“Azərbaycan həqiqətlərinin təbliğ edilməsində Avropa Oyunlarının böyük rolu olacaq”
Tarix: 06.05.2015 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


Mehmet Akif Ersoy Universitetinin tələbəsi Samir Orucov:
“Dünya Azərbaycanı nüfuzlu beynəlxalq yarışların
keçirildiyi məkanı kimi tanıyır”


Bakıda alovlandırılan birinci Avropa Oyunlarının məşəli artıq müxtəlif bölgələrə gətirilir. Qeyd edək ki, müstəqil Azərbaycan tarixində ən mühüm hadisələrdən biri olan I Avropa Oyunları öz əhəmiyyətinə və miqyasına görə, Olimpiadaya bərabərdir və qlobal xarakter daşıyır. Son illər ərzində Azərbaycanda çoxsaylı dünya və Avropa çempionatları keçirildiyini deyən ölkə başçısı bildirib ki, Azərbaycanın sürətli iqtisadi inkişafı, əlbəttə ki, bu qərarın qəbulunda öz rolunu oynayıb: “Biz Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindəyik. Bu Oyunlar bir Avropa bayramına çevrilməlidir. Azərbaycan burada yenə də liderlik keyfiyyətlərini göstərir. Çünki Avropa Oyunlarının standartları əslində Bakıda qoyulacaq. Çünki heç vaxt bu günə qədər belə oyunlar keçirilməyib. Bu oyunlar müxtəlif səviyyədə keçirilə bilərdi. Ancaq biz istəyirik ki, bu möhtəşəm idman bayramı möhtəşəm dostluq bayramına çevrilsin. Buna böyük ehtiyac var”.

Xaricdə təhsil alan azərbaycanlı tələbələr də Bakıda keçiriləcək birinci Avropa Oyunlarını yüksək qiymətləndirir və bu Oyunların mühüm əhəmiyyəti olduğunu bildirirlər. Belə tələbələrdən biri Şimali Kipr Türk Respublikasının Doğu Akdeniz Universitetinin İctimai əlaqələr və reklamçılıq fakültəsinin tələbəsi Vahab Dadaşlıdır:

“Avropa Oyunlarının Azərbaycana etibar edilməsi ölkəmizin nüfuzunun
göstəricisidir”


“İlk Avropa Oyunlarının doğma Vətənimizdə-Azərbaycanımızda keçirilməsini hər bir azərbaycanlı kimi çox yüksək və müsbət qiymətləndirirəm. Bu, Vətənini, dövlətini, millətini sevən hər bir azərbaycanlı kimi məni də ürəkdən sevindirir və fərəhləndirir. Bu, ölkəmizin dünyada, Avropada nüfuzunun, söz sahibi olmasının bir göstəricisidir. Azərbaycan bu günə kimi bir çox nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib və inanıram ki, bu dəfə də belə olacaq. Azərbaycan ilk Avropa Oyunlarına da uğurlu ev sahibliyi etməklə bir daha dostlarını sevindirəcək, ona düşmən kəsilən antiazərbaycan qüvvələrini kədərləndirib, məyus edib xəyal qırıqlığına uğradacaq. Təbii ki, bu böyük idman yarışmasının Azərbaycana etibar edilməsi ölkəmizin nüfuzunun göstəricisidir. Azərbaycan zəif, gücsüz bir ölkə olsaydı, belə bir yarışın ölkəmizdə keçirilməsi qeyri-mümkün olardı. Azərbaycan regionun və bütövlükdə dünyanın aparıcı, lider dövlətlərindən olduğu üçün belə bir yarışmanın da ölkəmizdə keçirilməsi məqsədəuyğun sayılıb, belə bir qərar verilib. Bu baxımdan, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanımızın Avropa, Qərb tərəfindən yenidən kəşf edilməsi ilə nəticələnəcək. Avropa, dünya bir daha şahidi olacaq ki, Azərbaycan günü-gündən necə inkişaf edir, hər yerdə iqtisadi-siyasi kataklizmlər yaşanmasına baxmayaraq, necə böyük zəfərlər, qələbələr, uğurlar əldə edir. Eyni zamanda, Azərbaycan-Qarabağ həqiqətlərinin daha dərindən və yaxından dərk edilməsi, təbliğ edilməsində ilk Avropa Oyunlarının böyük rolu olacaq. Dünya görəcək ki, Qarabağ məsələsində kim haqlı və ədalətlidir.
Tələbə yoldaşlarım da bu Oyunlarla bağlı yüksək fikirdədirlər, onlar da bizim kimi bu tədbirin Azərbaycanda ilk olaraq keçirilməsinə sevinirlər və Azərbaycana uğurlar arzulayırlar. Bu özü də məni çox fərəhləndirir və qürurlandırır. Fəxr edirəm ki, mənim belə bir ölkəm, Vətənim, dövlətim, millətim var. Oyunlara gəlmək istəyənlər az deyil və çox güman ki, gələnlər də olacaq. Onların maraqlandığı idman növləri də az deyil və bu baxımdan, dəqiq fikir söyləmək bir az çətindir. Eyni zamanda, imkan olsa, mən də həmin yarışmanı izləmək istərdim”.

