“QHT-lər cəmiyyətin demokratik transformasiyası prosesinin vacib institutlarından birinə çevriliblər”
Tarix: 06.05.2015 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Zaur İbrahimli: “Dövlətlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlər modelinin uğurlu nümunəsi kimi QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti digər ölkələr tərəfindən öyrənilməkdədir”
Əkbər Qoşalı: “Milli donor institutları hesabına daha öncələr maliyyələşdirilməyən, xarici donorların qrant ayırmadığı milli yönümlü layihələr dəstək görməyə başladı”

Azərbaycanda demokratik dövlətin əsas göstəricilərindən sayılan vətəndaş cəmiyyəti institutlarının inkişaf səviyyəsi Avropa və ümumilikdə Qərbin hər hansı ölkəsinin müvafiq qurumlarının səviyyəsindən heç də aşağı deyil. Əksinə, bir sıra göstəricilərinə, məsələn, çoxtərəfli və əhatəli dövlət dəstəyinə görə, Azərbaycan bu sahədə bir çox inkişaf etmiş Avropa ölkələrini üstələyib. Bu isə, ilk növbədə, dövlətin ölkədə vətəndaş cəmiyyəti institutlarını yüksək səviyyədə formalaşdırmaq əzmindən irəli gəlib.
Bu barədə bizə fikirlərini bildirən Konstitusiya Araşdırmaları Fondunun eksperti Zaur İbrahimli düşünür ki, müstəqillik illərində Azərbaycanda inkişafın bir neçə mərhələsindən keçən vətəndaş cəmiyyəti institutları, QHT-lər vətəndaş cəmiyyəti quruculuğu, cəmiyyətin demokratik transformasiyası prosesi və ictimai həyatın vacib institutlarından birinə çevriliblər. Bu dövrdə müxtəlif sahələrdə fəaliyyət göstərən, cəmiyyətin bütün sektorlarına dərindən nüfuz edən ictimai birliklərdən, fondlardan və digər QHT-lərdən ibarət qeyri-hökumət sektoru, III sektor formalaşıb: “27 iyul 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası təsdiqləndi. Vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün yeni perspektivlər açan bu konsepsiyanın qəbul edilməsi III sektorun böyük tarixi uğuru, Azərbaycan dövlətinin isə demokratik inkişaf yolunda irəliyə atılmış mühüm addımı kimi qiymətləndirilə bilər. Nəhayət, dövlət tərəfindən vətəndaş cəmiyyəti institutlarına tam dəstək ifadə edildi, III sektor tamhüquqlu tərəfdaş elan oldu. Konsepsiyanın qəbulundan sonra dövlət başçısının fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı. Şura fəaliyyəti ilə sübut etdi ki, onun əsas prioriteti vətəndaş cəmiyyəti ideyasının daha geniş yayılması və möhkəmlənməsi, QHT hərəkatının inkişafı, dövlət tərəfindən ayrılan maliyyəni rasional istifadə etməklə vətəndaş cəmiyyəti institutlarının potensialının artırılması, onların bilik və bacarıqlarının yüksəlməsinə yardım göstərməkdir. Təsadüfi deyil ki, dövlətlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlər modelinin uğurlu nümunəsi kimi Şuranın fəaliyyəti digər ölkələr tərəfindən öyrənilməkdədir”. Ekspertin fikrincə, hazırda Vətəndaş cəmiyyəti təşkilatları - dövlət münasibətlərinin uğurlu modeli yaranıb. Bu təşkilatlar 13 dövlət proqramının icrasına müxtəlif istiqamətlər üzrə tərəfdaş kimi cəlb olunublar. Bu model vətəndaş cəmiyyəti institutları və dövlətə bərabərhüquqlu tərəfdaşlar kimi bir-birinin fəaliyyətinə mane olmadan, indiyə qədər mövcud olan neqativ faktorları neytrallaşdırmaqla cəmiyyəti narahat edən problemlərin həllində əməkdaşlıq etməyə imkan verir.

