“Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə qısqanclıqla yanaşanlar var”
Tarix: 28.04.2015 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


“Birinci Avropa Oyunlarının vaxtını Azərbaycanı sevən qüvvələr nə qədər səbirsizliklə gözləyirlərsə, ölkəmizə qarşı düşmən mövqedə dayanan dairələr də bir o qədər həyəcan və narahatçılıqla qarşılayırlar. Hər vasitə ilə ölkəmizin imicinə zərbə vurmağa, bu oyunların statusu və ona olan marağı azaltmağa çalışsalar da, onların bu istəyi baş tutmur. Əksinə hər ötən gün Birinci Avropa Oyunlarına olan maraq bir qədər də artır. Bu tendensiya isə Azərbaycanı istəməyən qüvvələrin istək və arzularının reallaşmayacağını söyləməyə əsas verir. Elə politoloq Ramiz Alıyev də bu qənaətdədir. Onun sözlərinə görə, tam əminliklə demək mümkündür ki, Azərbaycan dostlarımızın gözlədiyi, düşmənlərimizin arzulamadığı böyük bir uğura imza atıb yarışları yüksək səviyyədə təşkil edəcək: “Çünki bu istiqamətdə cənab Prezidentin verdiyi tapşırıq və tövsiyələr yüksək səviyyədə icra olunur. Aparılan işlər birbaşa ölkə başçısının öz nəzarətindədir. I Avropa Oyunlarının təşkil olunması üçün yaradılmış Əməliyyat Komitəsinin sədri postuna Azərbaycanın birinci xanımı, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təyin olunması isə İlham Əliyevin tapşırıqlarının və yarışla bağlı istəklərinin yüksək səviyyədə təmin olunmasına gətirib çıxaracaq. Mehriban Əliyevanın böyük təcrübəyə malik olması və bir neçə il öncə Bakıda keçirilən “Avrovision-2012” musiqi yarışmasının ölkəmizdə yüksək səviyyədə təşkil olunması, onun bütün dünyanı heyran etməsinin səbəbi də məhz Prezidentin diqqət və qayğısının nəticəsi, eyni zamanda həmin yarışın təşkil olması üçün yaradılmış olan Təşkilat Komitəsinə Mehriban Əliyevanın rəhbərlik etməsi idi. Həmin ərəfədə də Prezidentin tapşırıq və tövsiyələri vaxtında və düzgün formada, yüksək peşəkarlıqla həyata keçirilmişdi”. Ramiz Alıyev hesab edir ki, I Avropa Oyunları ərəfəsində bəzi xarici qüvvələr və onların daxildəki əlaltılarının ölkəmizə qarşı qarayaxma kampaniyası həyata keçirməsi təbiidir. Onun sözlərinə görə, Azərbaycanda hər dəfə beynəlxalq əhəmiyyətli bir tədbir keçiriləndə həmin qüvvələr ölkəmizə qarşı hərəkətə keçirlər: “Antiazərbaycan qüvvələrinin bu oyunlara qarşı apardığı kampaniyanın məqsədi birdir, Azərbaycanın belə bir böyük uğur qazanmasına qısqanclıq və bacardıqları qədər bu uğura ləkə yaxmaq. Daxildə olan antiazərbaycan qüvvələr özləri bəlkə də dərk edə bilmir ki, bu cür riyakarcasına və xəcalət verici xidmətlə erməni lobbisinin dəyirmanına su tökmüş olurlar. Axı özünü bir ölkənin vətəndaşı hesab edən və həmin ölkəyə xidmət etməyə borclu olan bir vətəndaş necə şərəfsiz ola bilər ki, ölkəsinin, dövlətinin uğuruna bilərəkdən ləkə gətirmək üçün canfəşanlıq etsin. Hakimiyyətə müxalif olmaq olar, hakimiyyətdə olan siyasi partiya ilə barışmayan məqamlar ola bilər, ancaq dünyanın dəstəklədiyi və hər bir ölkənin qəbul etdiyi bu uğurumuza müxalifət olmaq, düşmənlərimizlə eyni siyasi cəbhədə olmaq özündə onu ehtiva edir ki, sabah cənab Ali Baş Komandan əmr versə ki, torpaqlarımızı müharibə yolu ilə azad edək onda həmin bu şəxslər və siyasi partiya nümayəndələri Ermənistan ordusu ilə birgə Milli Ordumuza qarşı vuruşacaqlar. Xaricdəki antiazərbaycan qüvvələr isə heç cür həzm edə bilmirlər ki, Ermənistan səfalət içində batdığı bir dövrdə Azərbaycan belə bir qüdrətə malikdir”.