“Avropa Oyunları ilə bağlı Azərbaycanı minlərlə xarici turist ziyarət edəcək”

Digər həmsöhbətimiz isə Mehmet Akif Ersoy Universitetinin Menecment fakültəsinin 2-ci kurs tələbəsi Samir Orucovdur: “Bu gün hər bir azərbaycanlı Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı fərəh hissi duyur. Bu elə bir hadisədir ki, hazırda dünya ölkələrinin diqqəti məhz bizim ölkəmizə yönəlib. Son illər bir çox dünya ölkələri Azərbaycan adlı bir ölkənin sürətlə sosial-iqtisadi inkişafını izləyir. Artıq ölkəmizin inkişafı iqtisadiyyatla məhdudlaşmır. Bu gün artıq ölkəmiz həm də beynəlxalq səviyyəli tədbirlərin, mədəni hadisələrin təşkil olunduğu məkana çevrilib. Təkcə bir neçə il öncə “Eurovision” mahnı müsabiqəsinin Bakıda keçirilməsi bunun bariz nümunəsidir. Belə bir mahnı müsabiqəsinin ölkəmizdə təşkili bir çox dünya ölkələrinin diqqətini bizim ölkəmizə yönəltdi. Ondan öncə belə bir beynəlxalq mahnı müsabiqəsində Azərbaycanın qalib olması müşahidə etmişdilər. Sonra müsabiqənin Bakıda təşkili zamanı minlərlə xarici vətəndaş ölkəmizə gələrək Azərbaycanın necə də sosial-iqtisadi inkişafa nail olması, necə füsunkar təbiətə, ümumiyyətlə, turizm potensialına malik olduğunun şahidi oldular. Bu gün isə artıq Bakıda keçiriləcək Avropa Oyunları dünyaya səs salıb. Yəni dünya Azərbaycanı nüfuzlu beynəlxalq yarışların keçirildiyi məkanı kimi tanıyır və bəlkə də həsəd aparır. Çünki hər bir Avropa ölkəsi istəyər ki, Birinci Avropa Oyunları məhz onun ölkəsində təşkil olunsun. Avropa Oyunları ilə bağlı Azərbaycanı minlərlə xarici turist ziyarət edəcək. Bu gün, təbii ki, tələbə yoldaşlarım da Avropa Oyunları ilə bağlı fikirlər bildirirlər. Burada təhsil alan müxtəlif ölkələrdən olan xarici tələbələr böyük maraqla mənə Avropa Oyunları ilə bağlı suallar verirlər. Hətta bəziləri Oyunlara getməyə hazırlaşırlar. Təbii ki, gənclər idmana böyük maraq göstərirlər. Bu idman yarışlarının canlı izləmək çox gözəl bir fürsətdir. Azərbaycan isə onlara bu imkanı yaradıb. Onlar həm yarışlara tamaşa edəcək, həm də ölkəmizlə yaxından tanış olmaq imkanı qazanacaqlar. Ümumiyyətlə, Avropa Oyunları ilə bağlı Bakıya gələn hər xarici ölkə vətəndaşı ölkəmizin necə füsunkar gözəlliyə malik olduğunun şahidi olacaqlar. Görəcəklər ki, bizim ölkəmiz heç də gözəl təbiəti, mədəni-tarixi abidələri ilə dünyanın məşhur ölkələrindən geri qalmır. Tamaşaçılar eyni zamanda Azərbaycan idmançılarının məharətinin də şahidi olacaqlar. Onlar bir daha müxtəlif idman yarışlarında ölkəmizə qızıl medallar gətirən idmançıları görmək imkanı əldə edəcəklər. Mən şəxsən idmanın güləş növünə maraq göstərirəm. Bu gün artıq bu idman növündə Azərbaycan bütün dünyada öz sözünü deyib. Dəfələrlə güləş üzrə çempion adını qazanan və Azərbaycan bayrağını yüksəklərə qaldıran idmançılarımız var. Avropa Oyunlarında da mən digər idman növləri ilə yanaşı, məhz böyük həvəslə güləşə baxacağam. Ümid edirəm ki, digər idman növləri ilə yanaşı, məhz güləşdə də idmançılarımız bayrağımızı yüksəklərə qaldıracaq. Ümumiyyətlə, inanıram ki, Azərbaycan Avropa Oyunları ilə bir tarix yazacaq. Bu Oyunlar ölkəmizə gələn hər bir insanın yaddaşında əbədi həkk olunacaq və onlar Azərbaycanın hər bir sahədə olduğu kimi necə bir qüdrətli ölkə olduğunun şahidi olacaqlar.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info