“Birinci Avropa Oyunları Azərbaycanda “İdman turizmi”nin sürətli inkişafı ilə nəticələnəcək”
Tarix: 06.05.2015 | Saat: 01:10:00 | E-mail | Çapa göndər


I Avropa Oyunları müstəqil Azərbaycan tarixində ən mühüm hadisələrdən biridir. Mütəxəssislərin fikrincə, bu Oyunların Bakıda keçirilməsi ölkəmizin təbliği, xüsusilə də turizmin inkişafında mühüm rol oynayacaq. Bunun bir reallıq olduğunu deyən Azərbaycan Turizm və Menecment Universitetinin "Turizm biznesi" kafedrasının müdiri, dosent Bahadur Bilalov I Avropa Oyunlarının bir çox nəticələri olacağının deyir:
- “İlk olaraq onu bildirmək istəyirəm ki, ölkəmizdə bir çoxları hələ də “turizm” deyəndə yalnız istirahət və tarixi-memarlıq abidələri ilə tanışlığı göz önünə gətirirlər. Lakin BMT-nin təyininə görə, həmçinin Azərbaycan Respublikasının qüvvədə olan “Turizm haqqında” qanununda yazıldığı kimi “turizm - fiziki şəxslərin müvəqqəti olacağı ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərti ilə istirahət, sağlamlaşdırma, tanış olma, idraki (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və sair), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə daimi yaşayış yerlərindən müvəqqəti getmələridir”. Göründüyü kimi, turizm çox geniş bir anlamdır və bəzi məqamlar istisna olmaqla məqsədindən asılı olaraq insanların daimi yaşayış yerlərini müvəqqəti tərk etmələridir. Bu məqsədlərdən asılı olaraq da turizmin müxtəlif növləri vardır ki, bunlardan da biri “İdman turizmi” adlanır. Yəni insanların müxtəlif idman yarışları ilə əlaqədar başqa yerə səfər etmələri idman turizmidir. İdman turizmi iki hissəyə ayrılır-aktiv və passiv. Aktiv hissəsi idmançılara, bilavasitə idman yarışlarının iştirakçılarına, passiv hissəsi isə azarkeşlərə aid edilir. İkincisi, bəzən bildirirlər ki, guya ölkədə turizmin inkişafı ilə bağlı problemlər var. Bu kimi iddialar kökündən yanlışdır. Məlumdur ki, son dövrlərdə idmanın müxtəlif növləri üzrə ölkəmizdə beynəlxalq yarışlar keçirilir və idman yarışları turizmin bu növünün inkişafına xidmət edir. Miqyasına görə isə ilk Avropa Oyunları bu yarışları üstələyir. Yarışların ölkəmizdə keçirilməsinin faydasından danışarkən bir neçə məqamı diqqətə çatdırmaq istəyirəm ki, artıq xeyli müddətdir ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə idman həvəskarlarının diqqətində olan ölkəmiz, yarışlar zamanı iki həftədən çox müddətdə dünyanın aparıcı KİV-lərinin diqqət mərkəzində olacaq. Bu isə ölkənin reklamıdır və növbəti illərdə turistlərin səfər seçiminə təsir edəcək. Həmçinin yarışlarla əlaqədar ölkəmizə gələnlər əyani surətdə Azərbaycan qonaqpərvərliyinin şahidi olacaqlar və geri döndükdən sonra ölkəmizin reklamçılarına çevriləcəklər. Bundan başqa, Avropa Oyunları üçün inşa edilmiş idman qurğuları bəzilərinin iddia etdiyi kimi, heç də boş qalmayacaq, növbəti illərdə onlardan istifadə edilməklə digər mötəbər yarışlar keçiriləcək. Bu qeyd edilənlər onunla nəticələnəcək ki, Azərbaycanda “İdman turizmi” sürətlə inkişaf edəcək. “Bu istiqamətdə nə edə bilərik?” sualına gəldikdə isə mütəxəssis bildirdi ki, ölkəmizdə turizm qeyri-neft sektorunda prioritet sahələrdən biridir: “Bunu ölkə başçısı İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib. Təsadüfi deyil ki, ölkəmizdə 2011-ci il “Turizm ili” elan edilmişdi. Son zamanlar ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan turizminin gələcək konturları formalaşıb. Bunlar Naxçıvan, Naftalan, Qəbələ və Şabran bazasında “Müalicə sağlamlıq turizmi”, Qusar və Qəbələdə “Qış turizmi”, Milli Parklarımızın bazasında “Ekoloji turizm”, tarixi-mədəni ehtiyatlara əsaslanan “Mədəni turizm”, ənənəvi “Çimərlik turizmi” və digərləridir. Bu siyahıya son zamanlar maddi-texniki bazası formalaşan “Konqres turizmi” də əlavə etmək olar. Ümumiyyətlə isə qeyd etdiyim kimi, Allah-taalanın mərhəmətindən ölkəmizdə turizmin demək olar ki, bütün növlərinin inkişafı üçün potensial imkanlar mövcuddur. Hər birimiz sadəcə olaraq üzərinə düşən vəzifəyə əməl etməli, ölkəyə gələn hər bir xarici turistə Prezidentin şəxsi qonağı kimi yanaşmalıyıq”. O ki, qaldı ölkəmizə gələn qonaqlarda bizim turizmə maraq oyanması üçün hansı xidmətləri təqdim etməyimizə B.Bilalovun sözlərinə görə,ilk növbədə çalışmalıyıq ki, ölkəmizə gələnlər tariximiz, mədəniyyətimiz, mətbəximiz haqqında daha geniş məlumat əldə edə bilsinlər: “Müxtəlif səpkili ekskursiyalarla bunu etmək mümkündür. İkincisi, göstərdiyimiz xidmətlərdən qonaqların məmnun qalmasına səy göstərmək lazımdır. Yəni turizmdə xidmət keyfiyyətinin meyarı müştəri məmnunluğudur. Sözdə deyil, əməldə Azərbaycan qonaqpərvərliyini qonaqlarımıza göstərməliyik. Qeyd etdiyim kimi, Oyunlara gələnlər Azərbaycan turizminin reklamçılarına çevrilə bilərlər. Lakin unutmamalıyıq ki, əgər lazımi qayğını görməsələr, xidmətlərimizdən, hansısa birimizin əməlindən narazı qalsalar, həmin insanlar antireklamçılara çevrilə bilərlər. Yaddan çıxarmayaq ki, Azərbaycan turizminin gələcəyi hər birimizdən - təyyarədəki stüardessadan başlamış, sərhədçilərdən, gömrük işçilərindən, polislərdən, mehmanxana və restoran personalından, avtobus və taksi sürücülərindən, bir sözlə, Azərbaycanda yaşayan hamımızdan asılıdır”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info