“Mərkəzimiz bolqar dili, mədəniyyəti və tarixinin yayılmasına geniş imkanlar yaradır”
Tarix: 05.05.2015 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Müsahibimiz Bakı Slavyan Universitetinin Slavyan filologiyası kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Solmaz Süleymanovadır. Solmaz xanımla BSU-nun Bolqar Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti, BSU-nun tələbələrinə bolqar dilinin tədrisi haqqında həmsöhbət olduq.
- Solmaz xanım, Bolqar Dili və Mədəniyyəti Mərkəzinin yaranması haqqında qısaca məlumat verməyinizi xahiş edirik.
- Bolqar Dili və Mədəniyyəti Mərkəzi Bolqarıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə 7 oktyabr 2004-cü il tarixində Bolqarıstan Respublikasının Prezidenti (2002-2012-ci illər) Georgi Pırvanovun iştirakı ilə açılıb.
Bolqar Dili və Mədəniyyəti Mərkəzinin əsas vəzifəsi Azərbaycan və Bolqarıstan arasında mədəni əlaqələri inkişaf etdirmək, gənclərin hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə marağını artırmaq və həmçinin universitetdə bolqarşünaslıq istiqaməti üzrə tədris prosesinin təkmilləşdirilməsinə kömək etməkdir.
Mərkəz bolqar dili, mədəniyyəti və tarixinin yayılmasına geniş imkanlar yaradır. Bakı Slavyan Universitetində bolqar dili 1996-cı ildən tədris olunur və hazırda “Beynəlxalq münasibətlər və Regionşünaslıq (Bolqarşünaslıq)” və Tərcümə fakültələrində 40-a yaxın tələbə təhsil alır. Qeyd etdiyim ixtisaslar üzrə mərkəzdə seminar dərsləri keçilir.
- Mərkəzin fəaliyyəti üçün müvafiq maddi-texniki baza və şəraitin yaradılmasını necə qiymətləndirirsiniz?
- Mərkəz müasir texniki avadanlıqlarla, televizor, video, DVD, kompüter, printerlə təchiz edilib. Bundan əlavə, mərkəzin nəzdində kitabxana da fəaliyyət göstərir. Hazırda kitabxana fondunda 300-ə yaxın kitab mövcuddur. Kitablar arasında bolqar dilində dərslik vəsaitləri, lüğətlər, bədii ədəbiyyat, Bolqarıstan tarixi, dini, mədəniyyəti və iqtisadiyyatı haqqında materiallar var. Mərkəzdə oxucular bolqar dilində jurnallar, qəzetlər, video və audio kasetlər, CD və DVD disklərlə də təmin olunur. Həmçinin kitablar kitabxanadan kənarda da istifadə oluna bilər. Kitabların bəziləri bir neçə nüsxədədir və seminar dərslərində istifadə edilir. Burada tədris-metodiki, elmi-tədqiqat və mədəni-kütləvi bölmələri fəaliyyət göstərir.
Mərkəzdə, həmçinin Bolqarıstanın tarixi, mədəniyyəti və adətləri ilə bağlı tədbirlər, bu ölkənin dövlət, mədəniyyət və elm xadimləri ilə görüşlər təşkil edilir. Bundan başqa, Azərbaycanda yaşayan bolqarların bizim mədəniyyətimizlə tanışlığının artırılması məqsədilə hər il mərkəzdə Novruz bayramı keçirilir. Bu cür tədbirlərin həyata keçirilməsi mədəniyyətlərimizin qarşılıqlı anlaşılmasına imkan yaradır.
Mərkəz fəaliyyətinin digər istiqaməti isə BSU-nun saytına və digər kütləvi informasiya vasitələrinə məlumatın verilməsi və yenilənməsindən ibarətdir.
Mərkəz bu ölkənin dövlət xadimləri, ictimai və mədəni həyatının nümayəndələri ilə hər il keçirilən görüşlərin təşkilində vasitəçi olan Bolqarıstan Respublikasının Azərbaycandakı səfirliyi ilə daim sıx əlaqədədir. Mərkəz səfirlik tərəfindən təşkil olunan bütün tədbirlərdə fəal iştirak edir.
