Böyük Britaniyanın Essex Universitetində təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə bu il Azərbaycanda baş tutacaq “Bakı 2015” I Avropa Oyunlarının tanıtım kampaniyası keçirilib.
Təşkil edilən kampaniya universitetin tələbələri, eləcə də tədris heyəti tərəfindən maraqla qarşılanıb. Kampaniya fərqli ölkələrdən olan tələbələrə həm Azərbaycan, həm də keçiriləcək Avropa Oyunları haqqında məlumatların verilməsi və müxtəlif təbliğat materiallarının paylanılması ilə davam etdirilib.
Təşkilat heyəti məhz Essex Universitetinin İngiltərənin ən zəngin beynəlxalq tələbə auditoriyasına malik universitetlərdən biri olduğuna görə burada baş tutan tədbirin Azərbaycanın təbliği üçün uğurlu təşəbbüs olduğuna inandıqlarını bildiriblər.
Qeyd edək ki, tədbir “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi və Azərbaycanın Londondakı səfirliyinin dəstəyi, Essex Universitetinin Azərbaycan Cəmiyyətinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) xaricdə təhsil alan azərbaycanlı tələbələrlə iş departamentinin təşkilatçılığı ilə baş tutub.
Tural
|