“Hazırda vətəndaş cəmiyyəti təşkilatları - dövlət münasibətlərinin uğurlu modeli yaranıb. Bu təşkilatlar 13 dövlət proqramının icrasına müxtəlif istiqamətlər üzrə tərəfdaş kimi cəlb olunublar. Bu model vətəndaş cəmiyyəti institutları və dövlətə bərabərhüquqlu tərəfdaşlar kimi bir-birinin fəaliyyətinə mane olmadan, indiyə qədər mövcud olan neqativ faktorları neytrallaşdırmaqla cəmiyyəti narahat edən problemlərin həllində əməkdaşlıq etməyə imkan verir”


Z.İbrahimli bildirdi ki, QHT-lər cəmiyyətlə dövlət orqanları arasında etimadlı münasibətlərin yaradılmasında körpü rolunu oynayan əsas instituta, təsisatlara çevrilməkdədirlər: “QHT hərəkatı daha da genişlənib, bu və ya digər səbəblərdən indiyə qədər xarici donorların dəstəyindən məhrum olan QHT-lər yeni imkanlar əldə ediblər. Cəmiyyətin özündə vətəndaş cəmiyyəti institutlarına inam artıb. Vətəndaş cəmiyyəti ideyaları, bu institutların fəaliyyəti, nə istədikləri, hədəfləri cəmiyyət tərəfindən daha yaxşı, aydın şəkildə qavranılmağa başlayıb.
QHT Şurasının son maliyyə müsabiqəsində qeydiyyatdan keçmiş QHT-lərin 10 faizdən çoxu maliyyələşdirilib. İkinci qrant müsabiqəsi raundunda da bu qədər QHT-nin layihələrinin maliyyələşdiriləcəyi gözlənilir. Bu, çox böyük rəqəmdir. Hansı ölkədə qeydiyyatdan keçmiş QHT-lərin 20 faizi bir il ərzində dövlət tərəfindən maliyyələşdirlir?
Eyni zamanda Şura tərəfindən xarici QHT-lər maliyyələşdirilir. Bu, Azərbaycan üçün çox böyük əhəmiyyətə malikdir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Qarabağ münaqişəsi ilə bağlı real vəziyyətin dünya birliyi tərəfindən başa düşülməsi üçün çox böyük yeni imkanlar açır.
QHT Şurası qrant vəsitlərinin verilməsində obyektiv mövqeyi, sadə prosedurları və apelyasiya mexanizmlərinin olması ilə müsbət mənada fərqlənir. Qrant alan təşkilatlara baxdıqda orada III sektorun bütün seqmentlərini görmək mümkündür. Eyni zamanda Şurada son iki ildə ərizələrin elektron qəbulu prosesi başlayıb. Həmçinin Şuranın qrant elanlarında ictimai əhəmiyyət kəsb edən bütün məsələlər, demək olar ki, əks olunur.

“Prezident İlham Əliyev dövlət-vətəndaş münasibətlərini, başqa sözlə, vətəndaş cəmiyyəti institutlarının daha geniş dövlət dəstəyi ilə əhatə olunması işini inkişaf etdirdi”