- Mərkəzdə əsasən hansı işlər aparılır?
- Bolqar Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti geniş və çoxşahəlidir. Bolqar Dili və Mədəniyyəti Mərkəzi konfransların, seminarların, dəyirmi masaların, forumların və s. hazırlığında yaxından iştirak edir. Belə tədbirlər zamanı Mərkəz əməkdaşları qonaqları qarşılayır, universitetlə və burada fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri ilə yaxından tanış edir. Qonaqlar üçün gəzinti proqramları təşkil edilir. Mərkəz bu tədbirlərə bolqarşünas tələbələri də cəlb edir, görüşlər üçün mədəni proqramlar təşkil edir. Mərkəzdə Bolqarıstanla bağlı kitabların təqdimatı, sərgilər keçirilir.
24 sentyabr 2008-ci il tarixində Bolqar Dili və Mədəniyyəti Mərkəzi və "Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım" İB ilə birgə təşkil etdiyi "Azərbaycanda bolqar xalqının özünəməxsusluğu və mədəni irsinin qorunub saxlanılması" mövzusunda tədbir, 13 may 2009-cu il tarixində İvan Palçevin “Azərbaycan - Qafqaz pələngi” kitabının təqdimatı və 30 noyabr 2011-ci il tarixində müəllifi olduğum “Ölkəşünaslıq (Bolqarıstan)” adlı dərs vəsaitimin təqdimatı keçirilib.
14 aprel 2011-ci il tarixində Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Tarix fakültəsi və “Avropa dialoqu” Doktorant və Postdoktorant Tədqiqatları İnstitutu tərəfindən təşkil edilən “Bolqarıstan dövləti və bolqarlar qədim dövrdən bu günə kimi” adlı sərgi təşkil edilib.
18 noyabr 2011-ci il tarixində BDMM Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Diplomatiya Akademiyası (ADA) ilə birgə Beynəlxalq Tələbə Gününə həsr edilmiş mədəni-kütləvi tədbirdə iştirak edib və sertifikatla təltif olunduq. 2011 və 2012-ci illərdə keçirilən Bakı Beynəlxalq Humanitar Forumunda BDMM Bolqar Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şıqayeva da şəxsən fəal iştirak edib.
25 may 2013-cü il tarixində Bolqar Dili və Mədəniyyəti Mərkəzi Azərbaycan Dillər Universitetində ADU-nun İnformasiya Resurs Kompleksi və BMT-nin Bakıdakı nümayəndəliyinin birgə təşkil etdiyi "21 May - Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik günü"nə həsr olunan tədbirində də iştirak etdi. Bununla yanaşı, hər il “Heydər Əliyev və Bolqarıstan” mövzusuna həsr olunan tədbirlər keçirilir.
Mərkəzin nəzdində danışıq dilinin mükəmməlləşdirilməsi məqsədilə bolqar dili dərnəyi çərçivəsində Bolqarıstan Respublikasının Azərbaycandakı səfiri, hərbi attaşesi və səfirliyin digər əməkdaşları ilə görüşlər təşkil olunur. Bu görüşlər tələbələrə nitqi inkişaf etdirməyə, həmçinin Bolqarıstan, onun adət və ənənələri, ədəbiyyatı ilə daha yaxından tanış olmağa imkan yaradır. 2002-ci ildə 30 oktyabr - Bakı Slavyan Universitetinin Elmi Şurası 25 oktyabr 2002-ci il tarixli iclasında Bolqarıstan Respublikasının Prezidenti (1990-1997-ci illər) doktor Jelyu Jelevə Bolqarıstan və Azərbaycan arasında dostluq və əməkdaşlığın möhkəmlənməsi və inkişafında, iki xalq arasında əlaqələrin genişlənməsində göstərdiyi xidmətlərinə görə Bakı Slavyan Universitetinin Fəxri doktoru adının verilməsini yekdilliklə qərara alıb. 2004-cü ildə 7 oktyabr - Bakı Slavyan Universitetinin Elmi Şurası 29 sentyabr 2004-cü il tarixli iclasında Bolqarıstan və Azərbaycan arasında dostluq və əməkdaşlığın möhkəmlənməsi və inki­şafında, iki xalq arasında əlaqələrin genişlənməsində göstərdiyi xidmətlərinə görə Bolqarıstan Respublikasının Prezidenti (2002-2012-ci illər) cənab Georgi Pırvanova Bakı Slavyan Universitetinin Fəxri doktoru adının verilməsini yekdilliklə qərara alıb.
