“Bir evin qadını nə qədər oxumuş olsa, o evin gələcəyi bir o qədər işıqlı olar”
Tarix: 22.04.2015 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Erciyes Unversitetində magistratura təhsili alan Ləman Süleymanlı:
“Qız uşaqları doğulanda valideynlərin cehiz yığmaq
əvəzinə onların təhsilinə yatırım ayırmaları daha yaxşı olardı”


Yaşadığı tarixi dövrdən, onun sosial - iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq qadın bəşəriyyətin inkişafının bütün mərhələlərində aparıcı qüvvə olub. Bu gün qadınlar cəmiyyətin bütün sferalarında təmsil olunur. Hazırda cəmiyyətdə qadınların rolu və bu istiqamətdə həlli vacib məsələlərlə bağlı müsahibimiz Türkiyənin Kayseri şəhərindəki Erciyes Unversitetinin Hüquq fakültəsində magistratura təhsili alan Ləman Süleymanlıdır:

- Cəmiyyətdə qadının rolunu necə qiymətləndirirsiniz?
- Uzaq keçmişdə qadınlarımız kişilərimizlə eyni haqlara sahib olublar. Hətta “Dədə Qorqud” kitabını oxuduqda bunun şahidi oluruq. Sonradan bir çox şeylər, o cümlədən qadının cəmiyyətdə rolu dəyişib. Qadınlar iş və oxumaq həyatından çəkilərək ev həyatına üstünlük veriblər. İctimai qınaq əsas məsələ olub. Düzdür, zaman - zaman bəzi qadın şairlərimiz, rəssamlarımız, hətta hökmdarlarımız da olub. Amma bu qadınlar istisnadır. Azərbaycan qadınının cəmiyyətdə köklü dəyişikliyi 20-ci əsrin başlanğıcından etibarən başlayıb. İlk dəfə Azərbaycan qadını səs vermək haqqını Azərbaycan Demokratik Cümhuriyyəti zamanı əldə edib. Qızlarımız üçün məktəblər açılıb və bununla da Azərbaycan qadını bir dönüşə imza atmağa nail olub. Sovet hakimiyyətinin qurulması, insanların bərabərhüquqlu yaşaması qadınlarımızın həyatında da mühüm dəyişikliklərə səbəb olub. Bir zamanlar evinin həyətinə çıxa bilməyən qadın daha sonra hər yerdə görünməyə başlayıb. Sonradan sovetlərin dağılması və Dağlıq Qarabağ müharibəsinin başlanması bir çox şeyi dəyişdi. Doğrudur, müharibədə savaşan qadınlarımız az olmayıb. Hazırda cəmiyyətimizin 50,2 faizini qadınlar təşkil edir. Müxtəlif sahələrdə, o cümlədən həkim və müəllim peşəsində çalışan qadınlarımızın sayı çoxluq təşkil edir.
- Türkiyədə qadınların hüquqlarının qorunması istiqamətində hansı addımlar atılır?
- Türkiyədə bu istiqamətdə qanunlar çox yaxşıdır, amma iş yalnız qanunlarla deyil, insanlarla əlaqədardır. Türkiyədə qadınlar üçün çox sayda sığınma evləri var. Amma bunlar da azlıq edir. Onlarla bağlı sosial layihələr hazırlanır və həyata keçirilir. Lakin bu da azlıq təşkil edir. İnsanlar maariflənməsə heç nəyin önəmi yoxdur.
- Bu gün orada çalışan qadın hüquqşünaslar çoxluq təşkil edir. Eyni zamanda polis vəzifəsində də qadınlara çox rast gəlinir. Sizcə bu, qadınların hər bir işdə mükəmməl çalışmasının göstəricisidirmi?
- Bəli. Türkiyədə çox sayda hüquqşünas, hakim, prokuror vəzifəsində çalışan qadınlar var. Polis sistemində qadınlar da var. Bu çox gözəl bir şeydir. Qadınlar burada demək olar ki, hər sahədə çalışırlar. Onlar varlıqlarını sübut etməyə çalışırlar. Mükəmməllik isə insana görə dəyişir. Amma onu deyə bilərəm ki, qanun hər şeydən önəmlidir. Hər bir mütəxəssis öz işini görərsə mükəmməllik olur.
- Hazırda dünyada mövcud problemlərdən biri də qadınların təhsili ilə bağlıdır. Bu gün Türkiyədə bu sahədə problemlər hansı səviyyədədir?