Politoloq bildirib ki, bu ərəfədə Avropa Olimpiya Komitəsinin Avropa Oyunlarına hazırlığı yüksək qiymətləndirməsi antiazərbaycan qüvvələri məyus edib: “Yalnız Avropa Olimpiya Komitəsi deyil bütün beynəlxalq idman təşkilatları və Beynəlxalq Olimpiya Komitəsi də Azərbaycanın idman yarışlarına necə səylə və ciddi şəkildə yanaşdığının dəfələrlə şahidi olub. Belə bir dönəmdə istər Avropa Olimpiya Komitəsinin, istərsə də xarici ölkə təmsilçilərinin ölkəmizin bu yarışlara hazırlıqlarının yüksək formada olmasını bildirməsi həm daxili, həm də xarici düşmənlərimiz üçün bir ölüm hökmünün verilməsinə bənzəyir. Əlbəttə bütün planlarının alt-üst olacağını və Azərbaycanın yenə də böyük bir uğura imza ataraq dünyanın diqqətini ölkəmizə cəlb edəcəyini bizim düşmənlərimiz açıq şəkildə bilir. Ancaq onlara verilən görəv “milçək” rolunda olsa da oynamaq və artan nüfuzumuza ləkə yaxmağa cəhddir. Bu da təbii ki, alınan bir məsələ deyil. Çünki nə Azərbaycan dövləti zəif dövlətlərdən deyil, nə də onlar Azərbaycanla rəqabətə tab gətirə bilməzlər. Azərbaycan dövlətində təmsil olunanlar komanda şəklində Prezidentin ətrafında əsgər olaraq birləşiblər. Ona görə də hansı yeni planlar üzərində işləsələr də özlərindən və bir də pulla aldıqları adamlardan başqa kimsə onlara nə inanmayacaq, nə də onları dəstəkləməyəcək. Eyni zamanda biz də Azərbaycan vətəndaşı olaraq siyasi mənsubiyyətindən və cəmiyyətdə tutduğu mövqeyimizdən asılı olmayaraq azərbaycanlı olmağını sübut etməli, vətəndaşlıq borcunu yerinə yetirərək düşmənlərimizə imkan verməməliyik ki, dövlətimiz üçün çirkin siyasi oyunlar aparsınlar. Hər bir azərbaycanlı fərqində olmalıdır ki, belə bir beynəlxalq əhəmiyyətli və Avropada ilk dəfə keçirilməsi nəzərdə tutulan Avropa Oyunlarının məhz ölkəmizdə keçirilməsi hər bir vətəndaşımızın uğurudur. Bu uğuru isə bizə Prezident İlham Əliyev qazandırıb. İlham Əliyev tarixi öz imzası ilə yazan bir liderdir. Bunu yalnız biz azərbaycanlılar deyil, bütün dünya siyasi liderləri və tanınmış şəxsləri bəyan edirlər”.
Sonda politoloq I Avropa Oyunlarının ölkəmizə gətirəcəyi dividentlərdən də danışıb: “Əvvəla belə bir mötəbər idman yarışının ölkəmizdə keçirilməsi dövlətimizə olan etibarı, Azərbaycanın hazırkı gücünü və təhlükəsiz bir ölkə olmasını göstərir. Bu cür beynəlxalq əhəmiyyətə malik olan idman yarışlarının keçirilməsi o ölkələrə həvalə olunur ki, həmin ölkədə təhlükəsizlik yüksək səviyyədə, iqtisadiyyatı güclü olsun, idman ölkəsi kimi tanınsın və ən əsas da ölkəyə rəhbərlik edən şəxs beynəlxalq nüfuza malik olsun. Bütün bu sadaladıqlarım və digər müsbət keyfiyyətlərə görə təbii ki, bu cür yarışların Azərbaycana həvalə olunması normal haldır. Ümumilikdə bu cür beynəlxalq yarışların və beynəlxalq əhəmiyyətli tədbirlərin hər hansı bir ölkədə keçirilməsi həmin ölkəyə bir inamın göstəricisidir ki, bu inamı da Azərbaycan və şəxsən İlham Əliyev qazanıb. Əlbəttə bu hal hər bir azərbaycanlı üçün qürurvericidir. Təsəvvür edin bütün dünyanın diqqəti sənin yaşadığın ölkədə olacaq, hər kəs sənin ölkənin gözəlliyindən, inkişafından, qüdrətindən danışacaq. Bütün bunlarla yanaşı Azərbaycanın beynəlxalq arenada olan nüfuzu, ölkəmizə olan inam daha da artacaq və bu da gələcəkdə Azərbaycanın haqq səsinin eşidilməsinə beynəlxalq təşkilatlarda söz sahibi olmasına gətirib çıxaracaq ki, dövlətimiz də bu vəziyyətdən istifadə edib Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll olmasına çalışacaq. Həmçinin beynəlxalq əhəmiyyətli şirkətlərin ölkəmizə böyük iqtisadi yatırımları da olacağı gözlənilir. Ölkəmizə turistlərin gəlməsində artım müşahidə ediləcək. Ümumilikdə I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi dövlətimizin, xalqımızın və Prezidentimizin qüdrətinin əyani sübutu oldu. Həm xarici ölkələr və bədxah qonşumuz, həm də xarici xidmət orqanlarına və erməni lobbisinə “xidmət” göstərən sapı özümüzdən olan baltalar üçün.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info