“Radikal qrupların fəaliyyəti İslamı gözdən salmağa yönəlib”
Tarix: 17.04.2015 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfrans işə başlayıb. tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, din xadimləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, alimlər, KİV təmsilçiləri iştirak edirlər.
Konfransın plenar iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, İslam dini ilə bağlı dəyərlər Azərbaycan xalqının da milli mənəvi dəyərlər sisteminin mühüm hissəsini təşkil edir. Mədəniyyətimizin tarixi keçmişi və bu günü həmin dəyərlərlə bilavasitə bağlıdır. Bu dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindəndir. İslam dininin tolerant yanaşmalarının nəticəsidir ki, Azərbaycan müxtəlif millətlərin və dinlərin sülh şəraitində birgə yaşayışına nümunədir. Hazırkı mərhələdə ümumbəşəri ideyalarla səsləşən İslam dini ilə bağlı dəyərlərin, həmçinin ölkədə bərqərar edilən milli və dini tolerantlıq mühitinin qorunması və inkişafı dövlətimizin qarşısında duran başlıca vəzifələrdən hesab olunur. Bütün bunlara görə də, “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfransın keçirilməsi ictimai-siyasi cəhətdən olduğu kimi, elmi-nəzəri baxımdan da təqdirəlayiqdir.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Prezidentin konfrans iştirakçılarına məktubunu oxuyub.

"Azərbaycanda məzhəblər arasında fərq qoyulmur"

Hazırda Azərbaycanda bir çox dinlərə sitayiş edən insanların dinc, yanaşı yaşadığını deyən Akif Əlizadə bildirib ki, Azərbaycan dini tolerantlıq baxımından bütün dünyaya nümunə göstərir. Akademik deyib ki, ölkəmizdə dini etiqad azadlığı təmin edilib: "Azərbaycanda məscidlərlə yanaşı, xristian kilsələri, yəhudi sinaqoqları, atəşpərəstlik məbədləri fəaliyyət göstərir. Azərbaycanda məzhəblər arasında fərq qoyulmur. Yeni məscidlər tikilir, köhnələri bərpa olunur”. AMEA-nın prezidenti bildirib ki, İslam maarifçiliyi müasir dövrdə günün aktual tələbidir. Bu, dünyada sülhü, əmin-amanlığı, sivilizasiyaların dialoqunun təmin edilməsində mühüm rol oynayır. A.Əlizadə bildirib ki, Məhəmməd Peyğəmbər (s.ə.s.) beşikdən qəbir evinədək biliyə yiyələnməyi buyurub: "İslam dininin yaranması ilə müsəlmanlar bir çox ənənəvi elmləri inkişaf etdirib, yenilərinin banisi oldular. Bu elmlər intibah dövründə təkamül etdi. Demək olar ki, yeni dinin gəlişi İslam dünyasında savadsızlığın məhvinə gətirib çıxardı". O, həmçinin qeyd edib ki, Peyğəmbərin nəslindən olan İmam Cəfəri Sadiq (ə.s.) tərəfindən Mədinədə açılmış ilk islam universiteti Avropanı xeyli qabaqlamışdı.

“İslam dini insanları bir-birinə əl tutmağa, zərərli vərdişlərdən uzaq durmağa çağırır”