Şura qrant ayırdığı təşkilatların işinə heç bir müdaxilə etmir, yalnız bir dəfə proqram və maliyyə hesabatı qəbul edir. Şura tərəfindən mütəmadi olaraq QHT-lərə metodik dəstək verilir, təlimlər təşkil edilir. Şurada beynəlxalq donorlardan fərqli olaraq apelyasiya mexanizmi fəaliyyət göstərir və QHT-lər qrant müsabiqəsinin nəticəsindən narazı qaldıqda şikayət verə bilirlər.
Bütün bunlar bir daha göstərir ki, Şura milli donor kimi çox uğurla fəaliyyət göstərir, Azərbaycanda VCT-lərin maliyyələşməsi üçün çox təkmil milli donorçuluq mexanizmi yaradılıb. Şuraya, həmçinin dövlət qurumlarının verdiyi qrantlara da rəy vermək hüququ verilib. Bu da çox əhəmiyyətlidir, çünki qrantların Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasının prioritetlərindən irəli gələrək verilməsi çox mühümdür. QHT Şurasının bu məsələdə rəy verməsi verilən qrantların Konsepsiyanın ümumi tələblərinə cavab verməsini şərtləndirəcək.
QHT Şurasının təşəbbüsü ilə qəbul edilən və qüvvəyə minən “İctimai iştirakçılıq haqqında” qanun VCT-lərin ictimai əhəmiyyətli məsələlərdə qərarların hazırlanması, qəbulu, icrası ilə bağlı iştirakı üçün çox böyük imkanlar açır. Bu qanun mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında İctimai şuraların yaradılmasını nəzərdə tutur. Həmçinin ictimai iştirakçılığın konkret formaları müəyyənləşdirilib.
Bu qanunun qəbulu ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq normativ-aktlar qəbul edilib. QHT-lərin bu İctimai şuralarda təmsil olunması ictimai maraqların nəzərə alınması və müdafiəsi kontekstində çox böyük səmərə verəcək”.
Ekspertin fikrincə, bütün bunlar göstərir ki, QHT-lərin fəaliyyəti, maliyyələşməsi, müvafiq ictimai iştirakçılıq mexanizmlərinin yaradılması üçün Azərbaycan hökuməti tərəfindən çox mühüm addımlar atılıb və atılmaqdadır.
Məsələ ilə bağlı fikirlərini bildirən Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı qeyd etdi ki, müstəqil Azərbaycanda QHT sektorunun inkişafı, geniş anlamda vətəndaş cəmiyyəti quruculuğu prosesi bir neçə mərhələdən keçib, nəhayət, bugünkü səviyyəyə yetişib: “Məncə o mərhələləri belə sıralamaq olar: - Sovet dövrü gerçəkliklərinin - dövlət-vətəndaş münasibətlərinin, ictimai birlik formullarının inersiya ilə bir müddət müəyyən şəkildə davam etməsi; - müəyyən anlaşılmazlıqların yaranması - köhnə stereotiplərlə yeni dövrün çağırışlarının üz-üzə qalması; - ilkin təcrübənin əldə edilməsi - vətəndaş cəmiyyəti institutlarının çətinliklərlə özünü təsdiqi; - dövlətin, şəxsən ümummilli lider Heydər Əliyevin uzaqgörən yanaşması ilə QHT və KİV-lərin yeni imkan və şanslardan yararlanması; - Prezident İlham Əliyevin dövlət-vətəndaş münasibətlərini, başqa sözlə, vətəndaş cəmiyyəti institutlarının daha geniş dövlət dəstəyi ilə əhatə olunması işini inkişaf etdirməsi; - QHT-lərlə işin konseptuallaşdırılması; - Milli donor institutlarının, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması; - Milli donor institutlarının ayırdığı qrantlar hesabına daha öncələr maliyyələşdirilməyən - xarici donorların qrant ayırmadığı milli yönümlü layihələrin dəstək görməsi; - Milli donor institutları vasitəsilə dəstək görən QHT-lərin uğurlu layihələrlə çıxış etməsi və s. Beləliklə, respublikamızda mövcud olan 2500-dən artıq QHT-nin fəaliyyəti üçün zəruri qanunlar, qərarlar qəbul edilib. Milli donor institutlarının yaradılması ilə milli maraqlarımıza uyğun layihələr hazırlanıb, həyata keçirilir. Artıq Azərbaycan milli donor institutları xarici QHT-lər üçün qrantlar ayırır”.
Ə.Qoşalı qeyd etdi ki, bütün deyilənlər, sonuc etibarı ilə Azərbaycan QHT-lərinin dünya miqyaslı tərəfdaşlar, uluslararası QHT-lərlə rəqabət aparacaq səviyyə qazanması işinə töhfələr verir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info