- Mərkəzdə aparılan tədqiqatlar haqqında nə deyə bilərsiniz?
- 2011-ci ildə “Ölkəşünaslıq (Bolqarıstan)” dərs vəsaiti, Azərbaycanca-rusca-bolqarca danışıq kitabçası isə 2012-ci ildə dərc olunub. “Bolqar dili Azərbaycanda”, “Regionşünasın kiçik məlumat kitabçası”, “Bolqarıstan” , “Bolqarca-Azərbaycanca lüğət” kimi layihələr üzərində isə hazırlıq işləri aparılır. Tərcümə layihələri arasında 2013-cü ildə çap olunan Hüseyn Cavidin “Şeyda” əsəri bolqar dilinə BDMM-ın müdiri Sofiya Şıqayeva tərəfindən tərcümə olunub.Daha sonra Bolqarıstan Respublikasının səfiri İvan Palcevin “Azerbaydjan - Kavkazkiy tiqr» kitabını Azərbaycan və rus dillərinə tərcümə etmişəm.
Bolqar Dili və Mədəniyyəti Mərkəzi Bolqarıstanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunan tədbirlərdə fəal iştirak edir. Mərkəz hər il Səfirlik tərəfindən keçirilən Bolqarıstanın Qurtuluş günü və Bolqar Yazı və Mədəniyyəti gününə həsr edilmiş tədbirlərdə iştirak edir.
BDMM-in fəaliyyətinin digər istiqaməti Mərkəzin kitabxanası ilə bağlıdır. Mərkəz əməkdaşları mərkəzə daxil olan yeni kitabları universitetin ümumi kitabxanasında və mərkəzin kitabxanasında qeydiyyatdan keçirilməsi, hər semestr mərkəzin kitabxanasının nizama salınması, tələbələrə kitabların verilməsi ilə bağlı işi həyata keçirirlər.
- BDMM-də beynəlxalq əməkdaşlıq üzrə hansı işlər aparılır?
- Hazırda universitetimiz Bolqarıstanın ali məktəbləri ilə əlaqə saxlayır. 2001-ci il - Bakı Slavyan Universiteti ilə Yepiskop Konstantin Preslavski adına Şumen Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalandı, 2002-ci ildə Bakı Slavyan Universiteti ilə Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. 2009-cu ildə Bakı Slavyan Universiteti ilə Milli və Dünya Təsərrüfatı Universiteti arasında əməkdaşlıq haqqında müqavilə, 2010-cu ildə Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültələri və Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Tarix fakültəsi arasında Razılaşma imzalanıb.
2010-cu ildən Bolqar Dili və Mədəniyyəti Mərkəzi Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin “Avropa dialoqu” Doktorant və Post-doktorant Tədqiqatları İnstitutu ilə əməkdaşlıq edir. 2011-ci ildə Bakı Slavyan Universiteti ilə Yepiskop Konstantin Preslavski adına Şumen Universiteti arasında əməkdaşlıq haqqında yeni müqavilə imzalandı.
- Tələbələrin Bolqarıstanda təhsil almaq hüquqları varmı?