- Son illər Türkiyədə qadınlar oxumağa daha çox maraqlıdırlar. Bu istiqamətdə dövlətin bir çox sosial layihələri var. Məktəblər tikilir, eləcə də televiziyada tanınmış insanlar təhsillə bağlı çağırış edirlər. Məktəb tikilməsində tanınmış şəxslər öz yardımlarını əsirgəmirlər. Bu, əslində çox gözəl bir şeydir. KİV-də təhsillə, xüsusilə də qadınların oxuması və maariflənməsi istiqamətində çox gözəl işlər görülür. Amma burda da hər yerdə olduğu kimi cahil insanlar var ki, onlarla mübarizə aparmağa çalışırlar.
- Erkən nikahların müşahidə edildiyi ölkələrdən biri də Türkiyədir. Bu problem ölkəmizdə də özünü göstərir. Siz bunun aradan qaldırılması istiqamətində hansı addımların atılmasını vacib hesab edirsiniz?
- Erkən nikah təkcə Türkiyənin problemi deyil. Bu həm də Azərbaycanın problemidir ki, bununla bağlı mübarizə aparırlar. Türkiyədə evlənmə yaşı 17- dir. Amma istisna hallarda hakimin qərarı ilə 16 yaş da ola bilər. Azərbaycanda isə 18 yaşdır. Bizdə də istisna hallarda 17 yaş ola bilər. Mənim fikrimcə, ailələrin maariflənməsi çox önəmlidir. Erkən nikahın olmasının əsas faktoru, qız uşaqlarına bir fərd kimi baxılmamasıdır. Valideynlərin qızlarından tez xilas olmaq kimi fikirlərə sahib olmalarıdır. Qız uşaqları doğulanda valideynlərin onlar üçün cehiz yığmaq əvəzinə onların təhsilinə yatırım ayırmaları daha yaxşı olardı. Amma çox heyiflər olsun ki, bu belə deyil.
- Azərbaycan Cinayət Məcəlləsinin 176 maddəsi erkən nikahla bağlıdır. Bu məcəllədə deyilir ki, erkən nikaha məcburən daxil etmək cinayətdir. Bunun cəzası azadlıqdan məhrum etmək və pul cəzasıdır. Bir sözlə, qanunla da bu tənzimlənib.
- Əslində məktəblərimizin üstünə də böyük vəzifə düşür. Amma çox təəssüf ki, məktəblərdə hər 1000 nəfər şagirdə 1 psixoloq düşür və bu psixoloqlar hansı şagirdə zaman ayırsın? Məncə məktəblərdə psixoloji dərslər olmalıdır. Bu, uşaqların həm oxumasına və həm də psixoloji vəziyyətlərini asanlıqla aşmasına kömək edər.

“Efirimizdə sosial layihələrlə bağlı verilişlər azdır. Yaxud bir çox verilişlərə mütəxəssislər əvəzinə şou-biznes aləminin insanları dəvət olunur. Mən hələ də bu tip verilişlərə niyə psixoloqların, sosioloqların və hüquqşünasların dəvət olunmamasına
təəccüblənirəm”


Bəlkə də primitiv olacaq, amma ölkəmizin çox sayda psixoloq və sosioloqa ehtiyacı var. Daha sonra ən böyük güc mənbəyi KİV-dir, xüsusilə də televiziyadır. Çox heyif ki, bizim televiziyalarda sosial çarxlar azdır və olanlar da çox gec saatlarda yayımlanır. Çox təəssüflə deyə bilərəm ki, efirimizdə sosial layihələrlə bağlı verilişlər azdır. Yaxud bir sıra verilişlərdə isə mütəxəssislər əvəzinə şou-biznes aləminin insanları dəvət olunur. Hətta bu insanların bəziləri xanımlarını necə döydüklərindən danışırlar. Mən hələ də bu tip verilişlərə niyə psixoloqların, sosioloqların və hüquqşünasların dəvət olunmamasına təəccüblənirəm. Unutmayaq ki, bu cür problemlərin həlli hər kəsin öz yerini tutmasıdır.
- Bir hüquqşünas kimi gələcəkdə qadınların hüquqlarının qorunması istiqamətində hansı addımlar atmaq istərdiniz?
- Mən diplom işimi qadın və uşaqların iş həyatı ilə bağlı yazmağa hazırlaşıram. Azərbaycan və Türkiyə hüquqlarını qarşılaşdırmağı düşünürəm. İnanıram ki, bu az da olsa bir işə yarar. İkincisi, yüksək masterimi qadın və uşaq sosiologiyasından almaq istəyirəm. Mən sizinlə bir statistikanı da paylaşmaq istəyirəm. Belə ki, ölkəmizdə 2014-cü il mart ayına olan məlumata görə, hazırda doğulan 100 qıza 116 oğlan düşür, ancaq norma isə 105-107 arasında olmalıdır. Bu isə gələcəkdə ciddi şəkildə demoqrafiya problemini ortaya qoya bilər. 2014-cü ilin ilk ayı ərzində 27,7 min və ya hər gün orta hesabla 469 körpə doğulub və yeni doğulanların 53,6 faizini oğlanlar, 46,4 fazini qızlar təşkil edir. Mənim qeyd etdiyim bu məlumatlar Dövlət Statistika Komitəsinin məlumatlarıdır. Məni gələcək işlərimin bu istiqamətdə olacağını planlaşdırıram. Bilirsinizmi, bir qadın və ya fərd dəyişmək, oxumaq istəyirsə ona nail olacaq. Unutmayaq ki, hər bir xalq və ya insan yaşadığını haqq edir. Bizim ölkədə qadın haqları mövzusunda bir çox qanunlar var və bu qanunları cəmiyyətə mənimsətmək lazımdır. O ki qaldı nə etmək istəməyimə, onu zamanla özüm də görəcəyəm. Çünki çox şey etmək istəyirəm. İndidən dəqiq nə isə demək çətindir.
