayrılması ölkəmizin beynəlxalq arenada nüfuzundan xəbər verir. Bu gün Vətənimizdə gedən işlər dünya birliyi tərəfindən çox diqqətlə izlənilir və böyük rəğbətlə qarşılanır və diktə olunur. Bizim xarici siyasətimiz çox aktivdir, hər dəqiqə bizə işləyən bir xarici siyasətimiz və daxili maraqlarımız var. Milli maraqlar üzərində qurulan və milli maraqları bizim üçün ən prioritet məsələ edən xarici siyasətimiz Azərbaycanı son illər ərzində bütün dünyada ən çox dünya böhranlarından itkisiz çıxarıbdır və ölkə rəhbərliyi öz siyasəti ilə bunu təmin edir”.
Aytək Məmmədli deyir ki, ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə, gözəl imicə malik olan ölkələr sırasındadır: “Bunu öz şəxsi təcrübəmdə də çox rahat görə bilirəm. Hazırda təhsil aldığım Türkiyədə, onun idarəedici orqanında ölkəmizə və yürüdülən siyasətə qarşı böyük rəğbət var. Özüm hazırda davam edən Türkiyə Başbakanlığının beynəlxalq bir layihəsində iştirak edirəm. Burada dünyanın bütün ölkələrindən gənclər iştirak edirlər. Çox sevindirici haldır ki, onlar Vətənimiz haqqında çox məlumatlıdırlar. Paytaxtımızı və ölkəmizin bir çox milli atributlarını tanıyırlar. Onlar Azərbaycanın öz ölkələrindəki nüfuzundan bəhs edirlər. Təbii ki, bu, çox qürurverici haldır ki, ölkəmizin nüfuzu uzaq Afrika ölkələrindən, dünyanın hegemon ölkələrinə qədər geniş bir arealı əhatə edib. Bu gün biz də bu siyasətlə sıx bağlı olmalı, dövlətimizin, dövlətçiliyimizin, cənab Prezidentimizin ətrafında sıx birləşməli, xaricdə yaşadığımız müddətdə əl-ələ verib Vətənimiz üçün əlimizdən gələn hər şeyi etməli, tarixi günlərimizi, milli adət-ənənəmizi unutmadan dünyaya inteqrasiya edib müasir dövrlə ayaqlaşmalı və ümummilli liderimiz Heydər Əliyev dediyi kimi, “həmişə fəxr etməliyik ki, azərbaycanlıyıq”.
Böyük Britaniyanın Qlazqo Universitetinin tələbəsi Toğrul Məmmədli Prezidentin fikirlərində maraqlı və vacib məqamların olduğunu söylədi:“Mən cənab Prezidentin fikirləri ilə tam razıyam. Azərbaycan dünya miqyasında öz prinsipial mövqeyi ilə seçilir. Ölkənin xarici siyasətdə öz müstəqil mövqeyi var. Azərbaycana qonşu olan dövlətlərin əksəriyyəti (işğalçı Ermənistan istisna olmaqla) dəfələrlə görüblər ki, heç bir dövlət, heç bir beynəlxalq güc, Azərbaycan ərazilərindən onun qonşularına qarşı platsdarm kimi istifadə edə bilməyib. Beynəlxalq münasibətlərdə bu vacib faktordur.
BMT-də Azərbaycanın nüfuzu doğrudan da güclüdür. Fikrimcə, bu bir neçə amillə bağlıdır.
Əvvəla, Azərbaycan BMT-nin bütün tədbirlərində, o cümlədən humanitar xarakterli tədbirlərində yaxından iştirak edir, ikincisi, Azərbaycan dünyanın azsaylı ölkələrindədir ki, BMT-nin insan hüquq və azadlıqlarına dair bütün razılaşmalarına və onların prosedurlarına tərəfdar çıxıb. BMT orqanları qarşısında mütəmadi və vaxtında hesabatlar verir. Azərbaycan BMT-nin ixtisaslaşmış qurumları, o cümlədən UNESCO ilə yaxından əməkdaşlıq edir.
Məhz bunlara görə, 2006-cı ildə BMT-nin İnsan Hüquqları Şurası yarananda Azərbaycan şura üzvü olan 47 dövlətdən biri olmuşdu. Cənab Prezidentin qeyd etdiyi kimi, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaq üçün BMT üzvü olan dövlətlərin əksəriyyətinin səsini ala bilmişdi.
