Qərbin “nüfuz” agentləri
Tarix: 24.04.2015 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


Onlar vasitəsilə cəmiyyətə informasiya sızdırmağa çalışırlar…

Bu gün Azərbaycanda müstəqil və inkişaf etmiş media var və bu media dünyada və ölkədə baş verən bütün proseslərlə bağlı yazılar, xəbərlər hazırlamaqda tam sərbəstdir. O cümlədən, dünyada və Azərbaycana münasibətdə baş verən ədalətsizliklər, ikili standartlar, insan haqlarının kütləvi şəkildə pozulması, təkqütblü dünya saxlamaq uğrunda digər ölkələrə edilən müdaxilələr, bunun nəticəsində həmin ölkələrdə baş verən xaos və itkilər barədə də ölkə mediası mütəmadi yazılarla çıxış edir. Bu baxımdan mediamız, təbii ki, ABŞ-ın dünyadakı fəaliyyəti və ABŞ qurumlarının, yaxud bu ölkənin təsiri altında olan xarici təşkilatların Azərbaycana münasibətdə ikili standartlardan və qərəzdən çıxış etməsinə də münasibətini bildirir. Məsələn, Azərbaycan torpaqları işğalçı Ermənistan tərəfindən işğal edilib, amma ABŞ Konqresi Azərbaycana birbaşa yardımı qadağan edən 907-ci düzəliş qəbul edib. Bu, 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir. Bu sənəd, bu halda ABŞ-ın Ermənistan və Azərbaycana qarşı yürütdüyü siyasətdə tətbiq olunan ikili standartlara misaldır. Yaxud bu ölkənin “watchdog”ları sayılan “Freedom House”, “Amnesty International” kimi təşkilatlar, Azərbaycana qarşı daim qərəzli hesabatlarla çıxış edirlər, ölkəmizdə “siyasi məhbus” ovuna çıxırlar. Burada əsas məqsəd isə Azərbaycanın beynəlxalq imicinə xələl gətirməkdir. Bununla yanaşı, həmin qurumlar düşmən Ermənistanı həmişə öz hesabatlarında “Azərbaycandan üstün” göstərməklə, sırf erməni lobbisinin maraqlarına xidmət etmiş olurlar. Halbuki, indiyə qədər bu hesabatlara məhz Ermənistan tərəfindən bir milyondan çox qaşqın və məcburi köçkünümüzün hüquqlarının vəhşicəsinə tapdandığı, onların ev-eşiklərindən, yurdlarından qovulduqları barədə heç bir nüans əlavə etməyiblər. Yaxud onlar Ermənistanda seçkidə onlarla insanın güllələndiyini, erməni parlamentində deputatların quldur erməni hakimiyyətinin terroru nəticəsində öldürüldüklərini, kobud seçki saxtakarlıqlarını, Ermənistanın bütün digər xalqları ölkədən çıxarmaqla, monomilli dövlətə çevrildiyini “görmürlər”. Çünki onların hesabatlarında məqsəd sırf ikili standart və qərəzdən çıxış etməklə, Azərbaycanı gözdən salmaq, Ermənistanın isə başını tumarlamaqdır. Ona görə də Azərbaycan mediası, sırf ölkə maraqlarından çıxış edərək, bu cür ikili standartlarla bağlı yazılar və məlumatlar verir. Bununla paralel olaraq, son zamanlar Yaxın və Orta Şərq ölkələrinin qana boyadılması, həmin ölkələrdə gedən destruktiv proseslər və onların əsl səbəbləri barəsində də Azərbaycan mediası yazılar verir. Əslində bu proseslər bütün dünya mediasının, o cümlədən də Azərbaycan mediasının diqqət ayırdığı əsas dünya xəbərləri sırasındadır. Bir çox hallarda, Azərbaycan mediası sözügedən proseslərlə bağlı operativ xəbərlər hazırlayan dünya mediasına istinad edir.
Onu da qeyd edək ki, Azərbaycan mediasının ABŞ-la bağlı xəbər hazırlaması məsələsinə iki gün öncə ABŞ səfirliyi belə münasibət bildirmişdi: “Biz dialoqu, fikir mübadiləsini və əsaslandırılmış tənqidi alqışlayırıq.
Xarici hökumətlərin Birləşmiş Ştatlarda baş verən hadisələri izləmək və ya şərh etmək fəaliyyətini də ABŞ-ın daxili işlərinə müdaxilə kimi qiymətləndirmirik”.