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, bu gün baş verən məzhəblərarası münaqişələr əslində İslamın problemi deyil: “Bu, İslamın kimlərinsə əlində vasitəyə çevrilməsindən irəli gəlir. Bu da özünü dini münaqişələr şəklində büruzə verir. Radikal qrupların fəaliyyəti İslamı gözdən salmağa yönəlib. Xüsusən Qərbdə islamafobiyanın yaranmasına səbəb olur”. Onun sözlərinə görə, İslam dini öz ardıcıllarının sayına görə dünyada 2-ci yerdədir və bu gün dünyanın elə yeri yoxdur ki, orda İslam dini yayılmasın: “İslam dünyadakı siyasi-ictimai həyata təsir göstərir. Hazırda dünyadakı silahlı münaqişələr və digər problemlərin həlli üçün çağırışlar İslam dini üçün də aktualdır. Dünyadakı problemlərin həlli üçün bütün dünya xalqlarının, bütün dini mənsubların birləşməsi vacibdir. Hazırda dünyada 80-ə yaxın alovlanmış silahlı münaqişə var. Təəssüf ki, onların çoxu İslam ölkələrinə xasdır. Onların arasında xüsusilə təriqətlərarası, məzhəblərarası münaqişələr üstünlük təşkil edir. Bu cür münaqişələrin aradan qaldırılması üçün səylərin birləşməsi vacibdir”. M.Qurbanlı qeyd edib ki, müasir dövrdə İslam maarifçiliyinin özünəməxsus xüsusiyyətləri var: “İslam maarifçiliyi İslam dini ilə başqa dinlərin birgə yaşayışını “Quran”da olan və Peyğəmbərdən gələn prinsiplər üzərində təşviq və təbliğ edir. İslam dini insanları bir-birinə əl tutmağa, zərərli vərdişlərdən uzaq durmağa çağırır. İslamı yalnız radikalların simasında görüb onu elə təbliğ etmək istəyənlər islamafobiyaya rəvac verə bilərlər. Lakin elm aləmində İslamafobiya müşahidə olunmur. Çünki alimlər İslamın mahiyyətini anlayırlar. Qərb alimləri İslam dünyasının bilgilərini əxz edərək onları mənimsəyib universitetlərində tədris ediblər. Bu gün də onlar Avropada tədris olunur”. Komitə sədri bildirib ki, bu gün Avropada müxtəlif qruplar meydana gələrək İslam əleyhinə çağırışlar edirlər: “Onların bəziləri faşist ideologiyasının ardıcıllarıdır. Amma orada özünü elm adamı kimi təqdim edənlər də var. Ona görə də İslam maarifçiliyi böyük əhəmiyyət daşıyır. İslam maarifçiliyi məsələsində İslam ölkələri arasında koordinasiyanın yaradılmasına ehtiyac var. Bu işə elm, tədris mərkəzləri, QHT-lər cəlb edilməlidir”.

“Azərbaycan dini xürafata və geriliyə qarşı mübarizə aparan mayak rolunu oynayır”

Komitə sədri onu da bildirib ki, Azərbaycan İslam siviliziyasının tərkib hissəsidir: “Eyni zamanda Azərbaycan dini xürafata və geriliyə qarşı mübarizə aparan mayak rolunu oynayır. Azərbaycanın İslam maarifçiliyinin inkişafında rolu danılmazdır. Zaman-zaman alimlərimiz burada əsl İslamı təbliğ ediblər”. Komitə sədri qeyd edib ki, hazırda ölkədə İslam dini pərdəsi altında gənclərə qarşı yönəlmiş təxribatların, radikalizmin qarşısı alınır: “Dözümsüzlüyü təbliğ edən din məhvə məhkumdur. O dinlər tarixdə yaşayır ki, barışı, sülhü təbliğ edir. Əgər din ekstremizmi, radikalizmi təbliğ edirsə, o, məhvə məhkumdur”.
M.Qurbanlının sözlərinə görə, ölkədə islamşünaslıq yeni inkişaf mərhələsinə daxil olur: “Biz milli-mənəvi dəyərlərimizi qorumalı, eyni zamanda milli kadrlarımızı yetişdirməliyik. İslam dəyərlərinin təbliğində bu gün Azərbaycan alimlərinin, islamşünasların tədqiqatlarına böyük ehtiyac var”. O bildirib ki, Azərbaycan dini dözümlülük, multikulturalizm, tolerantlıq baxımından dünyaya nümunədir. Burada müxtəlif dinlərə sitayiş edənlərin dini məbədləri fəaliyyət göstərir. DQİDK sədri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi zamanı dini abidələri məhv etməsi məsələsinə də toxunub: “Monoetnik ölkə olan Ermənistan təkcə Azərbaycana yox, İslam dininə də təcavüz edib. Məscidlərə qarşı yürüş təşkil edib. İşğal etdiyi ərazilərdə 900-dən çox abidələri, o cümlədən məscidləri məhv edib”.
Tədbirdə Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, İran, Fransa, Almaniya, Səudiyyə Ərəbistanı, Livan, Mərakeş, İsveç, Finlandiya, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan nümayəndələr iştirak edirlər.
Konfrans aprelin 17-də başa çatacaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info