- Bakı Slavyan Universiteti və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti arasında imzalanmış müqavilə əsasında BSU-nun “Slavyan filologiyası” kafedrasından mən, “Tərcümə” laboratoriyasının dosenti Leyla Əliyeva və 4 tələbə - Qafarov Elgiz, Rzayev Rauf, Əliyeva Nubar, Teymurov Teymur iyul ayında Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində əcnəbi bolqarşünaslar və slavistlər üçün nəzərdə tutulan Bolqar dili və mədəniyyəti üzrə 52-ci yay seminarında iştirak etdik. Seminar bolqar dili ilə peşəkar məşğul olan tələbə, müəllim, alimlərdən başqa, Bolqarıstanda öz bizneslərini quran əcnəbi iş adamları üçün də nəzərdə tutulub. Seminar Sofiya şəhərinin Yuxarı Lozen kəndində yerləşən Bolqar Qırmızı Xaç Cəmiyyətlərinin Tədris Mərkəzində keçirilirdi və Bolqarıstan Təhsil Nazirliyinin, Sofiya Universitetinin maliyyə dəstəyi ilə reallaşdırılıb. Bu il seminarda 29 ölkədən (Türkiyə, İngiltərə, Almaniya, Çexiya, Rusiya, Sloveniya, İtaliya, Hindistan, Xorvatiya, Ukrayna, Moldova və s. 92 nümayəndə iştrak edib. Qeyd edim ki, azərbaycanlı alim və tələbələr ilk dəfə bu seminarda iştrak ediblər.Seminar proqramını 4 istiqamət təşkil edirdi. Dil hazırlığını nəzərə alaraq tədris mütləq 5 qrupda aparılırdı. Fakültativ tədris tərcümə problemlərinə həsr olunub. Yay seminarı uğurla bitirildi və diplomla təltif olunduq.
2012-ci il iyul ayının 12-dən 26-a kimi Azərbaycan, Bolqarıstan, Almaniya, Makedoniya və Rusiyanın nümayəndələri "Yaşıl" gündəlik həyat - “gənclər” və “yaşlılar” gənclərin işsizliyinə qarşı" - GREEN L_Y_O (“Green” everyday life: “young” and “old” together against the youth unemployment”) layihəsini həyata keçirmək məqsədilə Smolyan vilayətinin Momçilovtsi kəndində könüllü olaraq, akademik, elmi və təhsil turizmi mərkəzində toplandılar. Layihə “2007-2012-ci illərdə Gənclər hərəkətdə” Avropa proqramı çərçivəsində keçirildi və “Avropa Gənclər Proqramları və təşəbbüsləri” Milli mərkəzi tərəfindən maliyyələşdirildi. Balkan ölkələrinin, Rusiya və Qafqaz regionunun bir ölkəsinin layihəyə cəlb olunması Qara dəniz-Xəzər regionunun sabit inkişaf regionuna çevrilməsi üçün imkan yaradır. Layihənin nəticəsi qrupla hazırlanmış Momçilovtsi kəndində gənclərin sahibkarlıq fəaliyyətinin inkişafı haqqında sənəd oldu və o, gələcəkdə bu cür kəndlərin inkişafı üçün bir təməl ola bilər.
Bakı Slavyan Universiteti və Müqəddəs Kliment Orxidski adına Sofiya Universiteti arasında imzalanmış müqaviləyə əsasən 10 bolqarşünas tələbə iyulun 17-dən 31-nə kimi “Alma Mater” Humanitar elmlər üzrə universitet kompleksi - Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin “Avropa dialoqu” Doktorant və Postdoktorant Tədqiqatları İnstitutu tərəfindən təşkil edilmiş Bolqarşünaslıq üzrə Yay məktəbində iştirak etmişlər. Xanım Zorka Pırvanovanın dəstəyi ilə Momçilovtsi kəndində Könüllü, akademik, elmi və təhsil turizmi mərkəzində keçirilmişdi.
İki həftə ərzində tələbələr bolqar dili üzrə biliklərini təkmilləşdirdilər, media ilə işdə biliklər əldə etdilər, universitetin müəllimləri tərəfindən hazırlanmış Bolqarıstanın tarixinə, mədəniyyətinə, müasir siyasət və iqtisadiyyatına həsr olunmuş mühazirələri dinlədilər, ölkənin adət-ənənələri ilə tanış oldular. Bolqarıstan mədəniyyəti ilə tanışlığın bir hissəsi də milli bolqar mahnılarının və rəqslərinin öyrənilməsi idi.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info