- Son illər ölkəmizdə vəzifələrə təyin olunan, eləcə də millət vəkili seçilən qadınların sayı artmaqdadır. Bunu necə dəyərləndirirsiniz?
- Çox gözəl baxıram. Keçmişdə qadınlar kişilərlə bərabər at çapıb, ox atıb və düşmənə qarşı savaşıb. Biz də o qadınların nəvələri deyilmiyik? Qadın hər sahədə olmalıdır. Əslinə baxsaq mən qadın və kişi ayrımı etməyi sevmirəm. Unutmayaq ki, qadın nə qədər təhsilli və qadın zərifliyini özündə daşıyarsa, cəmiyyətimiz o qədər səviyyəli olar. Bəzi sahələrdə çalışan qadınlarımızın sayı kişilərdən azdır. Biz qadınlar daha çox çalışqan olmalıyıq. Ümüdvaram ki, bu fərqin yeri zamanla dəyişəcək.
- Bu istiqamətdə qadınların fəaliyyətlərini daha da artırmaları üçün hansı təkliflər irəli sürərdiniz?
- Təkliflər dedikdə, ən böyük təklif o ölkənin qanunlarıdır. Bir ölkənin qanunları mükəmməl və boşluqsuz olarsa heç nəyə gərək qalmaz. Qanunla yanaşı, ən böyük iş maariflənmədədir. Hər şeyin yolu, unutmayaq ki, təhsildən keçir. Bir evin qadını nə qədər oxumuş olsa, o evin gələcəyi bir o qədər işıqlı olar. Təhsil və maariflənmə ən önəmli çıxışdır.
- Hazırda ölkəmizdə qadınlar ən çox müəllim və həkim peşələrinə üstünlük verirlər. Başqa peşələrə marağı artırmaq üçün hansı addımların atılmasını vacib hesab edirsiniz?
- Məncə, bu yetərli deyil. Qadın sözünü hər sahədə deməlidir. Çox təəssüf ki, bu düşüncə bizlərin beyninə yerləşib. Xalq arasında hətta bu yöndə bir söz var: Oğlun olursa -polis, qızın olursa ya həkim, ya da müəllim olsun”. Məncə, biz bir fərd olaraq hansı sahəni seçəcəyimizə sərbəst olaraq qərar verməliyik. Son zamanlar orduya qadınların alınması qərarı məni sevindirdi. Bu, qadınlar arasında işsizliyi azaldır və özlərinə inamı artırır. Birdə kim deyib ki, orduda yalnız kişilər olması lazımdır. Gender problemi olan ölkələrdə qadın hüquqları ilə bağlı kifayət qədər problemlər var. Məsələn, Əfqanıstan 2006-cı ildə qadına seçmək haqqını tanıyıb. Bir çox İslam ölkələrində qadının heç bir haqq və hüquqları yoxdur. Çox şükür ki, biz demokratik bir ölkədə yaşayırıq. Azərbaycan 1995- ci ildə qəbul etdiyi ilk Konstitusiyasının 25-ci maddəsində deyilir ki, “kişi və qadının eyni hüquqları və azadlıqları vardır”.
- Türkiyə və Azərbaycan iş qadınlarından ibarət bir təşkilat yaratmaq niyyətiniz varmı?
- Bu sualınıza belə cavab verim. Hər iki ölkədə qadınlarla bağlı çoxlu təşkilat tanıyıram. Hətta bəzilərinin üzvüyəm. Amma bunların çoxu heç bir işə yaramır. Sadəcə ad olaraq var. Mən isə belə bir şey istəmirəm. Əgər bir təşkilat olacaqsa o həqiqətən çalışacaq və doğrudan qadın haqlarını qoruyacaq. Onlara psixoloji və sosioloji yardım ediləcək. Əgər bir təşkilat şəxsi mənafeyimiz üçün çalışacaqsa və insanlara xeyiri olmayacaqsa, olmaması daha yaxşıdır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info