Azərbaycan xarici siyasətdə etibarlı partnyordur, ən əsası isə müstəqildir.
Azərbaycan dövlətinə inamın olmasının kiçik bir göstəricisi kimi mən daha bir misalı göstərmək istərdim. Xarici ölkələrdə təhsil proqramı üzrə Azərbaycandan dünyanın məşhur universitetlərinə qəbul zamanı bu universitetlər çox məmnun olurlar. Təhsil Nazirliyin bir məktubu kifayət edir. Onlar əmindilər ki, əgər təhsilə görə təminatı dövlət verirsə, deməli ödənişlə bağlı problem ola bilməz. Bu, artıq mənim şəxsi müşahidəmdir.
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən gənclər siyasəti öz uğurlu nəticələrini verməkdədir. Gənclər siyasətinin uğur göstəriciləri hesab ediləcək üç istiqamət- tələbə-gənclərin xarici ölkələrdə dövlət vəsaiti hesabına təhsil almaları, Azərbaycan gənclərinin idman sahəsindəki artan nailiyyətləri və gənclərin vətəndaş cəmiyyəti quruculuğunda fəal mövqe tutmaları ölkə Prezidentinin gənclərə yönələn davamlı və hərtərəfli dəstəyinin nəticəsi hesab edilməlidir. Bu üç istiqamətdə baş verən ciddi nailiyyətlər ölkənin davamlı inkişafına xidmət edir və onun uğurları artıq öz bəhrəsini verməkdədir”.
Bask Ölkə Universitetinin tədqiqatçı-doktorantı Fatma Qurbanzadə qloballaşan dünyada Azərbaycanı inamla irəli aparan İlham Əliyevin çıxışında vurğuladığı uğurların xarici ölkələrdə də diqqətlə izləndiyini deyir:
“Zənnimcə, Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində ərazi bütövlüyümüzü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunması istiqamətində hazırda mühüm uğurlar qazanılıb. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi də dünyada böyük hörmət və nüfuz qazanıb. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. Düşünürəm ki, İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.
Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsəqyönlü xarici siyasət sayəsində Azərbaycan bu gün də Cənubi Qafqazda lider dövlətə çevrilməkdədir. Buna ən bariz misal bu ilin iyun ayında Bakıda keçiriləcək birinci Avropa Oyunlarıdır. Hazırda dünya mediasının gözü Azərbaycandadır. Bunu xaricdə təhsil alan bir gənc kimi əminliklə deyə bilərəm. Avropa Oyunları Avropanın hər yerindən gələn 6000-dən çox idmançı arasında keçiriləcək çoxşaxəli idman yarışıdır. Bildiyiniz kimi İlk Avropa Oyunlarının keçirilməsi haqqında qərar 8 dekabr 2012-ci il tarixində Avropa Olimpiya Komitələrinin 41-ci Baş Assambleyasında verildi. Baş Assambleyada 49 Milli Olimpiya Komitəsi iştirak edirdi. Məhz bu tədbirdə 2015-ci ildə tarixdə ilk Avropa Oyunlarını keçirmək hüququ Azərbaycanın paytaxtı Bakı şəhərinə verilməsi bizim respublikamız üçün böyük bir etimad və uğur idi. Bu etimad və qərar həm də yuxarıda qeyd etdiyim kimi müəyyən mənada bizi regionun əsas aparıcı ölkəsi olmasını göstərdi. Təhsil aldığım ölkədə azərbaycanlı olduğumu bilənlərdən tez-tez bu haqda suallar eşidirəm. Bu məni daha da qürurlandırır. Erməni diasporunun hiylələrə əl ataraq müxtəlif yollarla var-gəl elədiyi, öz “soyqırımı” xülyalarını təbliğ etməkdə olduqları bir zamanda bizim respublikamızın adının məhz belə yüksək səviyyəli və təmtəraqlı tədbirlərlə anılmağı biz – xaricdə təhsil alan tələbələr üçün fəxrdir. Bu möhtəşəm tədbirin olduqca keyfiyyətli və səmərəli təşkil olunacağına heç bir şübhəm yoxdur. Dövlət başçımız cənab İlham Əliyevə tutduğu bu müqəddəs və şərəfli yolda uğurlar arzulayıram. Xaricdə təhsil alan bir azərbaycanlı tələbə kimi öz dövlətim və Prezidentimlə fəxr edirəm!”
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info