ABŞ növbəti “nüfuz agenti”ni xidmətə götürüb

Buradan belə çıxır ki, ABŞ səfirliyi öz ölkəsi barəsində Azərbaycan mediasında gedən məlumatlara normal və bir qədər də etinasız yanaşdığını sezdirmək istəyir. Amma digər tərəfdən də ABŞ, özünün nüfuz agentləri vasitəsilə dövriyyəyə başqa informasiya sızdırmağa çalışır. Bunu da ikili standart nümunəsi kimi qəbul etmək lazımdır ya yox, bu, artıq ayrı bir mövzudur. Məsələ belədir. Bir neçə aydır ABŞ-da fəaliyyət göstərən ADR sədri Qubad İbadoğlu “Yeni Müsavat”a bildirib ki, Amerikada Azərbaycan mediasında, xüsusən rəsmi mediada yazılanlarla maraqlanmadıqları barədə düşünənlər yanılırlar. Vaşinqtonda Azərbaycanla maraqlanan analitiklər və institutlar ölkədə baş verən bütün məsələlərə dair məlumatlıdırlar: “Bu zaman onların daha çox diqqət yetirdiyi mənbələrdən biri də rəsmi mənbələrdir. Odur ki, iqtidar qəzetlərinin ABŞ-ı və Baraka Obamanı tənqid edən yazıları barədə operativ və təfsilatlı məlumatları var. Bununla yanaşı, alternativ fikirləri öyrənmək üçün digər mənbələrdə də dərc edilən yazılar maraq kəsb edərsə, onunla da tanış olurlar”.

“ABŞ-ın adamı” imici

Əlavə edək ki, Qubad İbadoğlu ABŞ qurumları ilə ən çox təmaslara can atan qrant QHT-si təmsilçilərindən biridir. Azərbaycanda bu ilin noyabrında keçiriləcək parlament seçkilərində isə onun ABŞ-ın adamı kimi seçkiyə qatılacağı barədə xəbərlər elə müxalifət qəzetlərində verilməkdədir. Onun bir neçə aydır, ABŞ-da “təlim-məşq toplanışında”olması isə bu fikirlərin hansısa əsasa söykəndiyini istisna etmir. Buna görə də ABŞ qurumları Azərbaycan mediasını diqqətlə izlədikləri barədə məlumatı, Qubad İbadoğlu vasitəsilə, ondan bir nüfuz agenti kimi yararlanmaqla sızdırmağa çalışa bilərlər. Məlum olduğu kimi, bir çox xarici dövlətlər, maraq güddükləri ölkələrdə məhz bu cür nüfuz agentlərindən yararlanmağa çalışırlar. Bu dəfə isə ABŞ qurumları üçün bu xidməti yəqin, Qubar İbadoğlu öz boynuna götürüb…
Amma Q.İbadoğlunun özünü ABŞ “adamı” kimi qabartmaq cəhdləri çətin ki, cəmiyyətdə və eləcə vətəndaş cəmiyyəti sektorunda və ya ölkə siyasətində onun mövqeyini möhkəmlətsin. Yaxud çətin ki o, seçkidə hər hansı təbəqənin diqqətini qazansın. Çünki Azərbaycan cəmiyyətində xaricə dairələrə işləyən şəxslər indiyə qədər heç bir uğura nail ola bilməyiblər. Həmçinin, Q.İbadoğlu mənsub olduğu Müsavat Partiyasında uğur qazana bilməyib, həmişə digər funksionerlərin kölgəsində olub və eləcə də partiya sədrliyinə seçkidə rəqib tərəfə uduzub. Bu isə onun indiyə qədər fəaliyyət göstərdiyi, funksioner olduğu partiyada belə, yetərincə nüfuz sahibi olmadığını, partiyada 3-4-cü dərəcəli funksioner olduğunu büruzə verir. İndi isə Müsavatdakı yarpaq tökümü nəticəsində ortaya çıxan ADR sədri kimi çıxış edir. Bu partiyanın isə heç bir sosial bazası yoxdur və qurum, ənənəvi müxalifət partiyasının bir qismini təşkil edən kəsim kimi olduqca zəifdir. Qeyd etdiyimiz kimi, o, həm də ABŞ qurumlarına yaxın olmaqla özünü tanıtmağa çalışır və bu da ictimai rəydə onun əleyhinə işləyən məqamlardan biridir…

İlkin AĞAYEV







 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info